Məhkəmə qərarları › İş №2(103)-2323/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2323/2024

13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2323/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, İddiaçı ASC-nin ləğedicisi “X1 Company” MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsinə xitam verilməsi, borc tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-2269/2014 saylı, xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(001)- 2269/2014 nömrəli qiyabi qətnaməsinə əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli İS-3892 saylı kredit müqaviləsinin ləğv edilməsi, xx.xx.2009-cu il tarixli, İS-3892 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh qızından 2084.82 manat əsas borc, 2656,62 manat faiz borcu, 625,44 manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla cəmi 5396,88 manat pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh adı çəkilən qiyabi qətnamənin ləğvi barədə ərizə verib, ərizəsini onunla əsaslandırılmışdır ki, məhkəmə iclası cavabdehin iştirakı olmadan keçirilmiş, ona hər hansı bir bildiriş göndərilmədən qiyabi qətnamə qəbul edilmişdir. Cavabdeh məhkəmə qətnaməsindən 9 ildən artıq müddət keçəndən sonra pensiyasından keçən ay pul tutulandan sonra xəbər tutmuşdur. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru N.Allahverdiyev tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və həmin tarixdə inkasso sərəncamı verilmişdir. Bundan soma xx.xx.2023-cü il tarixdə cavabdeh qiyabi qətnamənin surətini almaq üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Cavabdeh ağır xəstə olmaqla 2-ci qrup əlildir. Pensiyası dərmanlarına belə yetmir. Məhkəmə tərəfindən faiz məbləği və cərimə tutularkən haqsızlığa yol verilmişdir.Bu səbəbdən qiyabi qətnamənin ləğv edilib işə yenidən baxılmasını xahiş etmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 2269/2014 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini, ərizəsinin təmin edilərək Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(001)- 2269/2014 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsini, işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmiş, şikayətini ərizəsinə uyğun olaraq əsaslandırmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-2269/2014 saylı qərardadı ləğv edilməklə iş qiyabi qətnamənin ləğvi barədə ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Birinci instansiya məhkəməsi öz qərardadında qeyd etmişdir ki, cavabdeh iş üzrə qəbul edilmiş qətnamənin bir nüsxəsini xx.xx.2023-cü il tarixdə qəbzi imzalamaqla qəbul etmiş, lakin xx.xx.2024-cü il tarixdə, yəni 10 gün müddət keçdikdən sonra qiyabi qətnamənin ləğv edilməsi barədə ərizə təqdim etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün aydınlaşdırmamışdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixdə məhz qətnamənin ona təqdim edilməsi barədə ərizə vermiş, lakin ona qətnamə xx.xx.2023-cü il tarixdə həmin ərizəyə imza edilməklə təqdim edilmişdir. Cavabdeh bundan 4 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə qiyabi qətnamənin ləğvi ilə bağlı ərizə ilə müraciət etmiş, beləliklə qanunvericiliklə nəzərdə tutulan 10 günlük müddəti ötürməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş qiyabi qətnamənin ləğvi barədə ərizəyə yenidən baxılması və əsaslandırılmış məhkəmə aktının qəbulu üçün həmin məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-2269/2014 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv olunsun və Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(001)-2269/2014 nömrəli qiyabi qətnaməsinin ləğvi barədə verdiyi ərizəsinə yenidən baxılması üçün mülki iş materialları həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar