Məhkəmə qərarları › İş №2(103)-2324/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2324/2025

19.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2324/2025 19.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı hədiyyə kartından ödəniş vasitəsi kimi istifadə edilməsindən imtinanın qanunsuz hesab edilməsi, pul vəsaitinin qaytarılması və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: müqavilənin standart şərti, avans məbləğinin qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı hədiyyə kartından ödəniş vasitəsi kimi istifadə edilməsindən imtinanın qanunsuz hesab edilməsi, pul vəsaitinin qaytarılması və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(005)-3092/2024 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Sabina Perfumery & Cosmetics” mağazalar şəbəkəsi tərəfindən verilmiş 200 manat dəyərində olan hədiyyə kartının üzərində qeyd olunmuşdur ki, hədiyyə kartı üzərindəki nominala uyğun olaraq “Sabina parfum və kosmetika” mağazalar şəbəkəsində alış-veriş imkanı verir, hədiyyə kartı həmçinin endirim və aksiyalar zamanı istifadə oluna bilər, pulla dəyişdirilə və əvəzlənə bilməz, yalnız alış-veriş üçün keçərlidir, hədiyyə kartı məbləğindən tam və hissəli şəkildə kartın etibarlılıq müddəti ərzində istifadə etmək olar, hədiyyə kartından istifadə qaydalarına dəyişiklik etmək hüququnu Cavabdeh MMC öz üzərinə saxlayır, hədiyyə kartının itirilməsi, oğurlanması və ya digər şəkildə qanunsuz ələ keçirilməsi nəticəsində üçüncü şəxslər tərəfindən istifadə olunmasına, həmçinin yararsız hala salınmasına görə Cavabdeh MMC məsuliyyət daşımır, etibarlılıq müddəti bitən hədiyyə kartları yenisi ilə əvəz olunmur və kartın balansında olan məbləğ silinir. Kart xx.xx.2023-cü il tarixədək etibarlıdır.

2. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsinin 15 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən hüquqi şəxslər həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya mənfəət vergidi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir. Belə ki, mənfəət vergisinin ödəyicisi olan hüquqi şəxs tərəfindən əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə mənfəət vergisi hesablanmalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Mənfəət vergisi bəyənnaməsi” vergi orqanına təqdim edilməli, hesabat ili ərzində ödənilməli olan vergilər hər rüb bitdikdən sonra 15 gündən gec olmayaraq “Cari vergilərin hesablanması haqqında Arayış” təqdim edilməklə hesablanmalı və həmin müddətlərdə də vergini ödəmək öhdəliyi cari vergi ödəmələri şəklində həyata keçirilməlidir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təqdim olunan hədiyyə kartından ödəniş vasitəsi kimi istifadə edilməsindən "xxxx" MMC-nin imtinasının qanunsuz hesab edilməsi və karta uyğun olaraq ödənilmiş 200 manat vəsaitin, eyni zamanda mənəvi zərərin əvəzi olaraq 5500 manat məbləğində pul vəsaitinin ona ödənilməsi barədə qətnamə, bundan əlavə ödənilmiş vəsaitin müqabilində oxşar səbəblərdən mütəmadi olaraq malların verilməməsi halları nəzərə alınaraq, MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işinin başlanılması üçün (vahid niyyətlə mənimsəmə və israf etmə (Cinayət Məcəlləsinin 179-cu maddəsi), istehlakçıları aldatma (CM-in 200-cü maddəsi), vergiləri ödəməkdən yayınma (CM-in 213-cü maddəsi) və s.) müvafiq hüquq mühafizə orqanlarına məlumat verilməsi barədə xususi qərardad çıxrılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, ona “Sabina Perfumery & Cosmetics” dükanlar şəbəkəsinə aid 200 manatlıq, 200S003553 nömrəli hədiyyə kartı bağışlanmışdır. O, “Adore Perfumery & Cosmetics” dükanından hədiyyə kartından istifadə etməklə parfum almaq istəmişdir. Lakin, kartı təqdim edərkən kassada onu qəbul etməkdən imtina etmiş və imtinanın əsası olaraq göstərmişlər ki, kartın qüvvədə olduğu müddət 31 dekabr 2023cü il tarixi qeyd edilib və həmin müddətin ötürülməsi kartdan istifadəni mümkünsüz edir. Bundan sonra o həmin kartın müddətinin uzadılması və ya kartda olan pul vəsaitinin geri qaytarılmasını tələb etmişdir. Lakin kassada bunların heç birinin mümkün olmaması və kartın müddəti bitibsə heç bir qüvvəsinin olmaması bildirildi. Belə olan halda karta daxil edilmiş 200 manat pul vəsaitinin aqibəti barədə məlumat tələb etmiş, cavabında bildirilib ki, həmin pul vəsaiti hesabda dondurulub. Hesab edir ki, hədiyyə kartının müddətinin ötməsi əsası ilə ödəniş vasitəsi kimi qəbulundan MMC-nin imtinası qüvvədə olan mülki qanunvericiliyinin tələblərinə zidd olmaqla, istehlakçı kimi onun hüquqlarını pozur. Belə ki, Kuponun (Hədiyyə kartının) alınması alqı-satqı müqaviləsi şərtlərinə uyğun deyil, çünki qanunvericilik ilə nəzərdə tutulan bəzi təminatlar təmin olunmur. Bu səbəbdən də bu müqavilə Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqaqvilələr siyahısına aiddir. Hesab edir ki, satıcının kupon (hədiyyə kartı) sahibi qarşısında bu kartı ödəniş vasitəsi kimi qəbul etmək öhdəliyi yaranır. Kupon (hədiyyə kartı) üçün ödənilmiş məbləğ xidmət üzrə ödəniş deyil, avansdır, belə olan halda avans isə qaytarılmalıdır. Kuponun (hədiyyə kartı) müddətinin bitməsi, kupondan qeyd edilən müddət ərzində istifadə edilməməsi, satıcını onun əvəzində malın təqdim edilməsi öhdəliyindən azad etmir, əks halda bu hal əsassız varlanma halı hesab olunacaqdır. Əgər malların təhvil verilməsi və ya xidmətlərin göstərilməsi halı mövcud deyildirsə, satıcı satış etmədiyi və ya xidmət göstərmədiyi halda satıcının sertifikat üçün ödənilmiş pulu saxlamaq hüququ yoxdur əks halda bu onun əsassız varlanmasını təşkil edir. Həmin hədiyyə kartı “Sabina Perfumery & Cosmetics” dükanlar şəbəkəsinə aid olsa da, qeyd olunan şəbəkə Cavabdeh MMC-nin tərkibində fəaliyyət göstərir. “Adore” şirkətinin rəsmi saytında olan məlumatlara əsasən "xxxx" MMC 1999-cu ildən fəaliyyət göstərən “Adore” şirkətinin 2020-ci ildə Sabina mağazalar şəbəkəsi ilə birləşməsi nəticəsində yaradılmış, 7 “ADORE”, 7 “SABİNA”, 1 “MAC” və 2 “NYX PROFESSİONAL MAKEUP” mağazalarını özündə birləşdirir. Hazırda verilən hədiyyə kartlarının üzərində də hər iki dükanın adı qeyd edilib və həmin kartlar hər iki dükanda keçərlidir. Beləliklə, verilmiş hədiyyə kartına görə "xxxx" MMC-nin məsuliyyət daşıması müəyyən olunur Göründüyü kimi, Cavabdeh MMC sahibkarlıq fəaliyyəti həyata keçirərək, satıcı kimi onun dükanlar şəbəkəsində yerləşən şəxsi istifadə üçün nəzərdə tutulmuş malları alıcı olaraq mənə verməyi öhdəsinə götürmüş, aralarında bağlanan şifahi pərakəndə alqı-satqı müqaviləsinin şərtlərinə əsasən malların dəyəri tam ödənilmiş (mənim adımdan mənə kartı hədiyyə edən şəxs tərəfindən), lakin satıcı hazırda malları verməkdən imtina edir. Belə olan halda, Mülki Məcəllənin 599.3-cü maddəsinin tələblərinə əsasən ödənilmiş əşyalar və ya hədiyyə kartı ilə ödənilməsi təsdiq olunan 200 manat məbləği ona qaytarılmalıdır. Qeyd olunmalıdır ki, kartı ödəniş kimi qəbul etməkdən imtina edən dükan əməkdaşları, onun yuxarıda qeyd olunan dəlillərinə cavab olaraq, hədiyyə kartının ödənişi təsdiq edən sənəd deyil, malın özü olmasını bildirməklə, ondan istifadə müddətinin keçməsini demişlər. MMC-nin bu dəlilləri qanunsuz və absurddur. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 1-ci maddəsində istehlakçı anlayışına açıqlama verilərkən göstərilmişdir ki, istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Göründüyü kimi, qanunun mənasına görə mal şəxsi tələbatı ödəməyə xidmət edən əşyadır. Hədiyyə kartı isə özü özlüyündə istehlakçı olaraq hər hansı şəxsin, o cümlədən onun tələbatlarını ödəmir və ödəyə bilməz. Həmin kart MMC-nin satdığı malların dəyərinin ödənilməsini təsdiq etməklə, istehlakçıya qeyd olunan malların verilməsini satıcıdan tələb etmək hüququnu müəyyən edir. Belə olan halda, həmin kartın hər hansı müddətlə məhdudlaşdırılması əsassızdır. Əks halda, MMC ödənişi qəbul edib, malı verməkdən imtina etməklə istehlakçının hesabına əsassız varlanmış olur.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(005)- 3092/2024 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.

6. Qətnamənin əsaslarına görə, iddiaçıya "Sabina parfümeriya və kosmetika" şirkətindən 200 manat məbləğində xx.xx.2023-dək etibarlı olan hədiyyə kartı hədiyyə edilmiş, o "X4" mağazasından seçdiyi məhsulların dəyərini hədiyyə kartı ilə ödəmək istəyərkən ona hədiyyə kartının etibarlılıq müddətinin bitdiyi bildirilmişdir. Göründüyü kimi hədiyyə kartının üzərində yararlılıq müddəti qeyd edilmişdir və bu kartın həmin dövr ərzində istifadə edilməsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, tərəflərin arasında alqısatqı müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır, hədiyyə kartının üzərində göstərilmiş tarix isə müqavilənin eibarlılıq müddətidir. Hədiyyə kartının üzərində istifadə müddətinin göstərilməsi, hədiyyə kartının məhdud müddətli olduğunu göstərir. Yəni, ondan yalnız müəyyən bir vaxt ərzində istifadə edilməsi mümkündür. Bu mağazanın təklif etdiyi müqavilənin şərti olub, istehlakçı da bu şərti qəbul edərək kartı alıb. Məhkəmə hesab edir ki, bu əsasla, cavabdeh iddiaçının tələblərini təmin etməməkdə haqlı olmuşdur.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.2 – 404.5, 417.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin oluması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apelyasiya şikayətinin dəlillərinə görə, məhkəmə ilkin olaraq “Bu mağazanın təklif etdiyi müqavilənin şərti olub” ifadəsini yazarkən hansı müqavilənin və ya nə müqaviləsinin şərti olmasını əsaslandıra bilməyib. Əgər məhkəmə bir müqavilə şərtindən danışırsa, belə olan halda mübahisənin düzgün həll olunması üçün burda hansı müqavilənin (alqı-satqı, beh, avans, icarə və s) mövcud olması dəqiq müəyyən edilməli idi. Çünki hüquqi baxımdan bu müqavilələrin nəticələri fərqli normalarla tənzimlənir. Məhkəmə ilkin olaraq mübahisənin mexanizimini anlaya və münasibətə düzgün hüquqi yanaşma sərgiləyə bilməmişdir. Belə ki, ilkin olaraq hədiyyə kartının alınma səbəbinə diqqət yetirilməlidir. Bir şəxs başqa bir şəxsə hədiyyə almaq istəyəndə lakin onun zövqünü bilməyəndə bu hədiyyə kartını verir ki, digər şəxs öz zövqünə uyğun məhsulu əldə etsin. Bundan sonra diqqət yetirilməlidir ki, hədiyyə kartı məhsul hesab olunurmu? Hədiyyə kartı məhsul (mal) hesab oluna bilməz, çünki “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 1-ci maddəsində istehlakçı anlayışına açıqlama verilərkən göstərilmişdir ki, istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Göründüyü kimi, qanunun mənasına görə mal şəxsi tələbatı ödəməyə xidmət edən əşyadır. Başqa çür yanaşsaq dükan parfumeriya satışı ilə məşğuldur, kart müstəqil olaraq satış predmeti ola bilməz. Belə olan halda kart sadəcə ödəniş vasitəsidir. Göründüyü kimi, istehlakçı ilə satıcı arasında alqı - satqı baş verməmişdir. Çünki Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Belə olan halda maddənin mətnindən də göründüyü kimi burada alqı-satqı müqaviləsi bağlanmamışdır. Tərəflər arasındakı münasibətə beh münasibətini də şamil etmək olmaz, çünki münasibətin mahiyyəti bunu istisna edir. Əgər tərəflər arasında beh müqaviləsi bağlanmış olsa idi, cavabdehin həmin pul vəsaitini özündə saxlamasının qanuni əsası olardı, lakin belə vəziyyətdə cavabdehin həmin pul vəsaitini özündə saxlaması hər hansı bir əsas olmadan istehlkçının hesabına gəlir əldə etməsi hesab olunur. Belə olan halda tərəflər arasındakı münasibət avans münasibətidir. Çünki məhsul almaq üçün əvvəlcədən ödənilən pul avans adlanır. Avans satıcıya malın gələcəkdə alınması üçün qabaqcadan verilən məbləğdir. Qanunvericiliyə əsasən isə avansın saxlanılması və ya mənimsənilməsi kimi hallar yolverilməzdir. Tərəflər arasında olan münasibətin avans münasibəti olması məhkəmə araşdırılması zamanı da təsdiqini tapmışdır. Belə ki, tərəfimdən cavabdehin nümayəndəsinə verilmiş suala cavab olaraq nümayəndə bildirmişdir ki, həmin pul vəsaitinin təyinatı kassaya ilkin olaraq avans olaraq vurulur, ilin sonunda isə “alqı-satqı icra olundu” kimi rəsmiləşdirilir. Göründüyü kimi, hədiyyə kartı əldə edilən zaman ödənilən pul vəsaiti kassaya avans təyinatı ilə mədaxil edilir, əgər ilin sonunda isə guya alqı-satqı oldu kimi hesabat verilir. Başqa çür desək cavabdeh həmin pul vəsaitinin təyinatını dəyisir, yəni, avans satusunu dəyisir, pul vəsaitinə alqı-satqı təyinatı verir, başqa çür baxsaq güya məhsul satıldı və dəyəri ödənildi. Halbuki, real olaraq alqı-satqı baş verməmiş olur və cavabdeh bir məhsulu satmadan onun gəlirini əldə edir və sonradan onu yenidən satır. Əgər bu qanuni gəlir olsa idi, cavabdeh ona sonradan başqa təyinatla dövlət qeydiyyatına aldırmaq məcburiyyətində qalmazdı. Rusiya Federasiyası Ali Məhkəməsinin bu məsələ ilə bağlı qərarı mövcuddur və iş materiallarına əlavə edilmişdir. Qaldı ki, hədiyyə kartının üzərində qeyd edilən müddət məhsulun verilməsindən imtina olunması üçün əsas hesab edilə bilməz. İlkin olaraq bu karta cəmi 6 ay müddət tətbiq edilmişdir. Bəzi hədiyyə kartlarında 1 il və ya 2 il müddət müəyyən edildiyi halda, ona isə 6 ay müəyyən etməsini başa düşə bilmir. Beləliklə, müəyyən olunur ki, cavabdeh hüquqdan sui - istifadə edərək, hədiyyə kartlarının müddətlərini istədiyi kimi müəyyən edir, müxtəlif istehlakçılar arasında ayrı-seçkiliyə yol verir. Verilmiş suallara cavab olaraq cavabdehin nümayəndəsi müddətləri ilin sonu verecəkləri hesabata uyğun müəyyən etdiklərini bildirdi. Yəni, ilin əvvəli kart alanlara 1 il, ayın sonu kart alanlara 1 ay vaxt verilir. Bu isə istehlakçıların hüquqlarının pozulmasına səbəb olur. Bəzi ölkələrdə, misal üçün ABŞ-da ödəniş vasitəsi kimi istifadə edilə biləcək kuponlara 5 illik minimal müddət tətbiq edilmişdir. İstehlakçıların hüquqlarını qoruyan qanunda bu normanın müəyyən olunması istehlakçının hüquqlarını qoruyur. Kartın üzərində müddətə yönələn şərt müqavilə şərti hesab oluna bilməz və mötəbər sayıla bilməz. Həmin şərt MM-nin 420.1.3 və 420.2 maddəsinə əsasən etibarsız olan standart şərtdir. Bundan əlavə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 16-cı maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, onlar təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir. İstehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir. Məhkəmə nəzərə ala bilməmişdir ki, istehlakçı tərəfindən pul vəsaiti ödənildi, satıcı həmin pul vəsaitini heç bir hərəkət etmədən (qarşılıqsız, əsassız) əldə etdi, istehlakçı məhsulu əldə edə bilmədi, satıcı isə bir dəfə satmış olduğu məhsulu yenidən satdı. İddia ərizəsini rədd edən hakim bu hüququn məntiqinə zidd halları hüquqi baxımdan zərərsizləşdirməli və əsaslandırmalı idi. Məhkəmə bu mübahisənin hüquqi cəhətdən əsaslandırılmasının çətin olmasını düşündüyü üçün asan olan bir nəticə seçmişdir, yəni iddia tələbinin rədd olunmasını əsaslandırmaq daha asan olduğu üçün əsassız olaraq rədd etmişdir. Amma buna baxmayaraq qətnamədə bir neçə formal cümlədən başqa heç bir əsaslandırma yoxdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçı iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 328.2. Bu Məcəllənin müəyyənləşdirdiyi tələblərə zidd olan, yaxud icrası mümkün olmayan şərt etibarsızdır. Belə şərtdən asılı olan əqd tamamilə etibarsızdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Maddə 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Maddə 419.2. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Maddə 420.1. Təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində aşağıdakılar etibarsız sayılır: 420.1.1. təklif etmiş tərəfin təklifi qəbul etmək, yaxud ondan imtina etmək və ya bu və ya digər işi icra etmək üçün tənasübsüz surətdə uzun və ya aşkar qısa müddət (təklifin qəbul və icra edilməsi müddətləri) müəyyənləşdirdiyini ifadə edən müddəalar; 420.1.2. təklif etmiş tərəfin öz öhdəliklərinin icrası üçün əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən, tənasübsüz surətdə uzun və ya kifayət qədər aydın olmayan müddətlər (öhdəliklərin pozulması zamanı müddətlər) müəyyənləşdirdiyini ifadə edən müddəalar; 420.1.3. təklif etmiş tərəfə əsassız olaraq və müqavilədə göstərilmiş əsaslar olmadan öz öhdəliyinin icrasından imtina etmək hüququ (müqavilədən imtina şərti) verən müddəalar; 420.1.4. təklif etmiş tərəfə vəd olunmuş işi dəyişdirmək və ya ondan imtina etmək hüququ verən müddəalar, bir şərtlə ki, bu barədə razılaşma müqavilənin digər tərəfi üçün qeyri-məqbul olsun (dəyişiklik edilməsi şərti); 420.1.5. təklif etmiş tərəfə müqavilənin digər tərəfindən çəkilmiş xərclər üçün tənasübsüz surətdə yüksək əvəz (çəkilmiş xərclərin tənasübsüz surətdə yüksək əvəzi) tələb etmək hüququ verən müddəalar. Maddə 420.2. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Maddə 420.3. Təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində aşağıdakılar da etibarsız sayılır: 420.3.1. qiymətlərin əsassız qısa müddətdə yüksəldilməsini (qiymətlərin qısamüddətli yüksəldilməsi) nəzərdə tutan müddəalar; 420.3.2. müqavilə tərəfinin ona bu Məcəllə ilə verilmiş öhdəliklərin icrasından imtina etmək hüququnu və ya müqavilənin digər tərəfi öz öhdəliklərini yerinə yetirənə qədər müqavilənin icrasından imtina etmək hüququnu (icradan imtina hüququ) məhdudlaşdıran və ya istisna edən müddəalar; 420.3.3. müqavilənin tərəfini şübhəsiz və ya məhkəmə qərarı ilə müəyyənləşdirilmiş tələblərin əvəzləşdirilməsi hüququndan məhrum edən müddəalar (qarşılıqlı tələblərin əvəzləşdirilməsinin qadağan edilməsi); 420.3.4. təklif etmiş tərəfi müqavilənin digər tərəfini xəbərdar etməyə və ya öhdəliyin icrası üçün ona müddət verməyə dair (öhdəliyin icrası barədə xəbərdaretmə; müddət təyinetmə) qanunla nəzərdə tutulan vəzifədən azad edən müddəalar; 420.3.5. zərərin miqdarından çox olan məbləğin tələb edilməsinə dair razılaşma (zərərin əvəzinin ödənilməsinə dair yüksəldilmiş tələb); 420.3.6. təklif etmiş tərəfin və ya onun təmsilçisinin kobud ehtiyatsızlığı üzündən tələbin pozulması nəticəsində vurulan zərər üçün məsuliyyəti (ehtiyatsızlıq üçün məsuliyyəti) istisna edən və ya məhdudlaşdıran müddəalar; 420.3.7. təklif etmiş tərəfin əsas öhdəliyi pozduğu halda müqavilənin digər tərəfinin müqavilədən imtina etmək hüququnu məhdudlaşdıran və ya onu bu hüquqdan məhrum edən və ya müqavilənin digər tərəfini icra etməmə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan məhrum edən və ya 420.3.6-cı maddəyə zidd olaraq onun bu hüququnu məhdudlaşdıran (əsas öhdəliyinin icrası tələbinin pozulması) müddəalar; 420.3.8. təklif etmiş tərəfin öhdəliyi hissə-hissə icra etdiyi halda müqavilənin digər tərəfini bütövlükdə müqavilənin icra edilməməsi üçün zərərin əvəzinin ödənilməsini tələb etmək və ya əgər o, hissə-hissə icrada daha maraqlı deyildirsə (öhdəlik hissə-hissə icra edildikdə marağın itməsi), müqavilədən imtina etmək hüququndan məhrum edən müddəalar; 420.3.9. təklif etmiş tərəfin yeni mallar göndərilərkən və işlər görülərkən əşyanın qüsurları üçün məsuliyyətini nəzərdə tutan qaydalardan fərqli olaraq məhdudlaşdıran müddəalar. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 569.2. Əgər alqı-satqı müqaviləsinin icrası müddətinin pozulduğu halda alıcının ona marağının itməsi müqavilədən aydın şəkildə irəli gəlirsə, belə müqavilə qəti müəyyənləşdirilmiş müddətədək icra edilmək şərti ilə bağlanmış sayılır. Satıcı müqavilədə müəyyənləşdirilmiş müddət çatanadək və ya müddət keçdikdən sonra həmin müqaviləni yalnız alıcının razılığı ilə icra edə bilər. Maddə 575.1. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alqı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Maddə 599.1. Alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Maddə 599.2. Alıcı əşyanı qabaqcadan ödəmək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Maddə 599.4. Satıcı qabaqcadan ödənilmiş əşyanı vermək vəzifəsini icra etmədikdə və alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda əşyanın müqaviləyə görə verilməli olduğu gündən alıcıya verildiyi və ya qabaqcadan ödədiyi məbləğin ona qaytarıldığı günədək qabaqcadan ödəniş məbləğindən bu Məcəllənin 449cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə satıcının alıcıdan qabaqcadan ödəniş məbləğini aldığı gündən həmin məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 14.1. Bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdirlər. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Maddə 16. Qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, onlar təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

18. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin düzgün həlli üçün ilkin olaraq tərəflər arasında müqavilə münasibətlərinin mövcud olub – olmaması, mövcuddursa, hansı müqavilə münasibətlərinin mövcudluğu aydınlaşdırılmalı, bundan sonra tələbin hüquqi əsasları müəyyən olunmalıdır.

19. Mübahisənin mahiyyəti bundan ibarətdir ki, iddiaçı “Sabina Perfumery & Cosmetics” mağazalar şəbəkəsi tərəfindən verilmiş 200 manatlıq hədiyyə kartının dəyərinin ödənilməsinə baxmayaraq həmin kartdan istifadə edə bilməməsini və qarşı tərəfin bunu müddətin keçməsi ilə əsaslandırmasını qanunsuz hesab edir, cavabdeh isə hədiyyə kartının etibarlılıq müddətinin müəyyən olunduğuna, bu barədə kartın üzərində qeydin mövcudluğuna və qarşı tərəfin bununla bağlı məlumatının olmasına istinad edir.

20. Kartın üzərində aparılmış qeydlərin məzmununa, həmçinin, işin hallarına əsasən müəyyən olunur ki, tərəflər arasında alqı – satqı müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur, alqı – satqının predmetini Cavabdeh MMC”-yə məxsus mağazalar şəbəkəsində satılan hər hansı bir mal təşkil edir, həmin malın alınması üçün avans olaraq 200 manat məbləğində pul vəsaiti ödənilmiş və əvəzində Cavabdeh MMC” tərəfindən bu ödənişi təsdiq edən hədiyyə kartı verilmişdir.

21. Apellyasiya şikayətinin dəlillərindən biri kimi ona istinad olunmuşdur ki, tərəflər arasındakı münasibət avans münasibətidir. Çünki məhsul almaq üçün əvvəlcədən ödənilən pul avans adlanır. Avans satıcıya malın gələcəkdə alınması üçün qabaqcadan verilən məbləğdir. Qanunvericiliyə əsasən isə avansın saxlanılması və ya mənimsənilməsi kimi hallar yolverilməzdir. Tərəflər arasında olan münasibətin avans münasibəti olması məhkəmə araşdırılması zamanı da təsdiqini tapmışdır. Belə ki, onun tərəfindən cavabdehin nümayəndəsinə verilmiş suala cavab olaraq nümayəndə bildirmişdir ki, həmin pul vəsaitinin təyinatı kassaya ilkin olaraq avans olaraq vurulur, ilin sonunda isə alqı-satqı icra olundu kimi rəsmiləşdirilir. Göründüyü kimi, hədiyyə kartı əldə edilən zaman ödənilən pul vəsaiti kassaya avans təyinatı ilə mədaxil edilir, əgər ilin sonunda isə guya alqı-satqı oldu kimi hesabat verilir. Başqa cür desək cavabdeh həmin pul vəsaitinin təyinatını, yəni, avans satusunu dəyişir, o pul vəsaitinə alqı-satqı təyinatı verir, başqa çür baxsaq güya məhsul satıldı və dəyəri ödənildi. Halbuki, real olaraq alqı-satqı baş verməmiş olur və cavabdeh bir məhsulu satmadan onun gəlirini əldə edir və sonradan onu yenidən satır. Qeyd olunan hallar cavabdeh tərəfindən də mübahisələndirilməmişdir.

22. Hədiyyə kartının alınması üçün ödənilmiş pul vəsaitinin avans kimi rəsmiləşdiriliməsini təsdiq edən sübut kimi iddiaçı tərəfindən müqayisəli tədqiqatın aparılması üçün məhkəməyə Cavabdeh MMC-dən digər hədiyyə kartı alınarkən alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portalından (www.edvgerial.az) çıxarılmış məlumat təqdim olunmuşdur. Həmin məlumatda aşağıdakı cümlələr qeyd olunmuşdur: “Daxil etdiyiniz çek avans (beh) ödənişi üzrə çek olduğuna görə ödənilmiş ƏDV məbləği geri qaytarılmır. Lakin malın satıldığını təsdiqləyən satış (avans üzrə) çekini (çeklərini) alan zaman avans (beh) şəklində ödənilən vəsaitlər üzrə ƏDV məbləğinin müvafiq hissəsi Sizə qaytarılacaqdır.”

23. Göründüyü kimi cavabdeh tərəfindən hədiyyə kartının alınması üçün aparılmış ödənişin rəsmiləşdirilməsi zamanı 2 anlayışdan istifadə olunur: avans və beh. Mülki Məcəllənin 491.1, 491.2 və 491.3-cü maddələrinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olubolmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Hazırkı situasiyada tərəflər arasında yazılı formada hər hansı razılaşma olmadığından ödənilmiş məbləğin beh kimi qiymətləndirilməsi istisna edilir.

24. “Avans” sözü fransız dilindən götürülüb və “avance” ifadəsindən yaranıb, “irəliləmə” və ya “əvvəlcədən verilən məbləğ” mənasını verir. Mülki Məcəllədə “avans” sözünün anlayışı verilməsə də, Məcəllənin müxtəlif hissələrində bu sözdən istifadə edilir və mahiyyətinə görə iki əks öhdəliyin olması halında tərəflərdən biri qarşı öhdəliyin icrasına başlamazdan əvvəl öhdəliyini yerinə yetirmək üçün digərinə köçürülən müəyyən pul və ya digər əmlak dəyəridir.

25. Cavabdeh MMC-dən alınmış kartın üzərində qeyd olunmuşdur ki, hədiyyə kartı, üzərindəki nominala uyğun olaraq “Sabina parfum və kosmetika” mağazalar şəbəkəsində alış-veriş imkan verir, hədiyyə kartı həmçinin endirim və aksiyalar zamanı istifadə oluna bilər, pulla dəyişdirilə və əvəzlənə bilməz, yalnız alış-veriş üçün keçərlidir, hədiyyə kartı məbləğindən tam və hissəli şəkildə kartın etibarlılıq müddəti ərzində istifadə etmək olar, hədiyyə kartından istifadə qaydalarına dəyişiklik etmək hüququnu Cavabdeh MMC öz üzərinə saxlayır, hədiyyə kartının itirilməsi, oğurlanması və ya digər şəkildə qanunsuz ələ keçirilməsi nəticəsində üçüncü şəxslər tərəfindən istifadə olunmasına, həmçinin yararsız hala salınmasına görə Cavabdeh MMC məsuliyyət daşımır, etibarlılıq müddəti bitən hədiyyə kartları yenisi ilə əvəz olunmur və kartın balansında olan məbləğ silinir. Kart xx.xx.2023-cü il tarixədək etibarlıdır.

26. Hədiyyə kartının üzərində olan qeydlər müqavilənin şərtlərini özündə əks etdirir. Hazırkı mübahisənin yaranması əsasını isə kartın üzərində olan aşağıdakı şərtlər təşkil edir: - hədiyyə kartı məbləğindən tam və hissəli şəkildə kartın etibarlılıq müddəti ərzində istifadə etmək olar; - etibarlılıq müddəti bitən hədiyyə kartları yenisi ilə əvəz olunmur və kartın balansında olan məbləğ silinir; - kart xx.xx.2023-cü il tarixədək etibarlıdır.

27. Mülki Məcəllənin 389.1 və 390.1-ci maddələrinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Bu normaların məzmununa əsasən müəyyən olunur ki, tərəflər müqavilənin şərtlərini qarşılıqlı olaraq müəyyənləşdirir və onu imzalayırlar. Ancaq elə müqavilələr var ki, onun şərtlərini tərəflərdən biri (təklif edən tərəf) gələcəkdə bir neçə dəfə istifadə etmək üçün tərtib edir və qarşı tərəfə orada dəyişiklik etmək imkanı vermir. Başqa sözlə, qarşı tərəf (qəbul edən tərəf) ya şərtləri qəbul edib müqaviləni imzalamlı, ya da təklif edənin təqdim etdiyi maldan və ya xidmətdən imtina etməlidir. Belə müqavilələrin şərtləri mülki qanunvericilikdə müqavilənin standart şərtləri adlandırılır.

28. Mülki Məcəllənin 417.1-ci maddəsinə əsasən müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir.

29. Beləliklə, müqavilənin standart şərtlərinin elementləri aşağıdakılardır: tərəflərdən birinin müqavilə şərtlərini təkbaşına hazırlaması, müqavilənin gələcəkdə çox sayda istifadə etmək üçün hazırlanması və hazırlanan müqavilənin qarşı tərəfə təqdim edilməsi.

30. Qüvvədə olan mülki qanunvericiliyə əsasən daşınar əşyalarla bağlı müqavilələrin yazılı formada tərtib olunması zəruri şərt kimi nəzərdə tutulmadığından hazırkı mübahisənin predmeti olan müqavilə də tərəflər arasında şifahi formada bağlanmış alqı – satqı müqaviləsidir, hədiyyə kartının alıcı tərəfindən hazır vəziyyətdə qarşı tərəfə təqdim olunması müqavilə şərtlərinin təkbaşına hazırlanmasını təsdiq edir, “müqavilənin gələcəkdə çox sayda istifadə etmək üçün hazırlanması” və “hazırlanan müqavilənin qarşı tərəfə təqdim edilməsi” də mübahisələndirilməyən hallardır. Belə olduğu təqdirdə kartın üzərində qeyd edilən, o cümlədən 26-cı bənddə göstərilən şərtlər 29-cu bənddə göstərilən tələblərə cavab verdiyindən müqavilənin standart şərtləri kimi qiymətləndirilməlidir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, ümumiyyətlə standard şərtli müqavilələrə digər müqavilələrdən fərqli yanaşılmalıdır. Adətən bu tipli mübahisələrdə standart şərtləri təklif edən tərəf iddiasının və ya etirazının əsası kimi “müqavilə azadlığı” prinsipinə istinad edir.

32. Müqavilə azadlığı prinsipinin xüsusiyyətlərindən biri odur ki, tərəflər Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bu normanın mahiyyəti ondan ibarətdir ki, istər Mülki Məcəllədə nəzərdə tutulan, istərsə də nəzərdə tutulmayan müqavilənin şərtləri mülki qanunvericiliklə ziddiyyət təşkil edə bilməz.

33. “Müqavilələr azadlığı” prinsipi Mülki Məcəllənin 6.1.5-ci maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri kimi nəzərdə tutulmuş və həmin Məcəllənin 390-cı maddəsində bu prinsipin mahiyyətini əks etdirən müddəalar qeyd olunmuşdur. Bu maddənin 1–ci bəndində qeyd olunur ki, “fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər”. Lakin standart şərtli müqavilələrin xüsusiyyəti bundan ibarətdir ki, qəbul edən tərəf müqavilənin şərtlərinə dair heç bir fikir irəli sürə bilmir, yuxarıda qeyd olunduğu kimi, həmin tərəf ya şərtləri qəbul edib müqaviləni imzalamalı, ya da təklif edənin təqdim etdiyi maldan və ya xidmətdən imtina etməlidir, belə olduğu halda onun müqavilə azadlığı məhdudlaşdırılır. Bu zaman təklif edən tərəfin qəbul edən tərəfin ziyanına olan şərtləri müqaviləyə əlavə etməsi isə onun hüquqlarından sui-istifadəsi deməkdir.

34. Mülki Məcəllənin “Müqavilənin standart şərtlərinin etibarsızlığı” adlanan 420-ci maddəsində hansı şərtlərin etibarsız sayılması halları qeyd olunmuşdur. Həmin hallar qətnamənin 13-cü bəndində əksini tapdığından məhkəmə kollegiyası yenidən həmin halların təkrarən qeyd olunmasına zərurət görmür və qeyd edir ki, hazırkı mübahisənin halları ilə bu normada göstəriilən hansı əsasların dispozisiya şərti ilə uzlaşmasına qiymət verilməlidir.

35. Bu normada qeyd olunan hallar təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərinə aiddir, hazırkı vəziyyətdə təklif edən tərəf sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs, qəbul edən tərəf isə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxsdir. Bu halda qeyd olunan şərtlərin hazırkı mübahisə baxımından nəzərdən keçirilməsi üçün maneə yoxdur.

36. Mülki Məcəllənin 420.1.3-cü maddəsində qeyd olunur ki, təklif etmiş tərəfə əsassız olaraq və müqavilədə göstərilmiş əsaslar olmadan öz öhdəliyinin icrasından imtina etmək hüququ (müqavilədən imtina şərti) verən müddəalar etibarsızdır. Həmin Məcəllənin 420.3.2 və 420.3.7-ci maddəsinə əsasən müqavilə tərəfinin ona bu Məcəllə ilə verilmiş öhdəliklərin icrasından imtina etmək hüququnu və ya müqavilənin digər tərəfi öz öhdəliklərini yerinə yetirənə qədər müqavilənin icrasından imtina etmək hüququnu (icradan imtina hüququ) məhdudlaşdıran və ya istisna edən müddəalar, təklif etmiş tərəfin əsas öhdəliyi pozduğu halda müqavilənin digər tərəfinin müqavilədən imtina etmək hüququnu məhdudlaşdıran və ya onu bu hüquqdan məhrum edən və ya müqavilənin digər tərəfini icra etməmə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan məhrum edən və ya 420.3.6-cı maddəyə zidd olaraq onun bu hüququnu məhdudlaşdıran (əsas öhdəliyinin icrası tələbinin pozulması) müddəalar etibarsızdır.

37. Yuxarıda qeyd olunduğu kimi tərəflər arasında alqı – satqı müqaviləsi üzrə münasibətlər yaranıb, cavabdehə məxsus mağazalar şəbəkəsində satılan malın (malların) alınması üçün 200 manat məbləğində avans ödənilib, lakin buna baxmayaraq təklif edən tərəf müqavilənin standart şərtlərində kart üçün etibarlılıq müddəti müəyyən edir, hədiyyə kartı məbləğindən (avans) tam və hissəli şəkildə yalnız kartın etibarlılıq müddəti ərzində istifadə etməli olduğunu və etibarlılıq müddəti bitən hədiyyə kartları yenisi ilə əvəz olunmadığını və kartın balansında olan məbləğin (avansın) silindiyini qeyd edir.

38. Mülki Məcəllənin “Alınan əşyaların qabaqcadan ödənilməsi” adlanan 599-cu maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

39. Qeyd olunan normanın məzmununa əsasən müəyyən olunur ki, əgər əşyanın alınması üçün tam və ya qismən ödəniş həyata keçirilirsə, satıcının əşyanı verməmək hüququ yoxdur, əgər əşyanı verməkdən imtina edirsə, satıcının əşyanın verilməsini və ya qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququ var.

40. Hazırkı vəziyyətdə satıcının standart şərt kimi qeyd etdiyi “etibarlılıq müddəti bitən hədiyyə kartları yenisi ilə əvəz olunmur və kartın balansında olan məbləğ silinir” və “hədiyyə kartı məbləğindən tam və hissəli şəkildə kartın etibarlılıq müddəti ərzində istifadə etmək olar” müddəaları müəyyən zaman çərçivəsində kartdan istifadə olunmadıqda “müqavilədən imtina şərti”ni nəzərdə tutur və müqavilənin digər tərəfini icra etməmə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan məhrum edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan şərtlər təklif etmiş tərəfə əsassız olaraq öz öhdəliyinin icrasından imtina etmək hüququ (müqavilədən imtina şərti) verən və müqavilənin digər tərəfini icra etməmə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan məhrum edən müddəalar olduğundan etibarsızdır.

41. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 420.2-ci maddəsinin tələbləri də qeyd olunan şərtlərin etibarsızlığını şərtləndirir. Bu normanın məzmununa əsasən müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.

42. Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 425-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

43. Beləliklə, Azərbaycan Respublikasının mülki qanunvericilik sistemində vicdanlılıq ümumi prinsip kimi mülki hüquq subyektləri üçün öz hüquq və vəzifələrini vicdanla yerinə yetirmək öhdəliyini nəzərdə tutur və istənilən mülki hüquq normasının tətbiqi zamanı bu prinsipin tələbləri nəzərə alınmalıdır.

44. Məhz vicdanlılıq prinsipinin mahiyyətindən yanaşaraq mübahisənin hallarını qiymətləndirən məhkəmə kollegiyası ilkin olaraq onu qeyd edir ki, hədiyyə kartının özü hər hansı bir dəyərə malik deyildir və müstəqil olaraq alqı – satqı müqaviləsinin predmetini təşkil etmir. Yəni, alıcı həmin kartı hər hansı bir dəyəri olan əmlak kimi əldə etməmişdir, yuxarıda qeyd olunduğu kimi kartın əldə olunması Cavabdeh MMC-yə məxsus mağazalardan hər hansı bir məhsulu almaq üçün avans məbləğinin ödənilməsini təsdiq edir. Lakin satıcı heç bir hüquqi əsas olmadan alıcı tərəfindən qabaqcadan ödəniş (avans) edildiyi halda ödənilmiş məbləğdən istifadə etmək üçün müddət müəyyənləşdirir, müddətin keçdiyi halda isə faktiki olaraq öhdəliyin icrasından imtina edir. Müddətin müəyyən olunma meyarları, əsasları da məlum deyildir. Avans kimi rəsmiləşdirilmiş məbləğin alıcı tərəfindən birtərəfli qaydada müəyyən olunmuş müddət keçdikdən sonra heç bir əsas olmadan qaytarmaqdan imtina etməsi vicdanlılıq prinsipinin mahiyyəti ilə ziddiyyət təşkil edir. Belə ki, bu məbləğ alıcı tərəfindən avans olaraq satıcıya verilir, satıcının vəzifəsi isə eyni dəyərdə hər hansı bir məhsulu satıcıya verməkdir. Hazırkı situasiyada isə nəticə bundan ibarət olur ki, satıcı öz üzərinə düşən vəzifəni yerinə yetirməyərək məhsulu verməkdən imtina edir, avans kimi rəsmiləşdirilmiş həmin məbləğ satıcıda qalır və o, alıcıya hər hansı bir məhsul vermədiyi halda bu əməliyyatı hesabat dövrünün sonunda alqı – satqı kimi rəsmiləşdirir, yəni, alqı – satqı müqaviləsinin şərtləri satıcı tərəfindən yerinə yetirilmədiyi, malın verilmədiyi halda alıcı heç bir qanuni əsas olmadan varlanır. Kartın üzərində qeyd olunan “Etibarlılıq müddəti bitən hədiyyə kartları yenisi ilə əvəz olunmur və kartın balansında olan məbləğ silinir” cümləsi də bunu təsdiq edir.

45. Kartın üzərində qeyd olunan və mübahisənin predmetini təşkil edən standart şərtlər etibarsız olduğundan hazırkı tələbləri qiymətləndirən məhkəmə kollegiyası qeyd edir ki, cavabdehə qarşı irəli sürülən tələblər aşağıdakılardır: hədiyyə kartından ödəniş vasitəsi kimi istifadə edilməsindən Cavabdeh MMC-nin imtinasının qanunsuz hesab edilməsi; karta uyğun olaraq ödənilmiş 200 manat vəsaitin qaytarılması; mənəvi zərərin əvəzi olaraq 5500 manat məbləğində pul vəsaitinin ödənilməsi.

46. Mülki Məcəllənin 599.3-cü maddəsi qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmədiyi təqdirdə alıcıya 2 hüquq verir: ödədiyi əşyanın verilməsi və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılması.

47. İddiaçı tələbin 1-ci hissəsində hədiyyə kartından ödəniş vasitəsi kimi istifadə edilməsindən Cavabdeh MMC-nin imtinasının qanunsuz hesab edilməsini xahiş etsə də, 2-ci hissədə karta uyğun olaraq ödənilmiş 200 manat vəsaitin qaytarılmasını xahiş edir. Məntiqi ardıcıllıq nəzərə alınarsa, əgər hədiyyə kartından ödəniş vasitəsi kimi istifadə edilməsindən imtina qanunsuz hesab edilirsə, hüquqi nəticə bundan ibarət olur ki, cavabdehin üzərinə eyni dəyərdə əşyanın verilməsi vəzifəsi qoyulsun. Lakin iddiaçı Mülki Məcəllənin 599.3-cü maddəsində nəzərdə tutulmuş digər hüququndan istifadə edərək qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edir. MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır, yəni, qanunda göstərilən müstəsna hallar mövcud deyilsə, hakim iddia tələbindən kənara çıxa bilməz. Həmçinin, iddiaçının eyni dəyərdə olan malın verilməsini deyil, pul vəsaitini tələb etməsi artıq malın verilməsinə marağın itməsinin nəticəsidir və buna görə də iddiaçı ödədiyi pul vəsaitini geri tələb etməkdə haqlıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia “hədiyyə kartından ödəniş vasitəsi kimi istifadə edilməsindən "xxxx" MMC-nin imtinasının qanunsuz hesab edilməsi” hissəsində rədd, ödənilmiş 200 manat vəsaitin qaytarılması hissəsində təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, alıcıya məxsus pul vəsaitini qanunsuz və əsassız olaraq özündə saxlayan satıcı Cavabdeh MMC-dən 200 manat məbləğində pul vəsaiti tutulduğu halda sonuncu hər hansı bir məhrumiyyətə məruz qalmır, alıcıya məxsus olan pul vəsaiti özünə qaytarılır.

48. Birinci instansiya məhkəməsi iddianı mənəvi zərərlə bağlı hissədə rədd edərkən gəldiyi qənaəti bu cür əsaslandırmışdır ki, iddiaçının əsas tələbi təmin edilmədiyindən mənəvi zərərin tutulması barədə tələbi də təmin edilməməlidir.

49. Lakin hazırkı vəziyyətdə iddianın yuxarıda göstərilən məzmunda qismən təmin olunması qənaətinə gəlindiyindən məhkəmə kollegiyası bu əsasla iddianın rədd olunmasını əsaslı hesab etmir və belə hesab edir ki, qətnamə bu hissədə də ləğv olunmalıdır.

50. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

51. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

52. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi ilə bağlı iddia ərizəsində yalnız bu barədə münasibətləri tənzimləyən normalar, qanunvericilik aktları sadalansa da, heç bir əsaslandırma aparılmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə müqavilə öhdəliklərinin pozulması özü-özlüyündə mənəvi ziyanın vurulması kimi qiymətləndirilə bilməz və iddia bu hissədə rədd edilməlidir.

53. MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işinin başlanılması üçün (vahid niyyətlə mənimsəmə və israf etmə (Cinayət Məcəlləsinin 179-cu maddəsi), istehlakçıları aldatma (CM-in 200-cü maddəsi), vergiləri ödəməkdən yayınma (CM-in 213-cü maddəsi) və s.) müvafiq hüquq mühafizə orqanlarına məlumat verilməsi barədə xususi qərardad çıxarılması iddia ərizəsində tələb kimi qeyd olunsa da, məhkəmə kollegiyası bunu tələb kimi deyil, vəsatət kimi qiymətləndirir. Çünki, burada cavabdehə qarşı yönəlmiş hər hansı bir tələb mövcud deyildir, xüsusi qərardadın çıxarılması üçün prosessual hüquqi əsas MPM-nin 265.4-cü maddəsidir və həmin normanın tələbinə görə məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.

54. İşin hallarından göründüyü kimi tərəflər arasında yaranmış münasibətlər mülki hüquqi xarakterlidir və cavabdehin əməllərində cinayətin əlamətləri aşkar olunmur, buna görə də xüsusi qərardadın çıxarılması üçün əsaslar yoxdur.

55. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi edilməsi barədə gəldiyi nəticə əsassızdır, apellyasiya şikayətinin dəlilləri işin halları ilə qismən təsdiq olunmaqla, qətnamənin ləğvinə əsas verir. Buna görə də qətnamə ləğv edilməli, iddia yuxarıda göstərilən məzmunda qismən təmin olunmalıdır.

56. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(005)- 3092/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(005)- 3092/2024 nömrəli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilsin. 200 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar