Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-226/2022 05.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Sarıyevin sədrliyi ilə, X12 və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli, 2 (001)-6409/2019 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 630 kv.m olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi, qeyri-yaşayış sahəsindən istifadə zamanı qanunsuz təsirlərin, maneələrin və mənzil toxunulmazlığını pozan hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, 27.05.2019-cu il tarixdə Cavabdeh MMC ilə aralarında bağlanmış X13-yaşayış sahəsinin alğı-satqısı müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən tikintidə olan Cavabdeh MMC-yə məxsus yaşayış binasında qeyri-yaşayış sahəsini alıcıya satmağa, alıcı isə həmin qeyri-yaşayış sahəsini almağa və qabaqcadan müəyyənləşdirilmiş qeyri-yaşayış sahəsinin haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə görə həmin müqavilə bağlanan zaman qeyri-yaşayış sahəsinin ümumi dəyəri, yəni 1.575.000 manat pulu tam olaraq Cavabdeh MMC-yə ödəmiş, heç bir borcu qalmamışdır. Lakin, cavabdeh həmin qeyriyaşayış sahəsini ona verməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli, 2(001)-6409/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 630 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi, iddia tələbi ünvan 1 ünvanında yerləşən binada 630 kv.m olan qeyri-yaşayış sahəsindən istifadə zamanı qanunsuz təsirlərin, maneələrin və mənzil toxunulmazlığını pozan hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi hissəsində rədd edilməsi qət edilmişdir. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 630 m/kv, ümumi dəyəri 1.575.000 manat olan qeyri-yaşayış sahəsinə 20 may 2019-cu il tarixində X8 arasında “X13-yaşayış Sahəsinin” alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin bağlandığı zaman MMC ilə Tomayev X5 Müqaviləsi bağlanmışdır. Həminn müqavilənin şərtlərinə əsasən qeyri-yaşayış sahəsinin dəyərinin ilkin olaraq 300000 manat qalan hissəsi isə tərəflər arasında razılaşdırılmış qrafikə uyğun olaraq ödəniləçəkdir. Müqavilənin digər şərti yalnız qeyri-yaşayış sahəsinin dəyəri tam ödənildikdən sonra həmin sahə alıcının istifadəsinə verilir. Həmin razılaşmada nəzərdə tutulmuşdur ki, alıcı tərəfindən ödəniş tam yetirilmədiyi təqdirdə tərəflər arasında qeyri-yaşayış sahəsinin alğı-satqısı müqaviləsi və tam ödəmə haqqında verilmiş maliyyə arayışı öz hüquqi qüvvəsini itirmiş hesab olunur. 27 may 2019-cu il tarixində X8 Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 630 m/kv, ümumi dəyəri 1.575 000 manat olan qeyri yaşayış sahəsini İddiaçı adına rəsmiləşdirilməsini xahiş etmişdir. MMC tərəfindən X3 ərizəsi tərəflər arasında bağlanmış Razılaşma müqaviləsinin şərtləri nəzərə alınmaqla 27 may 2019-cu il tarixində Cavabdeh MMC ilə İddiaçı arasında ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 630 m/kv, ümumi dəyəri 1.575.000 manat olan qeyri-yaşayış sahəsinə dair “X13-yaşayış Sahəsinin” alğı- satqı müqaviləsi bağlanmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegjiyasının 11 iyun 2020-ci il tarixli, 2(103)-2649/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli, 2(001)-6409/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 fevral 2021-ci il tarixli qərarı ilə Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegjiyasının 11 iyun 2020-ci il tarixli, 2(103)-2649/2020 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə Cavabdeh MMC-nin nümayənəsi və 3-cü şəxs Zahid Cəfərova məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iddiaçı qətnaməni mübahisələndirməmiş, əksinə qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Cavabdeh tərəf qətnamənin ləğvini xahiş etsə də, şikayətin məzmunundan aydın görünür ki, şikayət iddianın təmin olunan hissəsi ilə məhdudlaşdırılır. Yəni, iddia tələbinin təmin olunmayan hissəsi apellyasiya baxışının predmeti deyildir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk olaraq qeyd edir ki, kassasiya instansiyası məhkəməsi öz qərarında göstərmişdir ki, Z.Cəfərovun əlavə etdiyi məhkəmə bildirişindən görünür ki, o, Abşeron rayon Məhkəməsində cavabdehlər İddiaçı, Cavabdeh MMC-yə və X6 qarşı iddia qaldıraraq, həmin alğısatqı müqavilələrini mübahisələndirmişdir. Göründüyü kimi, hazırkı işdə iddiaçının tələbinin faktiki əsası kimi çıxış edən mübahisəli qeyri-yaşayış sahəsinə dair müqavilə başqa məhkəmə prosesində iddia tələbinin predmeti olmuşdur. Ona görə də, hazırkı işə baxılması həmin işin nəticəsindən birbaşa asılıdır. Lakin apellyasiya instansiyası məhkəməsi bu hala düzgün qiymət verməyərək, ərizəni təmin etməmiş, icraatın dayandırılmasına əsas görməmişdir. Ona görə də, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyasında müəyyən edilmişdir ki, X2 rayon Məhkəməsində cavabdehlər Cavabdeh MMC-yə, X6 və İddiaçı qarşı iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 630 kv.m olan dəyəri 1.575.000 manat olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh MMC ilə cavabdeh X9 arasında bağlanmış 20 may 2019-cu il tarixli qeyri-yaşayış sahəsinin alğı-satqı müqaviləsinin və İddiaçı arasında bağlanmış 27 may 2019-cu il tarixli alğı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab olunmasını xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin 11.09.2020-ci il tarixli, 2(012)-1766/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.04.2021-ci il tarixli, 2(105)-428/2021 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Abşeron rayon Məhkəməsinin 11.09.2020-ci il tarixli, 2(012)-1766/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyasının iclasında X10 3-cü şəxs qismində işə cəlb edilmiş, məhkəmə kollegiyasının 05 may 2021-ci il tarixli qərardadı ilə hazırki iş üzrə icraat, iddiaçı Zahid Cəfərovun cavabdehlər Cavabdeh MMC-yə, X6 və İddiaçı qarşı ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 630 kv.m olan dəyəri ******* manat olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh MMC ilə cavabdeh X9 arasında bağlanmış 20 may 2019-cu il tarixli qeyri-yaşayış sahəsinin alğı-satqı müqaviləsinin və İddiaçı arasında bağlanmış 27 may 2019-cu il tarixli alğı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə qəbul ediləcək məhkəmə aktı qanuni qüvvəyə minənə kimi dayandırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 sentyabr 2021-ci il tarixli, 2(102)-5282/2021 saylı qərarı ilə iddiaçı X4 iddiadan imtinası qəbul edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.04.2021-ci il tarixli, 2(105)-428/2021 saylı qətnaməsi ləğv edilərək, iddiaçı X4 cavabdehlər Cavabdeh MMC-yə, X6 və İddiaçı qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bundan sonra mülki iş üzrə icraat təzələnərək, baxılması üçün təyin edilmişdir. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, "xxxx" MMC ilə İddiaçı arasında 27 may 2019cu il tarixdə müqavilə bağlamış, müqaviləyə görə "xxxx" MMC, ünvan 3 ünvanında yerləşən tikintidən 630 kv.m qeyri-yaşayış sahəsini iddiaçıya satmağı, iddiaçı isə həmin əmlakın dəyəri olan 1.575.000 manatı ödəməyi öhdələrinə götürmüş, eyni tarixdə iddiaçı göstərilən məbləği "xxxx" MMC-nin kassasına mədaxil etmiş, bu barədə ona kassa mədaxil qəbzi və borcunun qalmadığına dair maliyyə arayışı verilmişdir. Göründüyü kimi, tərəflər arasında mübahisənin yaranmasına səbəb, "xxxx" MMC-nin İddiaçılə bağlamış olduğu müqavilə şərtlərinə əməl etməməsi olmuş, həmin hal apellyasiya şikayətində də dolayı şəkildə etiraf olunaraq bu, müqavilə predmetinin iddiaçıya İsmayıl Tamoyev adlı şəxs tərəfindən satılmış olması, iddiaçının həmin predmetə görə hər hansı məbləğdə ödəniş etmədiyi və buna görə də MMC-nin iddiaçı qarşısında öhdəliyinin yaranmadığı ilə əsaslandırılmışdır. Kollegiya ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən, “müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur”. Göründüyü kimi, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 27.05.2019-cu il tarixli müqavilənin qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ləğv, yaxud etibarsız hesab edilmiş olduğu müəyyən olunmur. Bu baxımdan kollegiya, həmin müqavilənin ləğv olunduğuna dair cavabdehin apellyasiya şikayətində irəli sürülən mülahizələrlə bağlı ümumiyyətlə araşdırma aparmağı zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-cı maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Kollegiya xüsusi olaraq qeyd edir ki, cavabdehin formal olduğunu irəli sürdüyü müqavilənin bağlandığı 27.05.2019-cu il tarixindən sonrakı dövr ərzində iddiaçıya qarşı heç bir pretenziya irəli sürməmiş olması, onun bu arqumentini inandırıcı hesab etməyə imkan vermir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar (müqavilə, kassa mədaxil qəbzi, maliyyə arayışı) müqabilində, həmin müqavilənin, əmlakın dəyəri ödənilmədən bağlanmış olduğunu sübutetmə yükü bilavasitə cavabdeh "xxxx" MMC üzərinə düşür, o isə, mülki prosessual qanunvericilikdən (MPM-in 14.2 və 77.1-ci maddələri) irəli gələn tələblərin tətbiqi baxımından həmin halları sübut edə biləcək hər hansı mötəbər dəlili məhkəməyə təqdim etməmişdir. Kollegiya apellyatorun şikayətinin digər dəlili kimi irəli sürülən, cavabdeh hüquqi şəxsin İsmayıl Tamoyev adlı şəxs tərəfindən aldadılmış olması arqumenti ilə bağlı isə qeyd edir ki, belə bir halın mövcudluğu iddiaçının hüquqlarının xələl görməsinə səbəb ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifələrinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. MM-nin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. MM-nin 165-ci maddəsinə əsasən isə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Kollegiya yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq İddiaçı dəyərini ödədiyi əmlakla bağlı hüquqlarının pozulduğu qənaətinə gəlmişdir. Kollegiya həmçinin qeyd edir ki, X4 apellyasiya mərhələsində 3-cü şəxs qismində işə cəlb edilməsi, düzgün olan hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 sentyabr 2021-ci il tarixli, 2(102)-5282/2021 saylı qərarı nəzərə alınmaqla, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli, 2 (001)-6409/2019 saylı qətnaməsi ilə onun hüquq və vəzifələrinə dair məsələ onun hüquqlarının pozulması ilə nəticələnməklə həll edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 387.2.4-cü maddəsinə əsasən məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hisədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli, 2(001)-6409/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-226/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-226/2022
05.01.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver