Məhkəmə qərarları › İş №2(103)-2308/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2308/2021

10.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2308/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahvedi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi zərərin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin əmlakına dəymiş ziyana görə ödənilməmiş 382,81 manatın və ödənilmiş 20 manat dövlət rüsumunun, ümümilikdə 402,81 manatın Cavabdeh tutularaq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ondan qeyri-qanuni tutulmuş 1176 manatın qaytarılması, mənəvi zərərə görə 5000 manatın və ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçıdan tutularaq ona verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməmiş, ona bu barədə hər hansı bildiriş göndərilməmişdir. Bundan başqa, xx.xx.2017-ci il tarixdə İddiaçı MMC-nin çıxışında törətdiyi yol nəqliyyat hadisəsi zamanı anlaqsız vəziyyətə düşmüş və bir neçə saat ərzində MMC-nin direktoru ona müvafiq sənədləri imzalatdırmışdır. İddiaçı cavabdehi 1 ay məcburi işlətmiş və maaşından 728 manat tutmuşdur. O isə, maaşından bir dəfə tutulmaya etiraz etmiş, əsəbləri pozulmuş, psixi fəlaiyyətinin pozulması ilə əlaqədar xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək ambulator müalicə almış, xx.xx.2017-ci il tarixdə yenidən işə çıxmış, lakin xx.xx.2017-ci il tarixdə əmək müqaviləsinə xitam verimişdir. İşdən azad edilərkən 12 günlük xəstəliyi ilə əlaqədar təqdim edilmiş arayışa əsasən 240 manat və 8 günlük iş günlərinə əsasən 208 manat maaş cavabdehə verilməmişdir. Ümumilkdə cavabdehdən qeyri-qanuni olaraq 1176 manat tutulmuşdur. Eyni zamanda, hadisə zamanı “İveqo Crealis” markalı avtobuslara texniki xidmət göstərən “General Motors” şirkətinin əməkdaşları depoda olsalar da, onlara həmin gün avtobusa baxış keçirilməsinə icazə verilməmiş, DYP-nin əməkdaşlarının hadisə yerinə dəvət edilməsinə maneələr yaradaılmışdır. xx.xx.2017-ci il tarixdə isə cavabdehin iştirakı olmadan avtobusa texniki baxış keçirilmiş və MMC-nin xeyrinə rəy verilmişdir. Digər tərəfdən, qanunsuz işdən azad edilməsi ilə bağlı dəfələrlə iddiaçıya müraciət edərək, maaşından tutmaların geri qaytarılmasını tələb etsə də, mürcaiətləri nəticəsiz qalmşdır. 6 nəfərdən ibarət ailəsini dolandırmaqda çətinlik çəkən cavabdeh 15 gün ərzində işıqsız qalmış, 2 aylıq qazancından da məhrum olmuş, 15 gün ərzində keçirdiyi əsəb və stresə görə səhhəti ilə bağlı problemlər yaranmış və mənəvi əzab çəkmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərdən görünür ki, “İveqo Crealis” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtobus İddiaçı MMC-nin mülkiyyətindədir, həmin nəqliyyat vasitəsi “xxxx” ASC tərəfindən sığortalanmış və avtobusa dəymiş ziyan məbləğindən sığorta ödənişinə aid olmayan hissəsi (azadolma məbləği) 1000 manat müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-yə sürücü vəzifəsinə qəbul edilmiş və onunla həmin tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Cavabdeh idarə etdiyi nəqliyyat vasitəsi ilə xx.xx.2017-ci il tarixdə yol nəqliyyat hadisəsi törətmiş və həmin tarixli yazılı izahatında hadisənin baş verməsində təqsirli olduğunu etiraf etmişdir. “xxxx” MMC-nin xx.xx.2017-ci il tarixli, 122 saylı məktubunda qeyd olunmuşdur ki, nəqliyyat vasitəsi cəmiyyətin texniki xidmət mərkəzinə qəzalı vəziyyətdə daxil olmuş, avtobusa baxış keçirilmiş və tam xərci azadolma məbləğini bir neçə dəfə aşmışdır. İddiaçı MMC tərəfindən avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsində nəzərdə tutulmuş 1000 manat azadolma məbləği B.Noruzovun əmək haqqına yönəldilmiş və onun əmək haqqından ümumilikdə 617,19 manat məbləğində pul tutulmuşdur. xx.xx.2017-ci il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və həmin tarixə 382,81 manat borcu qalmışdır. İddiaçı MMC tərəfindən xx.xx.2018-ci il tarixli xəbərdarlıq məktubu ilə borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Hazırda iddiaçı, cavabdehin təqsiri üzündən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona dəymiş maddi ziyanın ödənilməmiş hissəsinin ödənilməsi tələb edir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, iddiaçı Mülki Məcəllənin 1096.1-ci, 1097.1-ci və 1108-ci maddələrinə əsasən, cavabdehdən 382.81 manat pulun tutulmasını tələb etməkdə haqlıdır. Çünki, Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Baxılan işdə cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Belə ki, Cavabdeh hərəkəti mülki hüquq pozuntusudur (deliktdir). Çünki, iddiaçının məruz qaldığı zərərin məhz cavabdehin hüquqa zidd hərəkəti nəticəsində yaranması və bunlar arasındakı uyğun səbəbli əlaqə yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Kollegiya, apelyasiya şikayətinin dəlillərinə münasibətdə isə bildirir ki, cavabdeh məhkəmə iclasında onun iştirakının təmin edimədiyini bildirsə də, iş materiallarından görünür ki, onun iddia ərizəsində qeyd olunmuş qeydiyyatda olduğu ünvan üzrə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclaslarının yeri və vaxtı barədə bildirişlər göndərilmişdir. İş materiallarında onun hər hansı yeni ünvanı barədə məlumat aşkar edilmir. Belə olan halda, məhkəmə cavabdehin məlumatlandırılması üçün özündən asılı olan bütün tədbirləri görmüşdür. Həmçinin, nəzərə alınmalıdır ki, cavabdeh apelyasiya şikayətində də hər hansı yeni ünvanı barədə məlumat verməmişdir. Əksinə, apelyasiya məhkəməsi tərəfindən ona qeydiyyatda olduğu ünvan üzrə göndərilmiş məhkəmə bildirişi ünvan üzrə çatdırılsa da, cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda, cavabdeh apelyasiya şikayətində hadisəni törətdikdən sonra anlaqsız olduğunu, ona görə də iddiaçı tərəfindən ona imzaladılmış sənədləri başa düşmədiyini bildirsə də, Kollegiya bu dəlili əsaslı saymır. Ona görə ki, hadisənin baş verdiyi gün – xx.xx.2017-ci il tarixdə öz əlyazısı ilə izahat yazaraq, hadisədə təqsirli olduğunu tam şəkildə etiraf etmişdir. Bu isə ona dəlalət edir ki, şəxsin özü tərəfindən əlyazma şəkilində icra edilmiş izahatın mətninin onun tərəfindən başa düşülməməsi mümkün deyil. Digər tərəfdən, cavabdehin təqsirini etiraf edərək, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu dövrdə iddiaçıya dəymiş maddi ziyanın ondan tutulmasına etiraz etmədiyi halda, əmək münasibətlərinə xitam verildikdən sonra qeyd olunan halları mübahisələndirərək, qalıq borcun ödənilməsindən imtinası hüquqi baxımdan da qəbul edilməzdir. Çünki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Kollegiya, apelyasiya şikayətinin digər dəlillərinə (ona dəymiş mənəvi zərərin ödənilməsi, artıq tutulmuş məbləğin qaytarılması) münasibətdə isə bildirir ki, qeyd olunan hallar hazırkı məhkəmə baxışının predmetinə aid deyil. Cavabdehin həmin hallarla bağlı iddiaçıya qarşı ayrıca məhkəmə icraatı qaydasında iddia ilə müraciət etmək hüququ vardır. Odur ki, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən, bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5763/2018 saylı iş üzrə xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar