Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2277/2023 28.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin artırılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5298/2022 saylı 29 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 28 mart 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflərin birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X6 doğulmuşdur.
2. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-10950/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, uşağın boşanmadan sonra anasının yanında qalması və yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 137 manat alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
3. Cavabdeh ikinci dəfə xx.xx.2021-ci il tarixdə X4 ilə nikaha daxil olmuş və birgə nikahdan 2 övladları – xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X3 doğulmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin 2(010)-10950/2017 saylı qətnaməsinə əsasən xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş 137 manat sabit pul məbləğində alimentin artırılaraq hər ay 200 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, cavabdehlə 14 noyabr 2015-ci il tarixdə nikah münasibətlərinə daxil olmuş, birgə nikahdan xx.xx.2016-cı il tarixdə X6 doğulmuşdur. Lakin nikah münasibətlərini davam etdirmək mümkün olmamış və Suraxanı Rayon Məhkəməsinin 2(010)-10950/2017 saylı qətnaməsinə əsasən xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 137 manat sabit pul məbləğində aliment müəyyənləşdirilmişdir. Lakin hazırda bu məbləğ uşaq üçün layiqli həyat səviyyəsini təmin edəcək miqdarda deyil. Uşaq böyüdükcə onun tələbatları da artır və o, bu tələbatları qarşılamaqda çətinlik çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün olduqca çətindir.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 dekabr 2022-ci il tarixli 2(010)-5298/2022 saylı qətnaməsi ilə (hakim Tural Məmmədov) iddia qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-10950/2017 saylı qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan aliment miqdarının artırılaraq hər ay 160 manat sabit pul məbləğində müəyyən edilməsi, mediasiya prosesində iştirak etməyə görə iddiaçı tərəfindən ödənilmiş 50 manat rüsumun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanması qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, sonuncu aliment məbləğinin təyin edilməsindən uzun müddət keçmişdir və bu müddət ərzində yaşayış şərtləri dəyişmişdir. İddiaçı təyin olunmuş aliment miqdarının artırılaraq hər ay 200 manat məbləğində təyin edilməsini tələb etsə də, cavabdehin qeyd olunan aliment məbləğini ödəməyə kifayət qədər imkanının olduğunu göstərən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı cavabdeh iddiaçı ilə aralarında olan nikah pozulduqdan sonra yenidən ailə həyatı qurmuşdur və hazırda həmin nikahdan 2 azyaşlı övladı vardır.
8. Məhkəmə gəldiyi nəticəni Ailə Məcəlləsinin 75, 78.1, 112.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
9. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin tutulan aliment məbləğinin artırılaraq hər ay 160 manat müəyyən edilməsi hissəsində ləğv edilməsini, uşağın saxlanması üçün 200 manat məbləğində alimentin təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apelyasiya şikayətində göstərilmişdir ki, 160 manat məbləğində alimentin tutulması müəyyən olunsa da, bu məbləğ onun əvvəlki təminat səviyyəsinin qorunub saxlanması, eləcə də, onun qanunla qorunan mənafelərinin realizə olunması və cəmiyyət üçün yararlı bir fərd kimi böyüməsi üçün kifayət olmamaqla birlikdə, onun aşağı gəlir ilə uşağı tək başına böyütməyi, cavabdehin övladı ilə maraqlanmaması, onun üçün narahat olmaması hallarına da düzgün hüquqi qiymət verilməmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
13. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəməyə gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi
14. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
15. Maddə 76.2. Təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
16. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apelyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Qətnamə tam yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
25. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
26. Məhkəmə sonuncu aliment məbləğinin təyin edilməsindən uzun müddət keçməsini və bu müddət ərzində yaşayış şərtləri dəyişməsini nəzərə alaraq 2017-ci il tarixli qətnamə ilə müəyyən edilmiş 137 manat aliment məbləğini artıraraq 160 manat məbləğində müəyyən etmişdir.
27. İddiaçı isə alimentin 200 manat müəyyən edilməsini tələb edir.
28. Bununla bağlı isə məhkəmə göstərmişdir ki, iddiaçı cavabdehin qeyd olunan aliment məbləğini ödəməyə kifayət qədər imkanının olduğunu göstərən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh iddiaçı ilə aralarında olan nikah pozulduqdan sonra yenidən ailə həyatı qurmuş və hazırda həmin nikahdan 2 azyaşlı övladı vardır.
29. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
30. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan müəyyən edilir ki, cavabdeh “aşbaz”, “fast food” vəzifəsində işləyir və 160 manat əmək haqqı alır. Bundan əlavə isə 2-ci qrup əlill olmaqla ümumi xəstəliyə görə 220 manat pensiya alır və bir yaşınadək uşağı olan aztəminatlı ailələrə görə 100 manat müavinət alır.
31. İddiaçı isə “Ucar rayon Mərkəzi Xəstəxanası” X12 “diş texniki” vəzifəsində işləyir və 441 manat əmək haqqı alır.
32. Qeyd olunan halları nəzərə alaraq Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur, məhkəmənin alimentin məbləğinin 160 manat müəyyən edilməsi barədə qəanəti düzgün olmuşdur.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5298/2022 saylı iş üzrə 29 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.