Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2296/2024 28.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı, Cavabdeh İddiaçı qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: aliment məbləğinin dəyişdirilməsi, alimentin qazancın hissəsi kimi tutulması, uşağın yaşayış yerinin müəyyənləşdirilməsi, uşağın üstün mənafeyi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil3 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “uşağın himayəyə verilməsi və aliment ödəməkdən azad edilmə” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı və Cavabdeh xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahdan sonra qadına “Kazımova” soyadı verilmiş, nikahlarından xx.xx.2013-cü il tarixdə Aylin, xx.xx.2018-ci il tarixdə Şəms adını verdikləri uşaqları dünyaya gəlmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli qətnaməsi ilə nikahlarının pozulması, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 anaları X1 yanında qalmaları, Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq X1 xeyrinə hər uşaq üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
2. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşıdır, aylıq əmək haqqı 1210 manat təşkil edir.
3. İddiaçı "xxxx" MMC-də xəzinədar-satıcı vəzifəsində işləyir, aylıq əmək haqqı 400 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsini, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh onun xeyrinə hər ay hər uşağa görə 220 manat alimentin, habelə mediasiya xərci olaraq ödədiyi 60 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən etibarən hesablanmaqla Cavabdeh hər ay hər uşağa görə 175 manat, ümumilikdə 350 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Lakin uşaqların böyüməsi, təhsillə əlaqədar zəruri və digər xərclər, həmçinin sağlamlıq və tərbiyə edilməsi, qayğısına qalınması üçün hazırda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment kifayət etmir. Belə ki, aliment məbləği günün iqtisadi göstəriciləri ilə uzlaşmır. Qiymətlərin qalxması və digər zəruri amillər onun maddi təminatının artmasına səbəb olmuşdur. Uşaqların saxlanılmasında bir valideyn kimi iştirak etməsinə baxmayaraq onun maddi təminatının təminində bəzi problemlərlə üzləşir. Uşağın maddi təminatının təmini onunla yanaşı cavabdehin də vəzifə borcudur. Cavabdeh ilkin mediasiya sessiyası barədə rəsmi olaraq məlumatlandırılsa da sessiyada iştirak etməmişdir, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat ödəniş edilmişdir.
6. Cavabdeh isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim etmiş, xx.xx.2013cü il təvəllüdlü X5 anasının himayəsindən alınıb onun himayəsinə verilməsi və qətnamə ilə uşaqlara təyin olunmuş alimentin tamamilə ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə xx.xx.2012-ci tarixdə, 663 №li akt qeydi aparılmaqla Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində nikaha girmiş, ailə münasibətləri alınmadığından nikahları məhkəmə qaydaşında pozulmuş, uşaqları ananın himayəsinə verilmiş, uşaqların saxlanılması üçün ondan 350 manat aliment tutulmuşdur. Birgə nikahlarından 2 övladları - 05 aprel 2013-cü il təvəllüdlü X8 və 17 yanvar 2018-ci təvəllüdlü X10 doğulmuşdur. Uşaqlarından biri olan X5 onun himayəsinə qaytarılmasını istəyir. Digər uşaqları olan X6 isə hələ ki, azyaşlı olduğunu nəzərə alaraq, anasının himayəsində saxlanılmasına razıdır. Kazımzadə Aylinin artıq 10 yaşı var. Uşaq onunla qalmaq istəyir. Son vaxtlar Zöhrə ilə aralarında olan danışıqlardan da belə məlum oldu ki, o da Aylinin onun himayəsinə verilməsinə razıdır. Ona görə də məhkəmə qaydasında Aylinin anasının himayəsindən alınıb, onun himayəsinə qaytarılmasını istəyir.
8. Sonradan İddiaçı məhkəməyə ərizə təqdim edərək, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh əmək haqqı və digər gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin, habelə mediasiya xərci olaraq ödənilmiş 60 manatın 30 manatının tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş ettmişdir.
9. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN Maliyyə- Plan İdarəsinin 3-B-27/2-K-465/1/2023 nömrəli, xx.xx.2023-cü il tarixli arayışına əsasən Cavabdeh DİN-nin əmkdaşıdır və aylıq əmək haqqı 1210 manat təşkil edir.
10. Cavabdeh da iddia tələbini dəqiqləşdirmiş, X6 anasının himayəsində saxlanılması, onun saxlanılması üçün ondan tutulması qət edilmiş 175 manat alimentin olduğu kimi qalması, 05 aprel 2013-cü il təvəllüdlü X5 ananın himayəsindən alınaraq onun himayəsinə verilməsi və X7 görə hər ay ödədiyi 175 manat alimentin ləğv edilməsi, Aylinin saxlanması üçün 175 manat alimentin İddiaçı Məmədhəsən qızından tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Məhkəmə iclasında qəyyumluq orqanının nümayəndəsinin iştirakı ilə dinlənilmiş xx.xx.2013-cü il təvəllüdlü X8 atasının yanında qalmaq istədiyini bildirmişdir.
12. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası xx.xx.2023-cü il tarixli rəyində göstərmişdir ki, azyaşlının fikri nəzərə alınmaqla xx.xx.2013-cü il təvəllüdlü X5 atası Cavabdeh yanında saxlanılması azyaşlının mənafeyinə uyğun hesab edilir.
13. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-11/532 saylı rəyində göstərilmişdir ki, “xx.xx.2013-cü il təvəllüdlü X5 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur. xx.xx.2013-cü il təvəllüdlü X5 hal-hazırda atası Cavabdeh və anası İddiaçı bağlılığı müəyyən olunmaqla, atası Cavabdeh bağlılığı daha çoxdur. İddiaçı və Cavabdeh fərdipsixoloji xüsusiyyətlərində xx.xx.2013-cü il təvəllüdlü X5 emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri üzə çıxmır”.
14. Birinci instansiya məhkəməsinin 18 yanvar 2024-cü il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-1057/2021 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməsi, mediasiya xərci olaraq ödənilmiş 60 manatın 30 manatının Cavabdeh alınıb İddiaçı ödənilməsi, İddiaçı ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumunun Cavabdeh alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, məhkəmə xərclərinin Cavabdeh özünə aid edilməsi, məhkəmə-psixoloji ekspertiza tədqiqatının dəyəri olan 80 manatın 40 manatının İddiaçı, 40 manatının Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur.
15. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
15.1. Məhkəmə, ilk iddiaçının şəxsən öz uşaqlarının qayğısına qalıb onları böyütmək, tərbiyə etmək arzusunda olmasını və bir ana, valideyn kimi qanunvericilikdə bu hüquqa malik olmasını nəzərə alaraq qeyd edir ki, Aylin Kazımzadənin ananın himayəsində qalıb böyüməsi onun mənafeyinə uyğundur. Çünki, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşaqların mənafeyi üstün tutulmalı, onların maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməlidir. 15.2. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il 8- 2/2016 nömrəli qərarının (20 fevral 2020-ci il tarixə olan dəyişiklik və əlavələrlə) 7.1-ci bəndində qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Valideynlərdən birinin maddiməişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. 15.3. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. 15.4. İş materiallarından müəyyən olunur ki, məhkəmə qətnaməsi ilə nikah pozularkən uşaqların analarının yanında saxlanılması müəyyən olunmuşdur. Hazırda Ceyhun X3 yanında saxlanılmasınının yeni əsasını uşağın 10 yaşının tamam olması, tərəflərin yaşayış, vərdiş, düşüncə tərzində və səviyyəsində fərqlərin olması ilə əsaslandırmağa çalışmışdır. 15.5. Qanunvericiliyin düzgün tətbiq edilməsi məqsədi ilə vahid məhkəmə təcrübəsini formalaşdıran Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun 28 mart 2016-cı il 8-2/2016 nömrəli qərarının 7.5-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən "10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. 15.6. Qərarın 7.6-cı bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı- qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. 15.7. Məhkəmə qeyd edir ki, ciddi əsaslandırılmış səbəblər mövcud olmadan uzun müddət birlikdə yaşamağa öyrənmiş uşaqların onların mənafelərinə və üstün maraqlarına zidd şəkildə biri-birindən ayrılmasına yol verilməməli, uşaqların bir-birilərinə bağlılığı nəzərə alınmalıdır. 15.8. Məhkəmə iclasında dinlənilərkən Aylin Kazımzadə atasının yanında qalmaq istədiyini bildirməklə yanaşı, bacısını çox istədiyini, mehriban olduqlarını, onun qayğısına qaldığını və tez-tez görüşmək istədiyini qeyd etmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2013-cü il təvəllüdlü X5 anasının yanında qalması onun mənafeyinə uyğun olmaqla, onun bacısı ilə böyüməsi onun əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafına vəsilə olacaqdır. 15.9. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli rəyinə əsasən azyaşlının fikri nəzərə alınmaqla xx.xx.2013-cü il təvəllüdlü X5 atası Cavabdeh yanında saxlanılması azyaşlının mənafeyinə uyğun hesab edilməsi vurğulansa da, uşağın fikri digər hallarla yanaşı məcmu halında qiymətləndirməli, uşağın anasının etirazı və uşağın üstün maraqları nəzərə almalıdır. 15.10.Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-11/532 saylı rəyində xx.xx.2013-cü il təvəllüdlü X5 hal-hazırda atası Cavabdeh və anası İddiaçı bağlılığı müəyyən olunmaqla, atası Cavabdeh bağlılığı daha çox olması vurğulansa da, bu onun atasının himayəsinə verilməsi üçün mütləq əsas deyildir. 15.11. Belə ki, rəyin tədiqiqi hissəsinin 5-ci səhifəsində, xx.xx.2013-cü il təvəllüdlü A. Kazımzadənin "Ailə sosioqramı” metodikası yerinə yetirilərkən atasını, anasını, ata nənəsini və digər qohumlarını seçməsi göstərilmişdir. Bundan əlavə, tədqiqat zamanı X5 idrak proseslərini müəyyən etmək məqsədi ilə ekspert tərəfindən istifadə edilmiş Rene Jilin "Film test” metodikasına əsasən A. Kazımzadə vaxt keçirmək üçün atasını, anasını, bacısını seçdiyini göstərmişdir. 15.12.Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 15.13.Məhkəmə tərəflərin izahlarını, uşağın fikrini dinləyərək, rəyləri qiymətləndirərək, hesab edir ki, uşağın anasından və bacısından ayrılmasına müstəsna və ciddi əsaslar yoxdur və bu məqsədəuyğun da deyildir. 15.14.Beləliklə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddia "xx.xx.2013-cü il təvəllüdlü X5 atasının himayəsinə verilməsi” hissəsində təmin edilməməlidir. 15.15.xx.xx.2013-cü il təvəllüdlü X5 atasına verilməsi təmin edilmədiyindən qarşıqlı iddia tələbinin "X7 görə hər ay ödədiyi 175 manat alimentin ləğv edilməsi, Aylinin saxlanması üçün 175 manat alimentin İddiaçı Məmədhəsən qızından tutularaq ona verilməsi” hissəsi də təmin edilməməlidir. 15.16.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1057/2021 saylı iş üzrə xx.xx.2021-ci tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği göstərilən halların məcmusu, eləcə də dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşaqların böyüdükcə artan tələbatları nəzərə alınmaqla üçdə bir hissədə tutulmalıdır.
16. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Ailə Məcəlləsinin 52-ci, 60.4-cü, 76.1.2-ci, 112-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Bəyannaməyə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına istinad etmişdir.
17. Qətnamədən Cavabdeh nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, uşağın fikrini, həmçinin qəyyumluq orqanının və ekspertin rəyini nəzərə almadığını, uşağın atası ilə qalmaq istəyinin ananın həyat tərzindən, zərərli vərdişlərindən qaynaqlandığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə etiraz
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
19. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi (vəkili) apellyasya şikayətinin dəlillərini müdafiə etmiş, iddiaçı və onun nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
20. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
21. Maddə 52. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.
22. Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.
23. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.
24. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
25. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
26. Maddə 76.1.2. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur.
27. Maddə 78.1 və 78.2. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
28. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Qanun
29. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
33. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Madə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
36. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
40. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
42. Kollegiya hеsаb еdir ki, birinci instansiya məhkəməsi hüququ düzgün tətbiq etmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir və həmin nəticə ilə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.
43. Belə ki, ailə qanunvericiliyinin və əlaqədar qanunvericilik aktlarının yuxarıda sadalanan normaları baxımından bu cür mübahisələr ilk növbədə uşaqların hüquq və mənafelərinə uyğun həll edilməli, azyaşlı uşaqlar valideynlər arasında yaranmış mübahisə və ədavətin qurbanına çevrilməməlidir. Bu baxımdan uşağın hansı valideynə verilməsi məsələsinə baxılarkən onun hansı valideynlə qalmasının gələcək inkişafına, tərbiyəsinə necə təsir göstərəcəyi, onların uşağa münasibəti, eləcə də uşağın yaşı, valideynlərdən hansının yanında qalmaq arzusu və valideynə şəxsi bağlılığı nəzərə alınmalıdır.
44. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. ...Nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacıqardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur.
45. Nəzərə alınmalıdır ki, uşaqları valideynlərindən ayırmaq, himayəyə və ya övladlığa vermək barədə qərarlar Avropa Məhkəməsinin “İnsan Hüquqları və Əsas azadlıqlarına dair Avropa Konvensiyası”nın 8-ci maddəsində nəzərdə tutulmuş ailə həyatına hörmət hüququ kontekstində araşdırdığı məsələlərdəndir və Məhkəmənin presedent hüququna görə bu məsələlərlə bağlı qərar çıxarılarkən uşağın maraqlarına birinci dərəcəli əhəmiyyət verilməlidir (“Mustafa və X11rşı” iş).“Elşolts Almaniyaya qarşı” iş üzrə qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 8-ci maddəsi dovlət hakimiyyəti orqanlarından uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etmələrini, tarazlaşdırma prosesində uşağın yuksək maraqlarına xüsusi əhəmiyyət vermələrini, həmin maraqların onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutmalarını tələb edir.
46. Avropa İnsan Hüquqları Məhkəməsi “Ləman Babayeva Azərbaycana qarşı” iş üzrə 30 yanvar 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, üşaqların ən üstün maraqlarına uyğun olan cəhətlərin nəzərə alınması şübhəsiz ki, belə işlərin hər birində çox vacibdir.
47. Bu kontekstdə qeyd olunmalıdır ki, uşaqların yüksək maraqlarına, yəni mənəvi, fiziki və psixi tələbatlarının təmin edilməsinə əhəmiyyət verilmədən, bununla da valideynlərin maraqlarının uşaqların maraqlarından üstün tutulması yolverilməzdir. Kollegiyanın qənaətinə görə, valideyinə nisbətdə uşaqların mənafelərinin üstün tutularaq uşaqların analarının himayəsində qalması, onların həyatında, inkişafında və tərbiyəsində müsbət nəticələrin əldə edilməsinə zəmin yaratmaqla yanaşı, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilmələrinə stimul yaratmış olacaqdır.
48. Nəzərə alnmalıdır ki, BMT Baş Məclisinin 1386 (XİV) nömrəli 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə, azyaşlı uşaq müstəsna hallardan başqa, anasından alına bilməz. Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından tam məhrum olmasına dəlalət edən hallar başa düşülür. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s. Hazırkı iş üzrə belə müstəsna hallar ümumiyyətlə müəyyən edilməmişdir.
49. Kollegiya, xx.xx.2013-cü il təvəllüdlü X5 atasının yanında qalmasının məqsədəmüvafiq hesab edilməsi məzmununda olan Nəsimi rayon Qəyyumluq və Himayəçilik Komissiyasının verdiyi rəyə də münasibət bildirərək qeyd edir ki, uşaqlarla bağlı məsələdə hər hansı orqanın, hətta qəyyumluq və himayəçilik orqanının verdiyi rəy belə məhkəmə üçün məcburi olmamaqla uşağın üstün mənafeyi kontekstində Mülki Prosessual Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydada qiymətləndirilməlidir.
50. Həmçinin nəzərə alınmalıdır ki, belə nəticə uşaqların biri-birlərindən ayrılmasına səbəb olmaqla onların mənafeyinə uyğun deyildir.
51. Uşaqların analarının yanında qalmalı olması qənaətinin məntiqi nəticəsi olaraq kollegiya, ilkin iddiaçının tələbi üzrə gəlinən nəticəni də əsaslı hesab edir.
52. Belə ki, ilkin iddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir (§ 28).
53. Qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
54. Hazırki mübahisə üzrə ilkin iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşaqların ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Kollegiya hesab edir ki, ilkin iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, Nəsimi Rayon Məhkəməsi xx.xx.2021ci il tarixli qətnaməsi ilə onun xeyrinə cavabdehdən 350 manat məbləğində aliment tutulmasını müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını və iddiaçının məhz sabit məbləğdə aliment tələb etməsini əsas götürmüşdür; hazırda isə bu vəziyyət dəyişməklə həm uşaqların tələbatı artmış, həm uşaqlara görə müəyyənləşdirilmiş yaşayış minumumu 2023-cü il üçün 220 manat nəzərdə tutulmuş, həm də Cavabdeh qazancı çoxalmışdır. Kollegiya hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir.
55. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-97/2024 saylı iş üzrə 18 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə