Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2264/2024 29.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının artırılması" tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-10/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Tərəflərin birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X5 doğulmuşlar.
2. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-1052/2022 nömrəli qətnaməsi ilə həmin məhkəmənin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər birinə görə 150 manat, cəmi 300 manat miqdarında alimentin tutulması qət edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi və ona dəqiqləşdirmə ilə məhkəməyə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)- 1052/2022 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün tutulan aliment miqdarının artırılaraq, hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-1052/2022 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin məbləği artırılaraq hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat aliment məbləği Cavabdeh alınaraq iddiaçı Zeynalova (Rəcəbova) Aidə Oqtay qızının xeyrinə ödənilməsi qət edilmişdir. 2022-ci ildən hazırkı vaxta kimi istehlak bazarında qida məhsullarının, dərman preparatlarının, geyim ləvazimatlarının qiymətlərində kəskin artım müşahidə olunduğuna görə iki azyaşlı uşağı saxlamaq İddiaçı üçün böyük maddi çətinliklər yaradır. Bakı şəhərində iki uşağa görə 300 manat pul vəsaiti uşaqların minimum dolanacaq xərclərini ödəmir, həmin vəsaitlə uşaqların normal yaşamasını təmin etmək mümkün olmur, 12 və 9 yaşında olan uşaqların qida tələbatları, tibbi xərcləri, geyim-paltar xərcləri 2022-ci illə müqayisədə xeyli artmışdır. İddiaçı maddi çətinliklərlə üz-üzədir, 300 manat aliment məbləği ilə uşaqları saxlaya bilmir. Cavabdeh vergi ödəyicisidir, iş sertifikatı vardır, aylıq gəlirləri olduqca yüksəkdir, xarici avtomobillərin təmiri ustasıdır. Cavabdeh hər ay uşaqların yaşayış minimumunu – hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat aliment, hətta artıq vəsait də ödəməyə maddi imkanı çatır. Ona görə də məhkəmə uşaqların mənafeyini nəzərə almalı, cavabdehdən ümumilikdə 440 manat sabit pul məbləğində aliment tutmalıdır.
5. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, onun hazırda iş yeri yoxdur, qeyri-stabil gəliri yalnız özünə ərzaq almağa kifayət edir. O, 2014-cü ildən usta işləyir, işlədiyi yer üzrə 450 manat icarə haqqı, bundan əlavə aylıq 300 manat aliment ödəyir. Əlavə aliment ödəməyə isə maddi imkanı yoxdur. Özü ikinci dəfə nikaha daxil olmuşdur, lakin həmin nikahdan hələ övladı yoxdur. Odur ki, iddianın rədd olunmasını xahiş etmişdir.
6. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 10/2024 nömrəli qətnaməsi ilə (hakim H.S.Mahmudova) iddia tələbi qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-1052/2022 saylı qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilərək, hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat məbləğində müəyyən edilməsi, alimentin yeni qaydada tutulmasının hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, Cavabdeh hər ay sabit pul məbləğində tutularaq (uşaqlar yetkinlik yaşına çatanadək) İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə, cavabdehin maddi və ailə vəziyyəti ilə bağlı halları nəzərə alaraq alimentin hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab etmişdir.
8. Məhkəmə həmçinin hesab etmişdir ki, artırılmış məbləğdə aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır.
9. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)- 1052/2022 saylı qətnaməsinə əsasən tutulan alimentin miqdarı dəyişdirilərək, 400 manat müəyyən edildiyindən və artırılmış alimentin məbləği bir il ərzində 1000 manatdan az olduğundan, cavabdehdən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1, 78.2, 112.1-ci maddələrinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyndən hansının yanında qalması və uşaqlar üçün valideyndən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 №-li qərarının 8.14-cü bəndinə, Mülki Poressual Məcəlləsinin 112.1.3, 119.1, 119.2, 217.3, 217.4, 218.3, 233.4-cü maddələrinə, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.1, 9.1.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-1052/2022 saylı qətnaməsinin çıxarıldığı tarixdən indiyədək maddi vəziyyətində hər hansı dəyişiklik olmamasını, əksinə yeni ailə həyatı qurmağını nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, rəngsaz işləyir, iş olmayanda aliment borcu yaranır. Yaxşı halda 1.200-1.300 manat qazana bilir, icarə haqqı və aliment çıxıldıqda özünə az pul qalır. Yenidən ailə qurub, övladı yoxdur. Aliment heç olmasa 350 manat təyin edilsin.
15. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17, hissə İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
17. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
18. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
19. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı: - Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. - Aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
20. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 233.4 Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Hazırki işdə iddia qismən təmin olundugundan və apellyasiya şilkayətinin məzmununa əsasən qətnamə iş üzrə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası cavabdehi dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalıdır.
26. Alimentin təyin olunduğu vaxtdan artıq iki il müddət keçmiş, ödəmələrin miqdarını müəyyənləşdirən hallar, o cümlədən ölkə üzrə uşaqlar üçün yaşayış minimunun məbləği dəyişmişdir. Kollegiya hesab edir ki, hazırda iki uşağa görə alimentin 350 manat məbləğində müəyyən edilməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir.
27. Nəzərə alınmalıdır ki, qanunvericiliklə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmiş, birinci instansiya məhkəməsi isə alimentin miqdarını dəyişdirərək hər ay hər uşaq üçün 200 manat məbləğində müəyyən etmişdir. Yəni, cavabdehdən tutulmalı olan alimentin miqdarı yenə də qanunvericiliklə müəyyən edilmiş uşaqlar üçün yaşayış minimumundan azdır. Qeyd edilməlidir ki, aliment ödəyən valideynin az qazanca malik olması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissəsində ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
29. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
30. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 10/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: