Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2297/2024 07.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi zərərin və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, e-2(001)-771/2024 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin Halları
1. İddiaçı Azərbaycan Respublikasındakı nümayəndəsi "xxxx" şirkətinin meneceri Vəkil1 tərəfindən Cavabdeh ünvanlandırılmış 22 sentyabr 2023-cü il tarixli “pretenziya məktubu”ndan görünür ki, iddiaçı cavabdehdən 70220 ABŞ dolları əsas borcun, bundan başqa, əldən çıxmış fayda kimi 144454,4 ABŞ dollarının, cəmi 214674,4 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsini tələb etmişdir.
2. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 20 sentyabr 2023-cü il tarixli “Xidmət müqaviləsi”ndən görünür ki, müqavilə hüquqi xidmətlərin göstərilməsi ilə əlaqədar bağlanmış, müqavilə şərtlərinə əsasən, iddiaçı birinci instansiya məhkəməsində qətnamənin əldə edilməsinədək ümumilikdə 5100 ABŞ dolları məbləğində xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür.
3. “Whatsapp” tətbiqi vasitəsilə iddiaçı ilə cavabdeh arasındakı mesajlaşmadan müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında birjadan səhm alınması ilə bağlı pul haqq-hesabı olmuş, sonradan iddiaçı cavabdehdən ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmiş, cavabdeh də zərərin əvəzini ödəyəcəyini bildirmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş 100000 ABŞ dolları və “X2 ve Ticaret” A.Ş. şirkətininin təsis edilməsi və fəaliyyət göstərməsi üçün sərf olunan 30000 ABŞ dolları vəsaitdən ödənilmiş 59780 ABŞ dolları məbləği çıxılmaqla qalan 70220 ABŞ dolları real zərər, 104359,60 ABŞ dolları həcmində əldən çıxmış fayda, 5100 ABŞ Dolları həcmində hüquqşünas xərcləri, cəmi 179679 ABŞ dolları və 596 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, Türkiyə Respublikasının vətəndaşı İddiaçı və Cavabdeh on ildən artıq müddəti əhatə edən dostluq münasibəti olmuşdur. 2022-ci ilin iyul ayında cavabdeh iddiaçıya müraciət edərək, birlikdə “OKX” birjası ilə əməkdaşlıq edərək kriptovalyuta əməliyyatları ilə əlaqədar iş qurmağı təklif etmişdir. Nəticədə tərəflərin razılığı əsasında iddiaçı Türkiyə Respublikasında 2022-ci ilin iyul ayında “X2 ve Ticaret” A.Ş.şirkətini təsis etmişdir. Bütövlükdə dəyəri ******* Türk Lirəsi (hazırki rəsmi məzənnə ilə 35711,15 ABŞ Dolları) olan nizamnamə kapitalı yalnız iddiaçının özü tərəfindən ödənilmiş və o, şirkətin rəsmi olaraq tək təsisçisi olmuşdur. Lakin faktiki olaraq və danışıqlara əsaslanaraq şirkətin payları İddiaçı, Cavabdeh və Tural Kərimli (iddiaçı daxil olmaqla 3 nəfərin) arasında bölüşdürülmüşdür. Həmçinin Türkiyə qanunvericiliyinə əsasən, Şirkətin təsis edilməsi üçün qoyulan sərmayə sonradan istənilən zaman şirkətin fəaliyyəti ilə bağlı maaşların, kirayənin, vergilərin və digər bu kimi ödənişlərin həyata keçirilməsi üçün istifadə oluna bilir. Cavabdeh iddiaçıya 2022-ci il sentyabr ayında birja ilə əməkdaşlıq etmək məqsədi ilə həmin birjaya 300000 USDT depozit qoyulmalı olduğunu bildirmişdir. USDT və USDC ABŞ dollarının virtual versiyası olan kriptovalyutalardır və 1 USDT və ya USDC 1 ABŞ dollarına bərabərdir. Cavabdeh həmin məbləğin özü, iddiaçı və Tural Kərimli arasında bərabər, yəni hər biri 100000 ABŞ dolları olaraq bölünüb ödəniləcəyi və cəmi 300000 ABŞ dolları pulun Birjaya depozit şəklində yatırılacağını bildirmişdir. Nəticədə iddiaçı 19 sentyabr 2022-ci il tarixdə X7 sahib olduğu 26000 səhmini ümumilikdə ******* Türk Lirəsinə satıb öz payına düşən 100000 USDC (ABŞ dolları)-ni “Bilira Teknoloji” A.Ş. şirkətinin hesabına yatıraraq cavabdehin tələb etdiyi hesaba köçürmüşdür. Birja ilə aparılan danışıqlar əsasında iddiaçı cavabdeh tərəfindən nə şirkətin, nə də öz adına bir təminat hesabı birjada açmadığını aşkar etmişdir. Bundan sonra iddiaçı artıq 2023-cü il mart ayından etibarən 19 sentyabr 2022-ci il tarixində birjaya depozit qoymaq məqsədi ilə cavabdehə ödədiyi 100000 ABŞ dolları və “X2 ve Ticaret” A.Ş. şirkətinin Türkiyədə boşuna təsis edilməsinə sərf edilmiş 30000 ABŞ dolları pulu “WhatsApp” tətbiqi üzərindən yazışaraq cavabdehdən geri tələb etmişdir. Lakin cavabdeh növbəti aylarda tələb edilən məbləği müxtəlif bəhanələrlə ödəməyərək gecikdirmişdir. 01 avqust 2023-cü il tarixində cavabdeh 130000 ABŞ dolları (100000 ABŞ dolları depozit üçün qoyulan məbləğ + 30000 ABŞ dolları Şirkətin təsis edilməsi və fəaliyyətin göstərilməsi ilə bağlı xərclər) pulun çıxdığını əks etdirən ekran görüntüsünü “Whatsapp” mobil tətbiqi ilə iddiaçıya göndərərək həmin pulun onun hesabına köçürüldüyünü bildirsə də, iddiaçının hesabına bu vəsait daxil olmamışdır. Cavabdehin bildirdiyi məlumata əsasən sistemdə problem yarandığı üçün pul iddiaçının hesabına köçürülə bilməmişdir. Daha sonra məbləğin köçürülməsi tələbi ilə bağlı təkidlərdən, həmçinin məsələ ilə bağlı hüquqi addımların atılacağı ilə əlaqədar xəbərdarlıqdan sonra isə 09 avqust 2023-cü il tarixində bu məbləğdən yalnız 59780 USD (ABŞ dolları) iddiaçının hesabına köçürülmüşdür. Bundan sonra cavabdeh tərəfindən heç bir ödəmə həyata keçirilməmişdir. Cavabdeh tələb olunan məbləği ödəməkdən yayındığı üçün iddiaçı tərəfindən sonuncu dəfə 22 sentyabr 2023-cü il tarixində ona rəsmi pretenziya məktubu ünvanlanmışdır. Cavabdeh pretenziya məktubunu alandan sonra, iddiaçı ilə “Whatsapp” mobil tətbiqi üzərindən əlaqə saxlayaraq, 130000 ABŞ dollarından qalan məbləğin ödənilməsini (70220 ABŞ dollarını) 15 gün ərzində təmin edəcəyini, lakin əldən çıxmış fayda məsələsini kənara qoyulmasını xahiş etmişdir. 26 sentyabr 2023-cü il tarixdə cavabdehin vəkili və nümayəndəsi ilə keçirilən görüşdə, sonuncu cavabdehin 70220 ABŞ dollarını iki hissə ilə yaxın bir zamanda ödəniləcəyini, lakin əldən çıxmış faydanı ödənilməyəcəyini bildirmişdir. İddiaçı cavabdehin təklifi ilə razılaşmayaraq, hazırda ondan 70220 ABŞ dollarından əlavə olaraq əldən çıxmış faydanı da tələb edir. İddiaçı 100000 ABŞ Dollarının cavabdehin tələb etdiyi hesaba yatırılması üçün “X9”-nın özünə məxsus xeyli sayda səhmlərini 19 sentyabr 2022-ci il tarixdə birinin qiyməti 73 Türk lirəsi olmaqla ümumilikdə təqribi ******* Türk lirəsinə satmışdır. 1 səhmin cari dəyəri isə 220,1 Türk lirəsidir. Nəticədə 2022-ci ildə satılan 26000 səhmin cari dəyəri ******* Türk Lirəsidir və ya 204359,6 ABŞ dollarıdır. Nəzərə alınsa ki, 19 sentyabr 2022-ci il tarixində müvafiq səhmlərin dəyəri 100000 ABŞ dolları təşkil edirdi, hazırda əldən çıxmış fayda 104359,6 ABŞ Dolları təşkil edir (203.007,52 ABŞ dolları – 100.000,00 ABŞ dolları = 104.359,60 ABŞ dolları). Hazırda cavabdeh vurduğu zərərin əvəzinin hələ də tam məbləğini ödəmədiyindən iddiaçı ona vurulmuş zərərin əvəzini qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir.
6. Cavabdeh iddia ərizəsinə yazılı etiraz ünvanlayaraq, göstərmişdir ki, cavabdeh iddiaçı ilə birlikdə 2022-ci ilin iyul ayında əməkdaşlıq edərək, Türkiyə Respublikasında kriptovalyuta əməliyyatları ilə əlaqədar iş qurmağı təklif etmişdir. Nəticədə tərəflərin razılığı əsasında “X2 ve Ticaret” A.Ş. şirkəti (bundan sonra “Şirkət) təsis edilmiş və İddiaçı, Cavabdeh və Tural Kərimli tərəfindən hər biri 100000 ABŞ dolları ekvivalentində kriptovalyuta investisiya edilmişdir. Sonradan birjada olan dalğalanmalar və danışıqların baş tutmaması səbəbindən Tural Kərimli öz investisiyasını geri götürmüş, iddiaçı və cavabdehin qoyduğu pullar isə birjada dəyərdən düşərək sıfırlanmışdır. Nəticədə iddiaçı itirdiyi pulun əvəzini cavabdehdən tələb etmiş, cavabdeh isə öz növbəsində biznes etikasından irəli gələrək pulun bir qismini öz şəxsi vəsaiti hesabına iddiaçıya ödəmişdir. Bundan sonra cavabdeh özü də zərərdə olmasına baxmayaraq, iddiaçının çəkdiyi xərclərin bir hissəsini də ödəyəcəyini bildirmişdir. Lakin, iddiaçı haqlı olmadan daha çox məbləğ tələb edərək məhkəməyə müraciət etmişdir. Adıçəkilən şirkətə investisiya etmiş hər üç şəxs öz riski ilə sahibkarlıq fəaliyyətini həyata keçirən müstəqil şəxslərdir və yaranmış itkiyə görə iddiaçı cavabdeh qarşısında öhdəlik daşımır. Nəzərə alınmalıdır ki, iddiaçı öz iddiasını hər hansı yazılı sənədlə (müqavilə, təsis sənədi və digər) sübut edə bilmir və yalnız tərəflər arasındakı “Whatsapp” tətbiqi vasitəsilə olan yazışmaya istinad etmişdir. Qeyd edilən yazışma mətnləri iddiaçının yalnız biznes etikasından irəli gələn mövqeyini əks etdirir və öhdəliyin yaranması üçün əsas hesab oluna bilməz.
7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə etdiyini bildirib, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etmədiklərini, iddiaya etirazda göstərilənləri müdafiə etdiyini bildirərək, əlavə olaraq bildirmişlər ki, iddiaçı ilə cavabdeh, həmçinin Tural Kərimli adlı şəxs birlikdə iş quraraq birjada səhm almağı qərarlaşdırmışlar. Bu məqsədlə şirkət yaratmış, hər biri 100000 ABŞ dolları verməklə birjadan səhm almışlar. X5 öz pulunu geri çəkmiş, qalan 200000 ABŞ dolları məbləğində səhmlər isə birjada dəyər itirmiş, beləliklə pulu uduzmuşlar. Həm iddiaçının, həm də cavabdehin verdiyi pul itirilmiş, bundan sonra iddiaçı itirilmiş pulunu haqsız yerə cavabdehdən tələb etmişdir. Cavabdeh isə öz işgüzar nüfuzu xatirinə iddiaçıya uduzulmuş 100000 ABŞ dollarını qaytaracağını bildirmiş, 59780 ABŞ dollarını qaytarmış, qalan məbləği ödəmək üçün vaxt istəmişdir. Lakin, iddiaçı cavabdehdən hazırki iddia ərizəsində göstərilən əlavə məbləğlər də tələb etdiyindən cavabdeh ümumiyyətlə iddiaçıya pul ödəməkdən imtina etmişdir. İddiaçı cavabdehdən əldən çıxmış fayda kimi 104359,6 ABŞ dolları da tələb edir, tələbini onunla əsaslandırır ki, o, cavabdehə 100000 ABŞ dolları vermək üçün “X9”na aid səhmlərini satmış, satmasaydı bu gün onların dəyəri artdığından o, həmin məbləğdə gəlir əldə edə bilərdi. Halbuki, nəzərə alınmalıdır ki, X8 səhmlərinin dəyəri əksinə azalsaydı, o zaman iddianı ümumiyyətlə cavabdehdən heç nə tələb etməyəcəkdi?! Göründüyü kimi, iddianın tam olaraq heç bir əsası yoxdur, ona görə də rədd edilməlidir. İddia əsassız olduğundan, bu iddia ilə bağlı hüquqi xidmətlərə görə çəkilmiş xərcin əvəzinin tutulması hissəsində də iddia rədd edilməlidir.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, e-2(001)- 771/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 40220 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 295,12 manat məbləğində pul vəsaitinin də Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.
10. Qətnamə onunla əsaslandırılmışdır ki, hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehlərin qanunsuz hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsirini müəyyən edən faktiki halların baş verməsi iş üzrə sübut olunmur. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında kriptovalyuta əməliyyatları ilə əlaqədar hər biri 100000 ABŞ dolları ekvivalentində kriptovalyuta investisiya edilmiş, lakin cavabdeh 100000 ABŞ dolları verməklə birjadan səhm aldığını, sonradan qalan 200000 ABŞ dolları məbləğində səhmlərin isə birjada dəyərinin itirdiyini qəbul edərək, öz işgüzar nüfuzu xatirinə iddiaçıya uduzulmuş 100000 ABŞ dollarını qaytaracağını bildirərək, 59780 ABŞ dollarını könüllü qaytarmış, qalan məbləği ödəmək üçün vaxt istəmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçı qarşısında könüllü qəbul etdiyi öhdəliyinin həcmi 100000 ABŞ dollarından ödədiyi 59780 ABŞ dolları məbləği çıxılmaqla qalan 40220 ABŞ dolları təşkil edir. İddiaçının isə məhz cavabdehin təkidi ilə “X2 ve Ticaret” A.Ş. şirkətinin təsis etməsinə dair 30000 ABŞ dolları məbləğində pul sərf etdiyi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı (30000 ABŞ Dolları) qoyduğu maya dəyəri məbləği həddində risk daşıyaraq tək təsisçi kimi “X2 ve Ticaret” A.Ş. şirkətini təsis etmiş, onunla və ya şirkətlə cavabdeh arasında şirkətin mənfəətinin bölüşdürülməsi, bu mənfəət üzrə payların miqdarı, tərəflərin qarşılıqlı öhdəlikləri və digər şərtləri özündə əks etdirən hər hansı yazılı əqd bağlanmamışdır. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddia tələbinin 30000 ABŞ Dollarını tələb olunmasının hüquqi əsası mövcud deyil. 104359,6 ABŞ dolları həcmində əldən çıxmış faydaya münasibətdə qeyd olunmuşdur ki, qanunverici, mülkiyyətçinin əşyanın onun sahibliyində olmadığı müddətdə əldən çıxmış faydanı əsassız varlanmış qanunsuz sahibdən tələb etmək hüququnu ayrıca normalarla tənzimləmişdir. Əşya üzərində hüquqa malik olan şəxsin tələbi ilə qanunsuz sahibin əşyanın onda olduğu vaxt ərzində götürdüyü və ya götürməli olduğu bütün gəlirləri qaytarmaq və ya əvəzini ödəmək, əşyanın onda olması ilə bağlı yaranan zərərlərin əvəzini ödəmək vəzifəsi Mülki Məcəllənin 157.5-ci maddəsində açıqca göstərilmişdir. Bu norma, əsassız varlanma ilə bağlı qaydalarla əlaqəli şəkildə vicdansız sahibə qarşı tələb hüquqlarını tənzimləyir. Təsadüfi deyil ki, MM-in 1092.1.1-ci maddəsi həmin Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydanı varlanmış şəxsin qaytarma vəzifələrindən biri kimi müəyyən edir. Mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulan mənəvi zərərin əvəzi isə MM-in 1097.1-ci maddəsinə əsasən tələb edilə bilər. Bununla bağlı qeyd olunmuşdur ki, “X9”-nın iddiaçıya məxsus səhmlərinin məhz cavabdehin tapşırığı ilə çıxarılması və bunun nəticəsində səhmlərin dəyərindən əldə olunacaq dividendlərdən məhrum olması ilə bağlı dəlillərin sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, hazırkı halda “X9” nın iddiaçıya məxsus səhmlərinin məhz cavabdehin tapşırığı ilə çıxarılması iş üzrə müəyyən edilməmklə yanaşı buna dair iddiaçı yalnız formal mülahizələrə əsaslanmış, iddia tələbi üzrə heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2, 439.1, 439.2, 439.6, 739.1, 740.2, 777.1, 777.2, 779.1, 1091.1, 1092.1, 1096, 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı və cavabdeh qətnamədən apellyasiya şikayətləri verərək, iddiaçı ləğv edilib, iddianın tam təmin edilməsini, cavabdeh ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir.
13. İddiaçının apellyasiya şikayətinin dəlillərinə görə, Türkiyə Respublikasında 2022-ci ilin iyul ayında təsis edilmiş“X2 ve Ticaret” A.Ş.şirkəti sırf Cavabdeh təkidi nəticəsində yaranmış və həmin şirkətin yaranmasında cavabdehin özünün mülahizələrinə uyğun həyata keçirən kriptovalyuta əməliyyatları ilə məşğul olmaqdan başqa heç bir məqsədi olmamışdır. Qeyd etmək lazımdır ki, bütövlükdə dəyəri ******* Türk Lirəsi (hazırkı rəsmi məzənnə ilə 35711,15 ABŞ Dolları) olan nizamnamə kapitalı yalnız iddiaçının özü tərəfindən ödənilmişdir. Yuxarıda qeyd edilən hallar birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlar ilə təsdiqlənir. Belə ki, məhkəməyə təqdim olunmuş tərəflər arasındakı “Watsapp” yazışmasına əsasən, Cavabdeh özü belə iddiaçı qarşısında borcun 130000 ABŞ dolları olduğunu təsdiq edir (100000 əsas zərər + 30,000 şirkətin təsis edilməsinə görə zərər). Cavabdeh iddiaçıya açıq aydın şəkildə onun 130000 ABŞ Dolları borcunun qəbul etdiyini yazmış və həmin borcun ən yaxın zamanda qaytarılmasına söz vermişdir. Məhkəməyə təqdim olunmuş “Watsapp” yazışmaları və digər sənədlər ilə təsdiq olunur ki, İddiaçı tərəfindən Cavabdeh təkidi ilə onun tərəfindən təqdim olunmuş elektron pul kisəsinə pulun köçürülməsi üçün birinci özünə məxsus krüT“ Hava Yolları”nın səhmlərini satmış və cavabdeh bundan məlumatlı olmuşdur. Belə ki, iddiaçı 100000 ABŞ dollarını cavabdehin tələb etdiyi hesaba yatırılması üçün özünə məxsus krüT“ Hava Yolları”nın xeyli sayda səhmlərini 19 sentyabr 2022-ci il tarixdə səhmin birinin qiyməti 73 Türk lirəsi olmaqla ümumilikdə təqribi ******* Türk lirəsınə satmışdır. Bunu təsdiq edən “X10”dan əldə olunmuş çıxarışı birinci instansiya məhkəməsinə təqdim etmişlər. Məhkəməyə müraciət olunduğu tarixə isə səhmin birinin dəyəri 220,10 Türk lirəsi olmuşdur (Google-da ərizənin yüklənildiyi tarixə real vaxt rejimində əldə olunmuş məlumat). Nəticədə, 2022-ci ildə satılan 26000 səhmin məhkəməyə müraciət olunduğu tarixə dəyəri ******* Türk Lirəsi və ya 204359,60 ABŞ dolları olmuşdur. Nəzərə alınsa ki, 19 sentyabr 2022-ci il tarixində müvafiq səhmlərin dəyəri 100000 ABŞ dolları təşkil edirdi (cavabdehin tələb etdiyi hesaba köçürülmüş məbləğ), hazırda əldən çıxmış fayda 104359,60 ABŞ dolları təşkil edir (204359,60 ABŞ dolları – 100000 ABŞ dolları = 104359,60 ABŞ dolları). Onu da vurğulamaq lazımdır ki, krüT“ Hava Yolları”nın səhmləri bütün iri xarici fond birjalarında real vaxt rejimində satın alınır və onların satılması üçün hər hansı hazırlıq mərhələsindən keçmək ehtiyac yoxdur, onların satışı real vaxt rejimində sahibin istəyi ilə onlayn baş verə bilir. Beləliklə, 2022-ci ilin sentyabr ayında 26000 səhm satılmasa idi, onların məhkəməyə müraciət olunduğu tarixə dəyəri 100000 ABŞ dolları yox, 204359,60 ABŞ dolları olacaqdı. 179679,60 ABŞ dolları pul tələbi qarşısında 5100 ABŞ dolları xidmət haqqı ağlabatan məbləğ kimi qəbul edilməli, bütün ödəniş şərtlərini əhatə edən İddiaçı ilə bağlanılan xidmət müqaviləsi birinci instansiya məhkəməsinə təqdim olunmuşdur.
14. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə qətnamə çıxararkən hesab etmişdir ki, mülki iş materiallarında olan, “Whatsapp” tətbiqi vasitəsilə iddiaçı ilə cavabdeh arasındakı mesajlaşmalarda cavabdeh tərəfindən zərərin əvəzinin ödəniləcəyinin bildirilməsi və iddiaçı tərəfindən təqdim edilmiş bank hesabı məlumatlarında göstərilən əməliyyatlar cavabdeh tərəfindən inkar edilməmiş, buna görə də məhkəmə iddiaçının cavabdehin hesabına 100000 ABŞ dolları göndərməsini işin mübahisəsiz halı kimi qəbul etmişdir. Halbuki, qeyd edilən fakt cavabdeh tərəfindən mübahisələndirilmişdir. Belə ki, sözügedən 100000 ABŞ Dolları məbləğ cavabdehin deyil, təsis edilmiş şirkətin birjada olan kriptovalyuta hesabına göndərilmişdir. Həmin məbləğin şəxsən Cavabdeh hesabına göndərilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, yaxud məhkəmə sübutu yanlış qiymətləndirmişdir. Bundan başqa məhkəmə Mülki Məcəlləyə istinad edərək qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehlərin qanunsuz hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsirini müəyyən edən faktiki halların baş verməsi iş üzrə sübut olunmur. Məhkəmə iddiaçı ilə cavabdeh arasında kriptovalyuta əməliyyatları ilə əlaqədar hər biri 100000 ABŞ dolları ekvivalentində kriptovalyutanın investisiya edildiyini edildiyini, lakin sonradan 200000 ABŞ dolları məbləğində səhmlərin birjada dəyərinin itirildiyini qəbul etsə də, cavabdehin “Whatsapp” tətbiqi vasitəsilə yazışmalarda öz işgüzar nüfuzu xatirinə iddiaçıya itirilmiş 100000 ABŞ dollarını qaytaracağını bildirməyini və 59780 ABŞ dollarının könüllü qaytarmağını öhdəliyin əsası kimi qəbul edərək 100000 ABŞ Dollarından ödənilniş 59780 ABŞ dolları məbləği çıxılmaqla qalan 40220 ABŞ dollarının ödənilməsini cavabdehin üzərinə qoymuşdur. Hazırki iş üzrə cavabdehin iddiaçının maddi zərərə məruz qalmasında hər hansı səbəbli nəticə əlaqəsi olmadığı kimi, cavabdehin də iddiaçı ilə eyni miqdarda, hətta 59780 ABŞ dollarının ödənildiyi nəzərə alındıqda daha artıq zərərə məruz qaldığı iş materialları ilə sübut olunur. Məhkəmə cavabdehin mülki hüquq pozuntusu törətdiyini, İddiaçıya birbaşa və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hər hansı hərəkət etdiyini sübut edə bilməmişdir. Məhkəmə tərəflər arasında olan yazışmalar ilə cavabdehin iş etikasından irəli gələn və öz işgüzar nüfuzunun qorunması naminə zərərin ödənilməsi ilə bağlı fikirlərini öhdəliyin yaranması əsası kimi qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirmişdir.
17. Cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.5. müqavilələr azadlığı; Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarı: “Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır”.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətləri ilə qətnamənin həm iddia təmin, həm də rədd olunan hissələri mübahisələndirildiyindən məhkəmə aktı hər iki apellyasiya şikayətinin dəlilləri üzrə bütövlükdə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin olunan hissə ilə bağlı qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir, bu da qətnamənin qismən – iddia təmin olunan hissədə ləğv edilməsi üçün əsasdır.
24. Məhkəmə kollegiyası hesab edir ki, tələbin qanuni və əsaslı olmasının qyimətləndirilməsi üçün ilkin olaraq hüquqi əsasın müəyyən olunması zəruridir. Yəni, məhkəmənin vəzifəsi tələbin qanuni əsaslarının tapılmasından, onların dispozisiya şərtlərinin müəyyənləşdirilməsindən və işin halları ilə birlikdə qiymətləndirilməsindən ibarətdir. Tələbin qanuni əsası dedikdə qanunun elə müddəası başa düşülür ki, o, bir tərəfə qarşı tərəfdən nəyisə tələb etməyə imkan verir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.
25. İşdən müəyyən olunan faktiki hallar ondan ibarətdir ki, tərəflər kriptovalyuta əməliyyatları ilə əlaqədar iş qurmaq qərarına gələrək, nəticədə iddiaçı tək təsisçi olaraq Türkiyə Respublikasında 2022-ci ildə nizamnamə kapitalı 35711,15 ABŞ dolları olan “X2 ve Ticaret” A.Ş.şirkətini təsis etmişdir. İddiaçı, Cavabdeh və Tural Kərimli tərəfindən hər biri 100000 ABŞ dolları ekvivalentində kriptovalyuta investisiya edilmiş, sonradan Birjada olan dalğalanmalar və danışıqların baş tutmaması səbəbindən Tural Kərimli öz investisiyasını geri götürmüş, iddiaçı və cavabdehin qoyduğu pullar isə Birjada dəyərdən düşərək sıfırlanmışdır.
26. İddiaçı xx.xx.2022-ci il tarixində “X9”nda sahib olduğu 26000 səhmini ümumilikdə ******* Türk Lirəsinə satıb öz payına düşən 100000 USDC (ABŞ Dolları)-nı “Bilira Teknoloji” A.Ş. şirkətinin hesabına yatıraraq cavabdehin tələb etdiyi hesaba köçürdüyünü, Birjaya depozit qoymaq məqsədi ilə cavabdehə ödədiyi 100000 ABŞ Dolları və “X2 ve Ticaret” A.Ş. şirkətinin Türkiyədə boşuna təsis edilməsinə sərf edilmiş 30000 ABŞ dolları pulu cavabdehin təklifi əsasında etdiyinə əsaslanaraq 70220 ABŞ dolları məbləğində real zərər vurulduğunu iddia edir və tələbin qanuni əsası kimi həm zərərin əvəzinin ödənilməsi ilə ümumi norma olan Mülki Məcəllənin 21-ci maddəsinə, həm də xüsusi normalar kimi öhdəliklə bağlı münasibətləri tənzimləyən 385.1, 443.1, 443.4, eyni zamanda deliktin anlayışını özündə əks etdirən 1096.1-ci maddəsinə istinad edir.
27. Birinci instansiya məhkəməsi hüquqi dəyərələndirmə apararkən qətnamədə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsirini müəyyən edən faktiki halların baş verməsinin sübut olunmamasını qeyd etsə də, cavabdehin öz işgüzar nüfuzu xatirinə iddiaçıya uduzulmuş 100000 ABŞ dollarını qaytaracağını bildirərək, 59780 ABŞ dollarını könüllü qaytarmaqla qalan məbləği ödəmək üçün vaxt istəməsinə istinad edərək 40220 ABŞ dolları məbləğində hissədə iddianın təmin olunması qənaətinə gəlmişdir.
28. Onu qeyd etmək lazımdır ki, həmin öhdəlik cavabdeh tərəfindən etiraf olunmamışdır və məhkəmə araşdırması zamanı cavabdeh iddianı qəbul etməmişdir. Belə olduğu halla birinci instansiya məhkəməsi cavabdehin iddiaçı qarşısında öhdəliyinin hansı əsasla yaranmasını müəyyən etməli idi.
29. Mülki Məcəllənin 14.2-ci maddəsində mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakı əsasları qeyd olunur: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə.
30. Normada qeyd olunan əsaslardan 5-i (dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması) hazırkı işin halları ilə ümumiyyətlə uyğun gəlmədiyindən məhkəmə kollegiyası qeyd olunan əsaslar üzrə araşdırmağa aparmağa zərurət görmür. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, digər 3 əsas - əqdlər, zərər vurulma və əsassız varlanma əsasları ilə cavabdehin iddiaçı qarşısında hər hansı bir vəzifəsinin yaranması ilə qiymətləndirmə aparılmalıdır.
31. 1-ci əsas üzrə öhdəliyin yaranması üçün tərəflər arasında öhdəlik münasibətləri mövcud olmalıdır. Lakin cavabdehin iddiaçı qarşısında üzərinə hər hansı bir öhdəlik götürməsi işin halları ilə təsdiqini tapmır. Birinci instansiya məhkəməsi cavabdehin iddiaçı qarşısında öhdəliyini könüllü qəbul etdiyi əsası ilə iddianı qismən təmin etməkdə haqlı olmamışdır. Ona görə ki, öhdəliyin könüllü etirafı üçün ilk növbədə öhdəlik mövcud olmalıdır.
32. 2-ci əsas – zərər vurulması istiqamətində araşdırma apararkən məhkəmə kollegiyası qeyd edir ki, Konsitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə də, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır”.
33. Göründüyü kimi, vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddialara baxılan zaman ilk növbədə hüquqa zidd əməlin – hərəkət və ya hərəkətsizliyin mövcud olubolmaması araşdırılmalıdır.
34. Hazırkı işin halları baxımından isə cavabdehin hər hansı hüquqa zidd əməli müəyyən edilmir.
35. Belə ki, tərəflərin kriptovalyuta əməliyyatları həyata keçirməklə gəlir əldə etmək məqsədli könüllü fəaliyyət həyata keçirmələri işin mübahisəsiz halıdır. Bu növdə əməliyyatlar üzrə gəlir əldə edilməsinin isə risk amilinə bağlı olduğu hamıya bəlli haldır. Risk isə təsərrüfat rəhbərinin gələcəkdə daha çоx mənfəət əldə etmək ehtimalı оlan qeyristandart idarəetmə qərarlarının qəbul edilməsi iqtidarında оlmasını tələb edir. Risk nəticəsində gözlənilən qazancın əldə edilməməsi, təşəbbüskarın zərərə uğraması kifayət qədər mümkün bir haldır.
36. Nəzərə almaq lazımdır ki, hər hansı kriptovalyutanın dəyər itirməsi, yaxud dəyərinin artması özlüyündə hadisə mahiyyətində olmaqla, hər hansı fərdin subyektiv iradəsi xaricində olan bir haldır. Nəzəri baxımdan da, hadisə və hərəkət bir-birindən fərqləndirilməklə, baş vermiş zərərə görə yalnız təqsirli əməli (obyektiv məsuliyyət halları istisna olmaqla) mövcud olan şəxsin məsuliyyəti yaranır. Mülki Məcəllənin 152.10-cu maddəsinə görə, əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçisinin üzərinə düşür. Odur ki, nə qədər ki, cavabdehin təqsirli hərəkəti müəyyən edilmir, iddiaçının məruz qaldığı əmlak itkisinə görə cavabdehin məsuliyyəti də mövcud olmayacaqdır.
37. 3-cü əsas, yəni, əsassız varlanmaya gəldikdə isə mülki qanunvericiliyin tələbinə görə əsassız varlanma hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etməsidir. Lakin işin mübahisə olunmayan halıdır ki, iddiaçının cavabdehin hesabına əmlak əldə etməsi faktı mövcud deyildir.
38. Beləliklə məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, cavabdehin iddiaçı qarşısında hər hansı bir öhdəliyi, zərərin vurulması, əsassız varlanma halları və hər hansı bir vəzifənin yaranması üçün digər hal mövcud olmadığından iddianın qismən təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsassızdır. Buna görə məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti üzrə iddianın digər hissələrdə təmin olunmaması barədə dəillərinə münasibətdə araşdırmağa aparmağa zərurət görmür.
39. Məhkəmə kollegiyası iddia tələbinin iddiaçının şirkətin yaradılması üçün qoyduğu 30000 ABŞ dollarının qaytarılması hissə ilə bağlı isə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd edir ki, tərəflərin bu fəaliyyət üzrə qarşılıqlı öhdəliklərini özündə əks etdirən hər hansı razılaşma mövcud olmadığından, şirkətin yaradılması ilə bağlı hər hansı zərərə görə də birbaşa cavabdehin məsuliyyət daşıdığını müəyyən olunmur.
40. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri normalar baxımından işin halları ilə təsdiq olunur, dəlillər qətnamənin iddia təmin olunan hissədə ləğvinə əsas verir. Bununla bağlı olaraq, cavabdehin apelyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, eyni hissədə iddia rədd edilməli, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir.
41. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, e-2(001)- 771/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, e-2(001)- 771/2024 nömrəli qətnaməsi qismən - Cavabdeh 40220 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 295,12 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, e-2(001)- 771/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasimov
Fuad Abdıyev
Xəyal Sarıyev