Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2289/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı сavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X2 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, İddiaçı сavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2395/2024 saylı 10 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 37,6 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan bu qeyri-yaşayış sahəsi ayda 465,12 manat icarə haqqı ödəmək şərtilə xx.xx.2025-ci il tarixinə kimi Cavabdeh icarəyə verilmişdir.
2. Həmin müqavilənin 4.3-cü bəndə əsasən, icarə haqqı 20 avqust 2024-cü il tarixindən hesablanır. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 4.4-cü maddəsinə əsasən, icarəçi icarə haqqını, müqavilə imzalandığı tarixdən etibarən hər ayın ilk 3 (üç) günü ərzində icarəyə verənə ödəməlidir.
3. Cavabdeh tərəfindən edilmiş xx.xx.2024-cü il tarixli müraciət əsasında, tərəflər arasındakı icarə müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixli icarə müqaviləsi üzrə 306,59 manat, dövlət rüsumu olaraq ödənilmiş 30 manat olmaqla, ümumilikdə, 336,59 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında xx.xx.2024-cü il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, o, özünə məxsus 37.6 kv.m ofis sahəsini cavabdehə icarəyə vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən, müqavilə 20 avqust 2024-cü il tarixindən başlamaqla 1 il müddətinə bağlanmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, icarə haqqı 465,12 manat təşkil etmişdir. Cavabdeh bu məbləğdən 14%, yəni 65,12 manat vergi qismində büdcəyə, 86%, yəni 400 manat isə ona ödəməlidir. 4.3-cü bəndə əsasən, icarə haqqı 20 avqust 2024-cü il tarixindən hesablanır. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 4.4-cü maddəsinə əsasən, icarəçi icarə haqqını, müqavilə imzalandığı tarixdən etibarən hər ayın ilk 3 (üç) günü ərzində icarəyə verənə ödəməlidir. Cavabdeh tərəfindən edilmiş xx.xx.2024-cü il tarixli müraciət əsasında, tərəflər arasındakı icarə müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixə qədər olan icarə haqqını ödəsə də, bu tarixdən müqavilənin xitam verildiyi xx.xx.2024-cü il tarixinə qədər olan hissə üçün hesablanan 306,59 manat icarə haqqını ödəməmişdir. Tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə müqavilənin 5.2-ci bəndinə əsasən müqaviləyə xitam verildiyi bildirilmiş və müqavilənin xitam tarixinə qədər yaranmış borc tələb edilmişdir. Lakin cavabdeh bu borcu ödəməmişdir.
6. Cavabdeh iddiaya etiraz edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1 maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Lakin, onların arasında bağlanmış icarə müqaviləsi notariat qaydada təsdiq edilməmişdir. Buna görə bu müqavilənin heç bir hüquqi əsası yoxdur. O, həmin müqavilənin notariat qaydasında təsdiq edilməli olduğunu bildirdikdə icarəyə verən bununla razılaşmadı və bildirdi ki, əgər notarial qaydada təsdiq edilərsə gərək hər ay ondan alacağı icarə haqqından 14% vergi ödəyə. Ona görə də iddiaçı tərəf ilə həmin müqavilə bağlandıqdan sonra iddiaçı həmin müqaviləni məhz vergidən yayınmaq üçün notariat qaydada təsdiqlətdirmədi. Müqavilə bağlandıqdan 20 gün sonra səhhətində yaranmış problemlə əlaqədar olaraq müqaviləyə xitam verilməsi üçün icarəyə verən tərəfə yazılı şəkildə rəsmi qaydada müraciət etmişdir. Göründüyü kimi növbəti icarə ayının başlamasına 10 gün qalmış o, rəsmi qaydada icarə müqaviləsinə xitam vermək məcburiyyətində olduğunu bildirmiş, lakin icarəyə verən icarə müqaviləsinə xitam verməli olduğu halda əsassız olaraq müraciətdən bir ay sonra üçün də ödəniş etməyini istəməkdə israrlıdır. Belə ki, o, icarədar kimi üzərinə düşən öhdəliyi tam yerinə yetirməklə müqavilə üzrə nəzərdə tutulmuş icarə haqqını qabaqcadan tam şəkildə ödəmiş və hal-hazırda oun iddiaçıya heç bir borcu yoxdur. Hətta ona təqdim edilmiş ofisin açarının bir nüxəsini iddiaçıya qaytarmış, lakin iddiaçı heç bir əsaslı səbəb göstərmədən ofisin açarının digər nüxsəsini məqsədli şəkildə ondan qəbul etməmişdir. İddiaçıya dəfələrlə ofisin açarının digər nüxsəsini təhvil götürməyini tələb etsə də, iddiaçı bundan səbəbsiz yerə imtina etmişdir. O, qeyd edilən ofisi götürdüyü gündən etibarən heç bir zaman istifadə etməmiş, hətta bu barədə iddiaçıya müqavilədə nəzərdə tutulmuş qaydada 1 (ay) öncədən müqaviləyə xitam verilməsi barədə məlumat versə də, iddiaçı qəsdən müqaviləyə xitam verməmiş və birtərəfli qaydada müqavilə müddətini uzatmışdır. İddiaçının tələbi müqavilə azadlığı prinsipinə və mülki qanunvericiliyə ziddir. Müqaviləyə xitam verilməsi barədə tərəfin məlumatlandırma qaydasında bildirişindən sonra icarəyə verənin məcburi icarə haqqının ödənilməsi barədə tələbi qanunvericilik prinsiplərinə uyğun deyildir. Müqaviləyə xitam verilməsi tərəflər arasında olan hüquq münasibətlərinin xitam olunması üçün əsasdır. Tərəflər arasında bağlanmış icarə müaviləsinə xitam verilməsinə dair tərəfindən icarəçi kimi icarəyə verənə, yəni onlara qabaqcadan məlumat verilmiş, lakin onlar tərəfdən buna dair heç bir etiraz bildirilməmişdir. Bir sözlə tələbləri tam əsassızdır. Göründüyü kimi icarəçi kimi onun icarə müqaviləsinə dair müqavilənin xitam verilməsi barədə müraciəti tərəf kimi onun qanunla qorunan hüququdur. Yuxarıda qeyd edilən səbəblərdən iddianın əsassız olmasını nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2395/2024 saylı 10 dekabr 2024cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin 5.2-cü bəndindən görünür ki, tərəflərdən birinin istəyi ilə və bu barədə digər tərəfi 30 gün əvvəl yazılı xəbərdarlıq etmək şərti ilə (əks halda gələcək ayın 30 (otuz) günün icarə haqqı tam ödəniləcək) müqaviləyə qüvvədə olma müddətində xitam verilə bilər. Cavabdeh xx.xx.2024-cü il tarixli xəbərdarlıqla iddiaçını müqaviləyə xx.xx.2024-cü il tarixindən xitam veriləcəyi barədə xəbərdar etmişdir. Lakin, icarə haqqını xx.xx.2024-cü il tarixədək ödəmiş, xx.xx.2024-cü il tarixədək, yəni müqavilənin xitam verildiyi vaxtadək icarə haqqını ödəməmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının MM-nin 700.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22(009)-2395/2024 saylı 10 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv olunmasını, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əvvəla tərəflər arasında olan icarə müqaviləsi notariat qaydada təsdiq edilməmişdir. Müqavilənin heç bir hüquqi qüvvəsi yoxdur. Ona görə ki, o, iddiaçıya müqavilənin notariat qaydasında təsdiq edilməsinin vacibliyini bildirdikdə icarəyə verənin nümayəndəsi bununla razılaşmadı və nümayəndə bildirdi ki, müqavilə əgər notariat qaydada təsdiq edilərsə gərək hər ay ondan alacağı icarə haqqının 14 faizini vergiyə ödəyə. Buna görə də iddiaçı tərəf həmin müqavilə bağlandıqdan sonra vergidən yayınmaq üçün müqaviləni notariat qaydasında təsdiq etdirmədi. Müqavilə bağlandıqdan 20 gün sonra səhətində yaranan problemlərlə əlaqədar müqaviləyə xitam verilməsi barədə icarədara rəsmi şəkildə yazılı qaydada müraciət etdi və müqaviləyə xitam vermək məcburiyyətində olduğumu bildirdi. Lakin icarədar müqaviləyə xitam verməli olduğu halda əsassız olaraq müraciətindən sonra növbəti 1 (bir) ay üçün də icarə haqqı ödəməyini təkid etdi. Halbuki, o, icarədar kimi üzərinə düşən öhdəliyi tam yerinə yetirməklə müqavilə üzrə nəzərdə tutulmuş icarə haqqını qabaqcadan tam şəkildə ödəmiş və hal-hazırda onun iddiaçıya heç bir borcu yoxdur. Hətta ona təqdim edilmiş ofisin açarının bir nüxəsini iddiaçıya qaytarmışam, lakin iddiaçı heç bir əsaslı səbəb göstərmədən ofisin açarının digər nüxsəsini məqsədli şəkildə məndən qəbul etməmişdir. İddiaçıya dəfələrlə ofisin açarının digər nüxsəsini təhvil götürməsini tələb etsə də, iddiaçı bundan səbəbsiz yerə imtina etmişdir. O, qeyd edilən ofisi götürdüyü gündən etibarən heç bir zaman istifadə etməmişdir, iddiaçı qəsdən müqaviləyə xitam verməmişdir və məqsədli şəkildə birtərəfli qaydada müqavilə müddətini uzatmışdır. İddiaçının tələbi müqavilə azadlığı prinsipinə və mülki qanunvericiliyə ziddir. Müqaviləyə xitam verilməsi barədə tərəfin məlumatlandırma qaydasında bildirişindən sonra icarəyə verənin məcburi icarə haqqının ödənilməsi barədə tələbi qanunvericilik prinsiplərinə uyğun deyildir. Müqaviləyə xitam verilməsi tərəflər arasında olan hüquq münasibətlərinin xitam olunması üçün əsasdır. Tərəflər arasında bağlanmış icarə müaviləsinə xitam verilməsinə dair tərəfindən icarəçi kimi icarəyə verənə qabaqcadan məlumat verilmiş, tərəfindən buna dair heç bir etiraz bildirilməmişdir. Bir sözlə tələb tam əsassızdır. Qanunvericiliyinin tələbinə görə əgər cavabdeh iddianı qəbul etmirsə sübutetmə yükü iddiaçının üzərinə düşür. Bununla da sübutetmə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşsə də o, öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməmişdir Göründüyü kimi iddiaçı əsassız olaraq ona qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə cavabdeh kimi onun hüquqlarının qorunmasını təmin etməmişdir. Halbuki cavabdeh kimi o, özünün haqlı olmasını təsdiq edən etirazını məhkəməyə təqdim etsə də, lakin məhkəmə obyektivliyi təmin etmədən, yalnız iddiaçının dəlillərini əsas tutaraq qətnamə qəbul etmişdir. Nəticədə tərəflərin hüquq bərabərliyini prinsipi və cavabdeh kimi onun hüquqları pozulmuşdur. Qeyd etdiyi xüsusatlar tam araşdırılmamış və araşdırmaya səthi yanaşılmışdır. Nəticədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərini kobud pozmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya baxışının hədləri
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
14. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
16. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
17. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 18.144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 19.146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 20.146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 21.152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 22.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 23.394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 24.421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
25. 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
26. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 27.700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
28.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 29.284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 30.284-5.1 və 284-5.2-ci maddələrinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 32.Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 37,6 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan bu qeyri-yaşayış sahəsi ayda 465,12 manat icarə haqqı ödəmək şərtilə xx.xx.2025-ci il tarixinə kimi cavabdehə icarəyə verilmişdir. Tərəflərin arasında yaranmış müqavilə münasibətlərinə onların razılaşmalarına əsasən xx.xx.2024-cü tarixdə xitam verilmiş, məhkəməyə müraciət edən iddiaçı xx.xx.2024-cü il tarixdən müqavilə münasibətlərinə xitam verildiyi tarixədək (xx.xx.2024-cü il) hesablanmış 306.59 manat icarə haqqının ödənilmədiyinə istinad etmişdir.
33. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin 5.2-ci bəndindən görünür ki, tərəflərdən birinin istəyi ilə və bu barədə digər tərəfi 30 gün əvvəl yazılı xəbərdarlıq etmək şərti ilə (əks halda gələcək ayın 30 (otuz) günün icarə haqqı tam ödəniləcək) müqaviləyə qüvvədə olma müddətində xitam verilə bilər. Cavabdeh xx.xx.2024-cü il tarixli xəbərdarlıqla iddiaçını müqaviləyə xx.xx.2024-cü il tarixindən xitam veriləcəyi barədə xəbərdar etmişdir. Lakin, icarə haqqını xx.xx.2024-cü il tarixədək ödəmiş, xx.xx.2024-cü il tarixədək, yəni müqavilənin xitam verildiyi vaxtadək icarə haqqını ödəməmişdir.
34. Göründüyü kimi, mövcud vəziyyətdə işin mübahisə olunan halı cavabdehin 306.59 manat icarə haqqını ödəməli olub-olmaması ilə bağlıdır. 35.Qanuna əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 36.Baxılan işdə icarə müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verildiyi işin mübahisə olunmayan halıdır. Məhkəmə araşdırması zamanı da cavabdehin icarə müqaviləsinə xitam verilənədək icarə haqqını ödəmək vəzifəsindən azad olunması üçün hər hansı əsasın mövcudluğu müəyyən edilməmişdir. Belə ki, icarə obyektinin qüsurları nəticəsində icarə obyektindən istifadə edilməsinin qeyri-mümkün olması halları istisna olmaqla icarəçinin icarə obyektindən faktiki istifadə etməməsi onu icarə haqqını ödəmək öhdəliyindən azad etmir. Odur ki, birinci instansiya məhkəməsi tamamilə əsaslı olaraq icarə haqqını, icarəçinin icarə obyektindən istifadə edib-etməməsindən asılı olmayaraq cavabdehdən xx.xx.2024-cü il tarixədək tələb olunan məbləğdə icarə haqqının tutulmalı olması qənaətinə gəlmişdir. 37.Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllədə daşınmaz əmlakın icarəyə verilməsi barədə müqavilələrin notariat qaydasında təsdiq edilməsini müəyyən edən xüsusi norma mövcud deyil. Mülki Məcəllənin 139, 144 və 146-cı maddələri isə icarə müqavilələrinə aid deyil. Belə ki, həmin maddələr Mülki Məcəllənin “Əmlak və əşya hüququ” adlı 5-ci fəslinə aid “Əmlak hüquqlarının dövlət qeydiyyatı” adlı 2ci paraqrafına aiddir. Daşınmaz əmlakın icarəsi müqaviləsi əsasında yaranan hüquqlar isə əşya hüquqlarına aid deyil. 38.Bundan əlavə, Mülki Məcəllənin 144.1-ci maddəsinin tələblərinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 39.Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun anlayışı isə MülkiMəcəllənin 152.4-cü maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Lakin əmlakın icarəyə verilməsi onun hüquqi müqəddəratını təyin etmək anlamına gəlmir. Çünki əmlakın icarəyə verilməsi yalnız ona sahiblik və istifadə edən şəxsin tam və ya qismən dəyişməsinə səbəb olur, bilavasitə əmlakın hüquqi müqəddəratı isə dəyişməz qalır. 40.Mülki Məcəllənin 394-cü maddəsi də daşınmaz əmlakın icarə verilməsi müqavilələrinə aid deyil. Belə ki, həmin maddənin tələblərinə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 41.Göründüyü kimi həmin maddədə əşyaya mülkiyyət və ya digər əşya hüquqlarının verilməsi məsələləri tənzimlənir. Lakin qeyd olunduğu kimi daşınmaz əmlakın icarəsi müqaviləsi əsasında yaranan hüquqlar əşya hüquqlarına aid deyil. Bu baxımdan kollegiya qeyd edir ki, icarə müqaviləsinin notariat qaydasında təsdiq edilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri əsassızdır. 42.Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 45.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
46. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
47. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddia tələbinin təmin edilən hissəsində iddianın qiyməti 336,59 manat olmaqla beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2395/2024 saylı 10 dekabr 2024cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev