Məhkəmə qərarları › İş №2(103)-225/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-225/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-225/2021 03.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-52/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2732/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27.05.2015-ci il tarixli 105850- 165426/4 saylı kredit müqaviləsi üzrə 05.12.2016-cı il tarixə banka borclu olduğu 85554.69 (səksən beş min beş yüz əlli dörd manat, altmış doqquz qəpik) manat əsas borc, 14408.96 (on dörd min dörd yüz səkkiz manat, doxsan altı qəpik) manat faiz borcu, ümumilikdə isə 99963.65 (doxsan doqquz min doqquz yüz altmış üç manat, altmış beş qəpik) manatın, 15.02.2016-cı il tarixli 105850- 165426/5 saylı kredit müqaviləsi üzrə 05.12.2016-cı il tarixə banka borclu olduğu 193373 (yüz doxsan üç min üç yüz yetmiş üç manat) manat əsas borc, 36305.69 (otuz altı min üç yüz beş manat, altmış doqquz qəpik) manat faiz borcu, ümumilikdə isə 229678.69 (iki yüz iyirmi doqquz min altı yüz yetmiş səkkiz manat, altmış doqquz qəpik) manatın, eləcə də 30 (otuz) manat məhkəmə üçün və 10 (on) manat ipotekanın qeydə alınması və 20(iyirmi) manat xidmət haqqı üçün ödənilmiş, cəmi 60 (altmış) manat dövlət rüsumunun müştərək qaydada Cavabdeh1 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə tutulmasına, Bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən, 350 saylı mənzilə yöndəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı ASC-yə ödənilməsi, daşınmaz əmlaka tutma yönəldikdən və o satıldıqdan sonra bir ay ərzində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ünvan 1 ünvanında yerləşən, 350 saylı mənzildən çıxarılmaları və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-52/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 27.05.2015-ci il tarixli 105850- 164426/4 saylı kredit müqaviləsi üzrə 85.554,69 manat əsas, 14.408,69 manat faiz borcu olmaqla və 15.02.2016-cı il tarixli 105850-164426/5 saylı kredit müqaviləsi üzrə 193.373,00 manat əsas, 35.904,09 manat faiz borcu olmaqla, cəmi 329.240,47 (üç yüz iyirmi doqquz min iki yüz qırx manat qırx yeddi qəpik) manatın və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, cavabdehlərdən tutulmalı olan məbləğ Cavabdeh2 məxsus olan ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən 350 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 175.000 (bir yüz yetmiş beş min) manat müəyyən edilməsi və əldə edilmiş pul vəsaiti hesabına borcun iddiaçıya ödənilməsi, ünvan 2 ünvanında yerləşən 350 saylı mənzilə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 çıxarılmaqla mənzilin boşaldılmış vəziyyətdə İddiaçı ASC-yə təhvil verilməsi, ekspertiza tədqiqatının dəyəri 200 manatın Cavabdeh1 və Cavabdeh3 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın ipoteka predmetinin boşaldılması və ipoteka predmetinin İddiaçı ASC-yə təhvil verilməsi hissəsində rədd edilməsi, kredit borcunun məbləği (əsas və faiz borcu), eləcə də ipoteka predmetini yenidən qiymətləndirərək həmin hissədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mənzilin boşaldılması və çıxarılma, mənzilin boşaldılmış vəziyyətdə iddiaçıya təhvil verilməsi hissəsində iddianı təmin etməklə, eləcə də ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın ilkin satışı qiymətini real bazar qiymətinə uyğun göstərməməklə, kredit üzrə məbləğləri iddiaçının tələbi üzrə təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Banka iki kredit müqaviləsi üzrə xeyli miqdarda pul ödənilmişdir. Lakin iddiaçının dəlilləri əsasında ödənilmiş pulların hansı kredit müqavilələri üzrə əsas borca və ya faiz borcuna silindiyini, eləcə də göstərilən məbləğdə faiz borcunun hansı əsasla yarandığını müəyyən etmək mümkün deyildir. Faiz və cərimə məbləğləri süni şəkildə şişirdilib. Bu isə aşkar surətdə kreditor tərəfindən hüquqdan sui-istifadədir. İddiaçı bank tərəfindən ona edilmiş ödənişləri şüurlu surətdə proporsional qaydada kredit razılaşmalar üzrə bölmədiyindən (kredit ödənişləri ardıcıl çıxılmadığından), bir kredit razılaşması (hansı ki, əsas borc az olmuşdur) üzrə borc tam azalmış, digəri üzrə isə əsas borc silinmədiyindən, faiz və cərimə məbləği süni şəkildə artmışdır ki, bu da hüquqdan sui-istifadə deməkdir. Onun məhkəmə iclasında iştirakı təmin edilmədiyindən ekspertizanın düzgün keçirilmədiyini, yeni suallar əsasında yenidən ekspertiza keçirilməsi üçün əsasın olduğunu sübut edən dəlillərini təqdim edə bilməmişdi. Ona görə də, apellyasiya baxışında bu barədə əsaslı vəsatət təqdim edəcək. “İpoteka haqqında” Qanunun 59.3cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İstinad olunan maddənin məzmunundan göründüyü kimi ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri tutmanın həmin yaşayış sahəsinə yönəldilməsi və satışı ilə şərtləndirilir. Qeyd olunan Qanunun 59.4-cü maddəsinə görə isə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Başqa sözlə, qanunun birbaşa tələbinə görə ipoteka qoyulmuş yaşayış sahəsi satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarıla bilərlər. Lakin müvafiq halda birinci instansiya məhkəməsi “ipoteka predmetinin açıq hərracda satılması və açıq hərrac keçirildikdən ən geci 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ipoteka predmeti boşaldaraq iddiaçıya təhvil verməsi” nəticəsinə gəlməklə tələsmiş, hazırda mövcud olmayan mübahisəni, iddiaçının fərziyyəsini həll etmişdir. Halbuki, hüququn əsas prinsiplərindən biri kimi qeyd edilmişdir ki, mübahisə olmayan yerdə məhkəmə qərarı da ola bilməz. Həmçinin ipoteka predmetinin ipoteka saxlayana təhvil verilməsi özü absurd tələbdir. Belə ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçının ipoteka predmetinin təhvilini tələb etməyi birbaşa ipoteka ilə yüklü edilmiş əşyanı mənimsənilməsinə yönəlmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 273-cü maddəsinə görə girov saxlayana və ya ipoteka saxlayana girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanı mənimsəmək hüququ verən hər cür razılaşma etibarsızdır. Buna görə də hesab edir ki, iddia tələbi bu hissədə də rədd olunmalıdır. “xxxx” MMC tərəfindən təqdim edilmiş 26.02.2019-cu il tarixli, QXM 249/M nömrəli qiymətləndirmə rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən 350 saylı mənzilin bazar dəyəri qiyməti 175.000 (yüz yetmiş beş min) manat təşkil edir. Digər bir tərəfdən “xxxx” MMC tərəfindən tərtib edilmiş 26.02.2019-cu il tarixli əmlakın bazar dəyərinin müəyyən edilməsi barədə rəy özü reallığı əks etdirmir. Bundan başqa,iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı ASC-yə, Bakı şəhəri 46 saylı Notariat Kontoruna və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə İddiaçı ASC arasında Bakı şəhəri 46 saylı Notariat Kontorunda 15.02 2016-cı il tarixdə bağlanmış 105850-165426/5 saylı sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2732/2020 saylı, 03 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının mənzili ipoteka ilə yüklü etmək niyyəti olmamışdır. İpoteka müqaviləsinin zaminlik müqaviləsi hesab edərək imzalamış, bununla da aldadılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8608/2020 saylı 01 dekabr 2020-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı ASC-yə, Bakı şəhəri 46 saylı Notariat Kontoruna və Cavabdeh1 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair mülki iş iddiaçı “İddiaçı" ASC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh6 oğlu, Cavabdeh2 Mursaat oğlu, Cavabdeh1 və Cavabdeh4 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə birləşdirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan digər şəxslər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiya məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-52/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2732/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə qismən ləğv edilməsi və iddanın həmin hissədə qismən təmin edilməsi üçün əsas olsa da, iddiaçı Cavabdeh2 şikayətində göstərdiyi dəlillər mübahisələndirdiyi hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-52/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini həmin qətnamənin bir hissəsi, yəni iddianın ipoteka predmetinin boşaldılması və ipoteka predmetinin İddiaçı ASC-yə təhvil verilməsi, kredit borcunun məbləği (əsas və faiz borcu), eləcə də ipoteka predmetinin ilkin satış qiyməti hissəsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2732/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin obyektini isə həmin qətnamə, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) şikayətlərin predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətlərin predmeti də birinci instansiya məhkəməsinin qətnamələrinin bu hissələrdə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Hazırki birinci iş üzrə, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti və mənzilin boşaldılmış vəziyyətdə İddiaçı ASC-yə təhvil verilməsi hissəsində birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, cavabdehlər, o cümlədən Cavabdeh1 məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatları olmuşdur. Çünki, cavabdehin vəkili əvvəlcə məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, daha sonra isə vəsatətlə məhkəməyə müraciət edərək mülki işin aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə göndərilməsini xahiş etmişdir. Göründüyü kimi, cavabdeh məhz hüquqdan sui-istifadə etməklə bu cür dəlillərdən istifadə edərək məhkəmə iclasının vaxtı barədə məlumatının olmamasını bildirir. Bundan başqa, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən həmin qiymətin real olub-olmamasına əhəmiyyət verməmiş, ipoteka qoyanın bu qiymətlə razılaşıb-razılaşmamasını aydınlaşdırmamış, mübahisə yaranacağı təqdirdə yenidən müstəqil qiymətləndiricinin rəyinin alınmasının zəruri ola biləcəyini nəzərə almamışdır. Apellyasiya baxışı zamanı alınmış “xxxx” MMC-nin 15 fevral 2021-ci il tarixli 13/142 nömrəli rəyi ilə ünvan 2 ünvanında yerləşən 350 saylı mənzilin bazar dəyərinin 200000(iki yüz min) manat olduğu, “xxxx” MMC-nin 04 mart 2021-ci il tarixli 13/0303 nömrəli rəyi ilə ünvan 2 ünvanında yerləşən 350 saylı mənzilin likvid dəyərinin 180000(yüz səksən min) manat olduğu müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi “xxxx” MMC tərəfindən müəyyən edilmiş ipoteka predmeti olan mənzilin likvid dəyərini daha real və mötəbər hesab edir və buna görə də ilkin satış qiymətinin likvid dəyəri məbləğində göstərilməsini işin hallarına uyğun hesab edir. Çünki, “İpoteka haqqında” Qanunda da ilkin satış qiyməti müəyyənləşdirilərkən ipoteka predmetinin real bazar dəyəri deyil, likvid dəyərinin əsas götürülməsi nəzərdə tutulur. Bununla əlaqədar kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi də mövcuddur. Göründüyü kimi, birinci instansiya məhkəməsinin ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti ilə bağlı nəticəsi real vəziyyətə uyğun olmamışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsində qeyd olunub ki, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bununla yanaşı, birinci instansiya məhkəməsi iddia tələbi və qanuni əsas olmadığı halda ünvan 2 ünvanında yerləşən 350 saylı mənzilə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 çıxarılmaqla mənzilin boşaldılmış vəziyyətdə İddiaçı ASC-yə təhvil verilməsi kimi ziddiyyətli vəziyyət yaradıb iddia tələbindən kənara çıxaraq mənzilin İddiaçı ASC-yə təhvil verilməsini qət etməklə maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, mənzilin boşaldılaraq İddiaçı ASCyə təhvil verilməsi hissəsinin qanuni əsası mövcud deyildir. Çünki, iddiaçının belə bir iddia ilə müraciət etməsi üçün subyektiv hüququ yaranmalıdır. Keçiriləcək hərrac nəticəsində ipoteka predmetini əldə edəcək şəxsin iddiaçı olacağı hələlik bəlli deyildir. Bu şəxs başqaları, o cümlədən ipoteka qoyan da ola bilər. Ona görə də, hazırki qətnamə ilə mənzilin İddiaçı ASC-yə təhvil verilməsi hissəsinin təmin edilməsi ipoteka qoyanın mülkiyyət hüququnu pozulması ilə nəticələnə bilər. Eyni zamanda iddiaçının məhz bu cür tələblə də məhkəməyə müraciət etməmişdir. Göstərilənlərlə yanaşı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-52/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən digər dəlillər əsassız olduğundan mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə xüsusi bilik tələb edən sualları izah etmək zərurəti yarandığından məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ekspertizanın 05.07.2019-cu il tarixli, 5536 nömrəli ekspert rəyinə əsasən 05.12.2016-cı il tarixə Cavabdeh1 İddiaçı ASC-yə 27.05.2015-ci il tarixli 105850-164426/4 saylı kredit müqaviləsinin və 15.02.2016-cı il tarixli 01 №-li Əlavə Razılaşmanın qeyd olunan şərtləri nəzərə alınmaqla, 85.554,69 manat əsas, 14.408,69 manat faiz borcu olmaqla, cəmi 99.963,65 manat və 15.02.2016cı il tarixli 105850-164426/5 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, 193.373,00 manat əsas, 35.904,09 manat faiz borcu olmaqla, cəmi 229.277,09 manat təşkil etdiyi müəyyən edilmişdir. Ekspert rəyi məhkəmədə tədqiq olunur. Məhkəmə üçün məcburi deyil və nəzərə almaya bilər. Məhkəmə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda əlavə ekspertiza, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə təkrar ekspertiza təyin edə bilər. Hazırki iş üzrə alınmış ekspert rəyinin əsaslılığı hər hansı bir şübhə doğurmur. Əlavə yaxud təkrar ekspertiza təyin edilməsi üçün də əsas və zərurət olmalıdır. Ona görə də, işdə olan ekspert rəyinin mötəbər sübut növü kimi qəbul edilməməsinin əsası yoxdur. Bundan əlavə, iddiaçı Cavabdeh2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2732/2020 saylı, 03 sentyabr 2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətində göstərilən dəlillər də əsassız olduğundan mübahisələndirilən hissədə həmin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Cavabdeh2 apellyasiya şikayətində mənzili ipoteka ilə yüklü etmək niyyəti olmadığını göstərsə də bu artıq baş vermiş, yəni mənzil ipoteka ilə yüklü edilmişdir. İddiaçı bununla əlaqədar iradə ifadəsi olmadığını, aldadıldığını, yəni ipoteka müqaviləsinin zaminlik müqaviləsi hesab etdiyini göstərsə də bu dəlillər inandırıcı və ağlabatan deyildir. Çünki, iddia etdiyi bu hala dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Ona görə də şikayətində göstərdiyi dəlillər onun şikayətinin və iddiasının əsassızlığına dəlalət edir. Çünki, bu dəlillər iddiaçının şəxsi mülahizələrinə əsaslanan fikirləri olmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.2-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-52/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə qismən ləğv edilməli və idda həmin hissədə qismən təmin edilməli, bu qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, iddiaçı Cavabdeh2 apellyasiya şikayəti isə təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2732/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ipoteka predmetinin qiymətləndiricisinin xidmət haqqı 200(iki yüz) manat Cavabdeh1 alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin " VÖEN: ********** H h № AZ33İBAZ******************** "xxxx” ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** S W.İ.F T BİK. İBAZAZ2X hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-52/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qətnaməsi qismən, yəni ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti və ünvan 2 ünvanında yerləşən 350 saylı mənzilə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 çıxarılmaqla mənzilin boşaldılmış vəziyyətdə İddiaçı ASC-yə təhvil verilməsi hissəsində ləğv edilsin və həmin hissələrdə iddia qismən təmin edilsin. İpoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsindəki 42 nömrəli evin 350 nömrəli mənzilinin ilkin satış qiyməti 180 000(yüz səksən min) manat müəyyən edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsindəki 42 nömrəli evin 350 nömrəli mənzilinə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 həmin mənzildən çıxarılsın və mənzil boşaldılsın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-52/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2732/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İpoteka predmetinin qiymətləndiricisinin xidmət haqqı 200(iki yüz) manat Cavabdeh1 alınaraq xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin " VÖEN: ********** H h № AZ33İBAZ******************** "xxxx” ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** S W.İ.F T BİK. İBAZAZ2X hesabına köçürülsün. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar