Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-227/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı (cavabdeh) İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh, habelə digər iş üzrə iddiaçı X6 nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən, həmçinin X6 İddiaçı və “xxxx” QSC-nə qarşı “müqavilədən yaranan öhdəlik münasibətlərinin və əmlak üzərində mülkiyyət hüququnun tanınması, əmanət müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən bir icraatda birləşdirilmiş mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 38 002 ABŞ dolları məbləğində pulun, xx.xx.2015-ci il tarixdən həmin pul vəsaitinin ona ödəniləcəyi tarixədək hər il üçün 3420 ABŞ dolları faiz məbləğinin və 31 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh qardaşı X10 ilə 2001-ci il tarixdən qeyri-rəsmi nikaha daxil olaraq 2014-cü il tarixinə qədər Cəlilabad rayonunun Göytəpə qəsəbəsində yaşamış, ailə münasibətlərindən 2005-ci ildə Nərmin, 2008-ci ildə Elvin və Əyyub adını verdikləri uşaqları dünyaya gəlmişdir. Göytəpədə yaşadığı 13 il ərzində 1 hektar sahədə tərəvəz məhsulları əkərək satmış, əldə etdiyi pulun bir hissəsini özünün və uşaqlarının tələbatına xərcləmiş, qalan pul vəsaitini isə yığmışdır. 2014-cü ildə Azər Qarayev onu və uşaqlarını tərk edərək başqa bir qadınla qeyri-rəsmi ailə qurub onunla Rusiya Federasiyasına getmiş, beləliklə ailə münasibətləri pozulmuş, bundan sonra uşaqları ilə birlikdə adına olan Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi 11F saylı evin 40 nömrəli mənzilinə köçərək orada yaşamağa başlamışdır. Özünün və uşaqlarının tələbatını təmin etmək məqsədilə 2015-ci ilin ortalarında “xxxx” Qapalı Səhmdar Cəmiyyətində adına hesab açdıraraq uzun illər ərzində tərəvəz məhsulları əkərək satıb yığdığı 38 000 (otuz səkkiz min) ABŞ dolları məbləğində pulu həmin hesaba qoymuş, lakin xx xxxxxxx 2015-ci il tarixdə həmin pul vəsaiti Cavabdeh tərəfindən qanunsuz olaraq hesabdan çıxarılaraq mənimsənilmişdir. Cavabdeh tərəfindən bu qanunsuz məqsədin həyata keçirilməsi üçün Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov kiiçəsi 11F saylı evin 40 nömrəli mənzilinə dair adına çıxarış almaq üçün vermiş olduğu 16 nöyabr 2012-ci il tarixli etibarnamədən istifadə edilmişdir. Cavabdeh həmin etibarnamə əsasında mənzilə dair heç bir sənədləşdirmə aparmamış, ondan etibarnamə alarkən başqa məqsədi olmuş, etibarından sui-istifadə edərək pul vəsaitini qanunsuz olaraq bankdan çıxarmış, əmlakından qanunsuz olaraq məhrum edərək ona zərər vurmuşdur. Həmin pul vəsaitinin cavabdeh tərəfindən qanunsuz olaraq bankdan çıxarılаraq mənimsənilməsi nəticəsində adi mülki dövriyyə nəticəsində əldə edəcəyi gəlirdən də məhrum olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 37680 ABŞ dolları məbləğində pulun ödəniş gününə manat məzənnəsi ilə, həmçinin 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə; Cavabdeh şikayət verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, bank tərəfindən depozit hesabında olan məbləğə görə ona illik 5 faiz məbləğində pul ödənilməli olmuş, cavabdeh tərəfindən xx xxxxxxx 2015-ci il tarixdə 37 680 (otuz yeddi min altı yüz səksən) ABŞ dolları məbləğində pul vəsaiti çıxarılaraq özününküləşdirilməklə həmin vəsaitdən hər il üçün əldə 1884 (min səkkiz yüz səksən dörd) ABŞ dolları gəlir əlindən çıxmış, məhkəmə isə işin bu halını nəzərə almadan və sübutlara düzgün hüquqi qiymət vermədən qanunsuz qərar çıxarmışdır. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni yalnız iddiaçının heç bir dəlil və sübuta əsaslanmayan iddia ərizəsini köçürməklə əsaslandırmış, işin faktiki hallarına və sübutlara düzgün hüquqi qiymət verməmiş, bununla da qeyri-obyektiv qətnamə çıxarmışdır. İddiaçının səlahiyyətli nümayəndəsi məhkəmə araşdırması zamanı izahat verərkən iddia ərizəsinin məzmunundan fərqli olaraq mübahisəli pul məbləğinin həm təsərrüfatla məşğul olmaqla, həm də iddiaçının maddi cəhətdən imkanlı olan həyat yolaşı Azər Qarayev tərəfindən ona verdiyi pul vəsaitindən yarandığını bildirmiş, bu ziddiyyətli məqam mənkəmə tərəfindən nəzərə alınmamışdır. Halbuki İddiaçı heç bir təsərrüfatla məşğul olmamış, yalnız azyaşlı uşaqlarına baxmış, ailənin yeganə qazanc mənbəyi qardaşı Azər Qarayevin gəliri olmuşdur. X3 sahibkarlıq fəaliyyəti ilə məşğul olan qardaşlarından birinin - Əyyub Qarayevin ölümündən sonra onun mənzilinin satışından əldə edilmiş vəsait qardaşları arasında bərabər bölünmüş, onun payına da 40 000 (qırx min) manat pul ayrılmışdır. Qardaşları ona zəng edərək hər birinin payına düşən pul vəsaitini Cəlilabadda "xxxx" QSCnin fılalına yerləşdirmək istədiklərini bildirmiş, həmin vaxt Bakı şəhərində olduğu üçün payına düşən pul vəsaitini qardaşı Azərin həyat yoldaşı İddiaçı adına depozitə qoyulmasını xahiş etmişdir. Belə ki, bütün qardaşlarının ailə üzvlərinin bir çoxunun, o cümlədən İddiaçı adından onun adına etibarnamə olmuşdur. Həmin etibarnamə əsasında "xxxx" QSC-də İddiaçı adına açılan depozit hesabından pul vəsaitini xx xxxxxxx 2015-ci il tarixdə götürərək öz ailəsinin ehtiyacları üçün xərcləmişdir. Birinci instansiya məhkəməsi iddiaçının iddia etdiyi pul məbləğinin həqiqətən də ona məxsus olub-olmadığını müəyyən etmədən və həmin pul məbləğinin haradan və hansı mənbədən əldə edildiyini araşdırmadan, hər hansı sübut və dəlil olmadan iddianın qismən təmin olunması barədə qətnamə çıxarmışdır. Halbuki mülki işin materiallarından da təsdiq olunur ki, mərhum qardaşı Əyyub Qarayevin ölümündən sonra onun mənzilinin satışından əldə olunmuş vəsait qardaşları arasında bərabər bölünmüş, onun payına da 40 000 (qırx min) manat pul ayrılmış, həmin pul vəsaitləri eyni gündə və eyni vaxta qardaşların adına "xxxx" QSC-nin Cəlilabad filalına yerləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh apellyasiya şikayəti təmin olunaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi qismən - Cavabdeh 37 680 ABŞ dolları məbləğində pulun ödəniş gününə manat məzənnəsi ilə, həmçinin 30 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İşə yenidən apellyasiya qaydasında baxılarkən Cavabdeh İddiaçı qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsində “müqavilədən yaranan öhdəlik münasibətlərinin və əmlak üzərində mülkiyyət hüququnun tanınması” predmetli iddia qaldırdığı müəyyən olunduğundan işin icraatı dayandırılmış, sonradan icraatın dayandırılmasına əsas təşkil edən mübahisə üzrə Xətai Rayon Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixdə qətnamə qəbul olunduğu müəyyən edildiyindən işin icraatı təzələnmiş, bununla belə, X6 sözügedən qətnaməyə istinadən İddiaçı və “xxxx” QSC-yə qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsində qaldırdığı “müqavilədən yaranan öhdəlik münasibətlərinin və əmlak üzərində mülkiyyət hüququnun tanınması, əmanət müqaviləsinin ləğv edilməsi” predmetli iddiası üzrə xx.xx.2020-ci il tarixdə qətnamə çıxarıldığı, iddianın təmin olunaraq X6 xx.xx.2015-ci il tarixli müddətli əmanət hesabı müqaviləsi vasitəsilə “xxxx” QSC-nin Cəlilabad filialına İddiaçı adına qoyulmuş, xx.xx.2015-ci il tarixli müddətli əmanət hesabı müqaviləsi ilə İddiaçı adına 38 004 ABŞ dolları məbləğinə konvertasiya olunmuş 40 000 manat pul vəsaiti üzərində mülkiyyət hüququnun tanınmasının, “xxxx” QSC-nin Cəlilabad filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli müddətli əmanət hesabı müqaviləsinin və xx.xx.2015-ci il tarixli müddətli əmanət hesabı müqaviləsinin etibarsız hesab edildiyinin qət olunduğu məlum olduğundan icraat təkrarən dayandırılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını və müvafiq iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin preyudisiya institutunu düzgün tətbiq etmədiyini, digər məhkəmə prosesində banka qoyulmuş pul vəsaitinin Cavabdeh aid olduğunun iddia edilməsinə baxmayaraq, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qanunsuz qətnaməsindən sonra pulun Azər Qarayevə aid olduğunu iddia etdiklərini nəzərə almadığını, əsassız və ədalətsiz nəticəyə gəldiyini irəli sürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə icraatı dayandırılmış işlə həmin işin dayandırılmasına əsas təşkil edən işin, yəni X6 İddiaçı və “xxxx” QSC-yə qarşı “müqavilədən yaranan öhdəlik münasibətlərinin və əmlak üzərində mülkiyyət hüququnun tanınması, əmanət müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki işin bir icraatda birləşdirilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) X4 və həm Cavabdeh, həm də X6 nümayəndəsi (vəkili) X5 hər biri müvafiq apellyasiya şikayətlərini müdafiə etmiş, “xxxx” QSC-nin nümayəndəsi isə məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən verilən şikayətlər üzrə işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin həmin işlə bağlı əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin sözügedən işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı məzmunda olmuşdur: “...Apellyasiya instansiyası məhkəməsi İddiaçı iddia tələbini rədd edərkən onun bank hesabına 40 000 ABŞ dolları məbləğində pul vəsaitinin faktiki əri X6 mərhum qardaşı Əyyub Qarayevin ölümündən sonra, onun 340 000 manata satılmış evindən əldə edilmiş vəsaitin qardaşlar arasında bölünməklə Cavabdeh ayrılmış pay kimi sonuncunun xahişi ilə qoyulmasını, İddiaçı həmin pul məbləğini təsərrüfatdan əldə etdiyi vəsait hesabına banka qoymasını sübuta yetirə bilməməsini, həmin məbləğin iddiaçıya məxsus olmamaqla əslində cavabdehin mülkiyyəti olmasını və onun da əmlakı üzərində istədiyi kimi sərəncam vermək hüququna malik olmasını əsas göstərmiş, bu zaman hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci maddələrinə istinad etmişdir. ...Kollegiya hesab edir ki, qətnamə sübutlara, qanunun tələblərinə və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından qanuni sayıla bilməz. İş materiallarından görünür ki, mübahisə predmeti olan pul məbləği iddiaçı ilə bank arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli müddətli əmanət hesabı müqaviləsinə əsasən iddiaçının adından bankdakı cari hesabına qoyulmuş, həmin pul vəsaitini banka yerləşdirməmişdən əvvəl iddiaçının adına hesab açılmış, bundan sonra bağlanmış əmanət hesabı müqaviləsinə əsasən bank əmanət üzrə faizlərin ödənilməsi və əmanətin qaytarılması barədə iddiaçı qarşısında üzərinə öhdəlik götürmüşdür. Əmanət hesabı müqaviləsinin 4-cü bəndinə görə əmanət üzərində sərəncam vermək hüququ əmanətçiyə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 954.1-ci maddəsinə görə bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Həmin Məcəllənin 957-ci maddəsinə əsasən hesabdan vəsaitin köçürülməsi və verilməsi haqqında müştərinin adından sərəncamlar verən şəxslərin hüquqları qanunda nəzərdə tutulmuş, qanuna əsasən bank qaydaları və bank hesabı müqaviləsi ilə müəyyənləşdirilmiş sənədlərin müştəri tərəfindən banka təqdim olunması yolu ilə təsdiq edilir (957.1). Üçüncü şəxslərin tələbi ilə, o cümlədən müştərinin bu şəxslər qarşısında öhdəliklərini yerinə yetirməsi ilə bağlı tələbi üzrə müştəri pul vəsaitinin hesabdan silinməsi haqqında banka sərəncam verə bilər. Bank belə sərəncamları bu şərtlə qəbul edir ki, müvafiq tələb irəli sürülərkən onu irəli sürməyə hüququ çatan şəxsi eyniləşdirməyə imkan verən lazımi məlumatlar həmin sərəncamlarda yazılı formada göstərilmiş olsun (957.2). Mübahisə predmeti olan pul vəsaiti əşya hüququ əsasında (Mülki Məcəllənin 135.1-ci maddəsi) iddiaçıya məxsus olmaqla onun üzərində sərəncam vermək hüququ da ona aid olduğundan (Mülki Məcəllənin 954, 957-ci maddələri), kollegiya hesab edir ki, həmin pul vəsaiti mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmuşdur. Belə olan halda həmin pul vəsaitinin cavabdehə məxsus olmaqla onun mülkiyyəti olması barədə məhkəmə kollegiyasının göstərdikləri qanunun yuxarıda göstərilən normalarının tələblərinə ziddir. İşdən görünür ki, cavabdeh tərəfindən əmanət müqaviləsinin qanuniliyi mübahisələndirilməmiş, yalnız iddiaçının adından verilmiş etibarnamədən istifadə etməklə cavabdeh həmin pul məbləğini bankdan götürmüşdür. Bununla əlaqədar kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən həmin pul məbləğinin bankdan götürülməsinin qanuniliyinə və əsaslılığına qiymət verməklə mübahisəni həll etməli idi. Qeyd olunduğu kimi cavabdeh tərəfindən iddiaçının adından yerləşdirilmiş pul vəsaitinin götürülməsi onun banka təqdim etdiyi xx xxxxxx 2012-ci il tarixli etibarnamə əsasında həyata keçirilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən ona məxsus əmlaka sərəncam hüququ verən etibarnamə cavabdehə xx xxxxxx 2012-ci il tarixdə verilmiş, mübahisə predmeti olan əmanət isə iddiaçı tərəfindən banka xx xxxxxx 2015-ci il tarixdə, yəni etibarnamənin verildiyi vaxtdan təxminən üç il sonra qoyulmuşdur. Bu isə mübahisəsiz təsdiq edir ki, etibarnamə verilərkən əmanət şəklində banka qoyulmuş pul məbləği iddiaçının mülkiyyətində olmamışdır. xx xxxxxx 2012-ci il tarixli etibarnamənin məzmunundan isə görünür ki, iddiaçı göstərilən etibarnamə ilə həmin müddətə onun mülkiyyətində olan əmlakı üzərində sərəncam vermək hüququnu cavabdehə etibar etmişdir. Həmin etibarnamədə gələcəkdə yarana biləcək əmlak üzərində sərəncam vermək hüququnun cavabdehə etibar edilməsi nəzərdə tutulmamışdır. Belə olduqda, cavabdehin iddiaçının adına qoyulmuş pul vəsaitini bankdan götürmək səlahiyyətinə malik olubolmamasına hüquqi qiymət verilməli idi. İddiaçıya görə o, xx xxxxxx 2012-ci il tarixli etibarnaməni cavabdehə ona məxsus yaşayış sahəsinə Dövlət Reyestrindən çıxarışın alınması üçün vermişdir. Etibarnamənin verildiyi vaxtdan xeyli sonra yaranmış mülkiyyətinin cavabdeh tərəfindən ələ keçirilməsi iddiaçının iradəsinə uyğun olmamışdır. Cavabdehin vəkilinin məhkəmə kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli məhkəmə iclasında verdiyi izahatından görünür ki, cavabdeh həmin pul vəsaitini qardaşı Azərlə onun faktiki arvadı olan İddiaçı arasında mübahisə yaranandan sonrakı gün bankdan götürmüşdür”. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq, həmçinin iş materiallarındakı sübutların məcmusuna qiymət verərək kollegiya hеsаb еdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi şikayət qismən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən onun verdiyi şikayət tam təmin olunmalı, Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi şikayət isə təmin olunmamalıdır. İşin müəyyən edilən halına görə İddiaçı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "Cəlilabad" filalı (bank) arasında xx xxxxxx 2015-ci il tarixdə bağlanmış “müddətli əmanət hesabı müqaviləsi” əsasında Vəfa İbrahimova banka illik 5 faizlə, 12 ay müddətinə 38 004 (otuz səkkiz min dörd) ABŞ dolları məbləğində əmanət yerləşdirmiş, onun tərəfindən Cavabdeh 30 il müddətinə verilmiş xx xxxxxx 2012-ci il tarixli etibarnamə əsasında sonuncu, iddiaçının bank hesabından 10 sentyabr və xx xxxxxxx 2015-ci il tarixlərdə əmanətə görə hesablanmış faizləri, xx xxxxxxx 2015-ci il tarixdə isə qalıq əmanət olan 37 680 ABŞ dolları məbləğində pulu bütünlüklə bankdan götürmüş, götürdüyu vəsaiti öz ehtiyacları üçün sərf etmişdir. Kollegiya, kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanların təkrar vurğulanmasına zərurət görməyərək qeyd edir ki, həmin pul məbləğinin Cavabdeh tərəfindən etibarnamə əsasında bankdan çıxarılması iddiaçının mənafeyinə uyğun olmamışdır. Belə ki, Ali Məhkəmənin qərarında da qeyd olunduğu kimi, İddiaçı etibarnaməni Cavabdeh xx xxxxxx 2012-ci il tarixdə vermiş, mübahisə predmeti olan əmanət isə İddiaçı tərəfindən banka xx xxxxxx 2015-ci il tarixdə, yəni etibarnamənin verildiyi vaxtdan təxminən üç il sonra qoyulmuşdur. Etibarnamədə gələcəkdə yarana biləcək əmlak üzərində sərəncam vermək hüququnun Cavabdeh etibar edilməsi nəzərdə tutulmadığından, kollegiya hesab edir ki, onu İddiaçı adına qoyulmuş pul vəsaitini bankdan götürmək səlahiyyəti olan şəxs kimi qəbul etmək mümkün deyildir. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2013-cü il tarixli Qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsinin olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Həmin Məcəllənin 337-ci maddəsinə görə isə, “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır”. Şərh edilənlərə əsasən kollegiya, Cavabdeh apellyasiya şikayətini əsassız hesab edir və İddiaçı iddia tələbinin təmin olunan hissəsi üzrə Nəsimi Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür. İddiaçı Nəsimi Rayon Məhkəməsinin qətnaməsindən verdiyi şikayəti isə kollegiya qismən əsaslı hesab edir; belə ki, onun illik 5% dərəcəsi ilə 12 ay müddətinə banka yerləşdirmiş olduğu 38 004 ABŞ dolları vəsaitin Cavabdeh tərəfindən qanunsuz olaraq müddətindən əvvəl bankdan çıxarılması nəticəsində İddiaçı əldə edəcəyi 1900,2 ABŞ dolları faiz gəlirindən (38 004 ABŞ dolları x 5% = 1900,2 ABŞ dolları) məhrum olmuşdur. İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi şikayətlə bağlı isə kollegiya aşağıdakıları qeyd edir: Həmin qətnamənin aid olduğu iş üzrə Azər Qarayev iddia tələbini qardaşı Cavabdeh Nəsimi Rayon Məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində irəli sürdüyü arqumentlərlə əsaslandırmış, bununla belə, Cavabdeh mübahisəsi gedən pul vəsaitinin özünə məxsus olduğunu iddia etdiyi halda, Azər Qarayev pulun ona məxsus olduğunu iddia etməklə bunun Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edildiyini bildirmişdir. İşin hallarından aydın olur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hazırda yoxlanılan qətnaməsində də istinad olunan sözügedən qətnamə (xx.xx.2019-cu il tarixli qətnamə) Cavabdeh İddiaçı qarşı “pul vəsaiti üzərində mülkiyyət hüququnun tanınması və müqavilənin etibarsız hesab olunması” tələbi üzrə çıxarılmış, həmin işə baxan məhkəmə (hakim) şahid ifadələrinə əsaslanmaqla mübahisəsi gedən “əmanət məbləğinin nə iddiaçıya, nə də cavabdehə deyil, iddiaçının qardaşı Azər Qarayevə məxsus olduğunu” müəyyən etmişdir. Kollegiya hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsində qeyd olunan hal, hazırda yoxlanılan qətnamənin aid olduğu iş baxımından preyudisial əhəmiyyət kəsb edə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar yalnız işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. Yuxarıda qeyd olunduğu kimi, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi Cavabdeh İddiaçı qarşı qaldırdığı iddia əsasında çıxarılmış, Azər Qarayev həmin işdə tərəf olmamışdır; bu isə o deməkdir ki, həmin qətnamə ilə müəyyən olunmuş hesab edilən hal Azər Qarayevə münasibətdə preyudisiyal əhəmiyyət kəsb edə bilməz və onun tərəfindən müvafiq qaydada sübuta yetirilməlidir. Məsələ ilə bağlı Azərbaycan Respublikasının Konstitusya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2016-cı il tarixli Qərarında aşağıdakıları qeyd etmişdir: “...Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Mülki Prosessual Məcəllədə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar. ...Mülki məhkəmə icraatında çəkişmə prinsipi əsasən iki şərti nəzərdə tutur: - işin faktiki tərəfi ilə, yəni iş üçün əhəmiyyət kəsb edən faktların mülki icraatın tərəfləri tərəfindən sübut edilməsi; - məhkəmədə tərəflərin hüquqi mövqeyinin əsaslandırılması və müdafiəsi. Bununla yanaşı, qanunverici bütün hallarda prosesin çəkişmə prinsipini təmin etmək vəzifəsini hakimin üzərinə qoymuşdur. Bu ilk növbədə hakimin öz qərarını çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, tərəflərin verdiyi izahatlarla və sənədlərlə əsaslandırması ilə şərtləndirilmişdir. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarı). ...Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu xx xxxx 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. ...Göründüyü kimi, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. Məhkəmənin həmçinin, məhkəmə araşdırılmasının gedişində aşkara çıxan yeni hallara istinad edərək, iddianın əsasına əlavə etmək hüququ vardır. Məhkəmə qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxdıqda, bu barədə qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərməlidir. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənləri təhlil edərək belə nəticəyə gəlir ki, mülki iş üçün əhəmiyyətli olan faktlar və hallar iddia tələbinə və (və ya) etirazların predmetinə aid olmalı, məhkəmədə araşdırılmalı, eləcə də məhkəmə qətnaməsində əks olunmalı və qiymətləndirilməlidir. Mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddia tələbinə aid olmayan sübutların araşdırılıb, həmin sübutlar əsasında iddianın predmetinə aid olmayan hallarla bağlı müəyyən edilən faktların həmin şəxslərin iştirak etdiyi başqa bir iş üzrə preyudisial əhəmiyyət daşıyıb-daşımaması məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. ..Müki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. ...Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. ...Preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir”. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, X11 Hüseynovaya və “xxxx” QSC-nə qarşı “müqavilədən yaranan öhdəlik münasibətlərinin və əmlak üzərində mülkiyyət hüququnun tanınması, əmanət müqaviləsinin etibarsız hesab olunması” tələbinin təmin olunması üçün hüquqi əsaslar mövcud deyildir. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi üçün İddiaçı ödəmiş olduğu dövlət rüsumlarının əvəzi qismində 65,40 manat Cavabdeh alınaraq ona ödənilməli, Cavabdeh apellyasiya şikayəti üçün ödədiyi rüsum məbləği isə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-577/2018 saylı iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti qismən təmin olunsun. Həmin qətnamə İddiaçı mübahisələndirdiyi hissədə, yəni “xx.xx.2015-ci il tarixdən həmin pul vəsaitinin ona ödəniləcəyi tarixədək hər il üçün 3420 ABŞ dolları faiz məbləğinin xeyrinə tutulması” tələbinin təmin edilməməsi hissəsində ləğv olunsun və sözügedən tələb qismən təmin edilsin. Cavabdeh 1900,2 (min doqquz yüz dollar 2 sent) ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) pul tutulsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-577/2018 saylı iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin və qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-648/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun və həmin qətnamə ləğv edilərək yeni qətnamə çıxarılsın. X6 İddiaçı və “xxxx” QSC-nə qarşı “müqavilədən yaranan öhdəlik münasibətlərinin və əmlak üzərində mülkiyyət hüququnun tanınması, əmanət müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı ödəmiş olduğu dövlət rüsumlarının əvəzi qismində 65,40 (altmış beş manat 40 qəpik) manat Cavabdeh alınaraq ona ödənilsin; Cavabdeh apellyasiya şikayəti üçün, Azər Qarayevin iddia ərizəsini verərkən ödədikləri rüsum məbləğləri isə onların özlərinə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-227/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-227/2020
13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver