Məhkəmə qərarları › İş №2(103)-2313/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2313/2023

27.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2313/2023 27.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-759/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı QSC ilə Cavabdeh1 arasında 19 iyun 2019-cu il tarixli, 011A********** saylı kredit müqaviləsinə əsasən, sonuncuya aylıq 2,1667 faiz hesablanması şərti ilə 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir, müqaviləyə əsasən Cavabdeh1 İddiaçı QSC-dən aylıq 2,1667 faizlə 36 ay müddətinə ödəmək şərti ilə 5000 manat məbləğində kredit borcunu faizlərlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür.

2. Kreditin təminatı olaraq bankla Cavabdeh2 arasında 19 iyun 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır, zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 İddiaçı QSC qarşısında 19 iyun 2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə bağlı eyni məsuliyyəti öz üzərinə götürmüşdür

3. Maliyyə arayışından görünür ki, 15 noyabr 2022-ci il tarixinə, Cavabdeh1 banka 1368,94 manat əsas, 145,2 manat faiz borcu, 149,71 manat cərimə olmaqla, ümumilikdə 1663,85 manat məbləğində borcu vardır.

4. İddiaçı QSC tərəfindən Cavabdeh1 xx.xx.2022-ci il tarixli xəbərdarlıq ünvanlanaraq xx.xx.2022-ci il tarixinədək gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılmadığı təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi və cavabdehin banka borclu olduğu 1655,86 AZN məbləğin (1368,94 AZN təşkil edən əsas məbləğ, 142,41 AZN faiz məbləği və 144,51 AZN cərimə məbləği), həmçinin xx.xx.2022 tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi qeyd edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı QSC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonunculardan müştərək qaydada 1368,94 manat əsas, 145,2 manat faiz borcu, 149,71 manat cərimə olmaqla ümumilikdə 1663,85 manat və dövlət rüsumu olaraq ödənilmiş 36,64 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 19 iyun 2019-cu il tarixli, 011A********** saylı kredit müqaviləsinə əsasən, sonuncuya aylıq 2,1667 faiz hesablanması şərti ilə 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Tərəflərin imzaladıqları 27 aprel 2020-ci il tarixli, 011A**********S saylı, həmçinin 23 avqust 2021-ci il tarixli, 011A**********SA saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit müqaviləsinin şərtlərinə əsasən kredit borcunu və faizləri ödəməyi öhdəsinə götürsə də, öhdəliyi tam icra etməmiş, nəticədə iddiaçıya 1368,94 manat əsas, 145,2 manat faiz borcu, 149,71 manat cərimə olmaqla ümumilikdə 1663,85 manat məbləğində borcu yaranmışdır.

7. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında qəbul etdiyi 2(001)-759/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı iddia tələbinin təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 1368,94 manat əsas, 145,2 manat faiz borcu, 149,71 manat cərimə olmaqla, ümumilikdə 1663,85 manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 36,64 manat məbləğində pulun Cavabdeh1 və Cavabdeh2dan müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən İddiaçı QSC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Buna görə də, iddianın təmin edilməsi üçün əsaslar mövcuddur.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 427.3, 442.1, 462.1, 463.1, 470.1, 739-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 216-220, 284- 5.3, 284-6.1, 358, 360, 362-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-759/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, cavabdehin hüquqları məhkəmə qaydasında pozulmuş, əsassız qaydada cavabdeh barəsində məhkəmə qərarı çıxmışdır. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa,məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Mülkiyyət hüququ əmlaka sahib olmağı,əmlakdan istifadə etməyi və sərəncam verməyi nəzərdə tutur. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hakim cavabdehin ədalətli məhkəmə araşdırılma hüququnu pozmuş və hüququn bərpa olunmasına kömək etmək əvəzinə,sübutları araşdırmamışdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Hakim onun hüquq və vəzifələrini izah etməmiş, görüləcək və görülməyəcək hərəkətlərin nəticəsi barədə onu xəbərdar etməmişdir. Hesab edir ki, öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edib. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Hesab edir ki, məhkəmə mühasibatşünaslıq ekspertizası təyin etməlidir. Məhkəmə işə baxıb qərar qəbul edərkən ona rəsmi bildiriş göndərməmiş, prosessə mütəxəssis cəlb etməmiş, mühasibatşünaslıq ekspertizası təyin etməmiş, tələm-tələsik qətnamə qəbul etməklə öz işini bitmiş hesab etmişdir. Ona görə də iş üzrə həmin mühasibatlıq ekspertizası təyin edilməlidir.

12. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2313/2013 saylı, 24 fevral 2023-cü il tarixli qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” barədə iddia tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-759/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbini bildirməmişdir. Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq üzürlü səbəblərdən 27 mart 2023-cü il tarixə təyin olunmuş iclasda iştirak edə bilməyəcəyini, həmin günə təyin olunmuş iclasın təxirə salınaraq başqa vaxta keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

15. Mülki Məcəllənin 427.3-cü maddəsində qeyd edilir ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

16. Mülki Məcəllənin 442-ci maddəsində qeyd edilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Mülki Məcəllənin 739.1-ci maddəsində qeyd edilir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

18. Mülki Məcəllənin 739.2-ci maddəsində qeyd edilir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Apellyasiya baxışının hədləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərdən biri Cavabdeh1 apellyasiya şikayəti verdiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını Cavabdeh1 münasibətdə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır .

23. Belə ki, hazırkı iddiasında İddiaçı QSC Cavabdeh1 ilə bağlanmış 19 iyun 2019-cu il tarixli, 011A********** saylı kredit müqaviləsi və Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən cavabdehlərdən kredit müqaviləsinə əsasən yaranmış 1368,94 manat əsas borc, 145,2 manat faiz borcu, 149,71 manat cərimə olmaqla ümumilikdə 1663,85 manat məbləğində borcun tutulmasını xahiş etmişdir.Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir.

24. Cavabdeh1 apellyasiya şikayətində faiz borcunu mübahisələndirsə də tərəflər arasında bağlanmış kredit müqaviləsində kreditin faizlə verilməsi razılaşdırılmışdır. İş materiallarında olan maliyyə arayışına əsasən 15 noyabr 2022-ci il tarixinə Cavabdeh1 banka 1368,94 manat əsas, 145,2 manat faiz borcu, 149,71 manat cərimə olmaqla, ümumilikdə 1663,85 manat məbləğində borcu vardır. Cavabdeh isə məhkəməyə onun tərəfindən ödənişlərin edilməsinə baxmayaraq kredit verən tərəfindən nəzərə alınmamasını təsdiq edən sübut təqdim edilməmişdir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

26. Cavabdeh1 apellyasiya şikayətinin digər dəlili isə odur ki, hakim işə tərəflərin iştirakı ilə baxmamışdır. Bununla bağlı qeyd olunmalıdır ki, hazırki iddianın qiyməti beş min manatdan az olduğundan işə tərəflərin iştirakı olmadan sadələşdirilmiş qaydada baxılması qanunvericiliyin tələbinə uyğun olmuşdur.

27. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

28. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

29. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-759/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Rafael Eyvazov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar