Məhkəmə qərarları › İş №2(103)-2241/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2241/2024

05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2241/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-79/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, YH-280/14 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh cəmi 462330, 73 manat (183095,07 manat əsas borc, 120385,72 manat faiz borcu və 158849,94 manat cərimə borcu) və iş üzrə ödənilmiş 752,33 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 284 nömrəli mənzilə (Yeni qaydalarla: ünvan 3 yönəlməsi, əmlakın likvid satış qiyməti müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsi üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması, ipoteka qoyulmuş mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə "xxxx" MTK arasında ünvan 2 ünvanında MTK tərəfindən tikintisi aparılan çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin Bank tərəfindən kreditləşdirilməsi barədə xx.xx.2013-cü il tarixində müqavilə imzalanmışdır. Bundan sonra "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yeni Həyat filialı (Borcverən) ilə Cavabdeh (İ borcalan) və "xxxx" MTK (İİ Borcalan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli YH-280/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" kompleksində mənzil alınması məqsədi ilə 120 ay müddətinə illik 12 faiz dərəcəsi ilə 205065 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən, kredit üçün faizlər İ borcalan tərəfindən illik 10 %-lə, İİ Borcalan tərəfindən illik 2 %-lə borcverənə ödənilir. "xxxx" ASC-nin Yeni Həyat filialı (Borcverən) ilə Cavabdeh (İ borcalan) və "xxxx" MTK (İİ borcalan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli YH280/14 saylı kredit müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2014-cü il tarixli müqavilə imzalamışlar. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016- cı il tarixli, 2-1(81)-1541/2016 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilməklə, iflas prosesinə başlanılmış, həmin Məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 noyabr 2016-cı il tarixli, 2-1(81)- 1541/2016 nömrəli qərardadına əsasən ləğv prosesində olan "xxxx" ASC-nin "xxxx" layihəsinə aid kredit portfeli banka qarşı kreditor tələbinin əvəzi kimi Əmanətlərin Sığortalanması Fonduna köçürülməsi qərara alınmışdır. Bank müflis olduqdan sonra kredit üzrə faiz dərəcəsi kredit müqaviləsi üzrə İ borcalanın üzərinə düşən faiz dərəcəsinə (10 %) uyğunlaşmışdır. Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-cı il tarixli, ADİF-0114/17 saylı ipoteka müqaviləsinə əsasən verilmiş kreditin təminatı kimi “Hüquqların qabaqcadan qeydiyyatı” barədə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, qeydiyyat nömrəsi 116091339, reyestr nömrəsi **********63-05301-093133 olan arayışına əsasən xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsus ünvan 1, mənzil 284, (Yeni qaydalarla: ünvan 3 ünvanında 4-cü blok, 7ci mərtəbədə 147 kv.m. sahədən ibarət 3 otaqlı mənzil ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi bağlanarkən Maraqlı şəxs notariat qaydada təsdiq edilmiş ərizə təqdim edərək həmin mənzilin ipoteka qoyulmasına etiraz etməmişdir. İpoteka müqaviləsi 06 saylı Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Kredit müqaviləsinin 2.3- cü bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Fonda olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 10-cu maddəsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini, həmçinin Borcverənə dəymiş zərərin ödənilməsini öhdəliklərini götürmüşdür. Fond tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********344 saylı, xx.xx.2023-cü il tarixli xəbərdərlıq və **********847 saylı xx.xx.2022-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh kredit borcunun qaytarılmasını təmin etməmişdir. xx.xx.2023-cü il tarixinə Cavabdeh kredit üzrə cəmi borcu 462330,73 manat təşkil edir. Bundan 183095,07 manat əsas, 120385,72 manat faiz və 158849,94 manat cərimə borcu təşkil edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-79/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia qismən təmin edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli YH-280/14 saylı kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh 183095,07 (bir yüz səksən üç min doxsan beş manat yeddi qəpik) manat əsas borc, 120385,70 (bir yüz iyirmi min üç yüz səksən beş manat yetmiş qəpik) manat faiz borcu, 9104,42 (doqquz min yüz dörd manat qırx iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 312585,19 (üç yüz on iki min beş yüz səksən beş manat on doqquz qəpik) manat borcun, ipoteka predmetinə tutma yönəldilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 45 (qırx beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 508,65 (beş yüz səkkiz manat altmış beş qəpik) manat pulun tutularaq iddiaçı Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin yəni, 243,68 (iki yüz qırx üç manat altmış səkkiz qəpik) manatın (752,33-508,65=243,68) iddiaçıya aid edilməsi, tutmanın ipoteka predmeti olan və Cavabdeh məxsus olan ünvan 4 ünvanında yerləşən binanın 4-cü blok, 7-ci mərtəbəsindəki 284 saylı mənzilə (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Firuz Qəmbərov küçəsi, 80, M7, m1) yönəldilməsi, mənzilin ilkin satış qiymətinin (likvid) 345400 (üç yüz qırx beş min dörd yüz) manat müəyyən edilməklə açıq hərracda satılması və satışdan əldə olunan pul hesabına Cavabdeh tutulmalı olan ümumilikdə 313138,84 (312585,19+45+508,65=313138,84) manat pulun iddiaçı Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, artıq qalan vəsaitin mülkiyyətçi Cavabdeh qaytarılması, ipoteka predmeti olan qeyd edilən mənzilə tutma yönəldildikdən və həmin mənzil satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində Cavabdeh ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və yeni alıcıya təhvil verilməsi, mənzil hərracda satıldıqdan sonra əldə olunmuş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə, borcun qalan hissəsinin ümumi qaydada icra olunması, iddia tələbinin qalan hissədə rədd olunması, məhkəmə xərclərinin cavabdehə aid edilməsi qət olunmuşdur. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti - qətnamənin qismən sassız olması, maddi və prosessual hüquq normalarının pozulması, dəbbə pulunun cavabdehin əmlak mənafelərinə əhəmiyyətli dərəcədə təsir edə biləcək həddə azaldılmaması, ekspert rəyinin yalnız iddiaçı tərəfin təqdim etdiyi sənədlər əsasında aparılması, cavabdeh tərəfin təqdim etdiyi ödəniş qəbzlərin nəzərə alınmaması, əlavə ekspertiza ilə bağlı vəsatətlərinin təmin olunmaması və s. kimi əsaslandırılmışdır. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdeh və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, əvvəllər cavabdehin maddi vəziyyəti yaxşı olmuş, bu səbəbdən də özünə ipoteka ilə mənzil almış, ödənişləri edəcəyini düşünmüş, lakin sonradan maddi vəziyyəti pisləşmiş, təqribən 2016-cı ildən kredit ödənişlərini lazımi qaydada həyata keçirə bilməmişdir. 2018-ci ildən etibarən müəyyən aralıqlarla ən azı 1000 manat olmaqla ödənişlər etməyə çalışır. İddiaçı tərəifndən ona vaxt verilərsə, borcunu hissə-hissə ödəyə bilər. Həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız kredit borcunun tutulması hissədə narazı qalaraq apellyasiya şikayəti vermişlər, ipoteka ilə bağlı hissələrdə isə qətnaməni mübahisələndirmirlər. Kredit müqaviləsi üzrə ümumilikdə 130855 manat ödəniş həyata keçirilsə də, düzgün nəzərə alınmamış, silinmələr səhv aparılmışdır. Onun hesablamasına görə təqribən 135000 manat həddində borc qalmalıdır. Hesab edirlər ki, ödənişlər nəzərə alınmaqla, əsas və faiz borcu yenidən dəqiqləşdirilməli, cərimə borcu isə daha da azadılmalıdır. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi isə, apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, kredit müqaviləsi üzrə ümumi faiz məbləği 12 faiz olsa da, cavabdehin payına illik 10 faiz düşmüş, qalan 2 faizi isə "xxxx" MTK ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh 2016-cı ildən etibarən kredit ödənişlərini dayandırmış, sonradan isə az məbləğlərdə bir neçə ödəniş həyata keçirmişdir. Bu səbəbdən də faizlərin məbləği artmışdır. Cavabdeh tərəf borcun düzgün hesablanmamasını bildirsə də, etirazının əsası kimi məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Apellyasiya icraatı zamanı alınmış əlavə ekspertiza rəyi ilə də əsas kredit borcunun düzgün hesablanması müəyyən olunmuş, sadəcə faiz hissədə cüzi fərq yaranmışdır. Bu səbəbdən də ekspertiza rəyinə etirazları yoxdur. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən, işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh isə qətnaməni qismən (kredit borcu hissədə) mübahisələndirmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası işə cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcuna aid hissədə dəyişdirilməlidir. Belə ki, işdə olan "xxxx" ASC-nin Yeni Həyat filialı ilə Cavabdeh və "xxxx" MTK arasında bağlanmış xx.xx.2014-cü il tarixli YH-280/14 nömrəli kredit müqaviləsindən görünür ki, Bank Cavabdeh "xxxx" kompleksində mənzil alınması məqsədi ilə 120 ay müddətinə illik 12 faiz dərəcəsi ilə 205065 manat məbləğində kredit verməyi, borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 15 may 2014-cü il tarixdən 15 aprel 2024-cü il tarixədək hər ay 232.14 manat ödəməyi öz üzərinə götürmüşdür. İşdə olan xx.xx.2014-cü il tarixli məxaric orderindən görünür ki, Cavabdeh 205065 manat pul vəsaitini "xxxx" ASC-dən almışdır. İşdə olan hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, ünvan 1, mənzil 284, (Yeni qaydalarla: ünvan 3 ünvanında 4-cü blok, 7-ci mərtəbədə 147 kv.m. sahədən ibarət 3 otaqlı mənzil xx.xx.2017ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə dövlət reyestrində 2588 nömrəli reyestr kitabının 241046 nömrəli vərəqində Cavabdeh adına qabaqcadan qeydiyyata alınmışdır. İşdə olan 2 saylı Bakı “Asan xidmət” Mərkəzi Notariat Kontorunda xx.xx.2016-cı il tarixdə 7E-56416 reyestr nömrə ilə təsdiq edilmiş ərizədən görünür ki, Maraqlı şəxs Cavabdeh məxsus olan ünvan 1, mənzil 284, (Yeni qaydalarla: ünvan 3 ünvanında 4-cü blok, 7-ci mərtəbədə 147 kv.m. sahədən ibarət 3 otaqlı mənzilin ipotekaya (girova) qoyulmasına etiraz etməmiş, ipotekaya (girova) qoyulmuş əmlaka tələb yönəldildiyi halda heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyrişərtsiz tərk edəcəyinə öhdəlik götürmüşdür. İşdə olan ipoteka saxlayan “Əmanətlərin Sığortalanması Fondu”, LPO "xxxx" ASC və ipoteka qoyan-borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, ADİF- 0114/2017 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1, mənzil 284, (Yeni qaydalarla: ünvan 3 ünvanında 4-cü blok, 7-ci mərtəbədə 147 kv.m. sahədən ibarət 3 otaqlı mənzili xx.xx.2014-cü il tarixli YH-280/14 nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1, mənzil 284, (Yeni qaydalarla: ünvan 3 ünvanında 4-cü blok, 7-ci mərtəbədə 147 kv.m. sahədən ibarət 3 otaqlı mənzilə dair Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ipoteka ilə yüklülük xx.xx.2017-ci il tarixdə dövlət reyestrində qeydə alınmışdır. İşdə olan 11 may 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli YH-280/14 nömrəli kredit müqaviləsi üzrə 02 may 2023-cü il tarixə 18309507 manat əsas borc, 12038572 manat faiz borcu, 158849.94 manat cərimə borcu olmaqla, cəmi 462330,73 manat borcu yaranmışdır. İşdə olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh ünvanlanmış 10 may 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi, əks təqdirdə borcun ödənilməsi və ipoteka predimetinə tutma yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər portalından çıxarışdan görünür ki, ipoteka predimetinə olan ünvan 1, mənzil 284, (Yeni qaydalarla: ünvan 3 ünvanında 4-cü blok, 7-ci mərtəbədə 147 kv.m. sahədən ibarət 3 otaqlı mənzilə tutma yönəldilməsinə dair ərizə ********** nömrə ilə qeydə alınmışdır. İlkin olaraq qeyd edilməlidir ki, cavabdeh yuxarıda qeyd edilən müvafiq müqavilələrin (kredit, ipoteka və s.) bağlanmasını, habelə öhdəliyin lazımi qaydada icra olunmamasını mübahisələndirməmişdir. Yoxlanılan hissədə apellyasiya şikayətinin dəlillərinə görə kredit borcu (əsas və faizlər) düzgün hesablanmamış, cərimə borcu kifayət qədər azaldılmamış, birinci instansiya məhkəməsində icraat zamanı alınmış ekspertiza rəyi əsaslandırılmamış, əlavə ekspertizanın təyin olunması barədə vəsatət əsassız olaraq təmin edilməmişdir. Məhkəmə kollegiyası əlavə ekspertizanın təyin olunmalı olması barədə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmişdir. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı təyin edilmiş məhkəməmühasibalıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2023-cü il tarixli, 9/6015 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli YH-280/14 nömrəli kredit müqaviləsi üzrə 02 may 2023-cü il tarixə əsas borc üzrə 183095.07 manat və faiz borcu üzrə 120385.70 manat borcu müəyyən edilmişdir. Lakin, həmin rəydə ekspertiza tədqiqatının necə, hansı qaydada aparılması, cavabdehin həyata keçirdiyi ödənişlərin dövrləri və məbləğləri, onların bank tərəfindən kredit müqaviləsinin şərtlərinə uyğun qaydada əsas və faiz borcuna silinib-silinməməsi, bu halları özündə əks etdirən cədvəllər və s. bu kimi zəruri hallar öz əksini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanununun 26-cı maddəsinə əsasən, məhkəmə ekspertinin (ekspertlərinin) rəyində tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrinin əsaslandırılması və dürüst ifadə olunmalıdır. İşdən həmçinin görünür ki, cavabdeh əlavə ekspertizanın təyin olunması üçün birinci instansiya məhkəməsinə yazılı vəsatətlə müraciət etmiş, lakin vəsatət kifayət qədər əsaslandırılmadan rədd olunmuşdur. Bununla yanaşı, işdə olan sübutlara (kredit müqaviləsi, ödəniş cədvəli və s.) görə - Cavabdeh kredit müqaviləsi üzrə illik 10 faiz, "xxxx" MTK isə 2 faiz ödəməyi öhdəsinə götürmüşdür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası şikayətin dəlillərini və işin hallarını nəzərə alaraq iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini zəruri hesab etmişdir. Apellyasiya icraatı zamanı təqdim olunmuş, Məhkəmə Ekspertiza Mərkəzinin 9/3010 nömrəli 30 sentyabr 2024-cü il tarixli ekspert rəyinə əsasən - Cavabdeh 02 may 2023-cü il tarixə (maliyyə arayışında göstərilən tələb tarixinə) illik 10 faiz hesablanmaq şərti ilə, əsas kredit borcu - 184329,78 manat, faiz borcu 118705,42 manat təşkil etmişdir. Tərəflər əlavə ekspertiza rəyinə etiraz bildirməmiş, bu istiqamətdə yazılı vəsatət təqdtim etməmişlər. Eyni zamanda məhkəmə kollegiyası ekspertiza rəyini işdə olan digər sübutlarla birlikdə qiymətləndirərək, onunla razılaşır. Rəydən görünür ki, o kifayət qədər əsaslandırılmış, müvafiq cədvəllər tərtib olunaraq ödənişlər nəzərə alınmaqla kredit borcunun məbləği müəyyən olunmuşdur. Beləliklə, əlavə ekspertiza rəyindən göründüyü kimi, iddiaçının özünün tələb etdiyi 02 may 2023-cü il tarixə faiz borcu 118705,42 manat təşkil etmişdir (halbuki, iddiaçı həmin tarixə 120385,72 manat faiz borcu tələb etmiş, birinci instansiya məhkəməsi də faizləri həmin məbləğdə təmin etmişdir). Belə olan halda isə, apellyasiya şikayəti həmin hissədə qismən təmin olunmalı, qətnamə faizlərin tutulması hissədə dəyişdirilməli, iddiaçının xeyrinə tutulmalı olan faizlərin məbləği 118705,42 manat həddində müəyyən olunmalıdır. Bununla yanaşı, əlavə ekspert rəyinə əsasən - əsas borc tələb həddindən bir qədər yuxarı məbləğdə müəyyən olunduğundan, məhkəmə kollegiyası həmin hissədə tələbdən kənara çıxmağı məqsədəmüvafiq hesab etmir. Həmçinin, işdən görünür ki, birinci instansiya məhkəməsi tələb olunan cərimənin məbləğini azaldaraq 9104,42 manat həddində təmin etmişdir ki, həmin məbləğ əsas borca (183095,07 manat) münasibətdə tənasübsüz deyildir. Bu səbəbdən də məhkəmə kollegiyası cərimənin MM-nin 467.1-ci maddəsinə əsasən daha da azaldılmasına hər hansı zərurət görməyərək həmin hissədə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Cavabdeh bunun əksini, yəni kredit borcunun daha az olması ilə bağlı dəlillərini əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəfin izahatı da özü-özlüyündə qarşılıqlı iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mülki dövriyyənin səmərəli fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (Mülki Məcəllənin 425-ci maddəsi). Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. MM-nin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarı). Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X7rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bəyan etmişdir ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Kredit müqaviəsinin bağlanması zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin tələbinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MPM-in 384.0 və 384.0.3-cü maddələrinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faizlərin tutulması hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği 118705,42 manat (birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan ümumi pul vəsaitinin məbləği faiz borcu məhz 118705,42 manat nəzərə alınaraq, hesablanmaqla) müəyyən olunmalı, qətnamə yoxlanılan qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində icraat zamanı 200 manat məbləğində aparılmış ekspertiza tədqiqatının dəyəri (məhkəmə xərci) mövcud olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, həmin məhkəmə xərci Cavabdeh aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-79/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-79/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilsin, Cavabdeh iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği 118705,42 (yüz on səkkiz min yeddi yüz beş manat, 42 qəpik) manat (birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan ümumi pul vəsaitinin məbləği faiz borcu məhz 118705,42 manat nəzərə alınaraq, hesablanmaqla) müəyyən edilsin. Qətnamə apellyasiya şikayətinə əsasən yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci Cavabdeh aid edilsin. Cavabdehdən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar