Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2283/2025 21.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit borcu, borcun vərəsədən tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Xanalıyeva Türkan Novruz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 21 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. "xxxx" ASC ilə Əhmədov İsbəndiyar Yadulla oğlu arasında bağlanmış BPM**********85 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Əhmədov İsbəndiyar Yadulla oğluna 36 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 1500 manat məbləğində kredit verilmişdir. Əhmədov İsbəndiyar Yadulla oğlu krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüş, lakin müqavilədə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Əhmədov İsbəndiyar Yadulla oğlu xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Əhmədov İsbəndiyar Yadulla oğluna xx.xx.2021- ci il tarixdə anası Cavabdeh mirasın qəbulu haqqında ərizəsi (müraciəti) əsasında 1 saylı Notariat ofisinin xüsusi notariusu X3 tərəfindən 8V-209 reyesterli vərəsəlik işi açılmışdır.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əhmədov İsbəndiyar Yadulla oğlunun vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə kart krediti üzrə 1496.85 manat əsas borc və 55.2 AZN faiz borcu olmaqla, cəmi 1552.05 manat borcunun və ödənilmiş 35.52 manat dövlət rüsumunun və 0.4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh mərhum Əhmədov İsbəndiyar Yadulla oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Heydərova, iş № 2(006)-316/25) iddia təmin edilmişdir.
5. Məhkəmə belə qənaətə gəlmişdir ki, mərhum Əhmədov İsbəndiyar Yadulla oğlu kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında kredit məbləğini və ona hesablanmış faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, xx.xx.2021-ci il tarixdə öldüyündən kredit vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirə bilməmişdir. Borclunun ölümündən sonra Cavabdeh nümayəndəsi X2 pul vəsaitindən irs qalmış mirası qəbul etmişdir. Cavabdeh mirası qəbul etdiyindən və borclunun ölümündən sonra, mirası qəbul etmiş vərəsəsi miras açıldığı gündən ona çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında məsuliyyət daşıdığından iddiaçı cavabdehdən əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Pul vəsaitindən ibarət olan mirasın məbləği müəyyən edilməmiş, Cavabdeh isə miras qoyanın borclarının mirasdan çox olduğuna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 448.1, 1146, 1255, 1306-cı maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli Qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, varis miras payı həcmində məsuliyyət daşıyır. İş üzrə cavabdeh birinci instansiya məhkəməsinə verdiyi etirazda da qeyd edir ki, ona heç bir miras əmlak qalmamışdır. Göründüyü kimi, iddiaçı öz tələblərinin əsasını sübut edə bilməmişdir. Cavabdeh isə ona miras əmlak qalmadığı bildirsə də olmayanın sübut edilməsi yükünün onda olması ilə bağlı səhv nəticəyə gəlinmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Cavabdehin nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. İddiaçının nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayılır. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.
14. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli Qərarı
“Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər
15. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarı:
“... vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.”
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
19. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir.
20. Cavabdeh tərəf mərhumdan miras əmlak qalmadığını, mirası qəbul etdiyi barədə notariat ofisinə ərizə verməsinin səbəbinin isə dəfn pulunu almaq məqsədi daşıdığını bildirir.
21. Mülki Məcəlləyə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243.2). Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar (maddə 1306.1). Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir (maddə 1306.1).
22. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mirasın vərəsə tərəfindən qəbul edilməsi 2 üsulla həyata keçirilə bilər: 1) mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməklə, 2) əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaq və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə.
23. Hazırkı işdə cavabdeh mərhumun birinci növbə vərəsəsi olaraq notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdiyindən bununla mirası tamamilə qəbul etmiş sayılır.
24. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Miras qoyanın borcları mirasdan çox olduğu halda həmin halı sübut etmək yükü vərəsənin üzərinə düşür. Lakin iş materiallarından da göründüyü kimi, pul vəsaitindən ibarət olan mirasın məbləği müəyyən edilməmiş, Cavabdeh isə miras qoyanın borclarının mirasdan çox olduğununa dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1).
26. Prosessual qanunvericiliyin bu normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur.
27. Ona görə də birinci instansiya məhkəməsi yuxarıda sadalanan maddi hüququ normalarını işin mübahisəsiz müəyyən edilmiş yuxarıdakı hallarına tətbiq etməklə həmin cavabdeh tərəfindən Bank qarşısında miras qoyanın borc öhdəliyinə görə məsuliyyətini müəyyən etməkdə haqlı olmuşdur.
28. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin iddianın əsaslı olması ilə bağlı gəldiyi nəticə işin həqiqi hallarına uyğundur, ona görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 07 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.