Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2317/2025 05.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər:icarə müqaviləsi üzrə pulun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və X1 ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə və cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6225/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı (İcarəyə verən-birinci tərəf) ilə icarəçi (ikinci tərəf) "xxxx" MMC-nin direktoru X2 arasında Bakı şəhəri, 1212 məhəllə, 8 Noyabr (Nobel) prospekti 15-də yerləşən 159 saylı ofisin (398.1 kv.m) icarəyə verilməsinə dair 01 may 2022-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır.
2. İcarə müqaviləsinin şərtlərinə əsasən “İcarəyə verən” qeyri-yaşayış sahəsini “İcarəçi”yə verir, “İcarəçi” isə ofis istifadəsi üçün icarəyə götürür. İcarə sahəsinin yerləşdiyi ünvan: ünvan 1 sahəsi 398,1 kv.m tam sahədən ibarətdir (fərdi mətbəx və sanitar qovşaq daxil). İcarə müqaviləsinin müddəti 2(iki) il olmaqla 01 may 2022-ci il tarixindən 01 may 2024-cü il tarixədək müəyyən edilir. “İcarəçi” müvafiq icarə haqqını qabaqcadan 10 iş günü ərzində “İcarəyə verən”in Bank hesabına köçürmə yolu ilə ödəməlidir; “İcarəçi” icarə haqqından əlavə icarə sahəsinin kommunal ödənişlərini (elektrik enerjisi, su sərfiyyatı) və bina servis xərclərini öz hesabına ödəməlidir; “İcarəçi” AR Vergi Qanunvericiliyinə uyğun olaraq bu müqaviləyə aid olan vergilərin ödəməsini öhdəsinə götürür. “İcarəçi”, 01 mart 2022-ci il tarixindən etibarən hər ayın 10-dan gec olmamaq şərtilə cari ay üçün qabaqcadan “İcarəyə verən”ə hər ay 1 (bir) kvadrat metr üçün 17.53 AZN (on yeddi manat əlli üç qəpik) olmaqla cəmi 6976,75 AZN (altı min doqquz yüz yetmiş altı manat yetmiş beş qəpik) (ödəmə mənbəyində vergi daxil olmaqla) icarə haqqın qeyri-nəğd qaydada ödəməyə razılıq verir. İcarə haqqının 976.75 AZN (doqquz yüz yetmiş altı manat yetmiş beş qəpik) hissəsi ödəmə mənbəyinə vergi olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada tutularaq dövlət büdcəsinə ödənilir. İcarə haqqının yerdə qalan 6000 AZN (altı min manat) hissəsi isə bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə və nağd qaydada və ya bank köçürməsi yolu ilə “İcarəyə verən”ə ödənilir; “İcarəçi” İcarə haqqını 01 May 2022-ci il tarixindən 05 avqust 2022-ci il tarixinə qədər olan 3 aylıq icarə ödənişini yəni 6000 AZN (altı min manat) depozit olaraq “İcarəyə verən”ə ödəməlidir. Ödəniş nağd qaydada və ya bank köçürməsi yolu ilə aparılır.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 01 may 2022-ci il tarixli icarə müqaviləsinə əsasən 2024-cü ilin yanvar, fevral, mart və aprel ayları üzrə yaranmış və ödənilməmiş əsas borc üzrə 24 000 manat, xidmət haqqı olaraq 3860 manat, habelə ödənilmiş dövlət rüsumuna görə 174 manat, ümumilikdə 28 034 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qeyd olunan müqavilənin şərtlərinə əsasən cavabdeh bu günədək 2024-cü ilin yanvar, fevral, mart və aprel ayları üzrə ümumilikdə 24 000 manat və xidmət haqqı olaraq 3 860 manat, cəmi 27 860 manat ödəniş etməmişdir. Cavabdehin əvəzinə məcbur olub 3860 manat kommunal ödənişlərini etmişdir. Hazırda 27 860 manat ödənilməmiş borc qalmışdır. "xxxx" MMC icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Bu borcun ödənilməsi üçün dəfələrlə edilmiş müraciətlərə baxmayaraq borc məbləğinin ödənilməsindən cavabdeh müxtəlif bəhanələrlə yayınmışdır. Borcun qaytarılması ilə bağlı iddiaçı tərəfindən "xxxx" MMC-yə 14 may 2024-cü il tarixdə kağız daşıyıcıda pretenziya məktubu və bildiriş göndərilməsinə baxmayaraq qeyd olunan borc məbləği ödənilməmişdir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-6225/2025 nömrəli qətnaməsi ilə (hakim S.Eyvazova) iddia təmin edilmişdir.
6. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada icarə müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh MMC icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, icarə haqqını müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli (MM m.442) və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, icarə haqqını razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, e-2(011)-6225/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən "xxxx" MMC-nin Dövlət Vergi Xidmətinə təsərrüfat subyektinin (obyektinin) qeydiyyatdan çıxarılması ərizəsi ilə müraciət etməsi nəzərə alınmamışdır. Müraciətə əsasən həmin təsərrüfat subyekti xx.xx.2023-cü il tarixində vergi ödəyicisinin uçot məlumatlarından çıxarılmışdır. Sözügedən ofis barəsində "xxxx" MMC ilə bağlanılmış müqaviləyə cavabdeh tərəfindən 29 dekabr 2023-cü il tarixində xitam verilmişdir. Məhkəmə həmçinin nəzərə almamışdır ki, "xxxx" MMC 16 dekabr 2023-cü il tarixindən etibarən icarəyə verənin müqaviləni ləğv etməsinə görə ofisdə faktiki olaraq fəaliyyət göstərməmişdir. "xxxx" MMC ilə Müşfiq Məmmədli arasında imzalanmış 01 fevral 2024cü il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC digər ofisdə fəaliyyətini davam etdirmişdir. Bununla da "xxxx" MMC 16 dekabr 2023-cü il tarixindən etibarən icarəyə verənin müqaviləni ləğv etməsinə görə icarəçi ilə icarəyə verən arasında 2024-cü ilin yanvar, fevral, mart və aprel aylarında icarə münasibətləri mövcud olmamışdır. İddiaçı tərəf 2024-cü ilin yanvar, fevral, mart və aprel ayları üzrə icarə haqlarını tələb etsə də, bu tarixlərdə icarəyə verənlə icarəçi arasında icarə münasibətlərinin mövcud olduğuna dair mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə həmçinin nəzərə almamışdır ki, icarəçi "xxxx" MMC ilə başqa icarədar Müşfiq Məmmədli arasında imzalanmış 01 fevral 2024-cü il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC digər ofisdə fəaliyyətini davam etdirmişdir və faktiki olaraq sözügedən obyektdə fəaliyyət göstərməmişdir. Bu kimi hallar məhkəmə tərəfindən sübut edilməmişdir. Məhkəməyə təqdim edilmiş Whatsapp yazışmaların mahiyyətindən məlum olur ki, ofisin açarları məhz icarədar İddiaçı təlimatı ilə dəyişdirilmişdir. Həmçinin, icarəçiyə məxsus ofis mebelləri girov götürülmüşdür. Buna dair yazışmalar mövcuddur və məhkəməyə təqdim edilmişdir. Qeyd edilən faktlar məhkəmə araşdırması zamanı Whatsapp yazışmaları, həmçinin şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Bununla da, məhkəmə iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10.Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmiun olunmasını xahiş etdi.
11. İddiaçının nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 704.1. Əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir. Maddə 704.2. İcarəçinin bu Məcəllənin 691-ci maddəsinə uyğun olaraq müqaviləni ləğv etmək hüququ yoxdur. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
14. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 7.5. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. Maddə 8.5. İcarəçi icarə haqqından savayı, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş vergiləri və digər tədiyyələri də ödəyir, bir şərtlə ki, bu, icarəyəverənin vəzifəsinə daxil edilməsin. Maddə 12. İcarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir. Maddə 13.1. İcarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Maddə 14. İcarə müqaviləsinin bağlanması, icrası, dəyişdirilməsi və pozulması zamanı əmələ gələn mübahisələrə məhkəmə baxır.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarı: “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”
16.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarı: Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Hazırkı işdə iddia tələbi təmin edildiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və bildirir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. 20.Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı (İcarəyə verən-birinci tərəf) ilə icarəçi (ikinci-tərəf) "xxxx" MMC-nin direktoru X2 arasında Bakı şəhəri, 1212 məhəllə, 8 Noyabr (Nobel) prospekti 15-də yerləşən 159 saylı ofisin (398.1 kv.m) icarəyə verilməsinə dair 01 may 2022-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Cavabdeh "xxxx" MMC müvafiq icarə haqqını qabaqcadan 10 iş günü ərzində “İcarəyə verən”- in Bank hesabına köçürmə yolu ilə ödəməsi barədə öhdəlik götürmüşdür. Sonradan iddiaçı cavabdehin öhdəliklərini yerinə yetirmədiyi üçün borcunun yarandığını iddia etmiş və məhkəməyə müraciət edərək, icarə müqaviləsi üzrə 2024-cü ilin yanvar, fevral, mart və aprel ayları üzrə ümumilikdə 24 000 manat və xidmət haqqı olaraq 3 860 manat, cəmi 27 860 manat ödənişin cavabdehdən tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmişdir.
21. Apellyasiya şikayətinin dəlillərindən biri icarəyə verənin icarə obyektinin açarlarını dəyişdirməsi və bununla da müqavilənin birtərəfli ləğv etməsinə görə ofisdə "xxxx" MMCnin 16 dekabr 2023-cü il tarixindən etibarən faktiki olaraq fəaliyyət göstərməməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası bu dəlili əsassız sayır və qeyd edir ki, cavabdeh müqavilənin məhz icarəyə verən tərəfindən ləğv edilməsini təsdiqləyəcək hər hansı mötəbər sübut (açarların məhz İddiaçı oğılu tərəfindən və bu niyyətlə dəyişdirilməsini təsdiqləyəcək sübut) təqdim etməmişdir.
22. Apellyatorun dəlillərindən biri olan iddia olunan aylarda icarə münasibətlərinin mövcud olmaması və buna görə də həmin dövrlərdə ödəniş etməməsi ilə bağlıdır. Bununla bağlı Kollegiya bildirir ki, sözügedən ödəniş borcunun ödənilməsi cavabdehin öz imzası ilə təsdiq etdiyi öhdəliyidir, çünki icarə müqaviləsinin rəsmi olaraq xitam olunması üçün tərəflər yazılı qaydada bir-birilərini xəbərdar etməli idilər. Buna baxmayaraq icarəçi müqavilənin 5.1- maddəsinin (hər bir tərəf müqavilənin xitam, müqaviləyə dəyişiklik edilməsi və ya uzadılması haqqında bir-birlərini 2 (iki ay) qabaqcadan, məktub, e-mail və ya WhatsApp vasitəsilə yazılı qaydada xəbərdar etməlidirlər) tələbini pozaraq başqa icarə müqaviləsi bağlamış və icarəyə verənə yanvar, fevral, mart və aprel ayları üzrə icarə haqqını ödəməmişdir. 23.Şikayətin dəlilləri ilə bağlı əlavə olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həqiqətin müəyyən edilməsi isə ilkin növbədə yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə və ya məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla təmin olunur. 24.Yuxarıda qeyd olunduğu kimi, cavabdeh iddiaya etirazının əsası kimi istinad etdiyi hallara dair hər hansı mötəbər sübut təqdim etməmişdir. 25.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 26.Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh müqavilə əsasında müəyyən olunmuş ödənişi ödəmək öhdəliyini üzərinə götürsə də, iddia ərizəsində tələb olunan aylar üzrə həmin ödənişi həyata keçirməmişdir. Bu hal iş materialları ilə tam təsdiq olunur. Beləliklə, iddiaçı haqlı olaraq müqavilə üzrə yaranmış borcu cavabdehdən tələb etmiş, birinci instansiya məhkəməsi də mülki işə dair sübutlara düzgün qiymət verərək iddia tələbini təmin etmişdir. Odur ki, apellyasiya şikayətində qeyd edilən dəlillər əsassızdır. 27.MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli, 2(011)- 6225/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.