Məhkəmə qərarları › İş №2(103)-2260/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2260/2025

21.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2260/2025 21.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi, saxlama müqaviləsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əşyanın qanunsuz sahiblikdən geri qaytarılması və pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-335/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Kənan Əliyev tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı şikayəti əsasında araşdırma aparılarkən Cavabdeh aşağıdakı məzmunda izahat vermişdir: “Təxminən 12 ilə yaxındır ki, İddiaçıı tanıyıram. Onunla uzun müddət ailəvi dost olmuşam. 2020-ci il yay aylarında Ruslan mənə saxlamaq üçün 15 qram qızıl-zinət əşyası vermişdir. 2021-ci ilin iyul ayında Ruslan mənə 22.000 manat məbləğində pul vəsaiti vermişdir. Bundan sonra 2021-ci ilin noyabr ayında qalacaq yeri olmadığı üçün mən onu evimdə qalması üçün dəvət etmişəm. Ruslanın mənə pulu verməkdə məqsədi özünün deməsinə görə özündə qalacağı təqdirdə xərcləyə bilməsi ehtimalı olmuşdur. 2022-ci ilin noyabr ayında Ruslan mənə vermiş olduğu pulu geri tələb etdikdə mən ona ümumilikdə 2.000 manat məbləğində pul vermişəm. Qızılzinət əşyalarını lombarda girov qoymuşam və 20.000 manatı isə xəstə anamın dərmanlarına xərcləmişəm. Aldığım 20.000 manat pulu və qızıl-zinət əşyasını qısa zamanda qaytaracağıma dair söz verirəm”.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı əşyanın qanunsuz sahiblikdən geri qaytarılması və pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 20.000 manat məbləğində əsas pul vəsaiti, eyni zamanda pulunu vaxtında ödəmədiyindən, iflasa uğradığına görə 3.000 manat zərərin əvəzini, hüquqi yardıma görə ödənilmiş 400 manat məbləğində pul vəsaitinin, ödənilmiş 160 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi və “Vestel” markalı paltar yuyan maşının cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehə inanaraq ona 22.000 manat məbləğində pul vəsaitini saxlaması üçün vermişdir. Onun cavabdehlə 2002ci il tarixdən ailəvi tanışlığı vardır. 2022-ci ilin may ayında mərhum anası vəfat etdiyi üçün anasının adına olan evi qardaşı ilə birlikdə satmış və satış pulunu bərabər bölmüşdür. Ona 32.000 manat çatmışdır. 10.000 manata “Mercedes” markalı maşın almışdır. Anasından miras qalmış 16 qramlıq qızıl-zinət əşyalarını, pul vəsaitindən qalıq qalan 22.000 manatı və “Vestel” markalı paltar yuyan maşını da artıq evi olmadığından cavabdehin evində qalmaqla ona saxlamağa vermişdir. 2022-ci ilin noyabr ayında cavabdehdən pulunu tələb etsə də, həmin puldan cəmi 2.000 manat qaytarmış, qalan pulu da 1-2 günə qaytaracağını söyləmişdir. Amma, bu günə kimi həmin pulu qaytarmamışdır. O, bununla bağlı 13-cü Polis Bölməsinə müraciət etmiş və cavabdeh polis şöbəsində söz vermişdir ki, 20.000 manatı və miras qalmış qızıl-zinət əşyalarını tezliklə qaytaracaqdır. Qızıl-zinət əşyalarını qaytarsa da, onun pulunu və “Vestel” markalı paltar yuyan maşını qaytarmamışdır.

4. Cavabdeh iddiaya qarşı etiraz verərək məhkəmədən iddia tələbinin qismən – pul vəsaitinin tutulması hissəsində ondan 8.150 manatın tutulması və “Vestel” markalı paltaryuyan maşınının qaytarılması hissəsində iddianın təmin edilməsi, digər hissələrdə pul vəsaiti hissəsində 11.850 manatın, eyni zamanda pulunu vaxtında ödəmədiyindən iflasa uğradığına görə 3.000 manat zərərin əvəzini, hüquqi yardıma görə 400 manat hissəsində isə iddia tələblərinin təmin edilməməklə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, o, İddiaçıla razılaşmışdır ki, sonuncu onun tutduğu kirayə mənzildə 1 il 2 ay qardaşı ilə birlikdə qalsın. Bütün bu dövrdə o, iddiaçının paltarlarını yumuş, yeməyini bişirib vermiş, otaqların təmizlənməsini, işıq pulu, su pulu, qaz pulu da daxil olmaqla, bütün xidmətlərini pulunun ödənilməsini həyata keçirmişdir. Ona görə də, polisdə 1 il 2 ay üçün hər ay 500 manatdan hesablayıb çıxmışdır. Bundan əlavə, o, iddiaçıya 2.000 manat, 3 dəfə dalbadal 1.000 manat və 1.000 manat da əlavə maşın üçün pul vermişdir. 500 manat ondan pul alaraq isə Oleq adlı şəxsə vermişdir. O, cavabdehə bir dəfə 650 manat, bir dəfə 300 manat, bir dəfə də 700 manat olmaqla pul vəsaiti qaytarmışdır. Xırda-xırda, dəfələrlə 100-150 manat pul ödəmişdir. Onların aralarında qalan hesab 8.150 manatdır. Dəfələrlə paltar yuyan maşın alıb vermək istəsə də, iddiaçı razılaşmamışdır. Onun 8.150 manatdan və “Vestel” markalı paltar yuyan maşından başqa iddiaçıya hər hansı borcu yoxdur və iddiaçının ondan tələb etdiyi məbləğdə pula dair heç bir müqavilə, qəbz və digər sənəd də yoxdur.

5. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh izahat verərək bildirmişdir ki, iddiaçı onun evində 1 il 2 ay müddətində yaşamışdır. İddiaçının anası vəfat etdikdən sonra qardaşı ilə birlikdə anasının evi satmışlar və həmin evin satışından iddiaçıya 32.000 manat məbləğində pul vəsaiti verilmişdir. İddiaçı da onu öz anası kimi görmüş, anasının evinin satışından əldə edilən pul vəsaitini, eləcə də qızıl-zinət əşyalarını saxlamaq üçün ona vermişdir. Lakin, cavabdeh sonradan avtomaşın alınması məqsədilə həmin pulun müəyyən hissəsini ondan geri tələb etmiş, daha sonra isə avtomobilin təmir ilə bağlı 1.000 manat məbləğini pul vəsaitini ondan almışdır. İddiaçı onun evində yaşadığı 1 il 2 ay müddətində ona qulluq etmiş, qayğısına qalmışdır. Lakin, buna görə ondan hər hansı vəsait tələb etməmiş və bu barədə hər hansı razılaşmaları olmamışdır. “Vestel” markalı paltar yuyan maşına münasibətdə isə qeyd edir ki, həyat yoldaşı da iddiaçıya dəfələrlə demişdir ki, həmin paltar yuyan maşının təzəsini alıb ona təhvil verməyə hazırdırlar. Günü sabah da həmin paltar yuyan maşını iddiaçıya verməyə razıdır və buna etiraz etmir.

6. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)- 335/2025 nömrəli qətnaməsi ilə (hakim F.İ.Rzayeva) iddia təmin edilmiş, Cavabdeh 20.000 manat məbləğində pul vəsaitinin, 400 manat məbləğində hüquqi yardıma görə vəkilə ödənilmiş pul vəsaitinin və ödənilmiş 151,2 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi, “Vestel” markalı paltar yuyan maşının Cavabdeh alınaraq İddiaçı qaytarılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə saxlanma üçün ümumilikdə 32.000 manat məbləğində pul vəsaiti, anasına aid olan qızıl-zinət əşyaları, eləcə də “Vestel” markalı paltaryuyan maşını verilmişdir. Sonradan 12.000 manat məbləğində pul vəsaiti və iddiaçının anasına məxsus qızıl-zinət əşyalarının iddiaçıya geri qaytarılması faktı iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Cavabdehin özü də məhkəmə iclasında verdiyi izahatında 32.000 manat məbləğindən 10.000 manatı maşının alınması və təmiri ilə əlaqadər qaytardığını bildirmiş və cavabdehə son olaraq qalıq qalmış 22.000 manatdan 2.000 qaytardığını etiraf etmişdir (xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının 04:27 – 04:40-cı dəqiqələri).

8. İşin mübahisəli halı 20.000 manat məbləğində pul vəsaitinin iddiaçıya qaytarılması ilə bağlıdır ki, cavabdeh öz etiraz ərizəsində iddiaçıya müxtəlif vaxtlarda həmin vəsaitdən müəyyən məbləğlərdə pul qaytardığını, eləcə də hər ay saxlanılması üçün verilən puldan 500 manatı iddiaçının onun evindən istifadə etməsinə görə kirayə haqqı kimi götürdüyünü bildirsə də (məhkəmə tərəfindən verilən suala cavabında cavabdeh iddiaçı ilə aralarında belə bir razılaşmanın olmadığını bildirmişdir), cavabdeh öz etirazının əsası kimi istinad etdiyi fakt və halları sübut edə bilməmiş, iddia tələbinin rədd edilməsi üçün əsas olan mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

9. Göründüyü kimi, tərəflər arasında mülki qanunvericiliyə uyğun olaraq şifahi formada saxlama müqaviləsi bağlanmış, iddiaçı (tapşıran) saxlanılması üçün pul vəsaitini cavabdehə (saxlayıcı) vermiş, lakin sonuncu həmin müqavilənin şərtlərinə zidd olaraq həmin vəsaitdən 12.000 manatı qaytarmış, lakin 20.000 manatı istifadə edərək onu iddiaçıya qaytarmamış, bununla da saxlayıcı öz üzərinə götürdüyü öhdəliyi vicdanla yerinə yetirməyək, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur.

10. İddia tələbinin cavabdehin qanunsuz sahibliyindən iddiaçıya məxsus əşyanın geri qaytarılması ilə bağlı hissədə isə qeyd edilmişdir ki, Cavabdeh “Vestel” markalı paltaryuyan maşının iddiaçıya geri qaytarılması ilə bağlı hissədə iddia tələbini qəbul etmiş və bu halın əksini mübahisələndirməmişdir. Belə olan halda məhkəmə iddiaçının həmin hissədə etirafını qəbul edərək iddia tələbini həmin hissədə əsaslı hesab etmişdir.

11. Məhkəmə iddia tələbinin 400 manat məbləğində hüquqi yardıma görə vəkilə ödənilmiş pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, iddiaçı ixtisaslı hüquqi yardım almaq məqsədilə vəkilə müraciət etmiş və bu məqsədlə sonuncuya 400 manat məbləğində pul vəsaiti ödəmişdir. Bu isə iş materiallarına əlavə edilmiş ödəniş qəbzi ilə sübuta yetirilmişdir. Məhz bu səbəbdən məhkəmə iddia tələbini bu hissədə də əsaslı hesab edir və təmin edilməsi qənaətinə gəlir.

12. İddia tələbinin cavabdehdən 3.000 manat məbləğində dəymiş zərərin əvəzinin alınaraq iddiaçıya ödənilməsinə dair hissədə məhkəmə qeyd etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən bu halın mövcudluğunu təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

13. Həmçinin İddia qismən təmin edildiyindən, ödənilməmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə (20.400 manat) mütənasib olan 151.2 manat hissəsi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 389.2, 390.1, 405.1, 406.1, 425.1, 427.2, 427.4, 448.1, 822, 824.2, 824.3, 826.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 52.2, 77.1, 88, 106.1, 106.3, 107, 119.1, 217.3, 217.4-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu 8.1.3-cü maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ondan 20.000 manat məbləğində vəsaitin tutulması hissəsində qismən ləğv edilməsini və həmin hissədə iddianın qismən təmin edilməsi və ondan 8.150 manat pulun tutulması, 400 manat məbləğində hüquqi yardıma görə vəkilə ödənilmiş pul vəsaiti və ödənilmiş 151,2 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi hissəsində qətnamənin tamamilə ləğv edilməsini və həmin hissədə iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı verilmiş etiraza uyğun əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, onun 8.150 manatdan və “Vestel” markalı paltar yuyan maşından başqa iddiaçıya borcu yoxdur, iddiaçının tələb etdiyi məbləğində pula dair heç bir müqavilə, qəbz və digər sənəd yoxdur. Bundan əlavə, hüquqi xidmətə görə ödənilmiş 400 manat və ödənilmiş 151.2 manat məbləğində dövlət rüsumunun tutularaq ödənilməsi hissəsində iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəlləsinin 385, 386, 389, 390, 405, 406, 425, 427, 448-ci maddələrin tətbiqində məhkəmə səhvə yol vermişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

19. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 822. Saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. Maddə 824.2. Saxlayıcının saxlamaya götürdüyü əşyadan tapşıranın qabaqcadan razılığı olmadan istifadə etmək hüququ yoxdur. Əks halda o, əşyanın təsadüfən itməsi üçün, əgər itmənin əşyadan istifadə edilmədən də mümkün olduğunu sübuta yetirməsə, tapşıran qarşısında məsuliyyət daşıyır. Maddə 824.3. Tapşıranın xahişi ilə saxlayıcı əşyanı qaytarmalıdır. Saxlama üçün konkret müddətin təyin edildiyi halda da bu müddəa həmişə qüvvədədir. Əşya onun saxlandığı yerdə qaytarılmalıdır. Əşyanın saxlayıcısı onu tapşırana çatdırmağa borclu deyildir. Əşya tapşıranın hesabına və tapşıranın riski ilə qaytarılır. Maddə 826.1. Əgər saxlamaya pul qəbul edilirsə və bu zaman saxlayıcının eyni pulu deyil, eyni məbləği qaytarmalı olduğu birbaşa və ya dinməz razılıqla şərtləşdirilirsə, pula mülkiyyət hüququ, ondan istifadə hüququ və onun itməsi riski saxlayıcıya keçir. Bu mənada dinməz razılıq pul məbləğinin möhürlənməmiş və bağlanmamış şəkildə verildiyi halda ehtimal edilir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Hazırkı işdə iddia qismən təmin edildiyindən, apellyasiya şikayətində cavabdeh qətnaməni qismən – 20.000 manat məbləğində pul vəsaitinin, 400 manat məbləğində hüquqi yardıma görə vəkilə ödənilmiş vəsaitin və ödənilmiş 151.2 manat məbləğində dövlət rüsumunun tutulması hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissələrdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası cavabdehi dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. İşdən görünür ki, tərəflər arasında şifahi saxlama müqaviləsindən irəli gələn münasibətlər olmuş, cavabdeh ona verilən, iddiaçıya məxsus pul vəsaitini saxlamışdır. İddiaçının bildirdiyinə görə, cavabdeh pulun bir hissəsini qaytarsa da, qalan 20.000 manatı qaytarmamışdır.

26. Mülki qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə əsasən tapşıranın xahişi ilə saxlayıcı əşyanı qaytarmalıdır. Saxlama üçün konkret müddətin təyin edildiyi halda da bu müddəa həmişə qüvvədədir.

27. İşdə olan Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin təhqiqatçısı tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı şikayəti əsasında araşdırma aparılarkən cavabdeh izahatında bildirmişdir ki, iddiaçıya məxsus 20.000 manatı xəstə anasının dərmanlarına xərcləmiş və həmin pulu qısa zamanda qaytaracağına söz verir.

28. Kollegiya qeyd edir ki, cavabdeh məhkəmə iclaslarında həmin məbləğdən bir hissəsini qaytardığını, bir hissəsini iddiaçının qardaşı ilə birgə onun tutduğu kirayə mənzildə 1 il 2 ay yaşamasına görə hər ay 500 manatdan hesablayıb çıxdığını, ümumilikdə iddiaçıya 8.150 manat borcu qaldığını bildirmişdir.

29. Mülki-prosessual qanunvericiliyin sübutetmə ilə bağlı normalarına əsasən, cavabdehin bildirdiyi kimi, iddiaçıya məxsus pul vəsaitindən bir hissəsinin iddiaçıya qaytarıldığını sübut etmək yükü cavabdehin üzərinə düşür. Lakin cavabdeh bununla bağlı məhkəməyə sübutlar təqdim etməmişdir.

30. Kollegiya iddiaçının qardaşı ilə birgə onun tutduğu kirayə mənzildə 1 il 2 ay yaşamasına görə hər ay 500 manatdan hesablayıb, iddiaçıya məxsus saxladığı vəsaitdən çıxdığına istinad etsə də, birinci instansiya məhkəməsinin iclasında cavabdehin verdiyi izahatdan müəyyən olunur ki, o, iddiaçıdan 1 il 2 ay müddətində evində yaşadığı üçün hər hansı vəsait tələb etməmiş və tərəflər arasında bu barədə hər hansı razılaşma olmamışdır.

31. Məhkəmə kollegiyası hüquqi yardıma görə vəkilə ödənilmiş vəsaitin cavabdehdən tutulması hissəsində də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hüquqi yardıma görə ödənilmiş vəsait iş materiallarına əlavə edilmiş ödəniş qəbzi ilə sübuta yetirildiyindən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, iddia qismən təmin edildiyindən, məhkəmə ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan 151.2 manat hissəsinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə düzgün qənaətə gəlmişdir.

32. Belə ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-335/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar