Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2275/2023 12.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), İxlu və Sxndan ibarət tərkibdə, Sm oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və onun nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı kredit borcu tələbinə dаir mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)-4645/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 113.000 manat məbləğində pulu borc olaraq vermiş, cavabdeh həmin məbləği xx.xx.2020-ci il tarixədək iddiaçıya qaytarmağı öz üzərinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər.
2. Tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 73.500 manat məbləğində pulu borc olaraq vermiş, cavabdeh həmin məbləği xx.xx.2020-ci il tarixədək iddiaçıya qaytarmağı öz üzərinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı kredit borcu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçı qarşısında xx.xx.2020-ci il tarixli Kredit müqaviləsi üzrə 113.000 manat məbləğində əsas borc, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə uyğun olaraq illik 5% dərəcəsi ilə hesablanmış 11.300 manat məbləğində faiz borcu, xx.xx.2020-ci il tarixli Kredit müqaviləsi üzrə isə 73.500 manat məbləğində əsas borc, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə uyğun olaraq illik 5% dərəcəsi ilə hesablanmış 7.350 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 186.500 manat məbləğində əsas borc, 18.650 manat məbləğində gecikdirmə müddətinə görə illik 5% dərəcəsi ilə hesablanmış borc olmaqla, cəmi 205.150 manat məbləğində vəsaitin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli Kredit müqavilələrinə müvafiq olaraq cavabdehə müvafiq olaraq 113.000 və 73.500 manat məbləğində borc verilmişdir. Kredit müqavilələri üzrə öhdəliklərini tam şəkildə icra etmək üçün cavabdehə 2 ay müddət (müvafiq olaraq xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixinə qədər) verilməsinə baxmayaraq, cavabdeh hazırki dövrə qədər öhdəliklərini ümumiyyətlə icra etməmişdir. Kredit müqavilələri üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə onunla bir neçə dəfə əlaqə saxlanılmasına və ona borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2022-ci il tarixli bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamış və müxtəlif bəhanələrlə (guya borcun olmaması, bir müddət sonra ödəcəyi və s.) öhdəliklərin icra edilməsindən yayınılmışdır.
5. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)- 4645/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, tərəflər arasında notarial qaydada iki kredit müqaviləsi imzalanmışdır. İşin halları ilə həmin əqdlərin tərəflərin həqiqi iradə ifadələrini əks etdirmədiyinə dair xüsusatlar müəyyən edilmir. İşin halları ilə, həmçinin müəyyən edilir ki, həmin müqavilələr qanunvericiliyin imperativ normalarına riayət edilməklə bağlanmışdır. Bunun davamı olaraq bildirilməlidir ki, cavabdeh tərəf müqavilələrin etibarsızlığına dəlalət edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
7. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdehdən kredit müqavilələrinin müddətinin bitdiyi tarixdən sonrakı dövr üzrə illik 5 faiz olmaqla tələb edilən məbləğ tutulmalıdır. Çünki, cavabdehin həmin müddət ərzində iddiaçıya məxsus pul məbləğini özündə saxlamağının heç bir hüquqi əsası olmamışdır.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 445.7-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 114, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı əsassız şəkildə təmin etmiş, işin əsasını təşkil edən halları kifayət qədər araşdırmamış, mülki işə iddiaçının mövqeyindən və çox səthi yanaşmış və əsassız qətnamə qəbul etmişdir. Ədalətli məhkəmə qərarının qəbul edilməsinə əsas şərtlərdən biri də çəkişmə prinsipinə əməl olunmasıdır. Cavabdeh tərəf sonuncu məhkəmə prosesi təyin olunacaq gün məhkəmə iclasına gecikəcəyi barədə qabaqcadan məlumat verərək prosesin vaxtının dəyişdirilməsini xahiş etsə də, məhkəmə bu xahişi nəzərə almamışdır. Lakin buna baxmayaraq, məhkəmə nə cavabdehin özünün, nə də onun vəkilinin iştirakı olmadan işə baxmış və cavabdehin əleyhinə qərar qəbul etmiş, cavabdeh tərəfin hüquqlarını pozmuşdur. Tələb olunan borc məbləğinin 115.000 manat hissəsi geri qaytarılmışdır, həmin borc məbləğinin müqabilində cavabdeh iddiaçıya Sumqayıt şəhəri, Baxçasaray massivində yerləşən 78 kv.m sahəsi olan mənzil vermiş, mənzilin dəyəri kimi borc məbləğindən 50.000 manat silinmişdir. Bundan başqa iddiaçı ilə qarşılıqlı razılaşmaya əsasən malların götürülməməsi şərti ilə müvəqqəti istifadə üçün 41.300 manat pul vəsaitinin iddiaçıya məxsus "xxxx" MMC-nin bank hesabına köçürülmüşdür. Daha sonra noyabr ayının sonlarında 20.000 manat da ödənilmişdir. Son məhkəmə iclaslarında iştirak edə bilmədiklərindən hazırki mübahisə ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılmış araşdırma materiallarının məhkəmə tərəfindən tələb olunması barədə vəsatət verə bilməmişlər. Məhkəmə isə bu halı kifayət qədər araşdırmadan bir məhkəmə baxış iclasına mülki işi yekunlaşdırmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsində cavabdeh iddiaçıya 205.150 manat borcu olduğu göstərilir. Məhkəmənin iddia tələbini əsaslandıran iddiaçının azad fikirlərini və söz yığınından ibarət olan nağılını əsaslı hesab etmiş və cavabdehə hüquq tanımadan qərar qəbul etmişdir. Halbuki, növbəti məhkəmə iclasında cavabdehin iştirakı təmin edilsəydi, vəsatət təqdim ediləcəkdi, hansı ki həmin vəsatət qətnamənin ağlabatan dərəcədə dəyişməsi ilə nəticələnəcəkdi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini xahiş etdilər. Cavabdeh həmçinin bildirdi ki, müqavilədə borcun 5% ilə verilməsi nəzərdə tutulmamışdır.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi və bildirdi ki, borcun hansı məbləğlərdə və nə vaxt ödənilməsi ilə bağlı məlumatı yoxdur, hər bir halda 2 illik gecikmə var, 106.000 manat borcdan 5% tutula bilər.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
15. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarı: - Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Hazırkı işdə iddia tələbi tam təmin edildiyindən və cavabdehin apellyasiya şikayəti qərarın ləğv edilməsinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir.
20. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamış, iddiaçının bu halların araşdırılması ilə bağlı vəsatəti təmin edilməmiş, nəticədə işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul edilmişdir.
21. Məhkəmə kollegiyası hazırki mübahisə ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılmış araşdırmanın nəticələrinə dair materialların tələb olunması barədə vəsatətin birinci instansiya məhkəməsi tərəfindən təmin edilmədiyini nəzərə alaraq həmin materialları cavabdeh tərəfin vəsatəti əsasında sorğu verərək əldə etmiş və iş materiallarına əlavə etmişdir.
22. Həmin materiallara əlavə edilmiş iddiaçının İdarəyə ünvanlanmış ərizələrinə əsasən müəyyən edilir ki, cavabdeh iddiaçıya borclu olan məbləğdən 30.000 manat məbləğində də ödəniş etmiş və nəticədə cavabdehin iddiaçıya 106.000 manat məbləğində borcu qalmışdır.
23. Göründüyü kimi, cavabdehin iddiaçıya olan borcu hazırda 106.000 manat təşkil edir.
24. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin ümumi borc məbləğindən ödənişlərinin edilməsi tarixləri və məbləğləri dəqiq göstərilmədiyinə görə, iddia tələbinin “Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə uyğun olaraq illik 5% dərəcəsi ilə hesablanmış faiz borcunun tutulması” hissəsi borcun məbləği 106.000 manat götürülməklə qismən təmin edilməlidir.
25. İşdən müəyyən olunur ki, tərəflər arasında kredit müqavilələri üzrə borcun qaytarılmasının son tarixi xx.xx.2020-ci il razılaşdırılmış, iddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixdə, yəni iki ildən artıq müddət keçdikdən sonra müraciət etmişdir. İki il üçün 5% isə 10.600 manat təşkil edir (106.000 x 5% = 5.300, 5.300 x 2 il = 10.600 manat).
26. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh apellyasiya şikayətində tələb olunan borc məbləğinin 115.000 manat hissəsinin geri qaytarıldığını, həmin borc məbləğinin müqabilində iddiaçıya Sumqayıt şəhəri, Baxçasaray massivində yerləşən 78 kv.m sahəsi olan mənzilin verildiyini, mənzilin dəyəri kimi borc məbləğindən 50.000 manat silindiyini göstərsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir.
27. Bundan əlavə, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 21/02 nömrəli alğı-satqı müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" MMC ilə "xxxx" MMC arasında malların alqı-satqısı ilə bağlı bağlanmış, həmin müqavilənin tərəflər arasında olan borcun ödənilməsi ilə bağlı bağlanıldığı müqavilə şərtləri ilə müəyyən edilmir.
28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)-4645/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli kredit müqavilələri üzrə 106.000 manat məbləğində borc və gecikdirilmiş vaxt üçün (iki il) illik 5% hesablanan faiz məbləği 10.600 manat olmaqla, cəmi 116.600 (bir yüz on altı min altı yüz) manat məbləğində vəsait İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)- 4645/2022 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilsin. Cavabdeh 106.000 manat məbləğində borc və gecikdirilmiş vaxt üçün (iki il) illik 5% hesablanan faiz məbləği 10.600 manat olmaqla, cəmi 116.600 manat məbləğində vəsait tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.