Məhkəmə qərarları › İş №2(103)-2276/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2276/2025

15.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2276/2025 15.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “maddi ziyanın ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-901/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Nəsimi Rayon Məhkəməsinin 2(006)-901/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Ramin Xəlilov) ilə iddia tələbi təmin edilmiş, cavabdeh "xxxx" ASCdən vurulmuş maddi ziyanın əvəzi kimi 2.000 (iki min) manat məbləğində pul vəsaiti və ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulması qərara alınmışdır.

3. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qeyd etmişdir ki, rayon məhkəməsi işə baxarkən sübutlara düzgün qiymət verməmiş, cavabdehin təqsirinin nədə ifadə olunduğunu konkret olaraq müəyyən etməmiş, eləcə də iddiaçıya dəymiş ziyanla nəticə arasında səbəbli əlaqə yoxdur. Bu səbəbdən də qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

5. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi R.Hüseynova apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

6. Məhkəmə kollegiyasının iclasında iddiaçı şikayətlə razı olmayaraq, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Sübutların tədqiqi:

7. Fərdi baytar həkimi Şahbazov Məhəmməd, ziyançəkən Qaleybuğurd kənd sakini İddiaçı, Qaleybuğurd kənd sakini Yaqubov Əhməd, Həmzəyev Həmzə tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı məxsus 1 (bir) baş camış malı 5 (beş) yaşında boğaz olan heyvan kənd yaxınlığında olan transformatordan yüksək elektrik gərginliyinə düşmüş və nəticədə, heyvan ölmüşdür. Heyvanın cəsədi heyvan sahibi tərəfindən şəkli çəkilmişdir.

8. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1302/2024 saylı qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC Şimal-Qərb regional Enerji Təchizatı və Satışı İdarəsi X2rşı “dəymiş ziyanın ödənilməsi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə ödənilmiş (əməliyyat İD 539507198, GPP qəbz nömrəsi **********) 40 manat rüsumun İddiaçı qaytarılması qərara alınmışdır

9. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, qeyd olunan ərazinin elektrik enerjisi 35/10 Kv-luq “Pirqulu” yarımstansiyasından çıxan 10 Kv-luq “Avaxıl” hava elektrik verilişi xəttinin “Qəleybuğurd” budaqlanmasından qidalanan ******* saylı 100 Kva gücündə olan transformator vasitəsi ilə təmin olunur. Eyni zamanda nəzərə çatdırılır ki, Qəleybuğurd kəndində 2018-ci ildə yenidənqurma işləri aparılmış və ******* saylı 100 Kva transformator məntəqəsinin 0.4 Kv-luq hava elektrik verilişi xətti ÖİN kabel elektrik verilişi xətti ilə əvəz olunmuşdur. Yenidənqurma zamanı ərazidəki transformator məntəqəsi yenilənmiş və ətrafı təhlükəsizlik məqsədilə çəpərlənmişdir. Əlavə olaraq bildirilir ki, əgər transformator məntəqəsində gərginlik sızması baş verərsə, “Elektrik qurğularının quraşdırma Qaydaları”na görə gərginlik çəpər daxilində yerə axmalıdır. Onun tərəfindən aidiyyəti qurum “Baytarlıq idarəsi”nə müraciət edilərək camışın cərəyan vurması ilə bağlı "xxxx" ASC-yə hər hansı rəy təqdim edilməmişdir.

10. Şamaxı Rayon Prokurorluğu tərəfindən İddiaçı ünvanlanan 11 iyul 2024-cü il tarixli cavab məktubundan görünür ki, ərizədə qeyd edilən xüsusatlar mahiyyətcə mülki mübahisə olduğu üçün pozulmuş hüquqların müdafiəsi məqsədi ilə birinci instansiya məhkəməsinə mülki mühakimə icraatı qaydasında müraciət etmək hüququnun olması izah edilmişdir.

11. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, qeyd olunan ərazinin elektrik enerjisi 35/10 Kv-luq “Pirqulu” yarımstansiyasından çıxan 10 Kv-luq “Avaxıl” hava elektrik verilişi xəttinin “Qəleybuğurd” budaqlanmasından qidalanan ******* saylı 100 Kva gücündə olan transformator vasitəsi ilə təmin olunur. Eyni zamanda nəzərə çatdırılır ki, Qəleybuğurd kəndində 2018-ci ildə yenidənqurma işləri aparılmış və ******* saylı 100 Kva transformator məntəqəsinin 0.4 Kv-luq hava elektrik verilişi xətti ÖİN kabel elektrik verilişi xətti ilə əvəz olunmuşdur. Yenidənqurma zamanı ərazidəki transformator məntəqəsi yenilənmiş və ətrafı təhlükəsizlik məqsədilə çəpərlənmişdir. Əlavə olaraq bildirilir ki, əgər transformator məntəqəsində gərginlik sızması baş verərsə, “Elektrik qurğularının quraşdırma Qaydaları”na görə gərginlik çəpər daxilində yerə axmalıdır. Müraciətdə göstərilən ölmüş camışın gərginliyinə düşməsini təsdiq edən ekspertizanın rəyi 5 ay sonra təqdim edilmişdir. Əvvəlki ərizələrdə ölmüş camışın cəsədinin tapılmadığı göstərilmişdir. Məsələ mübahisəli olduğuna görə aidiyyəti ərazi üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.

12. "xxxx" ASC Şimal-Qərb regional Enerji Təchizatı və Satışı İdarəsi Şamaxı Elektrik Şəbəkəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Şamaxı EŞ-nin mütəxəssisləri araşdırma apararaq müəyyən etdi ki, 35/10 Kv-luq Pirqulu y/stdan çıxan 10 Kv-luq Avaxıl h/x-nin Qəleybuğurd budaqlanmasından qidalanan 4100183-100 kva TM-si vasitəsi ilə kəndin girişində əhaliyə elektrik enerjisi verilir. Şamaxı EŞ-si məlumat üçün bildirir ki, Qəleybuğurd kəndində 2018-ci ildə yenidənqurma işləri aparılmış və 4100183-100 kva TM-in 0.4 Kv-luq h/x-i tam SİP kabellə əvəz olunmuşdur. Yenidənqurma zamanı ərazidəki TM-si yenilənmiş və ətrafı təhlükəsizlik məqsədi ilə çəpərlənmişdir. Əlavə olaraq Şamaxı EŞsi bildirir ki, əgər TM-də gərginlik sızması baş verərsə, EQQQ-na görə gərginlik çəpər daxilində yerə axmalıdır. EŞ-nin mütəxəssisləri bildirir ki, ölmüş camışın gərginliyə düşməsini ekspertiza müəyyən edə bilər.

13. “Şirvan” Ticarət Kompleksi tərəfindən verilən 55 nömrəli Arayışdan görünür ki, “Şirvan” Ticarət Kompleksinin “Heyvan” bazarında, Şəki cinsli boğaz, 6 yaşar camışın diri çəkisi 600 kq olan orta bazar qiyməti 2000-2500 manat təşkil edir.

14. Şamaxı rayon İcra Hakimiyyəti başçısının Qaleybuğurd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 15 yanvar 2025-ci il tarixli, 5-75-34/2- 16/2025 nömrəli cavab məktubundan görünür ki, 24 iyun 2024- cü il tarixdə Qaleybuğurd nümayəndəliyi ərazisində kənd sakini İddiaçı məxsus 1 baş camış elektrik cərəyanı vurması nəticəsində tələf olmuşdur. Bu barədə bir neçə kənd sakini və sahə baytar həkimi tərəfindən müvafiq akt tərtib olunmuşdur. Nəzərə alınması xahiş edilmişdir. Tətbiq edilən maddi hüquq normaları:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Ddelikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Tətbiq edilən prosessual hüquq normaları:

16. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

17. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

20. Kollegiyanın araşdırmaları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən məsuliyyət daşıdığı yüksək təhlükə mənbəyinin yarada biləcəyi risklərin qarşısının alınması üçün zəruri olan tədbirlər görülməmiş, bu səbəbdən baş vermiş hadisə nəticəsində iddiaçıya məxsus inək tələf olmuş və iddiaçıya maddi ziyan dəymişdir. Bu səbəbdən iddiaçı vurulmuş zərərin ödənilməsini zərərvurandan tələb etməkdə haqlı omuşdur.

21. Mülki iş materiallarında olan sübutlardan aydın olur ki, 24 iyun 2024- cü il tarixdə Qaleybuğurd nümayəndəliyi ərazisində kənd sakini İddiaçı məxsus 1 baş camış elektrik cərəyanı vurması nəticəsində tələf olmuşdur. Bu barədə bir neçə kənd sakini və sahə baytar həkimi tərəfindən müvafiq akt tərtib olunmuşdur.

22. Cavabdeh məsuliyyət daşıdığı yüksək təhlükə mənbəyinin yarada biləcəyi risklərin qarşısının alınması üçün zəruri olan tədbirlər görülməsi barədə hər hansı sübut təqdim etməmişdir.

23. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.

24. Rayon məhkəməsinin mövqeyi ilə razılaşan Kollegiya bildirir ki, ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülkihüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaraq yaranır.

25. Beləliklə də aparılmış araşdırmalarla müəyyən olunur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, apellyasiya şikayəti təmin edilə bilməz və birinci instansiya məhkəməsinin qətnaməsi əsaslıdır. Nəticə:

26. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

27. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə cavabdehin mübahisələndirdiyi hissədə iddianın qiyməti 2000 manat təşkil etdiyindən, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

28. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-901/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar