Məhkəmə qərarları › İş №2(103)-2326/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2326/2025

11.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2326/2025 11.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-4176/2024 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(008)-1053/2015 nömrəli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü uşaq X1 üçün cavabdehdən (atadan) iddiaçının (ananın) xeyrinə hər ay tutulan 108 manat alimentin miqdarı artırılaraq iddia ərizəsinin verildiyi tarixdən başlayaraq hər ay cavabdehin əmək haqqının və bütün digər növ qazancının ¼ hissəsi miqdarında aliment tutulsun. Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, alimentin miqdarı dəyişdirilsin, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq cavabdehin əmək haqqı və bütün digər növ qazancının ¼ hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə dəyişdirilsin, alimentin 50 faizinin uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qətnamə qəbul olunsun. Şikayət onunla əsaslandırılıb ki, məhkəmə iclasında cavabdehin iştirakı təmin edilməyib, qətnamənin nəticə hissəsində onun icra qaydası düzgün göstərilməyib. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Apellyasiya şikayətində qətnamənin bir hissəsi – qətnamənin icra qaydasına aid hissəsi mübahisələndirilib, yəni cavabdeh icra qaydasının müəyyən edilməməsindən narazıdır. Odur ki, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilə bilməz, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. AR Ailə Məcəlləsinə görə, aliment 2 formada - sabit və nisbi formada tutula bilər. Alimentin tutulması qət edilərkən onun sabit formada tutulması qət edilib, hazırda isə iddiaçı alimentin tutulması formasının dəyişdirilərək nisbi formada tutulmasını tələb edir. İddiaçı bunu tələb etməyə haqlıdır. Belə ki, AR Kiçik və X3 Agentliyinin xx.xx.2024-cü il tarixli 3-21-5/2- 4409/2024 nömrəli məktubundan görünür ki, cavabdeh həmin Agentlikdə işləyir, aylıq vəzifə maaşı 5.200 manat təşkil edir, əlavə olaraq təsdiq olunmuş ştat cədvəlinə əsasən aylıq vəzifə maaşının 25 faizi həcminə mükafat nəzərdə tutulmuşdur. AR Ailə Məcəlləsinin 76.1.1-ci maddəsində 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulması müəyyən edildiyinə görə, iddiaçı cavabdehdən həmin miqdarda aliment tutulmasını tələb etməyə haqlıdır. Apellyasiya şikayətinin dəllillərinə münasibətdə məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilib, lakin o, məhkəmə iclasında iştirak etməyib, alimentin 50 faizinin bank hesabına köçürülməsinin qətnamənin icra qaydası kimi müəyyən edilməsini tələb etməyib. AR Ailə Məcəlləsinin 55.3-cü maddəsinə görə, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Göründüyü kimi, “aliment ödəyən valideynin tələbi ilə” ifadəsindən istifadə olunub, odur ki, cavabdehin tələbi olmadan birinci instansiya məhkəməsi bu məsələni həll edə bilməzdi. Digər tərəfdən, alimentin 50 faizdən çox olmayan hissəsinin bank hesabına köçürülməsi üçün müəyyən olunmalıdır ki, alimenti alan valideyn alimenti tam olaraq təyinatı üzrə, yəni uşağın saxlanmasına, tərbiyəsinə və təhsilinə xərcləmir. Lakin hazırda belə hal müəyyən olunmur, çünki hələ ¼ hissə kimi aliment tutulmasına başlanmayıb, birinci instansiya məhkəməsinin qətnaməsində qət olunub ki, ¼ hissə miqdarında aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Gələcəkdə ¼ hissə miqdarında tutulacaq alimentin təyinatı üzrə xərclənmədiyi müəyyən olunarsa, aliment ödəyən valideyn qətnamənin icrası qaydasının dəyişdirilməsi, yəni alimentin 50 faizdən çox olmayan hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi üçün Mülki Prosessual Məcəllənin 231-ci maddəsində müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Birinci instansiya məhkəməsinin qətnaməsində qət olunub ki, ¼ hissə miqdarında aliment qətnamənin qanuni qüvvə mindiyi gündən başlayaraq tutulsun. Qətnamənin həmin hissəsi iddiaçı tərəfindən mübahisələndirilmədiyinə görə, bu hissənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Alimentin tutulmasının əvvəli prosessual hüquq norması ilə deyil, maddi hüquq norması ilə tənzimləndiyinə görə, məhkəmə öz təşəbbüsü ilə maddi-hüquqi məsələni iddiaçının lehinə həll edə bilməz. Hazırkı qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minməlidir. Belə ki, alimentin miqdarının dəyişdirilməsi nəticəsində iddianın qiyməti (alimentin bir illik məcmusu) 5.000 manatdan çox olsa da, qətnamədən kassasiya şikayəti verilə bilməz, çünki alimentin miqdarına aid hissə mübahisələndirilməyib, buna müvafiq olaraq, qətnamənin alimentin miqdarına aid hissəsi yoxlanılmayıb. Qətnamnin icra qaydası isə iddia ilə əhatə olunmur, apellyasiya şikayətində ifadə olnmuş müraciətin qeyri-əmlak xarakterli iddia kimi qiymətləndirilməsi və bu məsələ üzrə kassasiya şikayəti vermək hüququnun tanınması AR Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinin mənasına uyğun deyil. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384-392ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-4176/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar