Məhkəmə qərarları › İş №2(103)-2261/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2261/2024

03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2261/2024 03.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər: kredit borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 03 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Ləğv prosesində olan İddiaçı ASC ilə «X3» ASC arasında Şirkət tərəfindən tikilmiş, tikilməkdə olan və ya gələcəkdə yikiləcək yaşayış binalarındakı mənzillərin maliyyələşdirilməsi üçün Şirkətin inşa etdikləri mənzillərin satışının Bank tərəfindən kreditləşdirilməsi barədə 05 mart 2010-cu il tarixdə birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır. xx.xx.2015-ci ildə həmin müqaviləyə 1 saylı Əlavə təsdiq olunmuşdur. Cavabdeh2 ilə İddiaçı ASC-nin arasında bağlanmış xx.xx.2010-cu il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh2 «X3» ASC-dən mənzilin alınması üçün 231 ay müddətinə, illik 12 faiz ödəmək şərtilə 36679,12 manat məbləğində kredit verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 69030,33 manat – bundan 33942,53 manat əsas, 35087,80 manat faiz borcunun və iş üzrə ödənilmiş 297 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank tərəfindən Cavabdeh2 borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmuş və **********726 saylı xx.xx.2023cü il tarixli xəbərdarlıq məktubu göndərilmiş, lakin borclu öz üzərinə düşən öhdəliyi icra etməmişdir. Bank tərəfindən **********901 saylı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu "xxxx" ASC-ə göndərilmiş, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı, iş № 2(001)-592/2024) iddia təmin edilmişdir.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443, 448.1, 460, 472, 739, 743-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh "xxxx" ASC qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ona aid hissədə ləğv, iddianın həmin hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə İddiaçı ASC ilə "xxxx" ASC arasında 05 mart 2010-cu il tarixli “Birgə fəaliyyət haqqında” müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan şərtə əhəmiyyət vermədən, əsassız olaraq tərəflər arasında mövcud olan “Birgə fəaliyyət haqqında” müqaviləni zaminlik müqaviləsi kimi qiymətləndirərək iddianı Akkorda aid hissədə də təmin etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər üzrsüz səbəbdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.

Apellyasiya baxışının hədləri

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

11. Hazırkı iş üzrə yalnız cavabdeh "xxxx" ASC qətnamədən apellyasiya şikayəti verdiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını həmin apellyasiya şikayətinə münasibətdə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. İddiaçı cavabdehin müqavilə öhdəliklərini yerinə yetirmədiyinə istinad edərək hazırkı iddianı qaldırmışdır.

13. İddiaçının tələbi cəmi 69030,33 manat – bundan 33942,53 manat əsas, 35087,80 manat faiz borcunun və iş üzrə ödənilmiş 297 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən onun xeyrinə tutulması barədədir.

14. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq tam təmin etmişdir.

15. Cavabdeh apellyasiya şikayətində ümumiyyətlə borcu qəbul etməmiş, tərəflər arasında mövcud olan “Birgə fəaliyyət haqqında” müqaviləni zaminlik müqaviləsi kimi qiymətləndirilməsiini düzgün hesab etməmişdir.

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini əsassız sayır və qeyd edir ki, necə adlanmağından asılı olmayaraq iddiaçı ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2010-cü il tarixli birgə fəaliyyət haqqında müqavilə mahiyyət və məzmun etibarilə zaminlik müqaviləsidir. Belə ki, Birgə fəaliyyət haqqında müqavilənin 2.12.-ci maddəsində qeyd edilmişdir ki, Kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və onun fazilərinin ödənilməsi dövriliyini ən azı 2 dəfə 5 təqvim günündən çox pozduqda Bankın tələbi ilə 20 iş günü müddətində borcalan tərəfindən ödənilməmiş kreditin və hesablanmış faizlərin şirkətin bankda olan hesabından xəbərdarlıq edilmədən silinməsi öhdəliyini “Şirkət” öz üzərinə götürür. Bu halda “Şirkət” borcalanın “Bank” qarşısında icra edilməmiş öhdəliyi (kredit qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər) üçün zamin kimi çıxış edir (həmin öhdəliyi bank tərəfindən) və tərəflər arasındakı münasibətlərdə qüvvədə olan qanunvericiliyin zaminliyə dair müddəaları tətbiq olunur.

17. Bundan əlavə, Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən borcun məbləğini xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən müəyyən etmişdir.

18. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

20. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış kredit borcunun 3 gün ərzində ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir.

21. Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 21 may 2024-cü il tarixli, 9/2757 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə borcalanın Banka xx.xx.2023-cü il tarixə, yəni müqavilənin ləğvi barədə bildirişin (pretenziya) göndərildiyi tarixə əsas borc üzrə 33755,37 manat, faiz borcu üzrə 34334,82 manat borcu olduğu müəyyən edilmişdir.

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi faiz borcunu nəyə görə müqavilənin ləğvi barədə bildirişin (pretenziya) göndərildiyi tarixə deyil, məhz iddia tələbi həddində müəyyən etdiyini qətnamədə əsaslandıra bilməmişdir.

23. Məhkəmə kollegiyası borc ilə bağlı ekspert rəyində göstərilənləri mötəbər sübut kimi qəbul edərək bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi borcun məbləği hissəsində dəyişdirilməli və borcun məbləği müqavilənin ləğvi barədə bildirişin (pretenziya) göndərildiyi tarixə uyğun gələn əsas borc üzrə 33755,37 manat, faiz borcu üzrə 34334,82 manat həddində müəyyən edilməlidir. Nəticədə cavabdehdən kredit müqaviləsi üzrə əsas borca görə 33755,37 manat, faiz borcuna görə 34334,82 manat pul tutulmalıdır.

24. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli qətnaməsi borcun tutulması hissəsində dəyişdirilsin və əsas borcun məbləği 33755,37 (otuz üç min yeddi yüz əlli beş manat, otuz yeddi qəpik) manat, faiz borcunun məbləği 34334,82 (otuz dörd min üç yüz otuz dörd manat, səksən iki qəpik) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar