Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2239/2024 30.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh qarşı ("xxxx" MTK və X4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X6, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil Şahin oğlunun iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh qarşı ("xxxx" MTK və X4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-192/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1 "xxxx" ASC (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 017 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı Bakı şəhəri, Şərifzadə küçəsində yerləşən 100 saylı evin, 50 saylı mənzilinin alınması məqsədi ilə 180 ay müddətində qaytarmaq və illik 12% dərəcəsi ilə faiz hesablamaq şərti ilə cavabdehə 177.000 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti qəbul etməyi və müəyyən edilmiş müddətlərdə və məbləğlərdə əsas kredit borcunu qaytarmağı, habelə hesablanmış faizləri ödəməyi barədə üzərlərinə öhdəlik götürmüşlər. Qeyd edilən məbləğ iddiaçı tərəfindən cavabdehə verimişdir. Həmin tarixdə cavabdehlə üçüncü şəxs "xxxx" MTK arasında bağlamış müqaviləyə əsasən cavabdeh hər kv.m. sahəsinə görə 1.346 manat, cəmi 202.000 manat ödəməklə bu mənzili almış və iddiaçı ilə aralarında bağlanmış eyni tarixli ipoteka müqaviləsinə əsasən qeyd edilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq mənzili iddiaçı qarşısında ipoteka ilə yüklü etmişdir. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2013-cü il tarixdə ödəniş edilmiş, bundan sonra onun tərəfindən hər hansı məbləğdə ödəişin edilməmişdir. İddiaçı da cavabdehə bildiriş göndərərər, xx.xx.2008-ci il tarixli müqavilə üzrə öhdəliklərin icra edilmədiyini, nəticədə müqavilə üzrə borcun yarandığını bildirmiş və 3 iş günü ərzində borcun ödənilməsinin təmin edilməsini tələb etmiş, əks halda borcun tutulması tələbi ilə məhkəmədə iddia qaldırılması barədə cavabdehə xəbərdarlıq etmişdir. Lakin bunun bir nəticəsi olmamış, kredit müqaviləsi üzrə yaranmış borc məbləği ödənilməmişdir. İddiaçının maliyyə arayışına əsasən həmin müqavilə üzrə 134.553,48 manat məbləğində əsas, müqavilə müddəti üçün 108.722,68 manat məbləğində faiz, müqavilə müddəti bitdiyi tarixdən xx.xx.2023-cü il tarixə kimi illik 5 faiz dərəcəsi ilə hesablanmış 2.934,33 manat məbləğində faiz, cəmi 246.210,49 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7925 saylı ekpert rəyinə əsasən xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023cü il tarixə 134.553,48 manat məbləğində əsas, 108.722,68 manat məbləğində faiz borcu yaranmışdır. Kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu 2.934,33 manat təşkil edir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə İddiaçı ASC məcburi ləğv edilmiş, Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixdən etibarən İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Bakı şəhəri, Şərifzadə küçəsində yerləşən 100 saylı evin, 50 saylı mənzilinin dəyəri X4 tərəfindən tam ödənilmiş və "xxxx" MTK-nın üzvlərinin xx.xx.2020-ci il tarixdə keçirilmiş iclasında o, kooperativə üzv qəbul edilmiş və onun həmin mənzilin payçısı olması təsdiq edilmişdir. Bundan sonra onun həmin mənzilə dair mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 134.553,48 manat məbləğində əsas, 108.722,68 manat məbləğində faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.934,33 manat məbləğində faiz və iş üzrə ödənilmiş 537 manat məbləğində dövlət rüsumunun, cəmi 246.210,49 manat məbləğində pulun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh sərəncamında olan Bakı şəhəri, Şərifzadə küçəsi 100 saylı binanın 11-cı mərtəbəsində yerləşən 150 kv.m ümumi sahədən ibarət olan 4 otaqlı, 50 saylı mənzilə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 017 saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 ay müddətinə illik 12 faiz dərəcəsi ilə 177.000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 74 saylı müqavilə əsasında Cavabdeh sərəncamında olan Bakı şəhəri, Şərifzadə küçəsi 100 saylı binanın 11-cı mərtəbəsində yerləşən 150 kv.m ümumi sahədən ibarət olan 4 otaqlı, 50 saylı mənzil ipotekaya qoyulmuşdur. Bakı şəhəri, Şərifzadə küçəsi, 100 saylı binanın 11-cı mərtəbəsində yerləşən 150 kv.m ümumi sahədən ibarət olan 4 otaqlı, 50 saylı mənzilin ipotekaya qoyulması barədə bank ilə cavabdeh arasında xx.xx.2008-ci il tarixli, 017/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdehin xx.xx.2023-cü il tarixə cəmi borcu 246.210.49 manat təşkil edir. Bundan 134.553.48 manat əsas, 108.722,68 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.934,33 manat faiz borcu təşkil edir.
4. Birinci instansiya məhkəməsinin təşəbbüsü ilə "xxxx" MTK mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
5. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, işin faktiki hallarına istinadən bildirmişdir ki, o, 2015-ci ilə qədər hər ay təyin olunmuş məbləği ödəmişdir. Lakin 2015-ci ildən sonra, krediti ödəyə bilmədiyinə görə aldığı evi banka geri qaytarmış və könüllü olaraq həmin evdən çıxmışdır. Bank aralarında olan razılığa əsasən həmin evi başqa bir şəxsə satıb, onun öhdəlik götürdüyü krediti tam bağlamışdır. Mənzil satılmış, lakin ona borcun ödənmədiyi bildirilmişdir. Mənzil qanunazidd şəkildə ona heç bir xəbərdarlıq olmadan, bildiriş göndərilmədən satılmışdır. Bundan əlavə, həmin mənzil qanunvericiliyin tələbi pozulmaqla özgəninkiləşdirilmişdir. Bundan əlavə, üçüncü şəxs kimi işə cəlb edilmiş "xxxx" MTK sözügedən mənzilin kimə satıldığına dair hər hansı bir fikir bildirməmişdir. Bununla yanaşı tələbin yönəldilməsi üçün iddianın digər predmeti olan mənzil hissəsi isə iddia verilmədən öncə onun mülkiyyətində və istifadəsində olmamışdır. Kredit və ipoteka müqaviləsi notariat qaydada təsdiq edilməmiş və bank ilə onun arasında imzalanmışdır. Bu səbəbdən yüklülük haqqında heç bir bildiriş qeydə alınmamışdır.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 192/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2008-ci il tarixli, 017 nömrəli kredit müqaviləsi üzrə 134.553,48 manat əsas borc, 108.722,68 manat faiz borcu, müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 2.934,33 manat borc olmaqla, cəmi 246.210,49 manat məbləğində pulun tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olan 537 manat pulun Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. (hakim X7)
7. Məhkəmə iddia tələbinin kredit borcunun tutulması hissəsinə münasibətdə qeyd etmişdir, tərəflər arasında kredit müqaviləsi bağlanmış, müqavilə üzrə kreditor üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də iddia tələbi borc hissəsində təmin edilməli, cavabdehdən xx.xx.2008-ci il tarixli, 017 nömrəli kredit müqaviləsi üzrə 134.553,48 manat əsas borc, 108.722,68 manat faiz borcu, müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 2934,33 manat borc olmaqla, cəmi 246.210,49 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
8. Məhkəmə iddia tələbinin borcun ipoteka predmetini təşkil edən əmlaka yönəldilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 017/1 nömrəli ipoteka müqaviləsi sadə yazılı formada bağlanmış, notarial qaydada təsdiq edilməmişdir. Bu halın mövcudluğu onu göstərir ki, həmin ipoteka müqaviləsi qanunvericiliyin tələb etdiyi formada bağlanmadığından, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından etibarsızdır. Bu səbəbdən məhkəmə həmin hissədə iddia tələbini əsassız hesab etmişdir.
9. Məhkəmə xərclərinin bölüşdürlməsinə münasibətdə məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi olan 537 manat Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməli, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307-ci, 337ci, 351.1-ci, 385.1-ci, 465-ci, 442-ci, 443.1-ci, 445.2-ci, 445.7-ci, 448-ci, 739.1-ci, 741-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 119.1-ci, 217.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayətini işin faktiki hallarına istinad etməklə iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə ipoteka predmeti əsas qismində göstərilmişdir. Halbuki, ünvan 1 ünvanında yerləşən mənzil barədə heç bir məlumat əldə edilməmişdir – bu mənzil kimin mülkiyyətindədir; mənzil özgəninkiləşdirilərkən kimə satılmışdır; "xxxx" MTK mənzili kimə satmışdır. Məhkəmənin gözdən qaçırdığı məqam isə bundadır ki, baxmayaraq kimi, ipoteka müqaviləsi etibarsızdır bu inkar etməyə əsas vermir ki, cavabdeh 2015-ci ilədək ipoteka predmeti kimi tanınan mənzildə yaşamamışdır və onu iddiaçıya geri qaytarmamışdır. Mənzil öhdəliyə xitam verilməsi məqsədilə, krediti ödəmək iqtidarında olmadığı üçün onun tərəfindən iddiaçıya geri qaytarmışdır. "xxxx" MTK isə mənzili satmışdır. Məhkəmə kredit borcunun ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyur, bəs nəyə görə cavabdehin vəziyyətini ağırlaşdıran hüquqi nəticəyə gələrək, yaşayış sahəsinin geri qaytarılması faktını yox sayır. Əgər belə bir hal kredit müqaviləsində nəzərdə tutulubsa, kredit müaviləsi bağlanma formasına görə düzgündürsə, məhkəmə cavabdehin kredit borcunun bir hissəsini ödəməsini, yaşayış sahəsini iddiaçıya geri qaytarmasını yox sayırsa, bu zaman iddiaçının da tələbləri bir-biri ilə bağlı olmaqla ya eyni anda təmin edilməli idi, ya da məhkəmə bütün düzgün faktları qiymətləndirirərək iddianı rədd etməli idi. Məhkəmə tərəfindən düzgün hüquqi nəticəyə gəlmək məqsədilə hərtərəfli və tam araşdırılma aparılmamışdır. Belə ki, üçüncü tərəf kimi çıxış edən "xxxx" MTK məhkəmə prosesində iştirak etməmiş, ona ünvanlanan sorğunu cavabsız qoymuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Xidməti tərəfindən daşınmaz əşyanın kimin mülkiyyətində olması ilə bağlı sorğuya cavab gəlməmişdir. Eyni zamanda, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin likvid və bazar dəyərinin müəyyən edilməsi bağlı vəsatət rədd edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil Şahin oğlu apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
15. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən məhkəmə kollegiyası tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X4 məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs "xxxx" MTK isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə apellyasiya şikayətinə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir; 307.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir; 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 435-ci maddəsinə əsasən kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir; 529.6-cı maddəsinə əsasən əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər; 529.7-ci maddəsinə əsasən icra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı və yeri haqqında məlumatlar göstərilməlidir; 739-cu maddəsinə əsasən (əvvəlki redaksiyada) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Hazırki apellyasiya şikayətində hüquqi nəticə etibarı ilə qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilərək, həmin hissədə də iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, tərəflər arasında xx.xx.2008-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə illik 12 faiz dərəcəsi ilə faiz hesablanması şərti ilə 180 ay müddətinə 177.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin məbləğdə krediti qəbul etmiş və müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti qaytarmağı, habelə kredit məbləğinə hesablanmış faiz məbləğini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirə bilməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Bununla bağlı, iddiaçı tərəfindən cavabdehə pretenziya (məktuba) göndərərək, həmin müqavilə üzrə yaranmış borc məbləği barədə məlumat verilməklə, borcun 3 iş gün ərzində ödənilməsi tələb edilmiş, əks halda borcun ödənilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlərin görüləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Lakin bunun bir nəticəsi olmamış, borc məbləği bundan sonra da ödənilməmişdir.
25. Hazırda iddiaçı cavabdehin 134.553,48 manat məbləğində əsas, kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni xx.xx.2023-cü il tarixə hesablanmış 108.722,68 manat məbləğində faiz, bu müddətdən sonra xx.xx.2023-cü il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanmış 2.934,33 manat faiz borcunun yarandığına istinad edərək, həmin məbləğin, o cümlədən ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını tələb edir.
26. Cavabdeh isə həmin kreditin Bakı şəhəri Şərifzadə küçəsi 100, 11-ci mərtəbəsində yerləşən 50 saylı mənzilin alınması üçün götürüldüyünü, 2013-cü il tarixədək kredit borcunun mütəmadi olaraq ödənildiyini, bu tarixdən sonra ödənişi həyata keçirə bilmədiyindən mübahisəli mənzilin satışa çıxarılması üçün iddiaçıya müraciət etdiyini, mənzilin satılmasına baxmayaraq, iddiaçı tərəfindən satışdan əldə olunan məbləğin kredit borcuna yönəldilmədiyini qeyd edir və ümumiyyətlə onun bank qarşısında hər hansı öhdəliyinin qalmadığını iddia edir.
27. Bu baxımdan məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh borc kimi ondan tutulmuş məbləği deyil, ümumilikdə onun bank qarşısında icra olunmamış öhdəliyinin qalmadığını mübahisələndirir. Lakin öz mövqeyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilmir.
28. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin münasibətlər çərçivəsində cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bu baxımdan cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir.
29. Məhkəmə kollegiyası cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan əsas və faiz borcu məbləğinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən borc məbləğinin müəyyən edilməsi üçün ekspertiza keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7925 saylı ekpert rəyinə əsasən cavabehin iddiaçıya xx.xx.2023-cü il tarixinə əsas borc üzrə 134.553,48 manat, kredit müddətinin bitdiyi tarixə faiz borcu üzrə 108.722,68 manat, kredit müddətinin bitdiyi tarixdən xx.xx.2023-cü il tarixədək isə illik 5 faiz hesablanmaqla 2.934,33 manat borcunun olduğu müəyyən edilmişdir. Başqa sözlə, iddia üzrə tələb edilən əsas və faiz borcunun düzgün hesablandığı ekspert tədqiqatı nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia üzrə tələb edilən əsas və faiz borcunun məbləğini müəyyən edərkən məhkəmə ekspertinin rəyini mötəbər sübut kimi qəbul etməkdə və cavabdehdən iddiaçının xeyrinə iddia üzrə tələb edilən məbləğdə əsas və faiz (o cümlədən illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz) borcu tutmaqda haqlı olmuşdur.
30. Məhkəmə kollegiyası tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən ipoteka müqaviləsi notarial qaydada təsdiqlənməli və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Lakin qeyd edilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq, tərəflər arasında həmin tarixdə ipoteka müqaviləsi sadə yazılı qaydada bağlanmış və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bu səbəbdən həmin müqavilənin predmeti olan Bakı şəhəri Şərifzadə küçəsi 100, 11-ci mərtəbəsində yerləşən 50 saylı mənzil hazırki öhdəliyin təminatı üsulu kimi çıxış edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası həmin əmlakın likvid dəyərinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Belə ki, kredit öhdəliyinin təminatı qismində çıxış etməyən əmlakın likvid dəyərinin müəyyən edilməsinə hər hansı hüquqi zərurət qalmır.
31. Bundan başqa cavabdehin apellyasiya şikayəti qeyd edilən mənzilin banka satış üçün verildiyi və həmin satışdan əldə olunan pul vəsaiti ilə borcun ödənilməsinə yönəldilməsi arqumentləri üzərində qurulmuşdur. Lakin cavabdeh dəlillərinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Bakı şəhəri, Şərifzadə küçəsində yerləşən 100 saylı evin, 50 saylı mənzili hazırda X2 mülkiyyətindədir. Onun həmin mənzilə dair mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əvvəl bu şəxs həmin mənzilin dəyərini ödəmiş, "xxxx" MTK-nın üzvlərinin ümumi iclasında kooperativə üzv qəbul olunmuş, onun mənzilin payçısı olması təsdiq edilmişdir. Lakin həmin mənzilin cavabdeh tərəfindən hər hansı başqa şəxsə satılması və əldə edilmiş pul vəsaiti hesabına qeyd edilən kredit müqaviləsi üzrə yaranmış kredit borcunun ödənilməsi öz təsdiqini tapmır. Hər bir halda, həmin mənzilə dair cavabdehlə kooperativ arasında 2008-ci ildə müqavilə bağlanmışdır. Sonradan həmin mənzilin cavabdehin razılığı ilə borc öhdəliyinin əvəzi olaraq Banka təhvil verilməsi birmənalı şəkildə rəsmiləşdirilməli, onunla bağlanmış müqavilə ləğv edilməli, bununla bağlı cavabdeh tərəfindən yazılı razılıq ərizəsi verilməli, mənzili əldə edən şəxs tərəfindən ona pul vəsaiti ödənilməli, həmin vəsait bankın müvafiq hesabına köçürülməli və iş materiallarında olan hesabda çıxarış məlumatlarında əks olunmalı idi. Nəticə etibarı ilə iddiaçı tərəfindən cavabdehə öhdəliyin icrasını təsdiq edən sənəd, habelə kredit müqaviləsindən irəli gələn öhdəliyə xitam verilməsini təsdiq edən rəsmən təsdiqlənmiş arayış verilməli idi. Lakin bu sənədlərin hər hansı birini cavabdeh təqdim edə bilmir. Qeyd edilənlər cavabdehin bu barədə dəlillərinin əsassız olduğunu təsdiq edir. Digər tərəfdən həmin mənzilin satılmasının aşkar edilməsi öz-özlüyündə cavabdehin borc öhdəliyinin icra olunması mənasını daşımır. Hüquqi nəticə etibarı ilə iddiaçı tərəfindən cavabdehə kredit verilmişdir. Mənzil həmin öhdəliyin təminatı qismində çıxış etmişdir. Onun hazırda mövcud olmaması cavabdehi kredit öhdəliyinin icrasından azad etmiş olmur. Kredit məbləği hər bir halda ödənilməlidir.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-192/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.