Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2322/2022 14.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçılar X2, İddiaçı1 nümayəndəsi Nümayəndə2 və Cavabdeh qızının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4089/2021 saylı, 13 dekabr 2021ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müracət edərək 5473 manat nəqliyyat vasitəsinə vurulmuş ziyan, əldən çıxmış fayda olaraq 2 aylıq əmək haqqı məbləgi - 1500 manat, 100 manat servisə ödənilmiş qiymətləndirilmə haqqı, 55 manat evakuasiya xidməti haqqı və 30 manat dövlət rüsumunun, cəmi 7158 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 5473 manat nəqliyyat vasitəsinə vurulmuş ziyan, 100 manat qiymətləndirilmə haqqı, 55 manat evakuasiya xidməti haqqı tələbləri hissəsində əsl İddiaçı1 ilə əvəz edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 26.03.2021-ci il tarixdə İddiaçı1 mülkiyyətində olan “Hyundai Accent” minik markalı, ** FY *** dövlət qeydiyyat nşanlı avtomobilə cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində 10211 manat məbləğində zərər dəymişdir. Zərərin 4738 manatı «Atəşgah» sığorta şirkəti tərəfindən ödənilmişdir. İddiaçı tərəfindən avtomobilə dəymiş zərərin qiymətləndirilməsi üçün (qüsur aktı) Hyundai Avto Azərbaycan Servis Departamentinə 100 manat xidmət haqqı ödənilmiş, maşının evakuasiyası üçün 55 manat xidmət haqqı ödənilmişdir. Cavabdeh çəkilmiş xərcləri ödəməkdən yayınır. İddiaçı E.Nehmətov həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Avtomobilin zədələnməsi nəticəsində fəaliyyətindən məhrum olmuşdur. İddiaçı2 taksi fəaliyyəti nəticəsində ayda 750 manat gəlir əldə etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4089/2021 saylı, 13 dekabr 2021ci il tarixli qətnaməsi ilə İddiaçı1 iddiası qismən təmin edilərək Cavabdeh 5123 (beş min yüz iyirmi üç) manat maddi zərərin, 100 (yüz) manat servis xərcinin və 55 (əlli beş) manat evakuasiya xərcinin tutularaq İddiaçı1 xeyrinə ödənilməsi; 100 (yüz) manat məbləğində məhkəmə ekspertizasının dəyərinin 94 (doxsan dörd) manat hissəsinin Cavabdeh, 06 (altı) manat hissəsinin İddiaçı1 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi; iddiaçı X2 iddiasının isə rədd edilməsi və iddiaçı X3 tərəfindən iddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv eilməsini və zərərin tam ödənildiyinin nəzərə alınaraq iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti bununla əsaslandırılmışdır ki, məhkəmə işi araşdırmamış, iş üzrə ekspertiza təyin esə də, ekspert rəyini nəzərə almadan qətnamə qəbul etmiş, bununla da məhkəmə təcrübəsinin vahidliyini pozmuşdur. İddianı təsdiq edən heç bir sənəd və ya sübut məhkəməyə təqdim edilməmişdir. Təqdim edilmiş qüsur aktındakı qiymətlər və dəyişilməli olan detallar isə həqiqəti əks etdirmir və birtərəfli qaydada tərtib edilib. Araşdırma aparılsa məlum olar ki, iddiaçının 2013-cü il buraxılışlı "Hyundai Accent" minik markalı avtomobilinin real bazar dəyəri 12000-14000 manat ətrafında təşkil edir. Onun avtomobili tam məhv olsa idi, qeyd edilən zərər ağlabatan olardı. Lakin işin hallarından və işdə olan fotoşəkillərdən açıq aydın görünür ki, avtomobilin bir hissəsi zədə almışdır. Bu halda necə ola bilər ki, vurulmuş ziyan avtomobilin real bazar dəyərinə yaxın olsun? Göründüyü kimi, iddiaçının onun avtomobilinə vurulmasını iddia etdiyi zərər real və ağlabatan deyildir. Məhkəmə tərəfindən iş üzrə ekspertiza təyin edilmiş və ekspert avtmobilin istismar müddətini və aşınmanı nəzərə alaraq müvafiq rəy versə də, məhkəmə həmin rəyi nəzərə almadan işdə olan mötəbərliyi şübhə doğuran qüsur aktına istinad edərək qətnamə qəbul etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı X3 və digər İddiaçı1 nümayəndəsi Nümayəndə2 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə ekspert rəyinin dəyişilməli hissələrin dəyərinə aşınmanın tətbiq olunması fikri ilə razılaşmır. Belə ki, iddiaçı ona məxsus avtomobilin bərpası üçün işlənmiş hissələri deyil , yeni hissələri almalıdır. Odur ki, avtomobilin təmir bərpa xərci kimi 9861 manat məbləği əsas götürülməlidir...Lakin dəymiş zərər tələbi ekspertiza tərəfindən müəyyən edilmiş zərər məbləği 9861 manatdan sığorta şirkəti tərəfindən ödənilmiş 4738 manat zərər məbləği çıxılaraq 5123 manat məbləğində təmin edilməlidir. Eyni zamanda 5123 manat dəymiş zərərlə birgə, 100 manat servis xərci və 55 manat evakuasiya xərci cavabdehdən tutulmalıdır. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Cavabdehin apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin nəticə hissəsində qətnamənin ləğv edilməsi nəzərdə tutulsa da, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, zərərin məbləği istisna olmaqla birinci instansiya məhkəməsinin iddianı təmin etməklə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. İddiaçının mülkiyyətində olan avtomobilə cavabdehin idarə etdiyi avtomobillə zərər vurulması işin mübahisəsiz halıdır. Cavabdeh bunu inkar etmir. Mübahisələndirdiyi hal qeyd olunan avtomobilə dəyən zərərin məbləği ilə bağlıdır. Belə ki, birinci instansiya məhkəməsi ekspert rəyinin dəyişilməli hissələrin dəyərinə aşınmanın tətbiq olunması fikri ilə razılaşmayaraq göstərir ki, iddiaçı ona məxsus avtomobilin bərpası üçün işlənmiş hissələri deyil, yeni hissələri almalıdır, odur ki, avtomobilin təmir bərpa xərci kimi 9861 manat məbləği əsas götürülməlidir. Əlbətdə ki, bu mövqe açıq-aşkar əsassız görünməyə bilər. Lakin məhkəmənin bu mövqeyinə görə belə çıxır ki, 8 il istismarda olan avtomobil tam zədələndiyi yaxud məhv olduğu halda iddiaçı özünə yeni avtomobil alarsa cavabdehdən yeni aldığı avtomobilin dəyərini tələb etməlidir və sonuncu da həmin məbləği ödəməlidir. Şübhəsiz ki, bu hal cavabdehin törətdiyi mülki hüquq pozuntusu nəticəsində vurulan zərərdən daha artıq miqdarda zərər ödəməsinə və törətdiyindən artıq həcmdə mülki hüquqi məsuliyyətə cəlb olunmasına səbəb ola bilər ki, buda iddiaçının qanuni əsas olmadan əsassız varlanmasına gətirib çıxara bilər. Ona görə də ekspertin illik 4 % aşınma nəzərə alınmaqla 8 il ərzində istismarda olan avtomobilin dəyişilməli hissələrinin qalıq dəyərini 6089 manat və buna görə də avtomobilin təmirbərpa xərcinin hadisə baş verən tarixə 7509 manat müəyyən etməsi düzgün olmuşdur. Lakin qeyd olunduğu kimi məhkəmə sığorta şirkəti tərəfindən ödənilmiş 4738 manat sığorta ödənişini 7509 manatdan deyil, 9861 manatdan çıxaraq cavabdehin 5123 manat maddi zərər əvəzi ödəməsi qənaətinə gəlmişdir. Ancaq sığorta şirkətinin verdiyi 4738 sığorta ödənişi 7509 manatdan çıxılmalı və maddi zərərin əvəzi azaldılaraq 2771 manat müəyyən edilməlidir. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4089/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qətnaməsi cavabdehdən alınmalı olan maddi zərərin əvəzinin miqdarı hissəsində dəyişdirilməli və həmin məbləğ azaldılaraq 2771 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4089/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qətnaməsi cavabdehdən alınmalı olan maddi zərərin əvəzinin miqdarı hissəsində dəyişdirilsin. Cavabdeh alınmalı olan maddi zərərin əvəzinin miqdarı azaldılaraq 2771(iki min yeddi yüz yetmiş bir) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2322/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2322/2022
14.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver