Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-226/2020 30.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şamayev Elşad Yaquboviçin sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçı və nümayəndəsi, vəkil Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 may 2018-ci il tarixli, 2(001)-1783/2018 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 50000 manat borcun, 1000 manat hüquqi xidmət xərcinin və 30 manat dövlət rüsumunun əvəzinin tutulub, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh bir neçə mülki işüzrə iddiaçının nümayəndəsi olmuş, etibarını qazanaraq onu məhkəmələrdə və sair orqanlarda bir hüquqşünas kimi təmsil etmiş və hər gördüyü işə görə razılaşdırdıqları məbləğlərdə pulu ondan mütəmadi olaraq almışdır. Cavabdeh evinin əlindən alınacağını bildirərək ondan 50000 manat borc pul istəmiş və bu pulun ailəsinin taleyini həll edəcəyini bildirmişdir. İddiaçının cavabdehə olan inamına görə o, 18 dekabr 2014-cü ildə 2 saylı notariat kontorunda kredit müqaviləsi bağlamaqla 50000 manat pulu cavabdehə vermiş və kredit müqaviləsinin şərtlərinəəsasən cavabdeh həmin pulu 18 dekabr 2015-ci il tarixədək qaytarılmasını öhdəsinə götürmüşdür. Lakin müqavilədə nəzərdə tutulan vaxtın bitməsinə baxmayaraq borc qaytarılmamış, dəfələrləiddiaçı şəxsən və numayəndəsi vasitəsilə cavabdehdən borcun qaytarılması tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınmış, ona qarşı məhkəmədə iddia qaldırıldığı halda isə işin baxılmasını müxtəlif üsullarlarla illərlə uzadacağını bildirmişdir. Cavabdehə verilən pretenziya müddətindən 3 aydan artıq vaxt keçməsinə baxmayaraq, o, öhdəliklərini yerinə yetirməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 may 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 50000 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, iddianın təmin edilməsinə dair hissədə ləğv olunmasını və iddianın təmin edilməməsi barədə yeni qətnaməçıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş, çəkişmə prinsipini pozmuş, iddiaçı pretenziya qaydasına əməl etməmiş, habelə cavabdehin iddiaçıya olan borcundan 47600 manatının qaytarılması nəzərə alınmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 may 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Müki Kollegiyasının 15 fevral 2019-cu il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı və etibarnamə əsasında nümayəndəsi, vəkil Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar həmçinin göstərmişdir ki, cavabdehin məhkəməyə təqdim etdiyi dəftərin hazırki iş üzrə sübut əhəmiyyəti yoxdur, həmin dəftərdə göstərilən Fədai adlı şəxslə iddiaçının işgüzar münasibətləri olmuş, 2014-cü ildə Nəsimi rayonunda abadlıq işlərinin görülməsi ilə əlaqədar şirkətinə Fədai adlı şəxs tərəfindən pul ödənilmiş və cavabdeh iddiaçının tapşırığı ilə həmin şəxsdən ayrı-ayrı vaxtlarda cəmi 47600 manat alaraq ona təqdim etmiş, o isə, aldığı pula görə imza etmişdir. Qeyd olunan pul vəsaitinin cavabdehin borc müqaviləsinə əsasən ona borclu olduğu pula heç bir aidiyyəti yoxdur. Cavabdehlə kredit müqaviləsi notariat qaydasında bağlanıldığı halda, borcun qaytarılması müqavilədə qeyd olunmalı və ya notariatda rəsmiləşdirilməli idi. Apellyasiya instansiyası məhkəməsi tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə mövqeyini nəzərə alıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası ilk olaraq qed edir ki, hazırki apellyasiya baxışının hədlərini qətnamənin cavabdehdən 50000 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulmasına dair hissəsinin qanuniliyinin vəəsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iddia birinci instansiya məhkəməsi tərəfindən qismən təmin olunsa da, çıxarılmış qətnamə iddiaçı tərəfindən mübahisələndirməmiş, cavabdeh isə yalnız qeyd edilən hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. İş üzrə birinci instansiya məhkəməsində mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanaraq Bakışəhəri 2 saylı notariat kontorunda təsdiq olunmuş 18 dekabr 2014-cü il tarixli Kredit müqaviləsi ilə Cavabdeh İddiaçı 1 (bir) il müddətində qaytarmaq şərtilə 50000 manat borc pul almışdır. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh üzərinə götürdüyüöhdəliyi yerinə yetirməmişdir. Həmçinin cavabdehin qəbz adı ilə məhkəməyə təqdim etdiyi və iddiaçıya məxsus olduğunu bildirdiyi yazının kserosurəti ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin sənəd surəti cavabdeh tərəfindən kredit öhdəliyinin icra edilməsini təsdiq edən sübut kimi qəbul oluna bilməz. Belə ki, həmin yazıda göstərilən məbləğlərin ödəniş olaraq məhz cavabdeh tərəfindən edildiyi görünmür. Digər tərəfdən, yazıda pul məbləğlərinin hansı məqsədləödənildiyi dəöz əksini tapmamaqla başqa şəxslərin adından edilən ödənişlər olduğu aydın görünür. Bakı Apellyasiya Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qətnaməsini ləğv edən Azərbaycan Respublikası Ali Məhkəməsi qərarında göstərmişdir ki, Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasının əsası kimi ona istinad etmişdir ki, “məhkəmənin kserosurət adlandırdığı sənəd mənim şəxsi yaddaş kitabımın səhifəsindən edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə işin faktiki hallarına qərəzli yanaşmasaydı kitabçaya baxardı. Ödənişin mənim tərəfimdən edilməsəydi nəyə görə mənim kitabçamda İddiaçı 25000 manat + 10600 + 12000 manat ümumilikdə imzası ilə təsdiq edərək aldım yazmalıydı. Təbii ki, pulu şəxsən özüm vermişəm və İddiaçı tərəfindən kitabçamda qeydiyyat aparılmışdır.” Cavabdeh qeydiyyat kitabçasını məhkəməyə təqdim etmişdir. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh məhkəməyə təqdim etdiyi qeydiyyat kitabındakı qeydlər əsasında müvafiq ekspertizanın keçirilməsi yolu ilə araşdırmanın aparılması iş üzrə həqiqətin müəyyən edilməsinə köməklik edə bilər. Ali Məhkəmənin qeyd olunan göstərişinin icrası ilə bağlı əlavə apellyasiya baxışı zamanı məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspertin 29 noyabr 2019-cu il tarixli, 28352 saylı rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim olunmuş, qara üzlüklü qeydiyyat kitabının 1-ci vərəqəsində “25000 manat, 10600 manat və 12000 man” rəqəmli yazıların qarşısında olan “Aldım” yazısı – İddiaçı tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, iş materialları ilə cavabdehin iddiaçıdan 50000 manat borc alması mübahisəsiz müəyyən olunmuşdur. Lakin cavabdeh birinci instansiya məhkəməsində verdiyi etirazında və apellyasiya şikayətində həmin məbləğdən 47600 manat hissəsinin qaytardığını bildirmiş və bunun sübutu qismində özünə məxsus qeydiyyat kitabını təqdim etmişdir. Həmin kitabın ikinci səhifəsinin orta hissəsində ardıcıllıqla “İddiaçı”, “25.000 manat (imza)”, “10.600 (imza)” və “12000 man (imza)” qeydləri edilmiş və qarşısında “Aldım” sözü yazılmışdır. Kitabçada müvafiq rəqəmlərin qarşısında olan imzaların iddiaçıya məxsus olması onun tərəfindən etiraf olunmuş, “Aldım” sözünün isə onun tərəfindən icra olunması iş üzrə keçirilmiş ekspert rəyi ilə təsdiq olunmuşdur. Lakin iddiaçı qeyd olunan qeydlərin Rövşən Müseybova verdiyi borcun qaytarılması məqsədi ilə deyil, 2014-cü ildə Nəsimi rayonunda abadlıq işlərinin görülməsi ilə əlaqədar şirkətinə Fədai adlı şəxs tərəfindən ödənilmiş pulların cavabdeh tərəfindən alınaraq ona verilməsi ilə əlaqədar aparıldığını göstərmişdir. Belə ki, kitabçanın həmin səhifəsinin yuxarı hissəsində “Fədai m” adının qarşısında 10 sentyabr 2015 və 13 sentyabr 2015 tarixləri qeyd edilməklə müvafiq olaraq “25000”, “10000$-10600m”, “11.000$+450m 11.550 m + 450 = 12000” və “Total 2400 m” qeydləri edilmiş və imza qoyulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh etirazının sübutu qismində iddiaçının imzası ilə olan qeydləri təqdim etdiyi halda, həmin qeydlərin göstərdiyi məqsədlə edilməsinin sübut etmək vəzifəsi məhz iddiaçının üzərinə düşür. Lakin sonuncu qeyd olunan qeydlərlə bağlı göstərdiyi hallara, o cümlədən rəhbərliyi altında hüquqi şəxsin olması, həmin hüquqi şəxsin və ya özünün hər hansı işlərin görülməsi ilə əlaqədar müqavilələrin bağlanması, həmin müqavilələr üzrə ona məhz kitabçada göstərilən məbləğlərin ödənilməli olması, Fədai adlı şəxsin kim olması və s. dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda isə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən borc müqaviləsi üzrə qismən ödənişlərin aparılması sübut olunmuşdur və iddiaçının cavabdehdən borc verdiyi bütün məbləği tələb etməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X2 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kitabçasında edilmiş qeydlərlə cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 47600 manat məbləğində pulun ödənilməsi öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli və cavabdehdən iddiaçının xeyrinə tutulan məbləğ 2400 manat (50000- 47600=2400) məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı hesab edildiyindən tərəflərin iddia ərizəsinin verilməsi və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunları qarşılıqlı ödənilməklə özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 384.0.3 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 may 2018-ci il tarixli, 2(001)- 1783/2018 saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh 2400 (iki min dörd yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi ilə əlaqədar İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Elşad Şamayev
Məhkəmə qərarları › İş №2(103)-226/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-226/2020
30.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver