Məhkəmə qərarları › İş №2(103)-225/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-225/2020

14.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-225/2020 14.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsi ilə, İmanov Azad Nizam oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, Cavabdeh, həmçinin digər cavabdehin nümayəndəsi Cavabdeh1 iştirakı ilə, iddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-501/2018 saylı iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” X1 Səhmdar Cəmiyyətinin (bundan sonra – Bank) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası qismən təmin edilərək cavabdeh Cavabdeh1 oğlundan xx.xx.2014-cü il tarixli, 05B8/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli, 05B8/14-1 saylı əlavə kredit müqaviləsi üzrə 55461,28 ABŞ dolları əsas, 6922,41 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 62483,69 ABŞ dolları borcun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və məhkəmə xərclərinə görə 60 manat pulun iddiaçının xeyrinə tutulması, Cavabdeh1 ipoteka predmetinin qiymətləndirilməsinə çəkilən xərcə görə 200 manatın Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xeyrinə, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 165 manatın dövlət nəfinə tutulması, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Nizami Nərimanov küçəsi 77 saylı evin 5 saylı mənzilinin (bundan sonra – ipoteka predmeti) ilkin satış qiymətinin 190.000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitindən borcun ödənilməsi, ipoteka predmeti satıldıqdan ən geci bir ay ərzində cavabdehlərin mənzildən çıxarılmaqla mənzilin boşaldılması qət edilmişdir. İddiaçı və Cavabdeh1 apellyasiya şikayətləri vermişlər. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyi ilə əmlaka qoyulan qiymət real bazar qiyməti deyil. Ekspert mənzilin bazar dəyərini heç bir müqayisəli təhlil aparmadan, hansı meyar və mənbələrə istinad olunması göstərilmədən qiymətləndirib. Ona görə də təkrar ekspertiza təyin edilməli, ekspertizanın keçirilməsi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə həvalə edilməlidir. Məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə də razı deyillər. Borcu təsdiq edən iş materialları ilə ekspert rəyi arasında ziddiyyətlər mövcuddur. Ekspert əsassız olaraq cərimə borcunu hesablamayıb. Cavabdehin kredit müqaviləsinin 6.3-cü bəndində nəzərdə tutulmuş cərimənin tətbiqi ilə bağlı şərti qəbul edib, onda ekspert bunu nəzərə almalı idi. Ona görə də qətnamə kredit borcu və əmlakın qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməli, iddia tam təmin edilməlidir. Cavabdeh1 da apellyasiya şikayəti vermiş, şikayət onunla əsaslandırılmışdır ki, mənzil qiymətləndirilərkən hansı göstəricilərin əsas götürüldüyü məlum deyil. Özəl cəmiyyətin rəyi ekspert rəyinə bərabər tutula bilməz. Belə ki, həmin hesabatı hazırlayan şəxs yalan hesabat verməsi barədə xəbərdarlıq olunmayıb. İddiaçıdan götürdüyü kredit hesabına ipoteka predmeti olan mənzildə təmir işləri görüb, bu da əmlakın qiymətinin artmasına səbəb olub. 2014-cü ildən bu günədək keçən müddət ərzində əmlak bazarında qiymətlər qalxıb. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9741/18 saylı, 02 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-909/2019 saylı qərarı ilə iddiaçının və Cavabdeh1 kassasiya şikayətləri təmin edilmiş, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara almışdır. Yeni apellyasiya baxışı zamanı cavabdeh, həmçinin digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 Bankın şikayətinə etiraz edərək və öz şikayətini müdafiə edərək bildirdi ki, iş üzrə verilmiş sonuncu qiymətləndirmə rəyi ilə razı deyil. Çünki ekspert evə baxmamış, rəy əsaslandırılmamışdır. Cavabdeh şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı iclasda iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfi dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin, cavabdehin apellyasiya şikayəti rədd edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin iddianın kredit borcu tələbinin təmin olunmayan hissəsinin və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissələrinin yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni apellyatorlar həmin hissələrdə mübahisələndirmişlər. İş materiallarında olan yazılı sübutlarla müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasındakı xx.xx.2014-cü il tarixli, 05B8/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli, 05B8/14-1 saylı əlavə kredit müqaviləsinə əsasən Bank borcalana 48 ay müddətinə, xx xxxxxx 2018-ci il tarixədək, illik 22% ödəmək şərti ilə 115.000 ABŞ dolları məbləğində kredit vermişdir. Bankla Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli, 05B8/141 saylı əlavə kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2015-ci il tarixdə bağlanmış sazişə əsasən kreditdən istifadəyə görə illik faiz dərəcəsi 20,5 % müəyyən edilməklə kreditin qaytarılması müddəti 12 ay-xx.xx.2019cu il tarixədək uzadılmış və bununla bağlı yeni ödəniş cədvəli tərtib edilmişdir. xx.xx.2014cü il tarixli, 05B8/14-1 saylı əlavə kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında xx xxxx 2016-cı il tarixdə bağlanmış sazişə əsasən kreditdən istifadəyə görə illik faiz dərəcəsi dəyişdirilib 16 % müəyyən olunmuş, tərtib edilmiş yeni ödəniş cədvəli üzrə borcalan tərəfindən öhdəliyin yerinə yetirilməsi bir dəfəyə 30 təqvim günü gecikdirildiyi halda, borcverənin faiz dərəcəsini və cərimə faizlərini kredit müqaviləsi üzrə əvvəl müəyyən olunmuş dərəcəyə qaytarması nəzərdə tutulmuşdur. xx.xx.2014-cü il tarixli, 05B8/14-1 saylı əlavə kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında xx xxxxx 2017-cı il tarixdə bağlanmış sazişə əsasən 05B8/14-1 saylı müqavilə üzrə 12 ay (2017-ci ilin fevral (daxil) ayından 2018-ci ilin yanvar (daxil) ayınadək aylıq kredit ödənişi 2100 ABŞ dolları təyin edilmiş, fərdi cədvəl müddəti ərzində ödənilmiş 2100 ABŞ dolları ssudadan çıxılmış, hesablanmış faizlər müddətin sonuna keçirilmiş, müqaviləyə edilən dəyişikliklər nəzərə alınmaqla borc qalığının qaytarılmasının dövriliyini müəyyən edən yeni ödəniş cədvəlində borcalan tərəfindən öhdəliyin yerinə yetirilməsi bir dəfəyə 10 təqvim günü gecikdirildiyi halda borcverənin faiz dərəcəsini və cərimə faizlərini kredit müqaviləsi üzrə əvvəl müəyyən olunmuş dərəcə ilə qaytarması nəzərdə tutulmuş, qeyd olunan ödəniş qrafiki üzrə borcalan xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində əsas borca görə 67.400 ABŞ dolları, faiz borcuna görə 13.401 ABŞ dolları 22 sent borcu hissəhissə qaytarmağa dair öhdəlik götürmüşdür. Kreditor - ipoteka saxlayan Bank, alıcı – ipoteka qoyan Cavabdeh1 və satıcı Şirvan Əliyev arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 05BİQ8/14 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh1 həmin müqavilə əsasında əldə etdiyi ipoteka predmetini kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi 170.000 manat məbləğində qiymətləndirilməklə Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Cavabdeh2 xx.xx.2014-cü il tarixdə notarial qaydada təsdiqlənməklə imzaladığı ərizəsində ipoteka predmetinin Bankın xeyrinə ipoteka ilə yüklü edilməsinə razılıq vermiş mənzili tutma yönəldildikdə və satıldıqda tərk etməyə dair öhdəlik götürmüşdür. İpoteka yüklülüyü dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli məhkəmə - mühasibatlıq ekspertizasının 350 saylı rəyi ilə Cavabdeh1 xx.xx.2017-ci il tarixə Banka 55.461,28 ABŞ dolları əsas, 7.390,03 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 62.851,31 ABŞ dolları məbləğində borcunun olduğu göstərilmişdir. “xxxx” MMC-nin xx.xx.2018-ci il tarixli 96 saylı rəyinə əsasən ipoteka predmetinin bazar qiyməti 190.000 manat təşkil edir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1, 425.1, 442, 439, 467, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34-cı maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, borcalan kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin müqavilədən yaranan və hazırkı iddia ilə tələb edilən faiz borcu, ekspert rəyi ilə müəyyən olunmuş əsas borc və azaldılmış 100 ABŞ dolları cərimə Bankın xeyrinə tutulmalı və tutma ipoteka predmetinə yönəldilməlidir. Məhkəmə müstəqil qiymətləndiricinin rəyinə müvafiq olaraq ipoteka predmetinin ilkin satış qiymətini 190000 manat müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi kredit borcunun tutulması təmin edilmiş hissəsində mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin bununla bağlı dəlilləri açıq-aşkar əsaslandırılmamışdır. İddiaçı ekspert rəyinin mötəbərliyini şübhə altına alan hər hansı ilkin sübutlara istinad etməmişdir. Birinci instansiya məhkəməsi tələb olunan faiz borcunu tam təmin etmiş, əsas borcu ekspert rəyinə uyğun tutmuşdur. Rəy əsas borcun məbləğinə münasibətdə kifayət qədər əsaslandırılmışdır, rəyin məlumatlarını şübhə altına almaq üçün əsas yoxdur. Eyni zamanda birinci instansiya məhkəməsi tərəflərin əmlak vəziyyətini nəzərə alaraq Mülki Məcəllənin 467-ci maddəsinə istinadla tənasübsüz surətdə yüksək cərimə məbləğini 100 ABŞ dollarına azaltmaqda haqlı olmuşdur. Bununla yanaşı, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini əmlakın real dəyərinə uyğun müəyyən etməmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (maddə 39.3.3). İşdən göründüyü kimi birinci instansiya məhkəməsi ipoteka predmeti olan əmlakların ilkin satış qiymətini “xxxx” MMC-nin rəyinə əsasən müəyyən etmiş, apellyatorlar apellyasiya şikayətində həmin məbləğlə razı olmadıqlarını bildirmişlər. İşin apellyasiya baxışı zamanı təyin edilmiş ekspertiza üzrə Daşınmaz əmlakın dövlət reyestri xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, 266-01 saylı rəyi əsasında müəyyən edilmişdir ki, ipoteka predmetinin mövcud bazar qiyməti 170000 manat təşkil edir. Cavabdeh apellyasiya baxışı zamanı həmin rəylə də razı olmadığını bildirsə də öz mövqeyini əsaslandıran sübutlara və ağlabatan dəlillərə istinad etməmişdir. Ona görə də Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, ipoteka predmetinin ilkin satış qiyməti 170000 manat müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı “xxxx” X1 Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-501/2018 saylı iş üzrə xx xxxx 2018ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində dəyişdirilsin. İpoteka predmeti olan Binəqədi rayonu, Nizami Nərimanov küçəsi, 77 saylı evin 5 saylı mənzilinin açıq hərracda ilkin satış qiyməti 170000 (yüz yetmiş min) manat müəyyən edilsin. Qətnamə kredit borcu tələbinin təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 apellyasiya şikayəti təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Abiddin Hüseynov Hakimlər imzalar: Azad İmanov Vahid Sadıqov Əsli ilə düzdür: Hakim Abiddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar