Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2326/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Naxtur” turizm şirkətində 2019-cu ilin fevral ayından bələdçi kimi işə başladığını, 2019-cu ilin mart ayında 2003-cü ildə hərbi xidmətdə bir yerdə olduğu Cavabdeh Seyfətin oğlunun ona otelləri bron etməklə məşğul olduğunu və birlikdə işləməyi təklif etdiyini, həmin vaxtdan etibarən bir neçə dəfə Alimin qonaqları üçün otellərdə bron etdirdiyini, 2019-cu ilin avqust ayında Alimin onunla əlaqə saxlayıb “Winter Park” oteldə 4 ədəd single tipli 4 nəfərlik otel bron olunmasını xahiş etdiyini, cavabdehin xahişini yerinə yetirdiyini və rayonda olduğu üçün 2080 ABŞ dolları olan otel ödənişini özündə saxlamasını, Bakıya gələndə ona verməsini, bundan başqa daha bir nəfər müştəridən 420 ABŞ dollarını da götürüb özündə saxlamasını dediyini, Bakıya qayıtdıqdan sonra həmin 2500 ABŞ dollarını Alimdən istəsə də, Alimin bundan boyun qaçırdığını, həmçinin, birlikdə qazandıqları gəlirin ona məxsus olan hissəsindən Alimin 1000 ABŞ dollarını borc kimi götürdüyünü, beləliklə də ona ümumilkdə 3500 ABŞ dolları məbləğində maddi ziyan vurduğunu, Alimin barəsində Nizami Rayon Polis İdarəsinə verdiyi şikayət üzrə araşdırma aparılarkən Alimin göstərilən halları təsdiq etdiyini və 2500 ABŞ dolları borcunu 2020-ci ilin aprel ayına qədər ödəyəcəyini bildirdiyini irəli sürmüş, buna görə də cavabdehdən 3500 ABŞ dolları pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin hallarına düzgün hüquqi qiymət vermədiyini, tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etmədiyini, cavabdehin Nizami Rayon Polis İdarəsində verdiyi izahatı nəzərə almadan qanunsuz qərar çıxardığını irəli sürmüşdür Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh isə məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sübutları qiymətləndirməkdə səhvə yol vermiş, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmiş, nəticədə əsassız qətnamə çıxarmışdır. Belə ki, işin həm iddiaçının izahatı, həm də Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinin təhqiqatçısının iş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarı ilə müəyyən olunan hallarına əsasən, tərəflər arasında birgə biznes fəaliyyəti ilə bağlı razılaşma olmuş, iddiaçının hazırda baxılan iddia tələbinə əsas verən halla bağlı həmin polis idarəsinə verdiyi şikayət çərçivəsində izahatı alınan Cavabdeh iddiaçını 2003-cü ildən tanıdığını, 2019-cu ilin mart ayından etibarən aralarında işgüzar münasibətlərin yarandığını, əcnəbi qonaqlarını Mahmudun vasitəsilə otellərə yerləşdirərək qonaqlardan əldə etdiyi gəlirləri öz aralarında bölüşdürdüklərini, 2019-cu ilin avqust ayında Mahmuda zəng vurub “Winter Park” oteldə 4 ədəd single tipli 4 nəfərlik otaq bron etməsini xahiş etdiyini və bunun müqabilində qonaqlardan 2080 ABŞ dolları pul alaraq Mahmuda ödəyəcəyini, əldə olunan gəliri isə öz aralarında böləcəyini dediyini, Mahmudun qeyd olunan oteldə otaqları bron edərək Nizami rayonu, B.Nuriyev 12 ünvanında yerləşən “Naxtur” turizm şirkəti vasitəsilə ödəniş etdiyini, lakin Mahmudun həmin ərəfədə rayonda olması ilə əlaqədar pulu ona ödəmədiyini və özündə saxladığını, bundan başqa Mahmudla aralarında olan iş münasibəti zəminində ona 420 ABŞ dolları borcu olduğunu, ümumilikdə Mahmuda olan 2500 ABŞ dolları borcunu 2020-ci ilin aprel ayına qədər ödəyəcəyini bildirmiş, bu barədə ondan iltizam alınaraq materiallara əlavə olunmuşdur. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091-ci maddəsinə görə isə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi cavabdeh, iddiaçıya 2500 ABŞ dolları pul vəsaiti ödəməli olduğunu cinayət təqibi orqanında aparılan araşdırma zamanı etiraf etmişdir və həmin halı nəzərə almayan birinci instansiya məhkəməsinin müvafiq hissədə gəldiyi nəticə əsaslı hesab oluna bilməz. Bununla belə kollegiya, iddiaçının “cavabdehdən 1000 ABŞ dolları borcun tutulması” tələbini əsassız hesab edir: Belə ki, iddiaçı həmin tələbinin təmin olunmasını mümkün edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir; hansı ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Kollegiya hesab edir ki, hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, cavabdehə 1000 ABŞ dolları borc verdiyini kifayətedici aydınlıqla sübut edə bilməmişdir. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 2500 ABŞ dolları iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4-cü maddəsinə görə isə, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi qətnamənin ləğvi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia ərizəsi və apellyasiya şikayəti verərkən ödədiyi dövlət rüsumlarının məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2221/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və dövlət rüsumlarının əvəzi qismində 52 (əlli iki) manat tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2326/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2326/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver