Məhkəmə qərarları › İş №2(103)-2240/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2240/2021

12.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2240/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 noyabr 2020-ci il tarixli qətnamədən cavabdeh ASC-nin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının özünün, cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddia ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ASC-nin gördüyü qazıntı işləri nəticəsində ona məxsus evdə qüsurların yaranması ilə bağlı ona dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 5.000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi məqsədi ilə 30 manat məbləğində pulun cavabdeh ASCdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Əfəndiyev küçəsində yerləşən 27 saylı ev iddiaçının xüsusi mülkiyyətindədir. 2018-ci ilin noyabrdekabr aylarında ASC tərəfindən təhlükəsizlik qaydalarına riayət etmədən ağır texnikanı əraziyə yeridərək və həmçinin evlərin yaşının 1 əsrdən çox olmasını, eləcə də küçənin darlığını nəzərə almadan qazıntı işləri aparılmışdır. Belə olan halda yaxında yaşayan sakinlərin evlərinin divarları, o cümlədən iddiaçıya məxsus evin divarları qazıntı zamanı dəhşətli sirkələnmə nəticəsində çatlamışdır. İddiaçı bildirir ki, onun mənzilinə dəymiş zərərin aradan qaldırılması üçün 5.000 manatdan çox vəsait tələb olunur. Evinə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı iddiaçı dəfələrlə cavabdeh ASC-yə müraciətlər etsə də, ASC-nin rəhbərliyi ziyanı ödəmir və bildirir ki, ASC tərəfindən görülmüş işlər ilə mənzildə qüsurların yaranması arasında səbəbli əlaqə yoxdur. İşə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi 04.11.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi məqsədi ilə 2.595 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdeh ASC-dən iddiaçının xeyrinə, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manatın isə Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh ASC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam həcmdə rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddia ərizəsində göstərilən ərazidə yerinə yetirilmiş qazıntı və bərpa işləri birbaşa ASC tərəfindən aparılmamışdır. ASC sifarişçi kimi işlərin görülməsini “xxxx” MMC-yə həvalə etmişdir. Podratçının vurduğu ziyana görə ASC məsuliyyət daşımır. Apellyasiya baxışının iclasında iştirak edən cavabdeh ASC-nin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdi. Apellyasiya baxışının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş ÖM seriyalı, 083185 saylı, “Qeydiyyat vəsiqəsindən” görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Əfəndiyev küçəsi 27 saylı ev xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh ASC tərəfindən iddiaçıya ünvanlanmış 06.08.2018-ci il tarixli məktubdan görünür ki, iddiaçının evində deformasiya və çatların yaranmasının ASC-nin sifarişi olaraq podratçı təşkilat – “xxxx” MMC arasında bağlanmış müqavilə əsasında Əfəndiyev küçəsində dəmir-beton borularla yağış kollektorunun tikintisi ilə əlaqədar yerinə yetirilən qazıntı işləri ilə əlaqəsi yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş 565 saylı, 02.10.2020-ci il tarixli rəydən görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evin qarşısında cavabdeh ASC tərəfindən tikinti işlərinin aparıldığını, həmin tikinti işləri aparılan zaman iri yük maşınlarının hərəkətini, qazıntı işlərinin aparılmasını, torpağın kipləşdirilməsini nəzərə alaraq, iddiaçıya məxsus evdə əmələ gəlmiş çatların ASC tərəfindən fərdi yaşayış evi qarşısında aparılan qazıntı işlərinin nəticəsində yarana bilməsi və Bakı şəhəri, Sabunçu rayonu, Əfəndiyev küçəsində yerləşən həmin fərdi yaşayış evində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırki bazar qiymətinin 2.595 manat məbləğində olduğu müəyyən edilir. 05.05.2017-ci il tarixdə sifarişçi Cavabdeh ASC ilə podratçı təşkilat olan “xxxx” MMC arasında bağlanmış müqavilədən görünür ki, sifarişçi olan ASC, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18.04.2017-ci il tarixli 264S №-li sərəncamına əsasən “Bakı şəhərində yağış sularının yığılması təhlükəsi olan şəhər avtomobil yolları və ərazilərdə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsi'’ layihəçərçivəsində Sabunçu rayonu ərazisində kollektorun tikintisi və “Ramana qəsəbəsinin subasma ərazilərində tədbirlər görülməsi” işlərinin satınalınması üçün icraçı MMC-nin 2.394.963,09 manat məbləğində təklifini qəbul etmişdir. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Əfəndiyev küçəsində yerləşən iddiaçıya məxsus fərdi evində əmələ gələn çatlar həmin yaşayış evinin qarşısında aparılan qazıntı işlərinin nəticəsində yaranmışdır. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məcəllənin 1099-cu maddəsinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (maddə 1099.1.). Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun (maddə 1099.2.). Məcəllənin 752.1-ci maddəsinə görə, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məcəllənin 762.1-ci maddəsinə görə, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Qeyd edilən maddi hüquq normalarının işin müəyyən edilmiş hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, işin birbaşa icrası podratçı tərəfindən həyata keçirilir, sifarişçinin podratçı tərəfindən icra olunan işin gedişatı ilə bağlı heç bir öhdəlikləri yoxdur (məsələn, icra zamanı üçüncü şəxslərin hüquqlarının pozuntulardan müdafiəsinə nəzarət etmək) və onun vəzifəsi işin nəticəsinə görə müəyyənləşdirilmiş muzdu ödəməkdən və işi qəbul etməkdən ibarətdir. Deməli, icra zamanı podratçının üçüncü şəxslərə vurduğu ziyana görə də sifarişçi məsuliyyət daşıya bilməz. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun deyil. İddia əsassızıdır. Cavabdeh ASCnin apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 noyabr 2020-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar