Məhkəmə qərarları › İş №2(103)-2318/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2318/2023

11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2318/2023 11.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: «kredit müqaviləsinin və məxaric orderinin imzalanmaması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2801/2015 saylı, 19 may 2015-c il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. "xxxx" ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya 34 ay müddətinə illik 19 faiz ödəmək şərtilə 17.300 ABŞ dolları məbləğində kredit verildiyi göstərilir.

2. Kreditin qaytarılması təminatı olaraq kredit müqaviləsi tərəfləri arasında xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsi bağlanılmış və Cavabdeh məxsus olan 90CL538 dövlət qeydiyyat nişanlı «KİA Sportage» markalı avtomobil ipoteka ilə yüklü edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı "xxxx" açıq səhmdar cəmiyyəti ipotekaya qoyulmuş avtomobilin hərracdan satılması və kredit borcunun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 16.024 ABŞ dolları əsas borcun, 4898 ABŞ dolları faiz borcunun, 2.000 ABŞ dolları dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh mülkiyyətində olan "xxxx" ASC-yə ipotekaya qoyulmuş ** CL *** dövlət qeydiyyat nişanlı «KİA İ Sportage» markalı minik avtomobilinə (buraxılış ili 2008, mühərrik-G4GCBH731117, rəngi-gümüşü met) yönələrək açıq hərracdan satılması və əldə olunmuş vəsait hesabına Cavabdeh banka olan kredit borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiada göstərilir ki, kredit müqaviləsinə əsasən borcalan müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu və faizləri vaxtında və lazımi qaydada ödəməmişdir. Bank tərəfindən Cavabdeh kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə edilən müraciətlər heç bir nəticə verməmişdir. Cavabdeh Banka olan borcu 16.024 ABŞ dolları əsas borc, 4.898 ABŞ dolları faiz borcu, 2.000 ABŞ dolları dəbbə pulu, cəmi 22.922 (iyirmi iki min doqquz yüz iyirmi iki) ABŞ dolları təşkil edir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2801/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh xx.xx.2012-ci il tarixli 173 saylı kredit müqaviləsi üzrə 16.024 ABŞ dolları əsas borc, 4898 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları dəbbə pulu, cəmi 21422 (iyirmi bir min dörd yüz iyirmi iki) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və ödənilmiş 30(otuz) manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmuş, tələbin Cavabdeh məxsus olan “KİA Sportage” markalı, ** CL *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılaraq, satış hesabına əldə edilmiş vəsaitdən borcun "xxxx" ASC-nin xeyrinə ödənilməsi və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 34 ay müddətinə illik 19 faiz ödəmək şərtilə 17.300 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin qaytarılması üçün Cavabdeh məxsus olan ** CL *** dövlət qeydiyyat nişanlı «KİA Sportage» markalı avtomobil girov ilə yüklü edilmiş və cavabdehlə xx.xx.2012-ci il tarixli girov müqaviləsi bağlanılmışdır. Cavabdeh müqavilənin şərtini pozaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. İş üzrə iddiaçı "xxxx" ASC həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilələr üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Qeyd olunanlara əsasən iş üzrə cavabdeh müqavilə üzrə öhdəlikləri lazımınca icra etmədiyindən cavabdehdən 16.024 ABŞ dolları əsas borc, 4898 ABŞ dollan faiz borcu iddiaçının xeyrinə tutulmalıdır."xxxx" ASC-nin iddiasının 2.000 ABŞ dolları dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 500 ABŞ dolları məbləğində pul tutulmalıdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni kredit borcunun tutulması və ona münasibətdə həmin hissədə iddianın təmin edilməməsini xahiş edərək göstərir ki, qətnamədən görünür ki, birinci instansiya məhkəməsi hər vəchlə iddianı təmin etməyə çalışmış, iddianın mahiyyətinə varmağa cəhd belə etməmiş, cavabdehin məhz Cavabdeh olub-olmadığını belə araşdırmamış, onun məhkəmə baxışı iclaslarında iştirakını təmin etməmişdir. Belə ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsində cavabdeh kimi yalnız Cavabdeh göstərilmişdir. Halbuki, o, "xxxx"nın Şamaxı filialı ilə kredit müqaviləsi bağlamamış və ümumiyyətlə, həmin filialda olmamışdır. "xxxx"nın Şamaxı filialından, eləcə də digər filiallarından hər hansı pul almamışdır. "xxxx"nın Şamaxı filialından krediti xalası oğlu X5(iki ildən artıqdır ki, Azərbaycan Respublikasında yaşamır) götürmüşdür. O, Cavabdeh avtomobilinin kreditinə görə girov qoyulmasını xahiş etmiş, sonuncu da razılaşmışdır. Eyni zamanda, Fuad Nizamov ona bildirmişdir ki, krediti özü vaxtında ödəyəcək, yəni onun üçün hər hansı problem olmayacaqdır. Cavabdeh da ona inanıb razılaşmışdır. Lakin Cavabdeh hər hansı məhkəmə qətnaməsi almamışdır. 2022-ci ilin noyabr ayında qardaşı ona məxsus «KİA Sportage» markalı, ** CL *** dövlət qeydiyyat nişanl ıavtomobili idarə edərkən DYP-nin əməkdaşları tərəfindən saxlanılaraq “avtomobilinizin üzərinə məhkəmə tərəfindən həbs qoyulub” əsası ilə avtomobil cərimə meydançasına aparılmış və hazırda da oradadır. Odur ki, o, bu barədə məlumat almaq üçün əvvəlcə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə getmişdir. Oradan isə bildirmişlər ki, barəsində məhkəmə qətnaməsi var, qətnamənin surətini almaq üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmək lazımdır. Odur ki, Cavabdeh ərizə ilə həmin məhkəməyə müraciət etmiş, 10 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 may 2015-ci il tarixli 22(011)-2801/2015 №-li qətnaməsinin surətini poçt vasitəsilə almışdır. Bu qətnamə barəsində ona indiyə kimi hər hansı bir məlumat verilməmiş, odur ki, həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Qanunsuz hər hansı bir hərəkət etməmişdir. Qohumu olduğu üçün X4 kreditinə görə avtomobilini girov qoymuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.2-ci maddəsində göstərilir ki, girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər. Beləliklə, birinci instansiya məhkəməsi yuxarıda sadalanan sübutlarla yanaşı aşağıdakı məsələləri araşdırmaqla tərəfsiz, qərəzsiz və ədalətli qərar qəbul edə bilərdi:

1. Birinci instansiya məhkəməsi məhkəmə araşdırmasında cavabdeh kimi Cavabdeh iştirakını təmin etməmişdir (halbuki o, həmin vaxt Bakı şəhərində yaşayır və işləyirdi);

2. Birinci instansiya məhkəməsi xx.xx.2012-ci il tarixli kredit müqaviləsində, habelə məxaric orderində onun imzalarının olub-olmamasını araşdırmamışdır;

3. Birinci instansiya məhkəməsi məhkəmə-xətşünaslıq ekspertizası təyin edib, müvafiq rəy almalı olduğu halda, bunu etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil cavabdehin apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

9. Məhkəmə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Maddə 739.1(xx.xx.2023-dək qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2(xx.xx.2023-dək qüvvədə olan). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 741(xx.xx.2023-dək qüvvədə olan). Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri:

12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin qismən, yəni mübahisələndirilən hissədə ləğv edilməsi və həmin hissədə rədd edilməsi üçün əsasdır.

13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

15. Apellyasiya şikayətinin nəticə hissəsindən və şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni cavabdehdən kredit borcunun tutulması və ona münasibətdə həmin hissədə iddianın təmin edilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin cavabdehdən kredit borcunun tutulması hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

16. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

17. Mübahisələndirilən hissədə, yəni cavabdehdən kredit borcunun tutulması hissəsi üzrə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.

18. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından, habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia mübahisələndirilən hissədə haqlı sayılmır.

19. Belə ki, apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədilə məhkəmə tərkibi hesab etdi ki, iş üzrə həqiqətin müəyyən edilməsi üçün xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından məhkəmə xətşünaslıq ekspertizası təyin edilməli, ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməli, mülki iş materialları ekspertizaya təqdim olunmalıdır. Çünki, iddiaçının tələbi kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi ilə bağlı olmuşdur. Cavabdeh isə bankla qeyd olunan müqavilələri bağlamadığını göstərmişdir. Belə olan halda, kredit və ipoteka müqavilələrindəki, eyni zamanda məxaric orderindəki imzaların Cavabdeh məxsus olub-olmaması mübahisələndirildiyindən onların yoxlanılması qaçılmaz olmuşdur.

20. Məhkəmə-xətşünaslıq ekspertizasının 3-16-16/2-4/1307 saylı, xx.xx.2023-cü il tarixli rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 18-24-cü vərəqlərində "xxxx" ASC-nin Şamaxı filialı ilə Cavabdeh arasında olan xx.xx.2012-ci il tarixli 173 nömrəli Kredit müqaviləsinin 2-7-ci vərəqlərində "Borc alan" qrafalarındakı imzalar; 25-29-cu vərəqlərində "xxxx" ASC-nin Şamaxı filialı ilə Cavabdeh arasında olan xx.xx.2012-ci il tarixli 173 nömrəli İpoteka müqaviləsinin 2-5-ci vərəqlərində "İpotekaqoyan" qrafalarındakı imzalar; 15-ci vərəqində olan xx.xx.2012-ci il tarixli FJB seriyalı **********141 nömrəli məxaric orderinin kserosurətində "Müştərinin imzası" qrafasında əks olunmuş imza - Cavabdeh tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur.

21. Məhkəmə iclasında iddiaçı tərəf yenidən məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatətlə müraciət edərək göstərdi ki, bankın Şamaxı filialına aid xx.xx.2012-ci il tarixli kassa məxaric orderinin əslini hazırda məhkəməyə təqdim edir və bununla da ekspertizanın sənədin əslinə münasibətdə yenidən keçirilməsi zərurəti yaranır. Apellyasiya instansiyası məhkəməsi vəsatəti təmin edərək hesab etdi ki, xx.xx.2012-ci il tarixli kassa mədaxil orderinin əsli yeni təqdim edildiyindən əlavə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməlidir, ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməli, mülki iş materialları ekspertizaya təqdim olunmalıdır. Çünki, iddiaçının tələbi kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi ilə bağlı olmuşdur. Belə olan halda, məxaric orderindəki imzanın Cavabdeh məxsus olub-olmaması mübahisələndirildiyindən sənədin əsli üzrə də ekspertiza keçirilməsi təmin edildi.

22. Əlavə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın 3-16- 16/2-4/1727 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 191-ci vərəqində "xxxx" ASC-nin Şamaxı filialı ilə Cavabdeh arasında olan xx.xx.2012-ci il tarixli FJB seriyalı **********141 nömrəli məxaric orderində "Vəsaiti alan" qrafasının aşağı hissəsində və "Müştərinin imzası" qrafasındakı imzalar əks olunmuş imza - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

23. Göründüyü kimi, iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyləri ilə də iddianın faktiki əsasını təşkil edən kredti və ipoteka müqavilələri və kassa məxaric orderindəki imzaların Cavabdeh tərəfindən deyil, başqa şəxs(lər) tərəfindən icra olunduğu öz təsdiqini tapdığından iddianın mübahisələndirilən hissədə əsaslılığı aradan qalxmış oldu. Çünki, iddiaçı bank məhz həmin sübutlara istinad edərək hazırki iddianı irəli sürmüşdü. Apellyasiya instansiyası məhkəməsində isə yeni sübutlar tədqiq edilərkən, yəni ekspertiza rəyləri ilə işin nəticəsinə təsir edən digər, yəni, yeni faktiki hallar müəyyən edildi. Bununlada məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadığı təsdiq edildi. Bu da öz növbəsində qətnamənin ləğv edilməsi və iddianın mübahisələndirilən hissədə təmin edilməməsi üçün əsas yaradır.

24. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2801/2015 saylı, 19 may 2015-c il tarixli qətnaməsi qismən, yəni, “Cavabdeh xx.xx.2012-ci il tarixli 173 saylı kredit müqaviləsi üzrə 16.024 ABŞ dolları əsas borc, 4898 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları dəbbə pulu, cəmi 21422 (iyirmi bir min dörd yüz iyirmi iki) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və ödənilmiş 30(otuz) manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun” hissəsində ləğv edilməli və həmin hissədə də iddia təmin edilməməlidir.

25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 386, 387, 388, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2801/2015 saylı, 19 may 2015-c il tarixli qətnaməsi qismən, yəni, “Cavabdeh xx.xx.2012-ci il tarixli 173 saylı kredit müqaviləsi üzrə 16.024 ABŞ dolları əsas borc, 4898 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları dəbbə pulu, cəmi 21422 (iyirmi bir min dörd yüz iyirmi iki) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və ödənilmiş 30(otuz) manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun” hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. İddia təmin edilmədiyindən ekspertiza tədqiqatlarının ümumi dəyəri - 276 (iki yüz yetmiş altı) manat iddiaçı "xxxx" ASC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar