Məhkəmə qərarları › İş №2(103)-2295/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2295/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2295/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2(011)-2828/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” KB ASC-si Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 2515,98 ABŞ dolları əsas, 178,31 ABŞ dolları faiz, 121,61 ABŞ dolları cərimə, cəmi 2815,90 ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, iddiaçı “xxxx” KB ASC ilə cavabdeh arasında bağlanmış 18.07.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə illik 24% ödəmək şərtilə 3176 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 28.02.2020-ci il tarixinə “xxxx” KB ASC-yə 2515,98 ABŞ dolları əsas, 178,31 ABŞ dolları faiz, 121,61 ABŞ dolları cərimə, cəmi 2815,90 ABŞ dolları borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “xxxx” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2(011)-2828/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 18.07.2015-ci il tarixli müqaviləyə əsasən 2515,98 ABŞ dolları ödənilməmiş məbləğ (əsas borc), 178,31 ABŞ dolları faiz, 121,61 ABŞ dolları cərimə, cəmi 2815,90 ABŞ dolları (Ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) borcun “xxxx” KB ASC-nin xeyrinə tutulması qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, “xxxx” KB ASC-nin təqdim etdiyi ödəniş cədvəlinə uyğun olaraq, o, ödənişləri vaxtlı-vaxtında ödəməklə yanaşı, qrafiklə nəzərdə tutulmuş ödəniş cədvəlinə uyğun göstərilən məbləğdən artıq olaraq, 2015-ci ildən, yəni, 18.08.2015-ci ildən 18.04.2019-cu ilə qədər ödənişlərini vaxtlı-vaxtında bank qarşısında öhdəliyini yerinə yetirmişdir. Buna sübut olaraq ödənişləri həyata keçirdiyi qəbzləridə bu günə kimi saxlayıb. Buna baxmayaraq, “xxxx” KB ASC cavabdehə qarşı məhkəmə qaydasında iddia tələbi irəli sürərək ondan əsassız olaraq, ödəniş cədvəlində ödədiyi məbləğləri nəzərə almadan, Xətai rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Belə ki, tələb bölünməz olduğundan, qətnamənin bütünlüklə yoxlanılması zərurəti yaranır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, işdə olan sübutlar əsasında iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış 18.07.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə-18.07.2019-cu il tarixədək illik 24% ödəmək şərti ilə 3176 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan “xxxx” ASC-nin Cavabdeh ünvanladığı 24 yanvar 2020-ci il tarixli bildirişə əsasən məlum olur ki, bank cavabdehə 3 iş günü ərzində borcunun ödənilməsini təklif etmiş, borcu ödəməsə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan “xxxx” ASC-nin 28 fevral 2020-ci il tarixli UBBank/PİKMD/892182 nömrəli arayışının surətindən görünür ki, Cavabdeh 2982nkBAY/15 saylı kredit müqaviləsi üzrə 28 fevral 2020-ci il tarixinə əsas borc 2515,98 USD, faiz üzrə borcu 178,31 USD, cərimə faizləri 121,61 USD, cəmi 2815,90 USD təşkil edir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1 maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri olmuş, iddiaçı tərəfindən öhdəlik yerinə yetirilsə də, cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğu üçün, iddiaçı haqlı olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Kollegiya borcun müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 may 2021-ci il tarixli, 09/2546 saylı rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və “xxxx” KB ASC ilə X6 arasında 18.07.2015-ci il tarixli, 2982nkBAY/15 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla X3 banka olan borcu müqavilə müddətinin bitmə tarixi olan 18.07.2019-cu il tarixə əsas borc-2529,66 ABŞ dolları, faiz borcu 161,90 ABŞ dolları, maliyyə arayışının müddəti olan 28.02.2020-ci il tarixə əsas borc 2529,66 ABŞ dolları, faiz borcu 532,91 ABŞ dolları, cərimə borcu 121,61 ABŞ dolları təşkil edir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Kollegiya qeyd edir ki, ekspert rəyində əsas borc çox qeyd olunduğundan, MPM-nin 218.3cü maddəsinə əsasən məhkəmə verilmiş tələb daxilində işə baxdığından, əsas borc 2515,98 ABŞ dolları götürülməlidir. Faiz borcu hissədə iddia qismən təmin edilməli, faiz borcu 161,90 ABŞ müəyyən olunmalıdır. Həmçinin cərimə borcu 121,61 ABŞ dolları müəyyən olunmalıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, qətnamə ləğv olunmalı, işdə olan sübutlar əsasında iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 2515,98 ABŞ dolları əsas, 161,90 ABŞ dolları faiz borcu, 121,61 ABŞ dolları cərimə borcu tutulmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq cavabdehə aid edilməli, ondan 29 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Kollegiya hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi - yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 99 manatı cavabdehdən, 1 manatı iddiaçıdan alınıb, Az.MEM,VÖEN **********, AZ34CTRE ********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000 003944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Kollegiya cavabdehin borcunun olmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, cavabdeh işdə olan maliyyə sənədləri və ekspert rəyini şübhə altına ala biləcək mötəbər sübutlar təqdim etməmiş, onun təqdim etdiyi ödəniş qəbzləri ekspert rəyində nəzərə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.2, 385.1.4-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2(011)- 2828/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” KB ASC-nin xeyrinə 18.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə 2515,98 (iki min beş yüz on beş ABŞ dolları doxsan səkkiz sent) ABŞ dolları əsas, 161,90 (yüz altmış bir ABŞ dolları doxsan sent) ABŞ dolları faiz borcu, 121,61 (yüz iyirmi bir ABŞ dolları altmış bir sent) ABŞ dolları cərimə borcu, cəmi 2799,49 (iki min yeddi yüz doxsan doqquz ABŞ dolları qırx doqquz sent) ABŞ dolları alınacaq gündə dolların manata olan məzənnəsi nəzərə alınmaqla manatla tutulsun. Cavabdeh “xxxx” KB ASC-nin xeyrinə 29 (iyirmi doqquz) manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 99 (doxsan doqquz) manatı Cavabdeh, 1(bir) manatı iddiaçı “xxxx” KB ASC-dən tutulub, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar