Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2272/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin qəbul etdiyi 2(009)-2094/2019 saylı xx.xx.2019-cu il tarixli qətnamədən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə 11 mart 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov küçəsi, ev 22, mənzil 13-də yaşayan Cavabdeh 58000 (əlli səkkiz min) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2094/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 15000 (on beş min) manat pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əvvəla iddiaçı ilə cavabdeh arasında AR MM-nin 329.2-ci maddəsinə uyğun olaraq hər ikisi tərəfindən imzalanmış yazılı müqavilə var. Yəni, cavabdeh qeyd edib ki, 34.000 manat pulu alaraq əvəzində evi İddiaçı satmışdır. Aralarındakı bu alqı-satqının daha da mükəmməl və etibarlı olması üçün xx.xx.2018-ci ildə Bakı şəhəri 2 nömrəli notariat kontorunda cavabdeh tərəfindən mülki etibarnamə verilmişdir. İcra Hakimiyyəti tərəfindən iddiaçının orada yaşaması barədə verilən arayışda və qonşuların birgə təsdiq etdikləri ərizədə həqiqətən də 42 nömrəli evin ona məxsus olması və orada ailəvi yaşaması öz təsdiqini tapıb. Cavabdehin heç bir yazılı və əsaslı sübutu olmasa da, məhkəmə ona qarşı yumşaq mövqedə durmuş və elə bunun əsasında da qeyri-qanuni və əsassız qətnamə çıxarmışdır. Yəni, məhkəmə 58.000 manatın yerinə düzgün olmayaraq 15.000 manatın ona verilməsini qət etmişdir. Eyni zamanda Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə onun arasında razılaşma olub ki, Bakı şəhəri, Səbail rayonu, Əliyarov qardaşları küçəsində “Bayıl Yamacları” adlanan sahədə onun tərəfindən təzə tikilən 2 otaqlı mansardlı ev İddiaçı 42.000 manata satılsın. Bununla bağlı İddiaçı ona 34.000 manat pul vermişdir. Razılaşma əldə ediləndən sonra həmin evin ərazisi sürüşmə zonası kimi elan edildi. Səlahiyyətli orqanlar tərəfindən həmin ev onun adına qeydiyyata alındı. Ev sürüşmə zonasına düşəndə İddiaçı ondan verdiyi pulu geri istədi və həmin məbləğ onda olmadığına görə qaytara bilməmişdir. Dövlət tərəfindən verilən aylıq 200 manat kirayə mənzil haqqı kart vasitəsi ilə verilirdi, həmin kartı İddiaçı vermişdi. Etibarnaməni İddiaçı vermişdi ki, o rahat olsun ki, o, kompensasiyanı alandan sonra onun pulunu verəcək. Ona evə görə 108.000 manat kompensasiya məbləği verilməsi ilə əlaqədar iddiaçı ilə aralarında yaranmış mübahisələr zamanı iddiaçıya 55000 manat pul ödəsə də, iddiaçı ona 50000 manat ödənildiyini etiraf etmişdir. İddiaçıya 34000 manat ödəməli olduğu halda 55000 manat pulu aralarında narazılıq olmasın deyə ödəmişdi, lakin bundan iddiaçı yenə də narazı qalmış və məhkəməyə müraciət etmişdir. İddiaçının bu tələbinin hər hansı hüquqi əsası olmasa da, məhkəmə onun iddiasını qismən təmin edərək 15000 manat pulun ondan tutulması barədə qətnamə qəbul etmişdir ki, bu da əsassız olmuşdur. Belə ki, əslində məhkəmə tərəflər arasında bağlanmış əqdin dövlət reyestrində qeydə alınmayan daşınmaz əmlakla bağlı olmasına əsasən etibarsız əqd olmasına qiymət verməli idi və yalnız əqd üzrə alınmış məbləğin iddiaçıya geri qaytarılmalı olduğunu müəyyən etməli idi. Hər iki apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və onlara baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, xx.xx.2020-ci il tarixə isə təxirə salınmışdır. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh bu barədə lazımi qaydada xəbərdar olunsa da, iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İşdə iştirak edən iddiaçı hazırki işə cavabdehin iştirakı omadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı öz apellyasıya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, cavabdehə dövlət tərəfindən verilmiş 108000 manat kompensasiyadan ona çatmalı olan məbləğin 65000 manat olması ilə bağlı tərəflər arasında şifahi razılığın olduğunu, lakin həmin pulun tam olaraq ona ödənilmədiyini bildirmiş, buna görə də öz apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, hər iki apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarından müəyyən olunur ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh tərəfindən imzalanmış qəbzə əsasən o, Bakı şəhəri, Bayıl qəsəbəsi, Əliyarov qardaşları küçəsində tikdiyi 2 mərtəbəli mansardlı evini İddiaçı 42000 (qırx iki min) manat məbləğində pula satmışdır. İşdə olan Xəzər Mahmudlu, Məmi Məmmədov, Xankişi Nuriyev, Əli Həsənov, Zöhrab Muradov, Ədalət Məmmədov, Eldar Məmmədov, Nüsrət Mahmudov, Vüqar Əhmədov, Əhliman Əsədov, Bayram Quluyev, Nazim Novrozov, İntiqam Məmmədov və Orxan Əhmədov tərəfindən imzalanmış aktdan görünür ki, onlar 2018-ci ildə Bayıl qəsəbəsi, Bayıl yamacı adlanan yerdə təzə tikilmiş 42 nömrəli mansardlı mənzili makler Rövşən adlı şəxsdən İddiaçı almış və ev sökülənədək ailəsi ilə birlikdə orada yaşamalarını təsdiq etmişlər. Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 46 saylı MKİS tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 2/533 nömrəli arayışa əsasən İddiaçı həqiqətən Səbail rayon “Bayıl yamacları” adlanan sahədə yerləşən 42 nömrəli mansarlı evdə xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə qədər yaşamış, təxriyyə dövründə müavinat almaq üçün verilmiş bank kartını və evin sökülərək 46 saylı MKİS-nə təhvil verilməsini həyata keçirmişdir. Bakı şəhəri, Səbail rayonu ərazisində Bayıl dərəsinin yamacları boyunca baş vermiş torpaq sürüşməsi ilə əlaqədar köçürülməsi zəruri olan fərdi yaşayış evlərində yaşayan sakinlərə birdəfəlik maddi yardımın ödənilməsi barədə Azərbaycan Respublikası Baş Nazirinin xx.xx.2019-cu il tarixli 356s nömrəli Sərəncamından görünür ki, Bakı şəhəri, Səbail rayonu ərazisində Bayıl dərəsinin yamacları boyunca (“Teleqüllə” kompleksinin yaxınlığında) torpaq sürüşməsi ehtimalının olduğu ərazidəki 92 fərdi yaşayış evində yaşayan ailələrin, o cümlədən 27 məcburi köçkün ailəsinin ərazidən köçürülməsi məqsədilə hər bir ailəyə onların yaşadıqları evlər üçün müvafiq qaydada müstəqil qiymətləndirici tərəfindən hesablanmış məbləğdə, lakin bir fərdi ev üçün 35000 manatdan az olmamaq şərtilə bu Sərəncama əlavə edilmiş Siyahıya uyğun olaraq birdəfəlik maddi yardımın ödənilməsi və Bu Sərəncamın 1- ci hissəsində göstərilən 92 fərdi yaşayış evində yaşayan ailələrin qəza təhlükəli ərazidən köçürülməsi ilə əlaqədar birdəfəlik maddi yardımın ödənilməsi üçün 8.920.312 manat, bank xərcləri üçün 31.221 manat, fərdi yaşayış evlərinin sökülməsi və söküntü işləri başa çatdırıldıqdan sonra ərazinin abadlaşdırılması üçün 250.000 manat olmaqla, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Səbail Rayon İcra Hakimiyyətinə cəmi 9.201.533 manat məbləğində vəsait ayrılması qərara alınmış, eləcə də Azərbaycan Respublikası Maliyyə Nazirliyinə Sərəncamın 2-ci hissəsi ilə ayrılan vəsaitin 3 (üç) gün müddətində Səbail Rayon İcra Hakimiyyətinə ödənilməsini təmin etməsi tapşırılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdi ki, Cavabdeh tərəfindən Səbail rayonu, Əliyarov Qardaşları küçəsində "Bayıl Yamacları" adlanan sahədə təzə tikdirdiyi 2 otaqlı mansardlı evi 42000 manata iddiaçıya satmış və bununla bağlı aralarında Azərbaycan Respublikası MM-nin 329.2-ci maddəsində nəzərdə tutulduğu kimi hər ikisinin imzası ilə təsdiqlənmiş yazılı müqavilə bağlanmışdır. Tərəflər arasında satış predmeti olan ev Səbail rayonu “Bayıl yamacları” adlanan sahədə yerləşərək sürüşmə zonasına düşdüyü və torpaq sürüşməsi ehtimalının olduğu ərazidəki 92 fərdi yaşayış evində yaşayan ailələrin qəza təhlükəli ərazidən köçürülməsi ilə əlaqədar birdəfəlik maddi yardımın ödənilməsi üçün Azərbaycan Respublikası Baş Nazirinin xx.xx.2019-cu il tarixli, 356s nömrəli Sərəncamı qəbul edilmişdir. Səlahiyyətli orqanlar tərəfindən əhali təxliyyə olunarkən 98 ev qeydiyyata alınmış və bu vaxt iddiaçının aldığı 42 nömrəli ev cavabdehin adına qeydiyyata götürülmüş, bundan sonra vətəndaşlar dövlət tərəfindən mənzil haqqı (200 manat) ödənilməklə 1 il müddətinə evlərindən təxliyyə edilmişlər. xx.xx.2019-cu ildə Nazirlər Kabineti tərəfindən kompensasiya verilməsi haqda təsdiqlənmiş qərar əhaliyə çatdırıldıqdan sonra 42 nömrəli 119 kv/metrlik evə görə dövlət tərəfindən ayrılan 108000 manat pul kompensasiyasını cavabdeh xx.xx.2019-cu ildə X4 rayon filialından almışdır. İddiaçının tələbinə əsasən bu pul məbləğinin müəyyən xahişlərdən sonra 50000 manatını cavabdeh ona qaytarmış, qalan 58000 manatını isə qaytarmamışdır. Dəfələrlə istəməsinə baxmayaraq cavabdeh onun qalan pulunu qaytarmamış və ümumiyyətlə qaytarmayacağını bildirmişdir. Bununla bağlı iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, işə birinci instansiya məhkəməsində baxılarkən hər iki tərəf tələb və etirazlarının əsası kimi istinad etdiyi halların əsaslı olmasını təkid etmələrinə baxmayaraq sonradan izahatlarına dəyişiklik etmişlər və hər iki tərəf dövlət tərəfindən evə görə ayrılan 108000 manat kompensasiyanın 65000 manat məbləğinin iddiaçıya, qalan məbləğinin isə cavabdehə aid olmasına dair aralarında razılığın olmasını bildirmişlər. Bu fakt iddiaçı tərəfin təqdim etdiyi şahid X1 ifadəsində də öz təsdiqini tapmışdır. Həmçinin iddiaçı apellyasiya baxışı zamanı da tərəflər arasında belə bir razılaşmanın olduğunu inkar etməmişdir. Bununla da iş üzrə müəyyən olunur ki, cavabdeh tərəfindən alınmış kompensasiyadan 50000 manatın iddiaçıya verilməsi faktı işin mübahisəsiz halıdır. İşin mübahisəli halı isə ondan ibarətdir ki, hər iki tərəf alınan kompensasiyadan 65000 manatın iddiaçıya verilməsi ilə bağlı razılığa gəlsə də, həmin məbləğin qalan 15000 manatı iddiaçıya verilməmişdir. Birinci instansiya məhkəməsi cavabdehin iddiaçıya evə görə 65000 manat ödəməsini şifahi formada öhdəsinə götürməsini və bu məbləğdən 50000 manat ödənilməsini şahidlərin də ifadələrində təsdiq etmələrini, cavabdehin isə iddiaçıya 50000 manat deyil, 55000 manat pulun ödənilməsini, yəni əlavə olaraq 5000 manatı iddiaçının göstərişi ilə dediyi şəxsə verməsi ilə bağlı heç bir sübut növü təqdim etməməsini, 10000 manat məbləğin isə evə görə hansı işlərə və ya hansı məqsədlərə xərcləməsinə dair də məhkəməyə heç bir sübut təqdim etmədiyini nəzərə alaraq hesab etmişdir ki, iddia 15000 manat pulun tələb edilməsi hissəsində əsaslıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkəmənin həm işin araşdırılan halları üzrə tərəflər arasında 65000 manat pulun iddiaçıya verilməsi ilə bağlı şifahi razılığın olması, tərəflərin izahatları, həm də təqdim olunan şahid ifadələri baxımından cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğin 15000 manat müəyyən edilməsi ilə bağlı gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Apellyasiya şikayətlərinin dəlillərinə gəldikdə isə qeyd olunmalıdır ki, apellyasiya baxışı zamanı iddiaçı cavabdeh tərəfindən ona ödənilən 50000 manatdan əlavə olaraq 58.000 manatın da ödənilməli olmasını nə əsaslandıra bilmiş, nə də bu barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər isə formal mülahizələrdən ibarət olub məhkəmə qətnaməsinin ləğvi üçün əsas yaratmadığı üçün qəbul edilməməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hər iki apellyasiya şikayətinin dəlilləri MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas yaratmadığından təmin olunmamalı, bununla da qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyantlara aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2094/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hər iki apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumları apelyantlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər İsmayıl Xəlilov İlham Kərimli
Məhkəmə qərarları › İş №2(103)-2272/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2272/2020
11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver