Məhkəmə qərarları › İş №2(103)-2318/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2318/2022

01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2318/2022 01.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskindən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-107/2022 saylı 12 yanvar 2022-ci il tarixli qərardadından iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi : İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı cavabdehlər Cavabdeh3 və Çinar- Araz Firması MMC-yə qarşı kredit müqavilələri üzrə borcun ödənilməsi üçün tutmanın ipoteka predmetlərinə yönəldilməsinə və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-107/2022 saylı 12 yanvar 2022-ci il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının cavabdehlər Cavabdeh3 və Çinar-Araz Firması MMC-yə qarşı kredit müqavilələri üzrə borcun ödənilməsi üçün tutmanın ipoteka predmetlərinə yönəldilməsinə və sair tələbinə dair iddia ərizəsi bağlı 2(001)-107/2022 saylı mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardaddan iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin şikayət verərək qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması, əks təqdirdə şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-107/2022 saylı 31 yanvar 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-107/2022 saylı 12 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia tələblərinin məzmunundan müəyyən olunur ki, Azərbaycan Respublikasının Mərkəzi Bankınin ləğv prosesində olan Zaminbank ASC-nin borcuna görə ipoteka premetlərinə tutma yönəldilərək, həmin əmlakların açıq hərracdan satılıb əldə olunan vəsaitdən ləğv olunan bankın borcunun ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 13.06.2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 77.3-cü maddəsinə əsasən tələbləri bank aktivlərinin girovu (ipotekası) ilə təmin edilmiş bank kreditorları öz tələblərini tələb məbləği ilə aktivin açıq hərracda ehtimal edilən satış dəyəri arasındakı fərq məbləğində qeydə aldıra bilərlər. Bu şəkildə qeydə alınmış hər hansı tələb hərrac başa çatanadək və ya aktiv bu Qanunun 81-ci maddəsinə uyğun digər şəkildə satılanadək icra olunmur. Həmin Qanunun 81.1-ci maddəsinə əsasən aşağıdakı hallar istisna olmaqla, kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan bütün aktivlər ləğvedici tərəfindən açıq hərracda satılır: 81.1.1.qısa müddətdə bazarda satıla bilən qiymətli kağızların, xarici valyutanın və digər aktivlərin həmin aktiv növləri ilə ticarətin həyata keçirildiyi bazarlarda ləğvedici tərəfindən satılmasına yol verilir; 81.1.2. bankın borclarının təminatı olan və qısa müddətdə bazarda satıla bilən qiymətli kağızların, xarici valyutanın və bankın digər aktivlərinin həmin aktivləri öz sərəncamında saxlayan kreditorlar tərəfindən bu aktiv növləri ilə ticarətin həyata keçirildiyi bazarlarda satılmasına yol verilir. 81.1-1. Bu Qanunun 81.1-ci maddəsində nəzərdə tutulmuş aktivlərin açıq hərrac yolu ilə satılması bankın müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq keçirilir. 81.4. Təminatlı kreditorların tələbləri növbədənkənar qaydada təminatın satılmasından əldə edilən vəsait hesabına ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ təminatsız kreditor tələbi kimi bu Qanunun 82-ci maddəsində göstərilmiş növbəliliklə ödənilir. İstinad olunan normalara əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı olan bütün aktivlərin açıq hərracda satılmasının ləğvedici tərəfindən həyata keçirilməli olduğu “Banklar haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulduğundan, ləğvetmə prosesi çərçivəsində həll edilməli olan tələbə məhkəmə tərəfindən iddia icraatı qaydasında baxılması yolverilməzdir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı iş üzə icraata xitam verməklə birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-107/2022 saylı 12 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-107/2022 saylı 12 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar