Məhkəmə qərarları › İş №2(103)-225/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-225/2022

31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-225/2022 31.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil3, Cavabdeh vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı nümayəndəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kanada Respublikasının vətəndaşı olan təmsil etdiyi şəxsin 2016-cı ildə Azərbaycan Respublikasına işgüzar səfər etdiyini, 2016-ci ilin sonlarında cavabdehlə internet vasitəsilə sosial şəbəkədə tanış olduğunu, aralarında səmimi münasibət formalaşmağa başladığını və bir yerdə yaşamaq qərarına gəldiklərini, cavabdehin bu səmimi nünasibətlərdən istifadə edərək 2018-ci ilin 4 oktyabr tarixində iddiaçıya məxsus bank hesabından 10 506 ABŞ dolları, 10 000 manat və 23 661 ABŞ dolları olmaqla cəmi 68 000 manat məbləğində pulu çıxararaq 05 oktyabr 2018-ci il tarixində alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən mənzili aldığını və öz adına rəsmiləşdirdiyini, iddiaçının da həmin mənzilə müvəqqəti qeydiyyata düşdüyünü və cavabdehlə birlikdə orada yaşadığını, 06 may 2019cu il tarixdə onların Gürcüstan Respublikasında nikaha daxil olduqlarını, sonradan iddiaçının cavabdehdən onun hesabından əldə etdiyi 68 000 manatı istədikdə isə cavabdehin müxtəlif bəhanələr gətirməklə bundan imtina etdiyini irəli sürmüş, buna görə də Cavabdeh 68 000 manatın alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin hüququ düzgün tətbiq etmədiyini, sübutlara düzgün qiymət vermədiyini, iddiaçının cavabdehə verdiyi etibarnaməni qanuna ziddi olaraq bağışlama müqaviləsi kimi qiymətləndirməklə nəticəsinin işin halına uyğun gəlməməsinə səbəb olduğu, iddiaçının verdiyi etibarnamənin ona tərcümə edilməmiş olmasını nəzərə almadığını irəli sürmüşdür. İddiaçının məhkəmə iclasında iştirak edən vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, həmçinin hazırkı işin icraatının dayandırılmasına əsas təşkil edən işə baxılarkən iddiaçının cavabdehə verdiyi etibarnamədə bankdakı pula dair sərəncam verilməsi səlahiyyətinin nəzərdə tutulmadığının müəyyən edildiyini, bu halın preyudisial əhəmiyyət kəsb etdiyini bildirməklə şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, tərəflər 2016-cı ilin oktyabr ayında tanış olmuş, 2018-ci ilin aprel ayında faktiki nikah münasibətlərinə girərək ailə qurmuş, 06.05.2019-cu il tarixdə münasibətlərini rəsmiləşdirmişlər. İddiaçının cavabdehdən tələb etdiyi 68 000 manat iddiaçının 2 ildən artıq müddət əvvəl öz həyat yoldaşına, yəni cavabdehə hədiyyə etdiyi əmlakdır. Belə ki, iddiaçı "xxxx" ASC-də adına olan bank hesablarında olan pul vəsaitindən 68 000 manatı cavabdehə hədiyyə etmək qərarına gəlmiş, bu məqsədlə 26 sentyabr 2018-ci il tarixdə bank hesablarından pul vəsaitini götürmək və həmin bank hesabları ilə bağlı sərəncam vermək səlahiyyətlərini özündə əks etdirən etibarnamə vermiş, cavabdeh 27 sentyabr 2018-ci il tarixdən 01.10.2018-ci il tarixinə qədər xəstəxanada olan iddiaçıya qulluq etdiyinə görə yalnız 04.10.2018-ci il tarixdə “Paşabank" ASC-yə gedərək 10 506 ABŞ dolları, 10 000 manat və 23 661 ABŞ dolları, yəni cəmi 68 000 manat məbləğində pulu iddiaçının bank hesablarından çıxarmış, iddiaçı pulu cavabdehə hədiyyə etdiyini və pulun artıq ona məxsus olduğunu, özünün mülahizəsinə uyğun şəkildə sərf edə biləcəyini bildirmişdir. Cavabdeh ona hədiyyə edilmiş pulun boş yerə xərclənməməsi üçün həmin vəsaitə daşınmaz əmlak əldə etmək qərarına gəlmiş, bu məqsədlə 05.10.2018-ci il tarixdə ünvan 2 ünvanda yerləşən mənzili alqı-satqı yolu ilə almışdır. Qeyd edilən mənzil alındıqdan sonra ər-arvad olan tərəflər həmin mənzilə köçmüş və mənzildə 2020-ci ilin sentyabr ayınadək, yəni münasibətləri pisləşənədək birgə yaşamış, iddiaçı hətta həmin ünvana yaşayış yeri üzrə qeydiyyata da düşmüşdür. Qeyd edilən pulun hədiyyə kimi cavabdehə bağışlanması onlar arasında aparılan “whatsapp” yazışmaları ilə də tam təsdiq edilir. Həmin yazışmalardan görünür ki, cavabdeh "xxxx" ASC-də olarkən iddiaçıya “whatsapp” vasitəsilə onun hesabından 68 000 manat və evin alınması ilə bağlı makler üçün əlavə 1000 manat çıxaracağı barədə SMS yazmış, iddiaçı də “çox gözəl” sözləri ilə cavabdehə cavab vermişdir. İddiaçı cavabdehə hədiyyə etdiyi 68 000 manat məbləğində pula sonuncunun mənzil aldığını əvvəlcədən bilmiş, lakin bu hal ötən müddət ərzində onlar arasında hər hansı mübahisəyə səbəb olmamışdır. İddiaçı tərəfindən cavabdehə etibarnamə 26 sentyabr 2018-ci il tarixdə verilmiş, etibarnamənin verilməsindən və pulun götürülməsindən iddiaçının məhkəməyə müraciət etməsinədək 2 il 2 gün vaxt keçmiş, ona məxsus pulu cavabdehin ona qaytarmadığını və bununla da onun hesabına varlandığını iddia edən iddiaçı bu müddət ərzində nədənsə bununla bağlı hüquqmühafizə orqanlarına və ya məhkəməyə müraciət etməmişdir. Tərəflər arasında münasibətlər pozulduqdan sonra cavabdeh 25.09.2020-ci il tarixdə nikahın pozulması barədə məhkəmədə iddia qaldırmış, iddiaçı da sanki cavabdehdən bunun qisasını almaq üçün bundan 10 gün sonra, yəni 06 oktyabr 2020-ci il tarixdə əsassız olan hazırki iddia tələbini irəli sürmüşdür. Məhkəmə kollegiyası izahatları dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş və mübahisələndirilməyən hallarına görə, tərəflər 2016-cı ilin sonlarında tanış olmuş, 2018-ci ilin ortalarından ər-arvad kimi yaşamağa başlamış, 06.05.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuş, 26.09.2018-ci il tarixdə Cayabo İddiaçı Aguiling onu "xxxx" Bank ASC-də və ya istənilən filialında təmsil etməyi, onun adına olan hesablar üzərində sərəncam verməyi (yeni cari hesabın, yeni kart hesabının açılması, hesaba (hesablara) nağd pul vəsaitini mədaxil etmək; göstərilən hesabdan (hesablardan) nağd pul vəsaitini (həm əsas məbləği, həm də faizləri) çıxarmaq; göstərilən hesabdakı pul vəsaitini digər hesaba (və ya hesablara) köçürmək; göstərilən hesaba sərəncam verilməsi ilə bağlı zəruri sənədləri (yeni plastik kartını almağı, müqavilələri, ödəniş tapşırıqlarını, çekləri və s.) imzalamaq və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün digər zəruri hüquqi əhəmiyyətli hərəkətləri etmək) 26.03.2019-cu il tarixədək Cavabdeh etibar etdiyinə dair sonuncuya etibarnamə vermiş, Cavabdeh 04.10.2018-ci il tarixində İddiaçı "xxxx" ASC-də mövcud olan hesabından 10 506 ABŞ dolları, 10 000 manat və 23 661 ABŞ dolları pul vəsaitini məxaric etmişdir. İşin müəyyən olunan və mübahisələndirilməyən halı həmçinin ondan ibarətdir ki, X1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həzi Aslanov küçəsi ünvanında yerləşən 35 saylı evin ümumi sahəsi 46 kv.m olan 8 nömrəli mənzilini 05.10.2018-ci il tarixli alqısatqı müqaviləsi əsasında 68 000 manata Cavabdeh satmış, mənzil 18.10.2018-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Beləliklə, iddiaçının cavabdehə verdiyi etibarnamə əsasında sonuncunun 04.10.2018-ci il tarixində iddiaçının "xxxx" ASC-də mövcud olan hesabından 10 506 ABŞ dolları, 10 000 manat və 23 661 ABŞ dolları pul vəsaitini məxaric etməsi və həmin pul vəsaiti ilə Bakı şəhəri, Yasamal rayonu, Həzi Aslanov küçəsində yerləşən 35 saylı evin 8 nömrəli mənzilini alması işin mübahisələndirilməyən halıdır. Cavabdeh bu faktı etiraf etməkdədir, eyni zamanda işin bu halı iş materialları ilə də təsdiq olunur. Bu o deməkdir ki, iddiaçı iddia tələblərini əsaslandırdığı faktiki hallardan biri olan həmin hal üzrə sübutetmə vəzifəsindən azad olmaqla onun həmin vəsaiti geri tələb etmək hüququna sahib olubolmadığı müəyyənləşdirilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, tərəflər arasında anlaşmazlıq pul vəsaitinin verilməsinin hüquqi mahiyyəti ilə bağlıdır - iddiaçı cavabdehin həmin pulla əsassız varlandığını iddia etsə də, cavabdehin mövqeyi pulun bağışlama əsasında verildiyinə dairdir. Kollegiyanın qənaətinə görə, iddiaçının iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı deyil, məhz bağışlama və bağışlamadan imtina ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, cavabdeh iddiaçının ona verdiyi etibarnamə əsasında onun tapşırığını icra edərək iddiaçıya məxsus pul vəsaitini bankdan götürmüş, yəni onların arasında müqavilə münasibətləri yaranmış, daha sonra iddiaçının istəyi ilə həmin pulla ünvan 3 ünvanında yerləşən 8 nömrəli mənzili almış və iddiaçı ilə birlikdə həmin mənzildə yaşamış, mənzil məhz iddiaçının arzusu ilə cavabdehin adına qeydiyyata alınmışdır. Qeyd olunmalıdır ki, bağışlama müqaviləsi əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunan əqd növüdür və bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllənin 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2012-ci il tarixli qərarında izah olunmuşdur ki, MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. İddiaçının irəli sürdüyü faktiki halları ağlabatan mühakimə əsasında qiymətləndirən kollegiya hesab edir ki, o, geri qaytarılmasını tələb etdiyi pul vəsaitini cavabdehə bağışlamışdır və bağışlamadan imtina üçün qanunvericilikdə müəyyənləşdirilmiş əsaslardan hər hansı biri mövcud deyildir. Nəzərə alınmalıdır ki, iddianın əsasını, irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir. Kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar, onun tələbinin qanuni əsası kimi nəzərdən keçirilməli olan qanunvericilik müddəalarının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-822/2021 saylı iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar