Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2272/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, “X8” Bakı filialının nümayəndəsi X2, Cavabdeh1 nümayəndəsi və vəkili X4 iştirakı ilə, “X8” Bakı filialının Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə ilkin, Cavabdeh1 “X8” Bakı filialına qarşı “artıq ödənilmiş məbləğin qaytarılması” haqqında qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “X8” Bakı filialı, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2020-ci il tarixə olan 66.345,20 manat (61.188,52 manat əsas və 5.156,68 manat faiz borcu) kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq onun hesabına ödənilməsi, tutmanın kreditin qaytarılmasının təminatı kimi Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilərək, onun hərrac vasitəsi ilə satılması, həmin mənzilin qiymətləndirilməsi, hərrac vasitəsi ilə satıldıqdan sonra kredit borcunun ödənilməsi və satıldıqdan sonra bir ay müddətinə boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1, qarşılıqlı iddia verərək, “X8” Bakı filialı tərəfindən ondan xx.xx.2018-ci il tarixli, 58 saylı kredit müqaviləsindən kənar xx.xx.2020-ci il tarixdə alınmış 6.141,81 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan “X8” Bakı filialı iddia tələbinin həcmini artıraraq, Cavabdeh1 və Cavabdeh2 71.888,84 manat (61.188,52 manat əsas və 10.700,32 manat faiz borcu) kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq onun hesabına ödənilməsi, tutmanın kreditin qaytarılmasının təminatı kimi Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən mənzilə yönəldilərək hərrac vasitəsi ilə satılması; həmin mənzilin qiymətləndirilməsi, hərrac vasitəsi ilə satıldıqdan sonra kredit borcunun ödənilməsi və satıldıqdan sonra bir ay müddətinə boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə ilkin və qarşılıqlı iddia rədd edilmişdir. Cavabdeh1, apelyasiya şikayəti verərək, qətnamənin qismən – qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilərək, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, bank tərəfindən ona 72.000 manat məbləğində borcunun qaldığı bildirilmiş və yalnız həmin məbləği ödədikdən sonra mənzilin üzərindən ipoteka yüklülüyünün götürülməsinin mümkün olduğu bildirilmişdir. Buna görə də, Cavabdeh1 məcbur olub banka 71.961,32 manat ödəniş etmişdir. Sonradan məhkəmə tərəfindən keçirilmiş ekspertizanın rəyinə əsasən isə xx.xx.2020-ci il tarixə əsas borcun 61.080,67 manat, faiz borcunun isə 4.738,84 manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi, bank tərəfindən aldadılaraq, xx.xx.2020-ci il tarixə ondan 71.961,32 manat alınmaqla 6.141,81 manat artıq ödəniş etmişdir. Lakin məhkəmə ekspert rəyinə sübut kimi qiymət verməmiş, hətta rəyi sübutlar arasında göstərməmişdir. Halbuki, bank mübahisələri üzrə borc məbləğinin düzgün hesablanmasının müəyyən edilməsi yalnız bu sahədə xüsusi biliyə malik olan şəxslərin rəyləri əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. “X8” Bakı filialının nümayəndəsi isə, apelyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 isə məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni apleyatorun mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, proses iştiakçılarını dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarından görünür ki, “X8” Bakı filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 58 saylı kredit müqaviləsinə əsasən, souncuya illik 21% dərəcəsilə 36 ay müddətinə 80.000 manat məbləğində kredit verilmiş və tərəflər arasında ödəniş qrafiki razılaşdırılmışdır. Kreditin təminatı kimi xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilmiş və həmin tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borcun ödənilmədiyi təqdirdə zamin kimi öz üzərinə tam məsuliyyət götürmüşdür. Cavabdeh1 öhdəliyin icrasını pozaraq, borcunu qrafik üzrə qayatmamış və Bank tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, 61.188,52 manat əsas, 5.156,68 manat faiz borcu olmaqla, cəmi 66.345,20 manat borcu qalmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/1429 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2020-ci il tarixə borcu - əsas borc üzrə 61.080,67 manat, faiz borcu üzrə isə 4,738,84 manat təşkil edir. Sonradan işin məhkəmə baxışında “X8” Bakı filialı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli yeni maliyyə arayışına əsasən Cavabdeh1 həmin tarixə banka 61.188,52 manat əsas, 10.700,32 manat faiz borcu olmaqla, cəmi 71.888,84 manat borcunun olduğu bildirilmişdir. xx.xx.2020-ci il tarixli 36 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh1 tərəfindən bankın hesabına ümumi kredit borcunun ödənilməsi üzrə 71.961,32 manat ödəniş edilmişdir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 739.1-ci və 741-ci maddələrinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Hazırda Cavabdeh1, qətnaməni qarşılıqlı iddianın təmin edilmədiyi hissədə mübahisələndirərək, onun tərəfindən banka ümumi borcdan tələbdə qeyd olunan məbləğdə artıq ödəniş edildiyini, bu faktın ödəniş tapşırığı və iş üzrə keçirilmiş mühasibatlıq ekspertizasının rəyi ilə təsdiq olunduğunu, lakin məhkəmə tərəfindən nəzərə alınmadığını bildirir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd edərkən, mövqeyini belə əsaslandırmışdır ki, mülki işə məhkəmədə baxılarkən Cavabdeh1 Bankdan ümumi borc məbləğinə dair arayış almış, həmin arayışda əsas borc və ilkin iddia ərizəsi məhkəməyə təqdim olunduqdan sonrakı dövr ərzində hesablanmış faiz borcu da daxil olmaqla ümumi borc məbləği qeyd olunmuşdur. Cavabdeh1 də ümumi borc məbləği həddində pul vəsaitini bankın hesabına köçürmüşdür. Göründüyü kimi, onun tərəfindən banka əlavə ödəniş edilmədiyindən, qarşılıqlı iddiası təmin edilə bilməz. Kollegiya, birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaq, apelyasiya şikayətinin dəlillərinə münasibətdə vurğulayır ki, işin yuxarıda sadalanan hallarına əsasən Cavabdeh1 tərəfindən banka olan kredit borcunun ödənilməsi üzrə artıq ödəniş edilməsi faktı müəyyən edilmir. Belə ki, işdən görünür ki, “X8” Bakı filialı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 həmin tarixə banka 61.188,52 manat əsas, 5.156,68 manat faiz borcu olmaqla, cəmi 66.345,20 manat borcunun olduğu bildirilmiş və Bank tərəfindən xx.xx.2020-ci il tarixdə ona qarşı məhkəmədə iddia qaldırılaraq, həmin məbləğdə borcun ödənilməsi tələb edilmişdir. Məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli rəyinə əsasən Cavabdeh1 xx.xx.2020-ci il tarixə borcunun - əsas borc üzrə 61.080,67 manat, faiz borcu üzrə isə 4,738,84 manat təşkil etdiyi müəyyən edilmişdir. Bundan sonra Cavabdeh1 Banka yaxınlaşaraq, borcunu ödəmək istədiyini bildirərək, həmin tarixə borcu barədə maliyyə arayışı tələb etmişdir. Bank tərəfindən ona xx.xx.2020-ci il tarixli maliyyə arayışı təqdim edilərək, həmin tarixə 61.188,52 manat əsas, 10.700,32 manat faiz borcu olmaqla, cəmi 71.888,84 manat borcunun olduğu bildirilmiş və xx.xx.2020-ci il tarixdə tərəfindən bankın hesabına ümumi kredit borcunun ödənilməsi üzrə 71.961,32 manat ödəniş edilmişdir. Göründüyü kimi, Cavabdeh1 xx.xx.2020-ci il tarixli ekspert rəyinə istinad edərək, ondan artıq məbləğ alındığını bildirsə də, nəzərə almamışdır ki, həmin rəyə əsasən müəyyən edilmiş ümumi borc (əsas və faiz borcu daxil olmaqla) məbləği xx.xx.2020-ci il tarixə hesablanmışdır. Onun tərəfindən ödəniş isə bundan 5 aydan artıq müddət keçdikdən sonra edilmişdir, hansı ki, həmin tarixə bank tərəfindən yeni maliyyə arayışı təqdim edilməklə əsas borc olduğu kimi saxlanılmış, lakin keçən müddət üçün haqlı olaraq faiz hesablanmışdır. Bu məbləğlərin düzgünlüyünə şübhə yaradan hallar barədə isə onun tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Halbuki, Mülki Prosessual Məcəlləin 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Beləliklə, Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi, qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2120/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apelyasiya şikayətin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2272/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2272/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver