Məhkəmə qərarları › İş №2(103)-2246/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2246/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2246/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” KB ASC-yə qarşı kredit müqaviləsi üzrə kompensasiya tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(006)-3967/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun “xxxx” KB ASC-yə olan kredit borcunun X2 Palatasının internet portalından əldə edilmiş rəsmi arayışın tələblərinə əsasən silinməsini, məhkəmə xərclərinin “xxxx“ KB ASC-nin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, “xxxx” KB ASC-dən kredit götürmüş, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 saylı Fərmanına əsasən ona dövlət tərəfindən 4215,86 manat kompensasiya ayrılmışdır. Həmin kompensasiyanın 1973,28 manat hissəsi kredit borclarının ödənilməsinə yönəldilmiş, qalan 2242,58 manat kompensasiya isə ona verilməlidir. X2 Palatasının internet portalından əldə edilmiş arayışdan görünür ki, onun “xxxx“ KB ASC-yə kredit borcu qalmamışdır. Məhkəmə baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, məhkəmədən onunla “xxxx” KB ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən ona ödənilməli olan kompensasiya məbləğinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(006)- 3967/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, məhkəmə tərəfindən X2 Palatasının internet portalından əldə edilmiş arayış sübut kimi nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X3 şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar olunmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Neftçala Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli 2(53)-1013/2015 saylı məhkəmə əmrinin surətindən görünür ki, İddiaçı «xxxx» KB ASCnin xeyrinə 4943,10 ABŞ dolları əsas, 203,18 ABŞ dolları faiz, 1,44 ABŞ dolları cərimə, cəmi 5147,72 ABŞ dolları məbləğində borc və 20 manat məbləğində dövlət rüsumunun tutulması əmr edilmişdir. İş materiallarında olan Neftçala Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(53)- 855/2016 saylı məhkəmə əmrinin surətindən görünür ki, İddiaçı «xxxx» KB ASC-nin xeyrinə 424,87 AZN əsas, 55,92 AZN faiz, 12,97 AZN cərimə, cəmi 493,76 AZN məbləğində borc və 20 manat məbləğində dövlət rüsumunun tutulması əmr edilmişdir. İş materiallarında olan Problemli kreditlərin kompensasiyasına dair xx xxxxxxx 2020-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı 4215,86 manat məbləğində kompensasiya hesablanmış, həmin məbləğdən 2242,58 manatı özünə ödənilmiş, 1973,28 manatı borclarının ödənilməsinə yönəldilmişdir. İş materiallarında olan Problemli kreditlərin kompensasiyasına dair xx xxxxxxx 2020-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı xx xxxx 2019-cu il tarixinə əsas kredit borcu 424,87 manat, borcun azaldılmasına yönəldilən məbləğ 424,87 manat, qalıq borc məbləği 0,00 manat təşkil etmişdir. İş materiallarında olan «xxxx» KB ASC-nin xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən İddiaçı “xxxx” KB ASC-yə həmin tarixə 3655,62 ABŞ dolları, xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən isə İddiaçı “xxxx” KB ASC-yə həmin tarixə 2336,46 ABŞ dolları məbləğində əsas borcu vardır. Beləliklə, məhkəmə tərəfindən araşdırılmış iş materiallarından görünür ki, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən İddiaçı cəmi 4215,86 manat kompensasiya məbləği hesablanmışdır. Həmin məbləğdən iddiaçıya 2242,58 manatın verilməsi qərara alınsa da, 1973,28 manatı onun Bank qarşısında olan borclarının ödənilməsinə yönəldilmişdir. Belə ki, “xxxx” KB ASC tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışlarından görünür ki, xx xxxx 2019cu il tarixi üçün İddiaçı cavabdehə 3655,62 ABŞ dolları məbləğində borclu olmuşdursa, xx xxxxxxxx 2020-ci il üçün onun cavabdehə qalıq borc məbləği 2336,46 ABŞ dolları təşkil edir. Beləliklə, xx xxxx 2019-cu il tarixindən xx xxxxxxxx 2020-ci il tarixinə qədər onun borcu 3655,62-2336,46=1319,16 ABŞ dolları, yəni 2242 manat azalmışdır ki, həmin 2242,58 manat məbləğ qalıq kompensasiya hesabına olmuşdur. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kompensasiya məbləğinin ödənilməmiş hissəsinin ona ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Hazırkı iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 1092.1-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddənin məzmunundan göründüyü kimi, əsassız varlanma ilə bağlı tələbin irəli sürülməsi üçün şərtlər aşağıdakılardır: - Borclu əmlak əldə etsin; - Həmin əmlak kreditorun əmlakı hesabına əldə edilsin; - Bu əldəetmə üçün heç bir hüquqi əsas olmasın. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından göründüyü kimi, hazırkı işdə qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunmur. Belə ki, iddiaçının Bank qarşısında kredit müqaviləsinə əsasən yaranmış öhdəlikləri vardır və onun tələb etdiyi məbləğ X2 Palatasının müvafiq qərarına uyğun şəkildə cavabdeh tərəfindən təqdim olunmuş məlumata əsasən ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilmişdir. Kollegiya həmçinin qeyd edir ki, X2 Palatası tərəfindən verilmiş arayışda iddiaçının "xxxx" KB ASC-yə yalnız əsas borcu göstərilmişdir. İş materiallarından görünür ki, iddiaçının "xxxx" KB ASC-yə təkcə əsas borcu yox, faiz və cərimə borcu da olmuşdur. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(006)- 3967/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar