Məhkəmə qərarları › İş №2(103)-225/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-225/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-225/2025 11.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcunun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X6, iddiaçının prosessual hüquq varisi "xxxx" ASC-nin nümayəndəsi X5, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1587/2022 saylı, 29 mart 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 978sADJ/21 nömrəli kredit müqaviləsinə əsasən, bank borcalana 60 ay müddətinə illik 29% ödəmək şərtilə 4.899,08 manat məbləğində kredit verməyi, borcalan isə həmin kreditlərdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə banka qaytarmağı ödəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə cavabdeh üçün kredit versə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixə 4.899,8 manat əsas borc, 1.033,11 manat faiz borcu, 39,39 manat cərimə, 94,40 manat komisyon haqqı olmaqla, cəmi 6.065,98 manat borcu yaranmışdır.

2. "xxxx" KB ASC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 01/22 UB nömrəli tələb hüququnun satılması haqqında müqaviləyə əsasən, bank Azərbaycan Respublikasının məhkəmələrinin qanuni qüvvəyə minmiş qərarlarına (qərar, əmr, qətnamə və sair) əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə (siyahı) və ya elektron daşıyıcılarda (disk və s.) qeyd edilən məbləğdə borc qalıqlarına dair irəli sürə biləcəyi tələbləri üzrə bütün hüquqlarını yeni tələbkara satmağı öhdəsinə götürmüşdür.

3. xx.xx.2022-ci il tarixli 01/22 UB nömrəli tələb hüququnun satılması haqqında müqavilə üzrə eyni tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 978sADJ/21 nömrəli kredit müqaviləsi üzrə portfel "xxxx" KB ASC tərəfindən "xxxx" ASC-yə təhvil verilmişdir.

4. İşin apellyasiya baxışı zamanı alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-9/7497/2024 nömrəli 22 yanvar 2025-ci il tarixli ekspert rəyinə əsasən Cavabdeh iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 978sADJ/21 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla, Banka xx.xx.2021-cü il tarixə (pretenziya bildirişinin çatdırıldığı tarixə) olan əsas borcunun 4.895,98 manat, faiz borcunun 745,81 manat, cəmi borcunun 5.641,80 manat təşkil etdiyi müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borc üzrə 4.899 manat 8 qəpik, faiz borcu üzrə 1.033 manat 11 qəpik, cərimə borcu üzrə 39 manat 39 qəpik, komisyon haqqı üzrə 94 manat 40 qəpik olmaqla, cəmi 6.065 manat 98 qəpik pul vəsaiti və ödənilmiş 81 manat 19 qəpik dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 29 % ödəmək şərti ilə 4.899 manat 08 qəpik məbləğində kredit verilmişdir. Müqavilənin 4.2.16-cı bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə borc verən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borc alan isə həmin kreditdən məqsədi təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə "xxxx" KB ASC-yə 4.899 manat 08 qəpik əsas borc, 1.033 manat 11 qəpik faiz, 39 manat 39 qəpik cərimə, 94 manat 40 qəpik komisyon haqqı olmaqla, cəmi 6.065 manat 98 qəpik borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1587/2022 nömrəli, 29 mart 2022ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək 4.899 manat 8 qəpik əsas borc, 1.033 manat 11 qəpik faiz, 5 manat cərimə, 94 manat 40 qəpik komisyon haqqı olmaqla, cəmi 6.031 manat 59 qəpik pul vəsaitinin və ödənilmiş 81 manat 19 qəpik dövlət rüsumunun Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması qət edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh yuxarıda göstərilən kredit müqaviləsi üzrə "xxxx" KB ASC-dən borc almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1587/2022 saylı, 29 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və aparılmış tutulmaların geri qaytarılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-1587/2022 saylı qətnaməsi hüquqi nöqteyi-nəzərdən qanuni və əsaslı deyildir, məhkəmə qətnamə qəbul edərkən onu tərəf olaraq ümumiyyətlə məhkəməyə dəvət etməmiş, reallıqda olan vəziyyətlə bağlı sübutları təqdim edilməmiş, maddi və prosessual hüquq normalarının tələbləri kobud şəkildə pozmuş, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun gəlmir. Bu səbəbdən Nəsimi Rayon Məhkəməsinin sözügedən qətnaməsi ləğv edilməli iddia tələbi təmin edilməli, hazırda cinayət işinin tamamlanması və nəticəsi barədə məlumat əldə edilənədək dayandırılmalıdır. Ona məhkəmə tərəfindən bildiriş gəlməyib heç məhkəmə prosessindən xəbəri olmayıb. Bank təşkilatı problemli müştəri ilə qarşılaşdıqda 30 gün müddətində bildiriş və xəbərdarlığını bildirir. 60 gün ərzindən 90 günə kimi də iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olur. Buna baxmayaraq 2 (iki) il müddət keçdikdən və Abşeron rayon polis idarəsinin icraatında olan cinayət işinin yekunlaşmadan nəticəsi bilinmədən məhkəməyə verilmişdir. Tərəfindən banka və polis idarəsinə şikayət ərizəsi ilə müraciət eedilmiş və bununla bağlı Abşeron rayon Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 ci maddəsi ilə cinayət işi başlanmış, hazırda cinayət işi davam edir. Ona görə də hesab edir ki, cinayət işinin nəticəsi müəyyən edilənədək qətnamənin ləğv edilməlidir.

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin olumasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onlarda biri debit, digəri kredit olmaqla 2 kart var idi. Pul bir kartdan digərinə köçürülmüşdür. Onlar heç bir müqaviləyə imza atmamışlar. 500 manatı götürərkən kredit kartı üçün müqavilə hazırlandı. Onlar həmin pulu istəməmişlər. Bankın içərisindəki dələduzların oyunu olduğunu düşünür. Kredit kartında olan pul 2 ay sonra yox oldu. Onlar həmin puldan istifadə etməmişlər. Pulu götürmək üçün yalnız 18 fevral tarixli müqaviləni imzalamışdır. May ayının 3-dən həmin pul yox oldu. Bank çıxarışlarından da görünür ki, pul bir kartdan digər karta köçürülüb. Digər kartdakı məlumatlar isə pozulub. Həmin 5.000 manat kartın içində idi. Mart ayında karta baxanda balansın sıfır olduğunu gördülər. Onlar pulu xərcləməmişlər, pul oğurlanıb. Pul karta köçürülüb. Digər kart da yoldaşının adınadır. Hər iki kart onlara məxsusdur.

14. Məhkəmə iclasında iştirak edən iddiaçının prosessual hüquq varisi "xxxx" ASC-nin nümayəndəsi X8 apellyasiya şikayətinə etiaz edərək bildirmişdir ki, cinayət işinin aparılması qarşı tərəfin kredit müqaviləsi üzrə yaranmış borcu inkar etmir. Həmin borc aktivdir və hələ ödənilməmişdir.

Apellyasiya baxışının hədləri

15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 16.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 17.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

18. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilir. Həmçinin nəzərə alınmalıdır ki, mübahisələndirilən qətnmamə ilə iddia qismən təmin olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsinin yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

19.21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 20.194.1-ci maddəsinə əsasən, еələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 21.194.2-ci maddəsinə əsasən, еələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 22.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 23.386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 24.421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 25.421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

26. 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 27.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 28.443.1 və 443.2-ci maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 29.445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 30.448.1-ci və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 31.460-cı maddəsinə uyğun olaraq, öhdəliklərin icrası, o cümlədən kredit müqaviləsi üzrə borc öhdəliyinin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 32.739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

33.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 34.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.1 və 14.2-ci maddə). 35.Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir (58-ci maddə).

36. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməlidir.

38. Cavabdeh verdiyi apelyasiya şikayətində birinci instansiya məhkəməsinin işin baxılması barədə ona lazımi qaydada məlumat vermədən, habelə işin faktiki hallarını nəzərə almadan və iş üzrə hərtərfli araşdırma aparmadan qətnamə qəbul etdiyinə istinadən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1587/2022 saylı, 29 mart 2022ci il tarixli qətnaməsinin ləğv edilməklə aparılmış tutulmaların geri qaytarılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

39. Apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iş materiallarında olan bildirişlərdən göründüyü kimi cavabdehi məlumatlandırmaq məqsədilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər cavabdehin tərəfi olduğu kredit müqaviləsində qeyd edilən, habelə rəsmi yaşayış yeri olan ünvana göndərilmişdir. Beləliklə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etmədiyi müəyyən edilmişdir.

40. Belə olan halda kollegiya cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilməməsi arqumentini əsassız hesab edir. Belə ki, tərəf lazımi qaydada xəbərdar edildiyi halda heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlmədikdə məhkəmənin işə tərəfsiz baxması Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsi baxımından ədalətli məhkəmə baxışına təminat hüququna zidd deyildir. Çünki, məlumatlı olduğu halda məhkəmə iclasına gəlməməsinin məsuliyyətini cavabdehin özü daşıyır və bu hal məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz.

41. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir.

42. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edildiyi kimi "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 978sADJ/21 nömrəli kredit müqaviləsinə əsasən, bank borcalana 60 ay müddətinə illik 29% ödəmək şərtilə 4.899,08 manat məbləğində kredit verməyi, borcalan isə həmin kreditlərdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə banka qaytarmağı ödəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə cavabdeh üçün kredit versə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixə 4.899,8 manat əsas, 1.033,11 manat faiz və 39,39 manat cərimə borcu, habelə 94,40 manat komisyon haqqı olmaqla, cəmi 6.065,98 manat borcu yaranmışdır.

43. Beləliklə, iddiaçının şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət edərək, öhdəliyi vaxtında icra etdiyi müəyyən edilmişdir. Cavabdeh isə məxfiliyini qorumalı olduğu məlumatlara lazımi diqqət və ehtiyatlılıq göstərməyərək ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını qabaqcadan görməli olduğu halda bunu etmədiyindən maddi zərərə uğramışdır. Cavabdehin ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməməklə şəxsi məlumatlarını üçüncü şəxslərə ötürməsi, bununla da maddi zərərə uğraması iddiaçının müqavilə şərtlərinə uyğun şəkildə davranmasının şübhə altına alınması ilə nəticələnə bilməz. Əks yanaşma kreditoru müdafiəsiz qoyan belə hüquqi qeyri-müəyyənlik ümumi mülki dövriyyənin davamlılığına, kredit münasibətlərinin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı.

44. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətindəki dəlillərə istinadən cavabdehin müqavilənin icrasından birtərəfli qaydada imtinası qanuni hesab edilə bilməz. Belə ki, mülki qanunvericilik fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək hüququnu vermişdir. Hazırda tərəflərin birgə iradəsinə əsaslan müqvilədəki bütün şərtlər qüvvədədir və müqavilə öhdəliyin icrasının qurtarması anına qədər qüvvədə qalacaq. Cavabdehin də istinad etdiyi əsasla müqavilə ilə üzərinə düşən öhdəlikdən birtərəfli qaydada imtina etməsi yolverilməzdir. Belə ki, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün özü cavabdehdir.

45. Beləliklə də, hazırda cavabdehin müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, müqavilə üzrə öhdəliyini vicdanlılığın tələb etdiyi tərzdə şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə icra etməməklə MM-nin 425.1-ci maddəsinin tələblərini pozduğu müəyyən edilir. Belə olan halda da iddiaçının MPM-nin 4.1-ci maddəsinə əsasən, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir.

46. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir.

47. Bununla belə kollegiya iş üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparılması məqsədilə apellyasiya baxışı zamanı məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini labüd hesab etmiş, iş üzrə müvafiq ekspertiza təyin edilmiş, ekspert qarşısında "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2021-cü il tarixinə (pretenziya bildirişinin çatdırıldığı tarixə) əsas və faiz borcu nə qədər təşkil etdiyi barədə rəy verilməsi xahiş edilmişdir.

48. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-9/7497/2024 nömrəli 22 yanvar 2025-ci il tarixli ekspert rəyinə əsasən Cavabdeh iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 978sADJ/21 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla, Banka xx.xx.2021-ci il tarixə (pretenziya bildirişinin çatdırıldığı tarixə) olan əsas borcunun 4.895,98 manat, faiz borcunun 745,81 manat, cəmi borcunun 5.641,80 manat təşkil etdiyi müəyyən edilmişdir.

49. 3-16-16/2-9/7497/2024 nömrəli 22 yanvar 2025-ci il tarixli ekspert rəyi ilə borclunun əsas borcu 4.899,8 manat deyil, 4.895,98 manat məbləğində müəyyən edildiyindən, habelə faiz borcu 1.033,11 manat deyil, 745,81 manat məbləğində müəyyən edildiyindən, məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi ilə borclunun xx.xx.2021-ci il tarixədək (pretenziya bildirişinin çatdırıldığı tarixədək) yaranmış məbləğdə əsas və faiz borcu cavabdehdən tutulmalıdır.

50. Belə ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir. Nəzərə alınsa ki, Bank tərəflər arasında yaranmış müqavilə münasibətlərinə xitam vermək niyyətində olduğunu xx.xx.2021-cü il tarixdə (pretenziya bildirişinin çatdırıldığı tarix) müvafiq qaydada məktub göndərməklə bildirmişdir, müqaviləyə həmin tarixdə xitam verilmiş sayılır, annuitet ödənişlər (əsas məbləğ və hesablanmış faizlər) isə kredit müqaviləsinin qüvvədə olma müddətinə xitam verilənədək mövcud olmuş məbləğdə tutulmalıdır.

51. Bundan başqa birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehdən tutulmalı dəbbə pulu məbləğinin 5 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Kollegiyanın qənaətinə görə də həmin məbləğin əsas borca mütənasib olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Bu məbləği ədalətli hesab edərkən kollegiya, borcalanın aldığı kredit borcunun vaxtında qaytarılmaması nəticəsində iddiaçı bankın məruz qaldığı maddi itkiləri də nəzərə alır.

52. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalananlara əsasən, hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1587/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsi “əsas və faiz borcu üzrə müəyyən edilmiş məbləğ” hissəsində dəyişdirilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli 978sADJ/21 nömrəli kredit müqaviləsinə əsasən yaranmış əsas borc üzrə 4.895,98 manat, faiz borcu üzrə 745,81 manat məbləğində pul tutulmalıdır.

53. Habelə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 81,19 manatın 77 manatı Cavabdeh tutularaq "xxxx" ASC-yə, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 42 manatın 2 manatı "xxxx" ASC-dən tutularaq Cavabdeh, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 200 manatın 10 manatı "xxxx" ASC-dən, 190 manatı Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

54. Belə ki, Mülki Prosessual Məcəllənin 58-ci maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir.

55. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddianın qiyməti (təmin olunan hissədə) beş min manatdan az olduğundan hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 56.Mülki-Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 57.Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 58.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1587/2022 nömrəli, 29 mart 2022ci il tarixli qətnaməsi “əsas və faiz borcu üzrə müəyyən edilmiş məbləğ” hissəsində dəyişdirilsin. İddia bu hissədə qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 978sADJ/21 nömrəli kredit müqaviləsinə əsasən yaranmış əsas borc olaraq 4.895,98 manat, faiz borcu olaraq 745,81 manat məbləğində pul tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 81,19 manatın 77 manatı Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 42 manatın 2 manatı "xxxx" ASC-dən tutularaq Cavabdeh ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 200 manatın 10 manatı "xxxx" ASC-dən, 190 manatı Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar