Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2325/2024 15.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş (Açar sözlər: «borc, miras passivi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-442/2024 saylı, 15 yanvar 2024cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. "xxxx" ASC ilə borclu X6 arasında bağlanmış BPM**********80 nömrəli, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, X4 18 ay müddətinə, illik 24% olmaqla, 1300 məbləğində kredit verilmişdir.
2. X6 xx.xx.2021-ci il tarixdə ölmüşdür.
3. X3 "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixə 716,59 manat əsas borcu vardır.
4. xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, X9, X10 və X7 tərəfindən X2 irs qalmış (yaşayış (ev, mənzil, otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın onlara çatası hissəsindən Cavabdeh xeyrinə imtina verilmişdir.
5. ünvan ünvanlanmış xx.xx.2023-cü il tarixli 2440 saylı və xx.xx.2023-cü il tarixli 4459 saylı məktublarından görünür ki, mərhum X3 adına vərəsəlik işi açılmış və vərəsəsi Cavabdeh adına Bakı şəhəri 14 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixdə, 8V-248 reyestr nömrəsilə qeydə alınaraq vərəsəlik işi açılmış və bu barədə vərəsəliyin uçotu kitabında müvafiq qeydiyyat aparılmışdır. Həmçinin vərəsə X2 qalmış miras əmlaklara dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən, vərəsə Cavabdeh adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması tələbinə dair iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 716,59 manat əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Tələbdə göstərilir ki, "xxxx" ASC ilə X6 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya 18 ay müddətinə, illik 24% faiz olmaqla, 1300 manat məbləğində kredit verilmişdir. B.Mustafayev xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən verilmiş məktuba əsasən cavabdehin müraciəti əsasında 14 saylı Notariat Ofisində vərəsəlik işi açılmış və miras əmlak onun tərəfindən qəbul edilmişdir. Buna görə də iddiaçı mövcud iddia tələbi ilə müraciət etmişdir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-442/2024 saylı, 15 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Günel Abbasova) iddia təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçının özünə dir.
9. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh X6 arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə B.Mustafayev arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, B.Mustafayev xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən öhdəliyi yerinə yetirə bilməmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə Mülki Məcəllənin 1151.1, 1306.1-ci maddələrinə, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarına istinad edərək hesab etmişdir ki, iş materiallarından B.Mustafayevin ölümündən sonra Cavabdeh onun vərəsəsi kimi tanınsa da, sonuncu tərəfindən mərhumun aktivlərinin qəbul edilməsi halı müəyyən edilməmişdir (qalmış miras əmlaklara dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən, vərəsə Cavabdeh adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir). Buna görə də Cavabdeh "xxxx" ASC qarşısında heç bir öhdəliyi olmadığından və məsuliyyət daşımadığından iddiaçının iddia tələbi əsassızdır. Beləliklə, göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın isə təmin olunmasını xahiş etmiş və şikayətini bununla əsaslandırmışdır ki, iş maateriallarından da göründüyü kimi birinci instansiya məhkəməsi vərəsəlik hüququ haqqında şəlhadətnamənin təqdim edilməməsini əsas götürərək iddia tələbini təmin etməmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ib bağlı məhkəmədə iddia qaldınruq hüququnıı məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Belə ki, Azərbayean Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumınun xx.xx.2020-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, vərəsənin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Çünki vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etmək və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülhizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan hüquqların əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Belə olan halda hesab edirlər ki, X3 vərəsəsi Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə əmlaklara dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim edilməmişdir. Hüquqmüəyyənedici sənədin olmaması isə vərəsənin əmlaka faktiki sahiblik etdiyini və həmin əmlak üzrərində sərəncam hüququna malik olduğunu istisna etmir. Bu səbəbdən məhkəmə işin hallarını araşdırmalı, faktiki sahiblik halını müəyyən etməli və iddianın təmin edilməsi barədə qətnamə qəbul etməli idi. Çünki vərəsəlik hüququ haqqında şəhadətnamənin olmaması vərəsənin kreditorları qarşısında olan məsuliyyətdən azad etmir. Əlavə olaraq, notariat ofisi tərəfindən təqdim edilmiş **********079, **********081, **********080 saylı ərizələr də öz növbəsində təsdiq edir ki, digər vərəsələr özlərinə çatası hissədə X5 xeyrinə hal-hazırda Cavabdeh, əvvəl isə mərhum X3 da qeydiyyatda olduğu mənzilə olan hüquqlarından imtina etmişlər. Həmin mənzillə bağlı olan çıxarışın təqdim edilməməsi səbəbi ilə vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim edilməmişdir, bu isə vərəsənin əmlaka faktiki sahiblik etdiyini və həmin əmlak üzərində sərəncam hüquququna malik olduğunu istisna etmir. Bu səbəbdən məhkəmə işin hallarını araşdırmalı, faktiki sahiblik halını müəyyən etməli və iddianın təmin edilməsi barədə qətnamə qəbul elməli idi. Çünki vərəsəlik hüüququ haqqında şəhadətnamənin olmaması vərəsənin kreditorların qarşısında olan məsuliyyətindən azad etmir. Bu da öz növbəsində onu göstərir ki, iddiaçının tələbi əsaslı olmuşdur və birinci instansiya məhkəməsi iddianı tam təmin etməli idi.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı. c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
11. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və məhkəmədən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
12. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə brgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
21. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia haqlı sayılmır.
22. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri də vərəsəlik institutudur. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 aprel 2023-cü il tarixli qərarı).
23. Hazırki mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, istər Mülki Məcəllənin tələbi baxımından, istərsə də Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe baxımından Cavabdeh mərhum əri X3 vərəsəsi kimi onun əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrilib və onun (ərinin) "xxxx" ASC qarşısında yaranmış öhdəliyinin icrasına görə məsuliyyət daşımır.
24. Belə ki, mülki qanunvericiiyin tələbinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (MM.m.1151.1). Birinci instansiya məhkəməsi cavabdehin vərəsə kimi kreditor qarşısında öhdəliyini yerinə yetirməli olmaması barədə düzgün qənaətə gəlmişdir. Çünki, ünvan ünvanlanmış xx.xx.2023-cü il tarixli 2440 saylı və xx.xx.2023-cü il tarixli 4459 saylı məktublarından görünür ki, mərhum X3 adına vərəsəlik işi açılmış və vərəsəsi Cavabdeh adına Bakı şəhəri 14 saylı Notariat Ofisində xx.xx.2021ci il tarixdə, 8V-248 reyestr nömrəsilə qeydə alınaraq vərəsəlik işi açılmış və bu barədə vərəsəliyin uçotu kitabında müvafiq qeydiyyat aparılmışdır. X1 qalmış miras əmlaklara dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən vərəsə Cavabdeh adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir.
25. Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd edir ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar.
26. Bütün qeyd edilənlər bu nəticəyə gəlməyə əsas verir ki, Cavabdeh həmin məbləği ödəməyə borclu deyil. Göründüyü kimi, birinci instansiya məhkəməsi qanunu, yəni Mülki Məcəllənin 1306.1-ci maddəsini doğru təfsir edib maddi hüquq normasını düzgün tətbiq etmişdir.
27. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, hazırki apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-442/2024 saylı, 15 yanvar 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-442/2024 saylı, 15 yanvar 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.