Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2323/2020 03.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4437/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı iddiası təmin edilərək, 6000 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əsassız olaraq iddiaçını sübut etmə yükündən azad edib. Tələb olunan məbləğ kifayət qədər yüksəkdir və iddiaçının bu məbləği 3 ay ərzində unutması inandırıcı deyil. İddiaçı ondan bir dəfə aldığı pulu təkrar tələb edir. Halbuki məhkəmə iclaslarında iddiaçı əvvəllər də Məcidin ona cavabdeh vasitəsilə pullar göndərdiyini və vaxtında ona çatdırıldığını bildirmişdir. Apellyasiya baxışı zamanı cavabdeh şikayətin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, iddiaçı tanışı Məcid üçün heç bir təmir işi görməyib. Əslində 6000 manat pul Məcidin aldığı evin qalıq dəyəri olub və iddiaçıya vermək üçün ona göndərilib. Pulu götürüb və həmin gün iddiaçıya verib. İddiaçı pulu özü üçün yox, sürücüsü olduğu şəxsə çatdırmaq üçün alıb. Pulun göndərilməsindən bir neçə gün əvvəl Məcid Bakı şəhərində olub və iddiaçı qalıq borc olan 16000 manatın ona verilməsini və bu məbləğə təcili ehtiyacının olduğunu bildirib. Məcid 10000 manatı ödəyib və qalan pulu Rusiyaya getdikdən qısa müddət sonra göndərib. Pul iddiaçıya təcili lazım olduğu üçün onu dərhal götürüb. Yalnız 3 aydan sonra hesabat zamanı pulu 6000 manat əskik çıxdığından həmin məbləğin onda qaldığını ehtimal edib və pulu təkrar tələb edib. Cavabdeh şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək, bildirdi ki, daşınmaz əmlakların təmiri və alqı-satqısı ilə məşğuldur. Cavabdehin qohumu olan Məcidə həm ev satıb, həm də onun üçün təmir işləri görüb. Tələb olunan pul təmirlə bağlı yaranıb. Hər hansı şəxsin sürücüsü deyil, sadəcə Məcidə satılmış evin əvvəlki sahibinin xahişi ilə bəzən onun xaricdən gələn qonaqlarını qarşılayıb, yola salır. Eyni vaxtda bir neçə adam üçün təmir işləri görür, həmin işlərlə bağlı inşaat materiallarının və usta pullarının hesabatını, ödənişini aparır. Həqiqətən də Məcid Bakıda olanda təcili pul lazım olduğunu bildirib və ona 10000 manat verib. Lakin həmin gün başqa şəxsdən pul aldığı üçün maliyyə problemini həll edib. xx.xx.2019-cu il tarixdə cavabdehə iki dəfə zəng edib. Birinci zəng zamanı axşama doğru görüşmək barədə razılaşıblar. Sonradan planları dəyişdiyi üçün zəng edib bu barədə cavabdehə məlumat vermək istəyib, lakin telefonun enerjisi bitdiyi üçün danışığı başa çatdıra bilməyib. İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməlidir. Belə ki, baxılan iş üzrə cavabdehin qohumu tərəfindən iddiaçıya çatdırmaq üçün 6000 manat pulun göndəriliyi və cavabdehin həmin məbləği qəbul etdiyi işin mübahisəsiz halıdır. İddiaçı hazırkı iddia ərizəsi ilə qeyd olunan məbləği cavabdehdən tələb edir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh tələb olunan pulu iddiaçıya vermək üçün aldığını etiraf etdiyindən (bu işin mübahisəsiz halı olduğundan) pulu iddiaçıya verdiyi barədə etirazı sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Çünki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Cavabdeh mübahisəli məbləği məhz iddiaçıya çatdırmaq üçün üçüncü şəxsdən aldığını birinci və apellyasiya baxışı iclaslarında verdiyi izahatlarında şifahi, habelə apellyasiya şikayətində yazılı etiraf etmişdir. Buna baxmayaraq cavabdeh tələb olunan məbləği iddiaçıya verdiyini barədə etirazını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi işin qeyd olunan hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1, 777.2, 1091 və 1092.1-ci maddələrini tətbiq edərək belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçının pulunu ona verməkdən imtina etməklə əsassız varlanmış, iddiaçı isə ona çatası pulu almayaraq öz pulundan məhrum olmuşdur. Bu səbəbdən iddia əsaslıdır və təmin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynidir və yuxarıda qeyd olunanlara müvafiq olaraq əsassızdır. Cavabdeh apellyasiya baxışı zamanı da hər hansı sübut təqdim etməmiş, belə sübutun mövcudluğuna istinad etməmiş, etirazını yalnız dolayı dəlillərlə əsaslandırmağa çalışmışdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4437/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Abiddin Hüseynov Hakimlər imzalar: Azad İmanov Vahid Sadıqov Əsli ilə düzdür: Hakim Abiddin Hüseynov
Məhkəmə qərarları › İş №2(103)-2323/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2323/2020
03.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver