Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2321/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh3 iştirakı ilə, İddiaçı Bank olmayan kredit təşkilatı «xxxx» MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(010)-1675/2020 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank olmayan kredit təşkilatı «xxxx» MMC Cavabdeh3 və qeyrilərinə qarşı «kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlərlə BOKT «xxxx» MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, L-BK-0017663-F saylı Kredit və Zaminlik müqavilələrinə əsasən Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ödənilməmiş 878,58 (səkkiz yüz yetmiş səkkiz dollar 58 sent) ABŞ dolları məbləğində əsas borc və 669,41 (altı yüz altmış doqquz dollar 41 sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 1547,99 (bir min beş yüz qırx yeddi dollar 99 sent) ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq BOKT «xxxx» MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ilə BOKT «xxxx» MMC arasında xx.xx.2013-cü il tarixli, L-BK-0017663-F saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, «Dövriyyə kapitalı» məqsədilə borcluya 24 ay müddətinə, aylıq 2,83%, illik 34% olmaqla 3500 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zaminləri Cavabdeh2 və Cavabdeh1 ilə L-BK-0017663-F saylı zaminlik müqavilələri bağlanmışdır. «xxxx» MMC ilə cavabdehlər arasında xx.xx.2017-ci il tarixində imzalanmış rəsmi razılaşma protokollarına əsasən kredit və zaminlik müqavilələrinin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2013-cü il tarixindən bu günə qədər borclu tərəfindən 3500 ABŞ dolları məbləğində əsas borcun 2621,42 ABŞ dolları və müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcundan 2650,26 ABŞ dolları məbləğini təşkil edən hissəsinin ödənişini həyata keçirmişdir. Bundan əlavə, müqavilənin 4.3-cü bəndinə 364,02 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 5635,70 ABŞ dolları ödənilmişdir. Beləliklə, hal-hazırda borclunun təşkilata ödənilməmiş 878,58 ABŞ dolları məbləğində əsas borcu və 669,41 ABŞ dolları faiz borcu olmaqla cəmi 1547,99 ABŞ dolları məbləğində borcu qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(010)- 1675/2020 saylı qətnaməsi ilə (hakim Anar Qasımov) iddia təmin olunmuşdur. Cavabdeh3 birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, işə onun iştirakı olmadan baxılması, faizlərin çox hesablanması kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq maddi imkanı pisləşdiyindən krediti tam ödəyə bilməməsini, gələcəkdə kredit borcunu hissə-hissə ödəyə biləcəyini, ona vaxt verilməsini və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» xx xxxxxx 2019-cu il tarixli Fərmanının icrası sahəsində kredit müqaviləsi üzrə 1314,91 manat kompensasiya hesablanaraq əsas kredit borcundan çıxılmış və 878,58 ABŞ dolları (1493,58 manat ekvivalentində) əsas borc qalmışdır. Cavabdehin faiz borcu isə 669,41 ABŞ dolları təşkil etmişdir (ödənilmiş kompensasiyanın əsas kredit borcuna nisbətini təşkil edən 442,88 ABŞ dolları faiz borcu da silinmişdir). Göründüyü kimi, cavabdehə həm əsas, həm də faiz borcu üzrə müvafiq güzəştlər tətbiq olunmuş, borc məbləği azaldılmışdır. Lakin, buna baxmayaraq cavabdeh yenə də qalıq borcun ödənilməsindən yayınır. Həmçinin qeyd edir ki, kredit müqaviləsi üzrə qalıq borc restrukturizasiyaya düşməmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia ərizəsi təmin olunmuş, digər cavabdehlər qətnaməni mübahisələndirməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası məhz Cavabdeh3 apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sübutlara əsasən – iddiaçı ilə Cavabdeh3 arasında xx xxxxxxx 2013-cü il tarixli kredit müqaviləsi bağlanmış, sonuncuya 24 ay müddətinə, illik 34 faiz ödəmək şərti ilə 3500 ABŞ dolları kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi digər cavabdehlərlə iddiaçı arasında xx xxxxxxx 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmış, xx xxxxxx 2017-ci il tarixli razılaşmaya əsasən isə kredit və zaminlik müqavilələrinin müddəti xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Eyni zamanda işdən görünür ki, Cavabdeh3 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit borcunu ödəməmişdir. Cavabdeh apellyasiya şikayətində kredit borcunun (faizlərin) düzgün hesablanmamasını göstərsə də, bunun nədə ifadə olunması və s. bu kimi zəruri halları qeyd etməmiş, məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İşdə olan sübutlardan (kredit müqaviləsi, ödəniş cədvəli, maliyyə arayışı və s.) isə kredit borcunun hesablanmasında kredit müqaviləsinin şərtlərinə hər hansı uyğunsuzluğun mövcudluğu müşahidə olunmur. Göründüyü kimi, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin əsassızlığının və qanunsuzluğunun nədən ibarət olmasını əsaslandırmamış, borcun reallıqda nə qədər təşkil etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Həmçinin, cavabdehin maddi vəziyyətinin pisləşməsi ilə bağlı krediti ödəməyə bilməməsi barədə dəlilləri də sonuncunu kredit müqaviləsi üzrə öhdəliklərindən azad etməmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası cavabdehin kredit borcunu hissə-hissə ödənilməsi barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, onun məhkəmə qərarının icrası zamanı müvafiq tələblə (MPM-nin 231-ci maddəsinə əsasən) məhkəməyə müraciət etmək hüquqları vardır. Həmçinin qeyd edilməlidir ki, işdə olan sənədlərə (Mərkəzi Bankın məktubu, problemli kreditlərin kompensasiyası cədvəli və s.) əsasən tərəflər arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsiri çərçivəsinə düşmüş, xx xxxx 2019cu il tarixə mövcud olmuş 2808,49 manat əsas kredit borcuna (manat ekvivalentində) 1314,91 manat kompensasiya hesablanaraq borcun azaldılmasına yönəldilmiş, qalıq borcun məbləği 1493,58 manat təşkil etmişdir ki, həmin məbləğ də hazırki iddia tələbində göstərildiyi kimi 878,58 ABŞ dolları (1493,58 / 1.7 = 878,58) təşkil etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, kredit müqaviləsi üzrə qalıq borc restrukturizasiyaya düşməmişdir. Cavabdeh3 apellyasiya şikayətində, həmçinin məhkəmə iclasında iştirakının təmin olunmamasını göstərmiş, lakin işdə olan sübutlardan (bildirişlər, reyestrlər və s.) görünür ki, cavabdehə rəsmi qeydiyyatda olduğu ünvan üzrə məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada məhkəmə bildirişləri göndərilmiş, cavabdeh bir neçə məhkəmə iclasında şəxsən iştirak etmiş, növbəti məhkəmə iclaslarının yeri və vaxtı barədə bildirişləri imza edərək almış, lakin sonuncu məhkəmə iclasında hər hansı üzrlü səbəb təqdim etmədin iştirak etməmişdir. Göründüyü kimi, cavabdeh etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəllənin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri yoxlanılan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Bank olmayan kredit təşkilatı «xxxx» MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(010)-1675/2020 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(010)-1675/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-2321/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2321/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver