Məhkəmə qərarları › İş №2(103)-2247/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2247/2021

18.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2247/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı1 və İddiaçı2 “xxxx” ASC-yə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020ci il tarixli qətnaməsindən “xxxx” ASC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 “xxxx” ASC-nə qarşı iddia ərizəsi, sonradan isə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin vəzifəli şəxslərinin səhlənkarlığı nəticəsində keyfiyyətsiz inşa edilmiş yarımstansiyanın dam örtüyünün qoparaq İddiaçı2 məxsus evin dam örtüyünü yararsız hala salması nəticəsində dəymiş zərərə görə 505,84 manatın, 13 ədəd bar verən ağacın məhv edilməsinə görə hər ağac üçün 850 manat olmaqla 11 050 manatın, ağaclardan gözlənilən bara görə 2000 manatın, İddiaçı1 məxsus arı ailələrinin qırılmasına, bununla bağlı digər zərərlərə və əldən çıxmış gəlirə görə 13 420 manatın, zərər çəkmiş arı pətəklərinin bərpasına görə 150 manatın və 30 manat dövlət rüsumunun, ümumilikdə 27 115,84 manatın “xxxx” ASC-dən alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələblərini belə əsaslandırmışlar ki, 2017-ci ilin aprel ayının 14dən 15-nə keçən gecə rayonda baş verən külək nəticəsində “xxxx” ASC-nin Lerik şəhərində inşa etdiyi yarımstansiyanın dam örtüyü qoparaq İddiaçı2 məxsus evin dam örtüyünü yararsız hala salmış, yarımstansiyanın metal təbəqələrdən ibarət olan dam örtüyü ərazidən keçən 35 00 kva-lıq elektrik xətlərinə dəyərək qısa qapanma yaratmış, nəticədə əlavə fəsadlar ortaya çıxmış, evin həyətyanı sahəsinə düşən dəmir təbəqələr Mahirin təsərrüfatına da külli miqdarda zərər vurmuş, uzun illər ərzində böyük zəhmət nəticəsində həyətyanı sahədə əkib becərdikləri 13 ədəd meyvə verən ağaclar sınmış, təsərrüfatlarında olan 11 ədəd arı ailəsi olan pətəklərin aşması nəticəsində külək arı ailələrini aparmış, arılarda olan balalar ölmüş, bundan başqa hər bir pətəkdə olan 20 ədəd çərçivədəki bal balaların ölməsi nəticəsində yararsız hala düşmüşdür. Hadisə baş verdikdən sonra tərəflərindən müvafiq dövlət orqanlarına müraciət edilmiş, mütəxəssislərin və Lerik şəhəri İcra Hakimiyyətinin ərazi üzrə nümayəndəsinin və onun müavininin, Lerik rayon Bələdiyyəsinin sədrinin iştirakı ilə zərər çəkmiş evə və arı təsərrüfatına baxış keçirilmiş, dəymiş zərərin həcmi müəyyənləşdirilmiş, müvafiq zərər aktı tərtib edilərək mütəxəssislər tərəfindən imzalanmış, hadisə yerində dəymiş zərərin həcmini təsdiqləyən fotoşəkillər çəkilmişdir. Dəymiş zərərin aradan qaldırılması məqsədilə maddi yardımın göstərilməsi üçün Lerik rayon İcra Hakimiyyətinə müraciət edilmiş, İcra Hakimiyyətindən göndərilmiş xx xxx 2017-ci il tarixli 2/530 saylı məktubda küləklə bağlı yaşayış evinə və digər sosial obyektlərə dəymiş ziyanın aradan qaldırılmasına görə icra hakimiyyətində heç bir vəsait nəzərdə tutulmadığından, evin dam örtüyü ilə bağlı köməkliyin göstərilməsinin onların imkanları xaricində olması bildirilmişdir. Mütəxəssislər tərəfindən tərtib olunmuş zərər aktlarından görünür ki, Mahirin evinə dəyən zərərin məbləği 1305,84 manat təşkil edir. Bu məbləğdən özünü “xxxx” ASC-nin nümayəndəsi kimi təqdim edən Rövşən adlı şəxs tərəfindən 800 manat Mahirə əlbəəl verilmiş, qalan məbləğ isə bu günədək ödənilməmişdir. Səlahiyyətli orqanların vəzifəli şəxslərinin və mütəxəssislərin iştirakı ilə tərtib edilmiş aktlarla arıçılıq təsərrüfatına dəyən zərər məbləği 13 420 manat müəyyən olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, vurulmuş maddi zərərə görə 505 manat 84 qəpiyin və ödənilmiş 15 manat dövlət rüsumunun “xxxx” ASC-dən tutularaq İddiaçı2; 4540 manatın və ödənilmiş 15 manat dövlət rüsumunun “xxxx” ASC-dən tutularaq İddiaçı1 ödənilməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 200 manatın “xxxx” ASC-dən alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən “xxxx” ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən – iddianın təmin olunması ilə bağlı hissədə - ləğv olunmasını və iddia tələblərinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin Lerik şəhərində əsmiş küləyin ASC-nin yarımstansiya tikilisinin dam örtüyünü qoparma gücündə olması barədə ekspert rəyinin ziddiyətli olduğunu, həmin dam örtüyünün küləyin gücü ilə 2,5 metr hündürlüyə qalxaraq iddiaçıların evinin üzərinə düşməsinin, düşdükdən sonra isə bağ sahəsinə qədər getməsinin ehtimallara əsaslandığını nəzərə almadığı, iddiaçılara zərərin küləyin özünün fəsadlarından (yarımstansiyanın dam örtüyünün qopmasından əvvəl) baş verib-vermədiyini araşdırmadığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən “xxxx” ASC-nin nümayəndəsi Fərid Abdullayev apellyasiya şikayətini şikayətin məzmununa uyğun izahat verməklə müdafiə etmiş, birinci instansiya məhkəməsinin işin hüquqi hallarına lazımi qiymət vermədiyini, mübahisənin faktiki hallarını hərtərəfli araşdırmadığını və nəticədə əsassız və qeyriqanuni qətnamə qəbul etdiyini vurğulayaraq qətnamənin iddianın qismən təmin olunan hissəsində ləğvini və həmin hissədə də iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətinin əsassız olduğunu bildirərək və iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü qətnaməni iddiaçılar mübahisələndirməmişlər və bu səbəblə onların iddialarının təmin edilməyən hissələri ümumiyyətlə apellyasiya baxışının predmeti deyildir; “xxxx” ASC isə qətnaməni iddianın təmin olunan hissədə mübahisələndirmiş və iddianın təmin edilməməli olduğunu irəli sürmüşdür. Məhkəmə kollegiyası izahatları bu kontekstdə dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunmayaraq qətnamə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, iddiaçılar ataoğuldurlar; 2017-ci ilin aprel ayının 14-dən 15-nə keçən gecə Lerik şəhərində yağışla müşahidə olunan güclü külək (qasırğa) əsməsi nəticəsində İddiaçı2 evinin dam örtüyü ciddi zədələnmiş, İddiaçı1 həyətyanı sahəsində - çox sayıda meyvə ağacları sınmaqla arıçılıq təsərrüfatında 11 arı ailəsi olan cərgənin arxasına düşmüş, arı ailələrinin içində yerləşdiyi pətəklər aşaraq yararsız vəziyyətə gəlmiş, arılar məhv olmuşdur. İddiaçıların iddialarına görə onlara ziyan dəyməsinə səbəb, sözügedən külək nəticəsində “xxxx” ASC-nin Lerik rayonu üçün tikilən yarımstansiya binasının dam örtüyünün şalban və reykalarla birlikdə yerindən qoparaq İddiaçı2 evinin dam örtüyünü ciddi zədələməsi, daha sonra İddiaçı1 həyətyanı sahəsinə - bağına düşməsi və meyvə ağaclarını sındırması, 11 arı ailəsi olan cərgənin arxasına düşmüş dəmir kümün bir hissəsinin həmin arı ailələrinin içində yerləşdiyi pətəkləri aşıraraq yararsız vəziyyətə salması olmuş, evin damına dəymiş ziyan məbləğinin bir hissəsi ödənilsə də, qalan zərər məbləği ödənilməmişdir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Məcəllənin 1111.1-ci maddəsində isə təsbit olunmuşdur ki, binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıların məruz qaldığı ziyandan məhz “xxxx” ASC-nin məsuliyyət daşıdığı qənaətinə gəlmişdir: Belə ki, iş materiallarında olan, xx xxx 2017-ci il tarixdə Lənkəran RTSL-in Lerik rayonu üzrə baş aqronomu, Lerik rayon Kənd Təsərrüfatı idarəsinin böyük məsləhətçisi, İddiaçı1 tərəfindən tərtib olunmuş aktdan görünür ki, İddiaçı1 bağına baxış keçirilmiş, bağda 4 ərik, 3 alma, 5 armud, 1 şaftalı ağacının və 11 arı ailəsi olan pətəyin zədələndiyi və tamamilə yararsız hala düşdüyü müəyyən olunmuşdur. xx xxxxx 2017-ci il tarixdə Lerik rayon Arıçılıq Asossasiyasının sədri, ünvan 1 ünvanda yaşayan vətəndaş X2 və ünvan 1 ünvanda yaşayan zərər çəkmiş şəxs İddiaçı1 iştirakı ilə tərtib olunmuş aktda göstərilmişdir ki, 2017-ci ilin aprel ayının 14dən 15-nə keçən gecə Lerik şəhərində yağışla müşahidə olunan güclü külək-qasırğa “xxxx” ASC-nin Lerik rayonu üçün tikilən yarımstansiya binasının dam örtüyünü şalban və reykalarla birlikdə yerindən qoparmış və qonşuluqdakı fərdi yaşayış evinin, yəni İddiaçı2 evinin dam örtüyünü ciddi zədələyərək İddiaçı1 həyətyanı sahəsinə - bağına düşərək çoxlu sayda meyvə ağaclarını sındırmaqla yanaşı, arıçılıq təsərrüfatında 11 arı ailəsi olan cərgənin arxasına düşmüş dəmir kümün bir hissəsi həmin arı ailələrinin içində yerləşdiyi pətəkləri aşıraraq yararsız vəziyyətə salmış, arıları məhv etmiş, beləliklə, arıçılıq təsərrüfatına ziyan dəymişdir. xx xxxxx 2017-ci il tarixdə İddiaçı2, X2 və tikinti üzrə mühəndis R.D.Bəndiyev tərəfindən tərtib edilmiş aktda da göstərilmişdir ki, 2017-ci ilin aprel ayının 14-dən 15nə keçən gecə Lerik şəhərində yağışla müşahidə olunan güclü külək - qasırğa nəticəsində “xxxx” ASC-nin Lerik rayonu üçün tikilən yarımstansiya binasının dam örtüyü şalban və reykalarla birlikdə yerindən qopmuş və qonşuluqdakı fərdi yaşayış evinə, yəni İddiaçı2 evinin dam örtüyünün üzərinə düşmüş, evin damına cəmi 1305 manat 84 qəpik maddi ziyan dəymişdir. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza təyinatı əsasında tədqiqat aparmış Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli rəyində, yarımstansiyanın damının ayrı-ayrı hissələrinin deyil, bütövlükdə dam örtüyünün qoparaq qonşu damın üstünə düşdüyü nəzərə alındıqda sözügedən yarımstansiyasının dam örtüyünün texniki və konstruktiv cəhətdən düzgün quraşdırılmadığı (konstruktiv elementlərinin binanın divarlarına etibarlı bağlanmadığı, hava axınının təmin edilmədiyi və s.) və bu səbəblə də dam örtüyünün küləyin təsirindən bütövlükdə yerindən qopduğu vurğulanmış, yarımstansiyasının dam örtüyünün külək nəticəsində qopmasının dam örtüyünün tikinti norma və qaydalarına uyğun bərkidilməməsi səbəbindən baş verdiyi, İddiaçı1 məxsus fərdi yaşayış evinin dam örtüyünün bərpası üçün yerinə yetirilməli tikinti-təmir işlərinin dəyərinin bazar qiymətlərinə uyğun olaraq təqribən 1752 manat məbləğində olduğu müəyyən edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli rəyinə görə isə, iddiaçılara məxsus evin həyətində olan meyvə ağaclarının növü və onların məhsuldarlığı (kiloqram ilə) aşağıdakı kimi müəyyən olunmuşdur: Bitkinin adı Diametri Məhsulu 1əd.qiyməti ümumi dəyəri (sm-lə) (kq.) (manatla) (manatla)

1. Armud ağacı 50 85 300 300

2. Armud ağacı 48 82 290 290

3. Armud ağacı 46 80 280 280

4. Armud ağacı 42 78 260 260

5. Armud ağacı 52 87 320 320

6. Alma ağacı 39 70 200 200

7. Alma ağacı 42 78 260 260

8. Alma ağacı 40 74 240 240

9. Ərik ağacı 47 65 160 160

10. Ərik ağacı 46 64 160 160

11. Ərik ağacı 39 62 150 150

12. Ərik ağacı 42 63 150 150

13. Şaftalı ağacı 38 42 120 120

14. 11 Yeşik arı ailəsi 150 1650

Cəmi: 4540,00

Kollegiya, birinci instansiya məhkəməsinin mübahisənin həlli zamanı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin sözügedən rəylərini əsas götürməsini düzgün hesab edir və rəylərin kifayət qədər əsaslandırılmış və aydın olduğunu, rəylərlə müəyyən edilənlərin işin halları ilə ziddiyyət yaratmadığını vurğulayır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni-əsaslıdır və apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

“xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-49/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “vurulmuş maddi zərərə görə 505 manat 84 qəpiyin və ödənilmiş 15 manat dövlət rüsumunun “xxxx” ASC-dən tutularaq İddiaçı2 ödənil; 4540 manatın və ödənilmiş 15 manat dövlət rüsumunun “xxxx” ASC-dən tutularaq İddiaçı1 ödənilməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 200 manatın “xxxx” ASC-dən alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi” hissəsində dəyişdirilmədən saxlansın. Apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumu “xxxx” ASC-nə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Hakimlər Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar