Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2268/2022 03.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və ya zərərin aradan qaldırılması üçün pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “VAZ 21074” markalı avtomobilinin mühərrik işiğı yanmağa başladığından 04.04.2021-ci il tarixdə avtomobili ona xidmət edən mühərrik ustası Cavabdeh işlədiyi servisə gətirdiyini, baş verən nasazlıq haqqında ustaya ətraflı məlumat verərək mühərrikin səsinin bərk gəldiyini və yağın işığının yandığını dediyini, cavabdehin avtomobilin mühərrikinə baxış keçirdiyini və mühərrikin yağını və yağ fılterini yenisi ilə əvəz etdiyini, yenə də mühərrikin işığı yanarsa heç bir narahatlığa səbəb olmadığını, problemin yağın göstəricisində ola biləcəyini, yağın göstəricisi yandığı halda belə avtomobili idarə edə biləcəyini söylədiyini, ertəsi gün, yəni 05.04.2021-ci il tarixdə avtomobillə hərəkətdə olarkən yenidən mühərrikin işığının yanmağa başladığını və dəhal sonra mühərrikin fəaliyyətinin tamamilə dayandığını, avtomobili təxliyyə vasitəsi ilə cavabdehin yanına gətirdiyini, onun mühərriki təkrarən müayinə etdiyini və yağ kəfkirinin və karterin tutulduğunu bildirdiyini, mühərriki tamamilə xırda detallaradək sökdüyünü, lakin qüsuru mühərrikin ilkin müayinəsi zamanı müəyyən etməməsinə aydınlıq gətirə bilmədiyini, avtomobilin sıradan çıxmış mühərrikini öz vəsaiti hesabına təmir edəcəyinə söz versə də vədinə əməl etmədiyini, avtomobili cavabdehə təhvil verib getdiyini, bir müddət sonra avtomobili götürməyə gələrkən arxa şüşəsinin sındığını və mühərrikin təmir olunmadığını gördüyünü, cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) barədə Sabunçu RPİ-nin 15-ci PB-nə müraciət etdiyini, müvafiq araşdırma aparılaraq cavabdehin inzibati məsuliyyətə cəlb olunduğunu bildirmiş, buna görə də "VAZ 21074” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa şüşəsinin və mühərrikinin Cavabdeh vəsaiti hesabına tam təmir edilərək əvvəlki istismara tam yararlı vəziyyətə gətirilməsinin cavabdehin üzrərinə öhdəlik kimi qoyulması və ya arxa alın şüşəsinin və mühərrikin tam təmir olunaraq əvvəlki istismara tam yararlı vəziyyətə salınması üçün müəyyən olunan vəsait məbləğinin (1200 manatın), təxliyyə xərci olan 80 manatın və tərəfindən ödənilmiş 30 manat dövlət rüsumun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayət verən iddiaçı onun ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla, işin hərtərəfli araşdırmadığını və sübutlara düzgün hüquqi qiymət verilmədiyini, nəticədə qanunsuz nəticəyə gəlindiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, eyni zamanda cavabdehin, sınmış şüşənin əvəzinə yeni şüşə alıb ona verdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, iddiaçı onun yanına gələndə 1 saat əvvəl motorun təzyiqinin aşağı düşdüyünü və buna görə də maşının motoruna baxmasını istəmiş, maşına baxıb təzyiqinin yerində olduğunu, həmin təzyiq məsələsinin datçikə görə yarandığını bildirmiş, yanında başqa müştəri olduğu üçün iddiaçıya axşam gəlməsini söyləmiş, lakin iddiaçı axşam onun yanına gəlmədən sabahı gün maşınla yola çıxmış və səhər saatlarında zəng edərək maşının yolda qaldığını və evakuatorla yanına gəldiyini demişdir. İddiaçı maşını yanına gətirdikdə ilk əvvəl onu birlikdə düzəltməyi təklif etmiş, lakin maşını sökdükdən sonra maşının bu vəziyyətə gəlməyinə səbəbin guya o olduğu üçün bütün təmirin onun hesabına olmalı olduğunu bildirmiş, maşını birlikdə düzəltməyi təklif etsə də, iddiaçı həmin vaxt onunla heç bir kompromisə gəlməmiş, maşını qoyub getmişdir. Maşın servisdə olduğu zaman arxa şüşəsi çatlamış, hadisə onun servisində baş verdiyi üçün yeni şüşə alaraq Ağamirzəyə təhvil vermişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin bilavasitə tərəflərin özlərinin bildirdikləri ilə müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə iddiaçı, 2009-cu il buraxılışlı, “VAZ 21074” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilinin mühərrikində yaranmış problemin aradan qaldırılması üçün onu mühərrik ustası olan cavabdehin yanına gətirmiş, avtomobil cavabdehin yanında (mühafizəsində) olarkən onun arxa şüşəsi sınmış, cavabdeh sınmış şüşənin əvəzinə yeni şüşə alaraq iddiaçıya vermişdir. İşin mübahisəli halları isə ondan ibarətdir ki, iddiaçı avtomobili cavabdehin yanına ilk dəfə 04.04.2021-ci il tarixdə gətirdiyini, avtomobili müayinə edən cavabdehin mühərrikin yağını və yağ filterini yenisi ilə əvəz etdiyini və narahatlığa əsas olmadığını bildirdiyini, lakin ertəsi gün mühərrikin tamamilə sıradan çıxdığını, beləliklə buna, cavabdehin avtomobili qüsurlu müayinə etməsinin səbəb olduğunu iddia etsə də, cavabdeh iddiaçının ilk dəfə onun yanına gəldiyində başqa müştərisi olduğundan axşam gəlməli olduğunu dediyini, lakin iddiaçının buna əməl etməyərək ertəsi gün avtomobillə yola çıxdığını, bu səbəblə mühərrikdə yaranmış problemə görə məsuliyyət daşımadığını irəli sürmüşdür. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?. Bu mənada kollegiyanın qənaətinə görə iddiaçının, “avtomobilinin mühərrikində yaranmış nasazlığın aradan qaldırılması və ya bunun üçün tələb olunan pulun, habelə təxliyyə xərcinin tutulması” tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “malın, işin və ya xidmətin qüsurları nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi” ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 1128.1-ci maddəsinə görə, malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər; 1129.2-ci maddəsinə görə, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir; 1131ci maddəsinə görə isə, malın satıcısı və ya istehsalçısı, işin və ya xidmətin icraçısı zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya istehlakçının maldan, işin, xidmətin nəticələrindən istifadə və onları saxlama qaydalarını pozması nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Bununla yanaşı nəzərə alınmalıdır ki, həmin iddia tələbi üzrə sübutetmə yükü bilavasitə onu irəli sürən şəxsin üzərinə düşür və məhz iddiaçı, iddiasını əsaslandırdığı faktiki halların mövcudluğunu sübuta yetirməlidir. Belə ki, Mülki Məcəllənin 1132-ci maddəsinə görə, malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur. Kollegiya hesab edir ki, iddiaçı müvafiq iddia tələbini irəli sürməkdə subyektiv hüquq sahibi olsa da, tələbinin qanuni əsaslarının digər dispozitiv şərtlərinin mövcudluğu, yəni avtomobilin mühərrikində yaranan problemin cavabdehin təqsirli hərəkətlərinin nəticəsi olduğu öz təsdiqini tapmamışdır. Kollegiya hesab edir ki, iddiaçının “avtomobilin arxa şüşəsinin yararlı vəziyyətə salınması üçün müəyyən olunan vəsaitin cavabdehdən alınaraq ona ödənilməsi” tələbinin təmin olunması üçün də dispozitiv şərtlər mövcud deyildir; belə ki, həmin tələbin qanuni əsası kimi nəzərdən keçirilə biləcək Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə isə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir – iddiaçının özünün bildirdiyinə görə isə, avtomobilinin sınmış şüşəsinin əvəzinə yeni şüşə cavabdeh tərəfindən alınıb ona verilmişdir. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri üzrə düzgün nəticəyə gəlməklə apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3667/2021 saylı iş üzrə 01 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2268/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2268/2022
03.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver