Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2273/2023 05.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: kredit borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, Cavabdeh3 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 05 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2012-ci il tarixli, 27L000000068 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Tərəflərin imzaladıqları xx.xx.2017-ci il tarixli, 27L000000068 saylı sazişə əsasən kredit xətti müqaviləsinin müddət və məbləği müvafiq olaraq 181 ay və 100000 (yüz min) ABŞ dolları məbləğində müəyyən edilmişdir. Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli, 027R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 027R**********S saylı, xx.xx.2020-ci il tarixli, 027R**********SA saylı, xx.xx.2021-ci il tarixli 027R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 və Cavabdeh1 zamin qismində həmin kredit xətti müqaviləsi üzrə irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər. İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışında Cavabdeh3 xx.xx.2019-cu il tarixli, 027R********** saylı krеdit razılaşması üzrə xx.xx.2022-ci il tarixə 7581.51 manat əsas, 2269.13 manat faiz, 2071.27 manat cərimə, cəmi 11921.91 manat borcu olduğu qeyd edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 027R********** saylı krеdit razılaşmasının və xx.xx.2020-ci il tarixli, 027R**********S saylı, xx.xx.2020-ci il tarixli, 027R**********SA saylı, xx.xx.2021-ci il tarixli, 027R**********SB saylı sazişlərin ləğv edilməsi, cavabdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının хеyrinə 027R********** saylı krеdit razılaşması üzrə 7581.51 manat məbləğində krеdit bоrcu, 2269.13 manat məbləğində faiz bоrcu və 2072.27 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 11921.91 manat bоrcun, ödənilmiş 125.77 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıхarılmasını xahiş etmişdir
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1681/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Şəhla Süleymanova) iddia qismən təmin olunaraq, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 027R********** saylı kredit razılaşması və xx.xx.2020-ci il tarixli, 027R**********S saylı, xx.xx.2020-ci il tarixli, 027R**********SA saylı, xx.xx.2021-ci il tarixli 027R**********SB saylı sazişlərin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 7581.51 manat əsas, 2269.13 manat faiz, 530.71 manat cərimə borcu və dövlət rüsumunun əvəzi kimi 121.15 manat pulun tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
4. Məhkəmə cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş, tələb olunan məbləğdə əsas borcun, faiz borcunun və azaldılmış dəbbə pulunun cavabdehlərdən tutulması qənaətinə gəlmişdir.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 467, 472-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
6. Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən subyektiv hüquqa önəm verməmiş, əsl cavabdehi müəyyən etmədən qətnamə çıxarmışdır. Cavabdeh olaraq izahatında əsas və faiz borcunu qəbul etdiyini, cərimə borcuna isə güzəşt edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Cavabdeh3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. O, eyni zamanda apellyasiya şikayətinə dəqiqləşdirmə verərək bildirdi ki, apellyasiya qaydasında yalnız qətnamənin faiz və cərimə borcunun tutulması hissəsini mübahisələndirir. Apellyasiya şikayətində əsl cavabdehin müəyyən edilməməsi ilə bağlı göstərilənlər isə yanlışdır, o belə söz deməyib və həmin məsələni mübahisələndirmir. Vəkil apellyasiya şikayətini tərtib edərkən bununla bağlı yanlışlığa yol verib.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə Cavabdeh3 tərəfindən faktiki olaraq yalnız faiz və cərimə borcunun tutulması hissəsində mübahisələndirildiyindən, iddiaçı və digər cavabdehlər isə apellyasiya şikayəti vermədiklərindən qətnamənin əsaslılığı Cavabdeh3 apellyasiya şikayətinə münasibətdə faiz və cərimə borcunun tutulması hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə sadalanan maddi hüquq normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq etməklə Cavabdeh3 iddiaçı qarşısında icra edilməmiş öhdəliyinin olması barədə düzgün nəticəyə gəlmişdir.
18. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya şikayətinin əsas dəlili faiz və cərimə borcunun düzgün hesablanmaması barədədir.
19. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır.
20. Birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan görünür ki, Cavabdeh3 işə birinci instansiya məhkəməsində baxılarkən izahatında iddia tələbini qismən - əsas borc hissəsində qəbul etdiyini bildirmişdir.
21. Cavabdeh apellyasiya şikayətində də iddianı əsas borcun tutulması hissəsində qəbul etdiyini bildirmiş, faiz və cərimə borcunun azaldılmasını xahiş etmişdir.
22. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
23. Beləliklə, borclu əsas etiraf etməklə qətnaməni faktiki olaraq faiz və dəbbə pulunun tutulması hissəsində mübahisələndirmişdir.
24. İddiaçı 7581.51 manat məbləğində krеdit bоrcuna 2269,13 manat faiz borcu və 2072.27 manat məbləğində cərimənin tutulmasını xahiş etmiş, birinci instansiya məhkəməsi ekspert rəyi ilə faiz borcunun məbləği yüksək (3740,9 manat) göstərildiyindən faiz borcunun məbləğini tələb üzrə 2269,13 manat, dəbbə pulunu isə 530.71 manat müəyyən etmişdir.
25. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi faiz borcunun məbləğini tələb üzrə müəyyən edərkən düzgün nəticəyə gəlmiş və bu, MPM-in 218.3-cü maddəsinin tələbinə uyğun olmuşdur.
26. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun miqdarı azaldılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə düzgün əməl edilmişdir. Həmin maddəyə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
27. Göründüyü kimi, məhkəmənin tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq hüququ qanunla artıq müəyyən edilmişdir. Belə ki, məhkəmə müəyyənləşdirilmiş dəbbə pulunun məbləğinin öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyini müəyyən etdikdə həmin məbləği tənasübsüz surətdə müəyyənləşdirilən yüksək dəbbə pulu kimi qiymətləndirərək azalda bilər. Tənasübsüz surətdə müəyyənləşdirilən yüksək dəbbə pulu onu ifadə edir ki, ödənilməli olan dəbbə pulu kreditorun həqiqi çəkdiyi zərərə nisbətən son dərəcə çoxdur. Belə halda maraqlı tərəf dəbbə pulunun azaldılması barədə məhkəmə müraciət edə, məhkəmə isə həmin məbləğin azaldılması haqqında qərar qəbul edə bilər. Məhkəmə bu cür qərar qəbul edərkən öhdəliyin borclu tərəfindən yerinə yetirilmə dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün əsaslı (diqqətəlayiq) mənafelərini nəzərə alır.
28. Kollegiya hesab edir ki, məhkəmənin qət etdiyi dəbbə pulu əsas borca mütənasibdir və apellyasiya instansiyası məhkəməsi tərəfindən yenidən azaldılması üçün əsas yoxdur.
29. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla qanunvericiliyin normaları və iş materiallarına istinadla açıq-aşkar əsaslandırılmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
30. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
31. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə (faiz və cərimə borcunun tutulması hissəsində) iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli qətnaməsi Cavabdeh3 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə, yəni faiz və cərimə borcunun tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.