Məhkəmə qərarları › İş №2(103)-2287/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2287/2020

24.02.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2287/2020 24.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: İsmayıl Kamil oğlu Xəlilov Hakimlər: X4 və X2 ibarət tərkibdə, Raul Firdovsi oğlu Ağakişiyevin katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “sahiblik və istifadə hüquqlarının bərpası, maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2000-ci il tarixli Sərəncam əsasında fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış torpaq sahəsində sahiblik və istifadə hüquqlarının bərpa edilməsi, həmin torpaq sahəsində yerləşdirilmiş köşkün, ağac dibçəklərinin cavabdehin hesabına çıxarılması və İİİ şəxslərin qanunsuz təsirlərindən azad torpaq sahəsinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: Binəqədi RİH Başçısının qəsəbə üzrə nümayəndəlikləri tərəfindən müvafiq sənədlər təqdim edilmiş və 600 kv.m sahəsi olan torpaq sahəsi xx.xx.2000-ci il tarixli sərəncama əsasən İddiaçı verilmişdir. Sərəncama uyğun olaraq torpaq sahəsinin sxemeskizi çəkilmiş və “Delfin” otelin yaxınlığındakı ərazi ev tikilməsi məqsədi ilə istifadə və sahibliyinə ayrılmışdır. Lakin bir müddət əvvəl ona aid torpaq sahəsində abadlıq işləri aparmaq istərkən həmin ərazidə digər şəxsin qanunsuz olaraq gül dükanı yerləşdirməsinin və onun ərazisində gül dibçəklərinin yerləşdirilməsinin şahidi olmuşdur. Binəqədi RİH-dən bildirmişlər ki, Cavabdeh1 müraciəti əsasında Bakı-Sumqayıt yolunun genişləndirilməsi işləri ilə əlaqədar gül köşkünün yerinin dəyişdirilməsinə köməklik edilməsi barədə müraciətinə baxılmış, yüngül konstruksiyalı gül köşkünün Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Bakı Sumqayıt şosesi, 1 May məhəlləsi, döngə 3 ünvana köçürülməsinə etiraz etməmişlər. Torpaq sahəsini zəbt edən şəxsin çıxarılmasını RİH-dən tələb etsə də, həmin köşkün götürülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytrılması barədə məhkəməyə müraciət etmək lazım olduğunu bildirmişlər. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı sahiblik və istifadə hüquqları bərpa edilərək Cavabdeh1 istifadəsində olan gül köşkü, ağac dibçəkləri xx.xx.2000-ci il tarixli Sərəncam əsasında fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış torpaq sahəsindən (əvvəlki Binəqədi rayonu, Biləcəri qəsəbəsi, BakıSumqayıt şosesi,1 may məhəlləsi, döngə 3 ünvanı, indiki Boz qala küçəsi) Cavabdeh1 hesabına çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məhkəmə xərcinin 25 manatının İddiaçı, 75 manatının isə Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Həmin qətnamə ilə razılaşmayan cavabdeah apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır: Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx xxxxx 2008-ci il tarixli qərarı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə 6.0 kv/m torpaq sahəsi yüngül konstruksiyalı standartlara uyğun müasir tipli köşkün qoyulması üçün Cavabdeh1 adına sənədləşdirilmişdir. Həmin qərarla əlavə olaraq torpağın müəyyən edilmiş satış qiymətinə görə haqqı və vergilərin yerli büdcəyə ödənilməsi də onun üzərinə vəzifə kimi qoyulmuşdur. Daha sonra Bakı-Sumqayıt yolunun genişləndirilməsi işləri ilə əlaqədar yerinin dəyişdirilməsinə köməklik göstərilməsi barədə Binəqədi Rayon İcra Hakimiyyətinə cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixində müraciət ünvanlanmış və müraciətə baxılması nəticəsində, ona məxsus yüngül konstruksiyalı gül köşkünün Binəqədi rayonu, Biləcəri qəsəbəsi 1 may məhəlləsi, döngə 3 ünvanına köçürülməsinə razılıq verilmişdir. 2016-cı ilin aprel-may aylarından etibarən isə Cavabdeh1 faktiki sahibliyinə verilmiş Binəqədi rayonu, Biləcəri qəsəbəsi 1 may məhəlləsi, döngə 3 ünvanında yüngül konstruksiyalı gül köşkü quraşdıraraq sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Sərəncamda torpağın dəqiq kordinatları müəyyənləşdirilmir, torpaq sahəsinin istifadəyə verilməsinə dair müvafiq icra hakimiyyətinin sərəncamının mövcud olması sərəncamın məhz mübahisələndirilən torpaq sahəsinə aid olması demək deyil. Məhkəmə də bu faktı müəyyən etmək məqsədilə tikinti-texniki ekspertizası təyin etmişdir. Lakin onun məhkəmə iclasının vaxtı barədə məlumatlandırılmaması və onun məhkəmədə iştirakının təmin edilməməsi nəticəsində ekspert rəyi ilə tanış olmaq və ona etiraz etmək hüququ məhdudlaşdırmışdır. Ekspert rəyi tamamilə əsassızdır və təkrar ekspertiza keçirilməsinə ehtiyac var. Binəqədi RİH aparılmış danışıqlarda da iddiaçının istifadəsinə verilmiş 600 kv/m torpaq sahəsi ilə cavabdehin faktiki istifadəsində olan 6.0 kv/m torpaq sahəsinin fərqli torpaq sahələri olduğu bildirilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməmiş, iddianı müdafiə edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları bunlardır: Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli Sərəncamına əsasən, İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədilə 600 kv.metr torpaq sahəsi ayrılmışdır. İddiaçı cavabdehin ona məxsus torpaq sahəsini qanunsuz zəbt etməsi ilə əlaqədar hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən cavabdehə məxsus yüngül konstruksiyalı gül köşkünün Bakı-Sumqayıt yolunun genişləndirilməsi işləri ilə əlaqədar Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Bakı-Sumqayıt şosesi, 1 may məhəlləsi, döngə 3 ünvanına köçürülməsinə icazə verilmişdir. İşə baxan məhkəmə iddiaçıya məxsus torpaq sahəsinin ərazi hüdudları ilə cavabdehə gül köşkünün köçürülməsinə icazə verilmiş ünvan ilə kəsişdiyini, hansı hissədə kəsişdiyini müəyyən etmək məqsədi ilə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və nəticədə xx.xx.2019cu il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, mübahisələndirilən ərazi Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli Sərəncamı ilə İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsidir və Cavabdeh1 istifadəsində olan gül köşkü də həmin ərazidə yerləşir. Mübahisə ilə bağlı dəyərləndirmə: İddiaçı ona məxsus torpaq sahəsini başqa şəxsin qanunsuz sahibliyindən tələb edir. Məhkəmə araşdırması zamanı cavabdehin hazırda sahibliyində olan torpaq sahəsinin iddiaçıya məxsus olması və onun həmin torpaq sahəsinə sahiblik etməsinin qanunazidd olduğu öz təsdiqini tapmışdır. Belə ki, işə baxan məhkəmə tərəfindən tikinti texniki ekspertizası təyin olunmuş, ekspert rəyi ilə müəyyən olunmuşdur ki, cavabdehin istifadəsində olan gül köşkü iddiaçıya məxsus torpaq sahəsində yerləşir. Həmin ekspert rəyi ilə müəyyən edilən halların həqiqətə uyğun olmamasına əsas verən heç bir hal yoxdur. Həmçinin, cavabdeh köçkün yerləşdiyi həmin torpaq sahəsinə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən ona ünvanlanmış razılıq məktubu əsasında sahiblik etdiyini bildirir. Lakin qeyd olunan məktub özülündə hər hansı bir hüquqmüəyyənedici sənəd deyil və həmin torpaq sahəsinə hər hansı bir hüququn yaranması üçün əsas ola bilməz. Beləliklə, cavabdeh iddiaçıya məxsus torpaq sahəsinə qanunsuz sahiblik edir. Məhkəmə kollegiyası hesab edir ki, həmin torpaq sahəsinin cavabdehin sahibliyində olmasının heç bir qanuni əsası olmadığı üçün o həmin ərazidən çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29cu maddəsinin 2-ci hissəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin157.8. maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 157.2. maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 152.5. maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr bu Məcəllə ilə tənzimlənən mülki hüquq münasibətlərinə (beynəlxalq müqavilədən onun tətbiqi üçün dövlətdaxili normativ hüquqi aktın qəbul edilməsi tələbinin irəli gəldiyi hallar istisna edilməklə) birbaşa tətbiq edilir. X5 Məhkəməsi qeyd etmişdir ki, özünün əmlakına sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasverici prinsiplərindəndir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Məhkəmə kollegiyası mülkiyyət hüququnun müdafiəsi ilə bağlı yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, iddiaçının həmin torpaq sahəsindən cavabdehin çıxarılması barədə tələbi əsaslıdır. Cavabdehin iddiaçının iradəsi ziddinə həmin torpaq sahəsində məskunlaşması onun hüquqlarının pozulması deməkdir. Azərbaycan Respublikası MPM-nin 384.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Hakimlər: imzalar Əsli ilə düzdür Hakim: İsmayıl Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar