Məhkəmə qərarları › İş №2(103)-2245/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2245/2024

01.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2245/2024 01.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “pul tələbi, əsassız varlanma, etirafedici ifadə, sübutetmə yükü”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-247/2024 saylı, 19 yanvar 2024cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Sumqayıt şəhər prokurorluğunun 05 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən İddiaçı Cavabdeh tərəfindən işə düzəldilməsi adı ilə aldadılaraq xeyli miqdarda pulunun ələ keçirilməsi barədə müraciəti üzrə sonuncunu əməlində cinayət tərkibi olmadığından yoxlama materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı (X3 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15000(on beş min) manat və 7900 (yeddi min doqquz yüz) ABŞ dolları əsas borcun və dövlət rüsumu kimi köçürdüyü 176,40 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Tələbdə göstərilir ki, cavabdeh özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edərək həmin qurumda onu işə düzəltmək adı ilə aldadaraq ondan 7900 (yeddi min doqquz yüz) ABŞ dolları almış, bundan başqa onun vasitəsi ilə dostu Taleh Əliyevin də pulunu alaraq ələ keçirmişdir. Bu pulların ondan alınması 2021-ci ilin dekabrında ona 7900 ABŞ dollarını, 2022-ci ilin mart ayında isə Taleh Əliyevin 15000 manat pulunu vermiş, lakin cavabdehin verdiyi vədə əməl etməməsi ilə bağlı o, Sumqayıt şəhər prokurorluğuna şikayət etmiş, araşdırma aparılmış və təqdim edilmiş səs-yazıları, şahid ifadələri ilə də qeyd edilən pulların cavabdeh tərəfindən alınaraq qaytarılmadığı sübuta yetmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Ona həmin qərarla izah edilmişdir ki, o, cavabdehə qarşı pul tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməlidir. Göründüyü kimi cavabdeh ona aid olan pulları ələ keçirmiş və tanışı Taleh Əliyev 15000 (on beş min) manat pulu cavabdehə onun vasitəsi ilə verdiyi üçün həmin pulu ondan istəyir, ona görə də hər iki pul vəsaiti cavabdehdən alınaraq ona qaytarılmalıdır.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-247/2024 saylı, 19 yanvar 2024-cü il tarixli qətnaməsi (hakim Toğrul Axundov) ilə iddia tələbinin qismən təmin edilərək Cavabdeh 7429,50 (yeddi min dörd yüz iyirmi doqquz dollar əlli sent) ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) tutularaq İddiaçı ödənilməsi; İddiaçı tərəfindən ödənilmiş 176,40 (yüz yetmiş altı manat qırx qəpik) manat dövlət rüsumunun 88,20 (səksən səkkiz manat iyrmi qəpik) manatının Cavabdeh tutularaq İddiaçı ödənilməsi, 88,20 (səksən səkkiz manat 20 qəpik) manatınin isə İddiaçı özünə aid edilməsi; iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi iş üzrə yekun qənaətini belə əsaslandırıb ki, Sumqayıt şəhər prokurorluğunun müstəntiqi Xaqani Süleymanlının 05 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 7900 ABŞ dolları məbləğində pul borca verilməsi müəyyən edilmişdir. Cavabdeh hər ay 1200 ABŞ dolları pul ödəməsini qeyd etsə də, bu hal heç bir sənədlə sübuta yetirilməmişdir. Göründüyü kimi qanunvericiliyin tələblərinə görə tərəflər arasında yazılı borc müqaviləsi bağlanmalı olduğu halda (məbləğ üç min manatdan çox olduğu üçün) tərəflər arasında şifahi borc müqaviləsi bağlanmış, cavabdeh iddiaçıdan 7900 ABŞ dolları məbləğində borc alaraq, bu günə qədər əldə etdiyi pul məbləğini iddiaçıya qaytarmamış, borcundan yalnız 800 manat ödəniş etmiş və bununla da cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə cavabdehin iddiaçıya halhazırda 7429,50 (yeddi min dörd yüz iyirmi doqquz dollar 50 sent) ABŞ dolları məbləğində borcu olduğu müəyyən edilmişdir. Bu fakt işin mübahisəsiz halı olmaqla, cavabdehin etirafedici izahatı ilə öz təsdiqini tapmışdır. Məhkəmə iddia tələbinin ümumilikdə 7900 ABŞ dolları məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdeh tərəfindən ümumi 800 manat pulun (800:1,7=470,50 ABŞ dolları (xx.xx.2024-cü il tarixə olan valyuta məzənnəsinə uyğun olaraq) iddiaçıya ödənilməsini nəzərə alaraq, Cavabdeh 7429,50 (yeddi min dörd yüz iyirmi doqquz dollar 50 sent) ABŞ dolları məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbini bu hissədə qismən təmin edərkən, şahid ifadələrinə münasibət bildirərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur (MPM-nin 62-ci və 104.1-ci maddələri). Mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid ifadələri o zaman mötəbər sayıla bilər ki, həmin ifadələr iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapsın. Hazırki şahid ifadələri cavabdehin və eləcə də, cavabdehin arvadı X1 cinayət işinin araşdırılması zamanı verdiyi ifadələrlə ziddiyyət təşkil edir. Belə ki, cinayət işinin araşdırılması zamanı izahata alınmış cavabdehin arvadı X4 izahatında bildirmişdir ki, əri Cavabdeh 2020-ci ilin martında oğlu Həsənin müalicəsinə görə maddi çətinliyi yarandığından dispetçer işlədiyi vaxtdan Comərtin vasitəsilə tanıdığı şəxsdən sələmə pul götürmüşdür. Dostəli aldığı borcu isə qaytarmaqdan imtina etmir. Eyni zamanda şahid qismində dindirilmiş X2 Dostəlinin Vüqar adlı şəxsdən borc alaraq ona verdiyi pulu, elə Dostəli vasitəsilə də geri ödəməsinə dair verdiyi izahatı da iş materialları ilə sübuta yetməmişdir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmasıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olduğu günə olan manat məzənnəsi ilə hesablanmalıdır. Məhkəmə iddia tələbinin cavabdehdən əlavə borca verilmiş 15000 manat məbləğində pulun tutulması hissəsinə münasibətdə qeyd edib ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehə 7900 ABŞ dollarından əlavə iddiaçının Talehi işə düzəltmək məqsədilə cavabdehə 15000 manat pul vəsaitinin borca verdiyini iddia etsə də, 15000 manat ilə bağlı məhkəməyə hər hansı bir sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə qeyd etmişdir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən İddiaçı tərəfindən ödənilmiş 176,40 (yüz yetmiş altı manat 40 qəpik) manat dövlət rüsumunun 88,20 (səksən səkkiz manat 20 qəpik) manatı Cavabdeh tutularaq İddiaçı ödənilməli, 88,20 (səksən səkkiz manat 20 qəpik) manatı isə İddiaçı özünə aid edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv və iddia tələbinin rədd olunmasını xahiş edib göstərir ki, məhkəmə “tərəflər arasında yazılı borc müqaviləsi bağlanmalı olduğu halda (məbləğ üç min manatdan çox olduğu üçün) tərəflər arasında şifahi borc müqaviləsi bağlanmış, cavabdeh iddiaçıdan 7900 ABŞ dolları məbləğində borc alaraq, bu günə qədər əldə etdiyi pul məbləğini iddiaçıya qaytarmamış, borcundan yalnız 800 manat ödəniş etmiş və bununla da cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır” kimi qeyd etməklə belə bir səhv nəticəyə gəlmişdir. O, iddiaçıdan aldığı pula görə uzun müddət faiz vermiş və əsas borcu da ödəmiş, lakin iddiaçı yenidən ona qarşı belə bir əsassız iddia qaldırmış və məhkəmə də onun iddiaçıdan borc almağına dair hər hansı bir mötəbər sübutun olmamasına baxmayaraq onu «əsassız varlanan» şəxs kimi tanımaqla qanunsuz qətnamə çıxarmışdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

7. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin şikayət verilən hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

8. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs X5 məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.

Maddə 439.1 və 439.2. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, o manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Maddə 739.1(xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2(xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.1(xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Maddə 740.2(xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

11. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

12. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

14. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddianın təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

15. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

16. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

17. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə mübahisələndirilən hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia təmin olunduğu hissədə haqlı sayılır.

18. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

19. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki, qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

20. Sumqayıt şəhər prokurorluğunun müstəntiqi Xaqani Süleymanlının 05 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 7900 ABŞ dolları verilməsi müəyyən edilmişdir. Belə ki, cavabdeh Sumqayıt şəhər prokurorluğunda izahatı alınarkən onun 7900 ABŞ dolları borc alması özünün etirafedici izahatları ilə təsdiq edilir. Başqa sözlə, hazırki iş üzrə də cavabdeh iddiaçıdan 7900 ABŞ dolları aldığını etiraf və təsdiq edir. Demək ki, cavabdeh etirafedici izahatı iddiaçını bu halları sübut etmək yükündən azad edir. Bu halların həqiqiliyi də hər hansı br mübahisə doğurmadığı üçün işin mübahisəsiz halına çevrilib.

21. Cavabdehin mübahisələndirdiyi hissə qət olunan məbləğin qaytarılması ilə bağlıdır. Belə ki, apellyasiya şikayətinin yeganə dəlili - iddiaçıdan aldığı pula görə uzun müddət faiz borcu və əsas borcu da ödəməsi, lakin iddiaçının yenidən ona qarşı belə bir əsassız iddia qaldırmasıdır. Lakin cavabdeh bu dəlili ilə bağlı nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə hər hansı mötəbər sübut təqdim etməmiş, mövqeyini yalnız apellyasiya şikayətində yazılı ifadə etmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qət olunan məbləğin qaytarıldığını sübut etmək yükü isə təbii ki, cavabdehin üzərinə düşür. Ancaq cavabdeh iddiaya etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilmir.

22. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən və əsassız varlanmadan irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

23. Şərh olunanlara əsasən, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-247/2024 saylı, 19 yanvar 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-247/2024 saylı, 19 yanvar 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar