Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2302/2023 09.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və X4 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-2098/2011 saylı qərardadından cavabdeh X5 nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi : İddiaçı ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 45000 manat əsas, 18276,75 manat faiz, 2067 manat dəbbə pulu olmaqla, cəmi 65343,75 manat kredit borcunun cavabdeh X2, 45000 manat əsas, 18276,75 manat faiz, 2067 manat dəbbə pulu olmaqla cəmi 65343,75 manat kredit borcunun Cavabdeh3, habelə iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlərdən bankın xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində istifadədə olan 0,0523 ha torpaq sahəsində yerləşən 28 nömrəli, 5 mərtəbəli binada 41.43 kv.m ümumi sahəsindən ibarət 2 otaqlı, 14 nömrəli mənzilə yönəldilməsi, Cavabdeh1 və Cavabdeh2 mənzilə mülkiyyət hüquqlarına xitam verilməsi, mənzilinm açıq hərracda satılması, mənzil satıldıqdan sonra Cavabdeh1 və Cavabdeh2 mənzildən istifadə hüququnu itirməklə mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2098/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli 2(103)- 4770/2011 saylı qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2098/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli, 2(102)-792/12 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli 2(103)-4770/2011 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh4 apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-2098/2011 saylı qərardadı ilə cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayətinin prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizə apellyasiya şikayəti ilə birlikdə təqdim edilmədiyindən geri qaytarılması qərara alınmışdır. Cavabdeh X5 nümayəndəsi Vəkil2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-2098/2011 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsi və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-2098/2011 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti geri qaytarılır. İş materiallarından görünür ki, məhkəmənin yuxarıda adı çəkilən qətnaməsinin surəti 02 avqust 2011-ci il tarixdə Cavabdeh4 qeydiyyatda olduğu ünvana göndərilmişdir. Lakin iş materiallarında qətnamənin ona təqdim edilib-edilmədiyi müəyyən edilmir. Cavabdeh X9 məhkəməyə ərizə ilə müraciət edərək 2022-ci il tarixdə qətnaməni əldə etmiş, cavabdehin apellyasiya şikayəti Bakı şəhəri Xətai Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Beləliklə, cavabdeh X9 qətnamənin qəbul edilməsindən 12 il sonra apellyasiya şikayətini məhkəməyə təqdim etmiş, lakin prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizəni apellyasiya şikayəti ilə birlikdə təqdim etməmişdir. Sözügedən qətnamə üzrə digər cavabdehin verdiyi apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qətnamə icra edilmişdir. Hazırda cavabdeh apellyasiya şikayətində o hala istinad etmişdir ki, qətnamə ona rəsmi qaydada təqdim edilmədiyindən və iş materiallarında qətnamənin rəsmi qaydada ona təqdim edilməsinə dair sübut olmadığından, müddət ümumiyyətlə ötürülməmiş hesab edilməlidir. Kollegiya qeyd edir ki, iş üzrə qəbul edilmiş qətnamədən görünür ki, Cavabdeh4 birinci instansiya məhkəməsində işin icraatı zamanı cavabdeh qismində iştirak etmişdir. Göründüyü kimi, Cavabdeh4 ondan borcun tələb edilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə məhkəmə işindən nəinki məlumatlı olmuş, həmçinin işin birinci instansiya məhkəməsində araşdırılmasında iştirak etmiş və iddianı qismən qəbul etdiyini bildirmişdir. Belə olan halda, Cavabdeh4 işin nəticəsində maraqlı olan şəxs kimi sayıqlıq göstərməklə həmin iş üzrə yekun qərarın qəbul edilməsi ilə maraqlanmalı, onun əldə edilməsinə cəhd göstərməli olduğu halda bunu etməmiş, hazırda isə 12 ilə yaxın müddət ərzində məhkəmə qərarının ona təqdim edilməməsinə istinad edərək, artıq yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmış və icra edilmiş həmin qərarı mübahisələndirmişdir. Kollegiya həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktından onun xəbərdar olmamasını ağlabatan hesab etmədiyindən bu qənaətə gəlir ki, hazırkı apellyasiya şikayəti müddətin ötürülməsi ilə verilmişdir. Lakin Cavabdeh4 müddətin bərpası ilə bağlı ərizə verməmişdir. Oxşar hüquqi mövqe Aropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Belə ki, “Məhəmmədov və digərləri Rusiyaya qarşı” xx.xx.2017-ci il tarixli Qərarında Məhkəmə qeyd etmişdir ki, “məhkəməyə çatım hüququ ədaləti məhkəmə araşdırması hüququnun aspektlərindən biridir (bax X10rşı qərarına, xx.xx.1975-ci il, §36), mütləq deyil və xüsusilə şikayətin mahiyyəti üzrə baxılmasının qəbuledilənliyinə münasibətdə dolayı məhdudiyyətlərə məruz qala bilər (bax X3rşı qərarına, xx.xx.1985-ci il, §57). Lakin bu cür məhdudiyyətlər elə bir qaydada və ya həddə olmalıdır ki, hüququn özünə xələl gəlməsin. Məhdudiyyətlər qanuni məqsəd daşımalı, eləcə də istifadə edilmiş vasitələrlə nəzərdə tutulmuş məqsədlər arasında ağlabatan mütənasiblik olmalıdır (bax Guerin Fransaya qarşı qərarına, xx.xx.1998-ci il, §37; Lupeni X1rşı qərarına, №76943/12, §§84-89). Şikayətin məhkəməyə verilməsinə dair müəyyən olunmuş müddətlərə dair müddəalar ədalətin düzgün həyata keçirilməsi və xüsusilə hüquqi müəyyənlik prinsipinin riayət olunmasına yönəlmişdir. Maraqlı şəxslər bu normaların tətbiq olunmasını gözləməlidir (bax Pérez de X8rşı qərarına, xx.xx.1998-ci il, §45). Buna görə, müəyyən müddət keçdikdən sonra və inandırıcı olmayan əsaslara görə icraata götürülmüş apellyasiya şikayətinin verilməsi üçün müddətin uzadılması ilə nəticələnən hər hansı müddətin bərpa edilməsi Konvensiyanın 6-cı maddəsinə əsasən hüquqi müəyyənlik prinsipini və ədalətli məhkəmə araşdırması hüququnu poza bilər (bax: Ponomaryov Ukraynaya qarşı qərarına, §42). Baxmayaraq ki bur cür qərar yalnız yerli məhkəmə orqanlarının səlahiyyətlərinə aiddir, bu səlahiyyətlər məhdudiyyətsiz deyil. Apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizə üzrə qərar qəbul edən məhkəmə, hər bir halda, qərarını əsaslandıran səbəbləri göstərməli, eləcə də, bu cür ərizəni əsaslandıran səbəblərin qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxilə, xüsusilə səlahiyyətləri nə müddət, nə də ki əsaslara görə daxili qanunvericiliklə məhdudlaşdırılmadığı hallarda haqq qazandırıb-qazandırmamasını yoxlamalıdır (bax Ponomaryov Ukraynaya qarşı qərarına, §34). Avropa Məhkəməsi daha sonra xatırladır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü özlüyündə kifayət etmir (bax: Karen Pogosyan Ermənistana qarşı qərar, §47). Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax Raihani Belçikaya qarşı qərarına, §38) Göründüyü kimi, bu qərarlarında Məhkəmə prosessual müddəti ötürmüş şəxsin qərardan şikayət vermək üçün xüsusi diqqətlə, yəni qərarın mövcudluğundan xəbərdar olduğu andan dərhal hərəkət etməli olduğunu qeyd etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı mübahisə üzrə qəbul etdiyi qərardadda gəldiyi nəticə düzgün olmuşdur, həmin qərardaddan verilmiş şikayət əsassızdır və təmin edilməməlidir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qərardaddan verilmiş şikayəti əsassız hesab edir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-2098/2011 saylı qərardadı dəyişdirilmədən saxlanılsın Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2302/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2302/2023
09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver