Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-224/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-497/2019 saylı, 30 avqust 2019-cu il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onun sındırılmış və götürülmüş cehiz əşyalarının dəyəri olaraq 10.000 manat ziyanın Cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı 06.01.2016-cı il tarixdə Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh boşanmışdır. Boşanmadan sonra Sabunçu Rayon Məhkəməsində öz başına tikiliyə köçürülməsi barədə iddia ərizəsinin əsasında işə baxılaraq iddiası təmin edilmişdir. Lakin, qarşı tərəf apellyasiya və kassasiya şikayəti verdiyi üçün 1 (bir) ildən çox bir müddətdə onun bütün cehiz əşyaları həmin evdə olsa da evə köçə bilməmişdir. Nəhayət 11 may 2018-ci ildə Sabunçu rayon məhkəmə icraçıları onun həmin evə köçürülməsini təmin etmişdirlər. Evə köçdükdən sonra görmüşdür ki, onun yaşadığı otaq pis vəziyyətə salınmış, cehiz əşyalarının bir qismi sındırılmış, bir hissəsi isə yerində yoxdur. O, 16 oktyabr 2016-cı ildə döyülərək evdən qovularkən üç aylıq körpə uşağı ilə yaşadığı evi əli boş tərk etmişdir. Hadisə yerinə çağırılan 14-cü Polis Bölməsinin təhqiqatçısı Rauf Əfəndiyevin məsləhəti ilə bütün əşyalarını siyahısını tutduraraq Cavabdeh siyahıya imza etdirib ona təhvil vermişdir. Ümumiyyətlə, cavabdeh tərəfindən sındırılmış və götürülmüş əşyalarının qiyməti 10.000 manat təşkil edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-497/2019 saylı, 30 avqust 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «zərərin ödənilməsi tələbinə dair» iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı cehiz əşyalarının dəyəri olaraq 5.000 (beş min) manat ziyan Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iddia qismən təmin edildiyindən, İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 50%-i, yəni 15 (on beş) manatı Cavabdeh tutularaq iddiaçıya ödənilsin, qalan 50%-i, yəni 15 (on beş) manatı isə iddiaçıya aid edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2016-cı ildə onların nikahı pozulandan sonra evdə olan əşyaların siyahısı Polis tərəfindən tərtib edilmiş və 20.10.2016-cı ildə ona imzalatdırmaqla saxlamağa verilmişdir, daha sonra İddiaçı anasının evində qaldığı üçün teztez evə gəlmiş və özünə lazım olan və daşınması mümkün olan kiçik həcmli əşyalarını taksi avtomaşını ilə aparmışdır. O zaman Bahar əşyalarını aparanda heç kimi ona yaxınlaşa bilmirdi. Çünki Bahar yeri gəldi-gəlmədi polisə şikayət edirdi. Ona görə başı ağrımasın deyə ona heç kimi yaxınlaşmırdı və nə apardığını soruşmurdu. Bu hal Məhkəmə iclasında şahid qismində ifadə verən Mikayılov Bəhruz bildirmişdir ki, iddiaçı evdən çıxarkən ona taksi sürücüsü kimi yardım etmişdir. Əşyalarının bir qismini o, öz maşını ilə aparmışdır. Əşyaları maşına şəxsən özü yükləmişdir. Maşın tam olaraq əşyalar ilə dolu vəziyyətdə olub. 2019-cü ildə Sonuncu dəfə İddiaçı yenidən Binəqədi Rayon Məhkəməsinə müraciət edərək güya onun cehiz əşyalarını pis vəziyyətə saldığından, o həmin əşyaların dəyərini ondan tələb etmişdir. Ərizəsində qeyd etmişdir ki, güya onun çehiz əşyalarının bir hissəsi yerində yoxdur və bəziləri sınmışdır və həmin əşyaların qiyməti 10.000 manat təşkil edir. Lakin iş üzrə məhkəmə qətnamə qəbul edərkən, qətnamənin təsviri hissəsində işə baxan hakimin ona qarşı qərəzli olması tam aydınlığı ilə görünür. Necə ola bilər ki, iş üzrə güya Bahar Əliyevanın cehiz əşyalarını zədələməsi barədə əsaslı sübut olmasına baxmayaraq, məhkəmə əsassız mülahizə irəli sürərərək “güya ekspertin əşyalara baxmasına maneə olduğunu qeyd etmişdir.” Bu tamamilə əsassız və məntiqsizdir. Nə o, nə də digər iştirakçılar ekspertin əşyalara baxmasını qadağan etməmişlər. O zaman ekspert evədəki əşyalara ətraflı baxmış və əşyalarda heç bir sınıq , yarasız əşya görmədiyi aydın olduğunu, Baharın tələbinin əsassız olduğunu və heç bir əsaslandırılmış rəy verə biməyəcəyini gördükdə otaqdan çıxmışdır. Lakin sonradan məhkəməyə əsasız mülahizə göndərmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətləri qətnamənin ləğvinə yönəldiyindən, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsi qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, tərəflər 13.11.2013-cü il tarixdə rəsmmi nikaha daxil olmuşlar. Tərəflərin nikahı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.01.2017-ci il tarixli 2(001)-565/2017 saylı qətnaməsi ilə pozulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 may 2017-ci il tarixli qətnaməsinə əsasən məlum olur ki, İddiaçı, övladı 14 iyun 2016-cı il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən özbaşına tikiliyə köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı tərəflərin izahatlarına və şahid ifadələrinə əsasən müəyyən edilmişdir ki, iddiaçının nikaha girərkən gətirdiyi cehiz əmlakları hal-hazırda cavabdehin yaşadığı evdədir və iddiaçı mənzili tərk edərkən həmin cehiz əmlaklarını aparmaq imkanı olmamışdır. Bundan başqa, məhkəmə tərəfindən iddiaçıya məxsus olan məhv olmuş və yararsız hala düşmüş cehiz əmlaklarının qiymətinin müəyyən olunması məqsədilə ekspertiza təyin olunmuşdur. İş materiallarında olan AR ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 1960 saylı, 16 aprel 2019-cu il tarixli məlumat məktubuna əsasən məlum olur ki, Cavabdeh baxışın keçirilməsinə imkan verməmiş və əmlaka ekspert baxışının keçirilməsi mümkün olmamışdır. Məhkəmə kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizalarının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/58 saylı 29.01.2021-ci il tarixli və 9/1524 saylı 21.04.2021-ci il tarixli ekspert rəylərinə əsasən, mübahisə predmeti olan və rəylərdə əks edilmiş 50 adda cehiz əşyalarının, (2 ədəd qaşlı böyük padnos zədəli vəziyyətdə olduğundan istisna olmaqla) istifadəyə yararlı olmaları müəyyən edilmiş və 4068 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Аzərbаycаn Rеspublikаsının Аilə Məcəlləsinin 34.1-ci mаddəsinə əsаsən nikаhа dахil оlаnаdək оnlаrа məхsus оlаn əmlаk, hаbеlə nikаh dövründə hədiyyə şəklində və yа vərəsəlik qаydаsındа, digər əvəzsiz əqdlər üzrə əldə еtdikləri əmlаk ər-аrvаdın hər birinin аyrıcа mülkiyyətindədir. (ər-аrvаdın hər birinin əmlаklаrıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеsiyаnın 1 sаylı Prоtоkоlunun 1-ci mаddəsinə əsаsən, hər bir fiziki və hüquqi şəхs öz mülkiyyətindən dinc istifаdə hüququnа mаlikdir. Hеç kəs cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və bеynəlхаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа оlunmаqlа, öz mülkiyyətindən məhrum еdilə bilməz. Kollegiya hesab edir ki, iddiaçının iddia ərizəsində tələb etdiyi cehiz əşyaları Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin qeyd olunan rəyləri ilə istifadəyə yararlı olduğundan həmin əşyaların dəyərinin cavabdehdən tələb edilməsi hüquqdan sui-istifadəyə yol aça bilər. Belə ki, mübahisəli cehiz əşyaları mövcud olduğu halda iddiaçı həmin əşyaların cavabdehdən ona qaytarılmasını tələb etməli olduğu halda, həmin əşyaların dəyərinin ona ödənilməsini tələb etmişdir. Göründüyü kimi, iddiaçı cavabdehə münasibətdə üstün mövqe əldə etmək istəyir ki, bu da, cavabdehin qanunla qorunan hüquqlarının pozulmasına səbəb ola bilər. Kollegiya qeyd edir ki, iddiaçı mülkiyyətçi kimi yararlı vəziyyətdə olan əşyalarının ona qaytarılmasını tələb edə bilər və qanunvericilik onun bu hüquqlarını məhdudlaşdırmır. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilməlidir. Kollegiya hesab edir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 150 manat İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan başqa ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın qismən təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamə qismən ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 497/2019 saylı, 30 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməli, ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilməli və məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 150 manat İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-497/2019 saylı, 30 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 150 manat İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-224/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-224/2021
08.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver