Məhkəmə qərarları › İş №2(103)-2274/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2274/2023

18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2274/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “borcun ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-5444/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Fesco Group MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Fesco Group MMC-dən K3908 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 18076,97 (on səkkiz min yetmiş altı 5manat, doxsan yeddi qəpik) manat əsas borc, 1395,78 (min üç yüz doxsan beş manat yetmiş səkkiz qəpik) manat faiz borcu, 24473,76 manat cərimə borcu olmaqla, cəmi 43946,51 manat borcun, 222 manat dövlət rüsumunun tutularaq iddiaçı Paşa Bank ASC-nin xeyrinə xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir).

2. Yasamal Rayon Məhkəməsinin 2(004)-5444/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Fərid Əyyubov) iddia qismən təmin edilmiş, iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Fesco Group MMC-dən K3908 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 18076,97 (on səkkiz min yetmiş altı 5 manat, doxsan yeddi qəpik) manat əsas borc, 1395,78 (min üç yüz doxsan beş manat yetmiş səkkiz qəpik) manat faiz borcu, 1000 manat cərimə borcu olmaqla, cəmi 20472,75 (iyirmi min dörd yüz yetmiş iki manat yetmiş beş qəpik) manat borc, 222 manat dövlət rüsumunun tutularaq iddiaçı Paşa Bank ASC-yə ödənilməsi qərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.

4. Cavabdehlər qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili ondan ibarət olmuşdur ki, iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin əsas borc və faiz borcu hissəsi ilə razılaşsa da, iddiaçı tərəfindən hesablanan cərimə (dəbbə) pulunu yüksək hesab edərək kəskin surətdə azaltmışdır. Bununla bağlı bildirilir ki, məhkəmə hesablanan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də bunu qanuni əsasla izah etməmiş, heç bir sübuta əsaslanmamış və bununla da qətnamənin məzmununda qeyri-müəyyənlik yaratmışdır. Məhkəmə cərimə məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Belə ki, cavabdeh tərəfindən K3908 saylı maliyyələşdirmə üçün ərizə üzrə Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı 451 gün olduğundan cərimə məbləğinin 1,000 (bir min) manat məbləğində müəyyən edilməsi həmin günlərə mütənasib deyildir. Bu səbəbdən də qətnamə ilə müəyyən edilən cərimə məbləği əsaslı hesab edilə bilməz.

6. Bu səbəbdən qətnamənin cərimə borcunun tutulması hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi T.Həsənov apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

8. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:

9. Mülki iş materiallarında olan:

10. 04.12.2019-cu il tarixli “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusundan görünür ki, müqavilənin predmetini müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya overdraft), ödəniş kartlarının verilməsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər təşkil edir.

11. Cavabdeh1 ilə Paşa Bank ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli Bank Xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2019-cu il tarixli 1.1.2 №li versiyasının şərtlərinin qəbul etməsi barədə razılıq ərizəsindən görünür ki, Cavabdeh1 Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun bankın rəsmi internet səhifəsində yerləşdirilən xx.xx.2019-cu il tarixli 1.1.2 №-li versiyasını diqqətlə oxuduğunu, onun bütün şərtlərini, müştərinə aid hüquq və vəzifələri başa düşdüyünü təsdiq etmiş və bu şərtlərlə razı olduğunu bildirmişdir.

12. 05.03.2020-ci il tarixli Fiziki şəxslərin maliyyələşdirilməsi üzrə sifariş ərizəsindən görünür ki, Cavabdeh1 Paşabank ASC-yə 24 ay müddətinə 50000 manat məbləğində kredit verilməsi üçün müraciət etmişdir.

13. xx.xx.2020-ci il tarixli K3908 saylı Fərdi müştərilərin maliyyələşdirilməsi üçün ərizədən görünür ki, bank tərəfindən müştəri Cavabdeh1 24 ay müddətinə, illik 18% olmaqla, 50000 manat məbləğində kredit verilməsi razılaşdırılmışdır.

14. xx.xx.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, borclu Cavabdeh1 xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, sonuncu ay 2475,93 manat, hər ay 2475,85 manat olmaqla, cəmi 59420,48 manat məbləğində pulu banka ödəməyi öhdəsinə götürmüşdür.

15. Paşa Pank ASC ilə Fesco Group MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli Zaminlik müqaviləsindən görünür ki, zaminliklə təmin olunan öhdəlik xx.xx.2019-cu il tarixli GTC-000542İB/2016 saylı ümumi şərtlər toplusu çərçivəsində imzalanmış xx.xx.2020-ci il tarixli K3908 saylı maliyyələşdirmə üçün ərizədir. Zaminliklə təmin olunan müqavilənin predmeti borcalana veriləcək illik 18% olmaqla 50000 manat məbləğində nağd kreditdir.

16. 27.05.2022-ci il tarixli xəbərdarlıq məktublarına əsasn müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehlərə xəbərdarlıq edilmişdir.

17. 31.10.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixə 18076,97 manat əsas, 1395,78 manat faiz, 24473,76 manat cərimə borcu olmaqla cəmi 43946,51 manat borcu vardır. Tətbiq edilən maddi hüquq normaları: Mülkü Məcəllə:

18. Maddə 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Tətbiq edilən prosessual hüquq normaları:

19. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər; Apellyasiya Məhkəməsinin baxışının hədləri:

20. Hazırkı halda iddiaçı tərəfindən apellyasiya şikayətində qətnamə cərimə hissəsində mübahisələndirildiyindən Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMin 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən cərimə hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə cərimənin məbləği hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cərimə borcun məbləğinə proporsional şəkildə azaldılmamışdır, əsas borcun məbləğinə adekvat olmamışdır, bu səbəbdən iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cərimə hissəsində dəyişdirilərək cərimə əsas borca adekvat şəkildə olmaqla 2500 manat müəyyən edilməlidir. Nəticə:

22. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə qismən, cavabdehlərdən tutulacaq cərimənin məbləğinə münasibətdə dəyişdirilməli, cavabdehlərdən tutulacaq cərimə məbləği 2500 (iki min beş yüz) manat müəyyən edilməlidir.

23. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin ödənilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

24. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Yasamal Rayon Məhkəməsinin 2(004)-5444/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, cərimə hissədə dəyişdirilsin və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 2500 (iki min beş yüz) manat məbləğində (cəmi 18076,97 (on səkkiz min yetmiş altı 5 manat, doxsan yeddi qəpik) manat əsas borc, 1395,78 (min üç yüz doxsan beş manat yetmiş səkkiz qəpik) manat faiz borcu, 2500 (iki min beş yüz) manat cərimə borcu olmaqla, cəmi 21972,75 (iyirmi bir min doqquz yüz yetmiş iki manat yetmiş beş qəpik)) manat cərimə tutulsun. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar