Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-233/2021 09.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin qanuni təmsilçisi X2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi, qanunsuz söküntülərin bərpası, qanunsuz zəbt olunmuş sahələrin boşaldılması və vurulmuş ziyanın ödənilməsi” barədə ilkin, Cavabdeh İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (Şirkət) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə paylı mülkiyyətlərindəki Bakı şəhəri, Asəf Zeynallı küçəsi ev 14/33-ün girişində yerləşən, ümumi istifadədə olan 6 kv.m sahəsi olan sanitar qovşağın və aynabəndin altında yerləşən sahənin əvvəlki qeyritəcrid vəziyyətə gətirilərək ümumi istifadəçilərin həmin sahələrdən istifadə etmə imkanlarının təmin edilməsi, mülkiyyətindəki ümumi sahəsi 15 kv.m olan köməkçi sahələrin cavabdehin bilavasitə istifadəsindən alınaraq ona təhvil verilməsi, həmin mənzildə və həmin ünvanda yerləşən cavabdehə məxsus qeyri-yaşayış sahəsində cavabdeh tərəfindən apalıran konstruktiv dəyişikliklərin və əsas daşıyıcı divarların cavabdehin hesabına bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılması, ümumi istifadədə olan həyətdə müvafiq razılıq olmadan quraşdırılmış avadanlıqların, qurğuların və kommunikasiyaların demontaj edilməsi və əldən çıxmış fayda kimi 10 000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirkət iddia tələblərini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 8 saylı mənzilin paylı və həmin ünvanda yerləşən 14 kv.m qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olan Cavabdeh evin girişində yerləşən ayaqyolunu, aynabəndini altında onlara məxsus ümumi sahəsi təxminən 15 kv.m olan köməkçi sahələrini və ümumi istifadədə olan həyətin bir hissəsini zəbt etmiş, ona aid olmayan sahələrdə qanunsuz təmir-tikinti işləri aparmış, həyata keçirdiyi təmir işləri zamanı isə mənzilin, qeyri-yaşayış sahəsinin və onlara məxsus ayaqyolunun aralarında olan aparıcı divarları sökmüş, binanın konstruksiyasında təhlükəli dəyişikliklər etmiş, mərtəbəarası su və kanalizasiya xətlərini zədələmiş, beləliklə də şirkətin normativ hüquqi aktlarda əks edilmiş hüquqlarını pozmuşdur. Bundan əlavə Cavabdeh müvafiq razılaşma və səlaihyyətli təşkilatların icazəsi olmadan, ümumi istifadə yerlərini, təxminən cəmi 15 kv.m sahəni zəbt etmiş, orada qanunsuz tikinti, yenidənqurma işləri aparmış, ümumi istfiadə yerlərində kommunikasiya çəkmiş, soyuducu quraşdırmış, köməkçi, ayaqyolu , ümumi həyətin müəyyən sahələrini zəbt etmiş və şirkətin mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Cavabdeh hərəkətləri nəticəsində şirkətə məxsus 8 saylı mənzilin bəzi hissələri, aynabəndin tavanı, dayaqları və atmaları deformasiyaya uğramışdır və bu gün əsaslı təmirə ehtiyacı var. Bundan başqa Cavabdeh ümumi istifadədə olan sahəni zəbt edərək oranı icarəyə vermiş və oradan gəlir əldə etməkdədir. Hesab edirlər ki, həmin ümumi istifadədə olan sahədən əldə edilən gəlirlərə şirkətin də payı var və Cavabdeh qanunsuz əməlləri nəticəsində həmin fayda şirkətin əlindən çıxmışdır. Həmin sahənin minimum 1000 manata icarəyə verildiyi nəzərə alındığında, illik icarə haqqı 12 000 manat təşkil edir ki, bunun 3000 manatı şirkətin əlindən çıxmış faydası kimi qiymətləndirilməlidir. Cavabdeh isə İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilkin iddianın rədd olunmasını, şirkətin üzərinə ona məxsus əmlakların üstünə çirkab suların axıdılmasının qarşısının alınması vəzifəsinin qoyulması, habelə şirkətdən vurulmuş maddi ziyana görə 15 000 manatın, mənəvi ziyana görə isə 6000 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələblərini belə əsaslandırmışdır ki, o, şirkətə məxsus hər hansı qeyri-yaşayış sahəsini zəbt etməmiş, tərəfindən ümumi istifadə qaydalarına və “İçərişəhər” X4 Qoruğunun mühafizə zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə”nin tələblərinə zidd hər hansı təmir tikinti işləri aparılmamış, mənzilin əsas divarı sökülməmiş, binanın əsas konstruksiyasında hər hansı formada dəyişiklik edilməmişdir. Ümumi istifadədə olan sahələrdən birgə yaşayış qaydalarına uyğun olaraq hamı kimi heç kəsin hüquqlarını pozmadan o da istifadə edir. Ona məxsus qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi rəsmi olaraq oranı icarəyə vermiş və ondan hər ay aylıq kirayə pulu alır, habelə həmtin qeyri-yaşayış sahəsi ona mülkiyyət hüququ əsasında məxsus olduğundan ondan əmələ gələn xeyir də ona məxsus olmalıdır. Şirkətin ayaqyolu ilə bağlı digər iddia tələbi tam əsassızdır. Həmin ayaqyolu 20 il bundan öncə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun rəhbərliyinin müvafiq icazəsi ilə tikilmişdir və ona məxsusdur, habelə küçədə yaşayan sakinlər bundan narazı qalmamışdır. Şirkət binanın 2-ci mərtəbəsində yerləşən yaşayış sahəsində müxtəlif fəaliyyətlərlə məşğul olmuşdur və hazırda kirayə vermək fəaliyyəti ilə məşğul olmaqla üstünə çirkab sular axıdıb ona maddi və mənəvi ziyan vurmaqda davam edir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin olunması, Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsində yerləşən 14/33 saylı evin mülkiyyətçilərinin ümumi istifadəsində olan həyətyani sahədə Cavabdeh məxsus qeyri-yaşayış sahəsinin mətbəxt tikilisinin divarı qarşısında qoyulmuş soyuducu qurğunun həmin həyətyani sahədən çıxarılması, ilkin iddia tələblərinin qalan hissədə, həmçinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi, Cavabdeh və İddiaçı şirkətindən tikinti-texniki ekspertiza xərcinə görə müştərək qaydada 100 (yüz) manatın dövlət nəfinə tutulması qət edilmişdir. Qətnamədən iddiaçı şirkətin nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən ləğv olunmasını və ilkin iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini ilkin iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini, natamam ekspert rəyinə istinad etdiyini irəli sürmüşdür. Apellyasiya baxışı zamanı apellyatorun nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını, Cavabdeh və onun nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirməklə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ilkin iddia tələbinin təmin edilməyən hissələri üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni qarşılıqlı iddiaçı mübahisələndirməmişdir və bu səbəblə də ilkin iddia tələbinin təmin edilən hissəsi, habelə qarşılıqlı iddianın təmin edilməməsi ilə bağlı hissə apellyasiya baxışının predmeti deyildir. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsində yerləşən 14/33 saylı evin tərəflərin paylı mülkiyyətində olan 8 saylı mənzilinin 1 yaşayış otağı (sahəsi 13,0 kv.m, texniki pasport üzrə 11 saylı) 23.08.2001-ci il tarixdə Cavabdeh, 3 yaşayış otağı (sahəsi 48,1 kv.m, texniki pasport üzrə 2, 5 və 8 saylı) 24.06.2016-cı il tarixdə İddiaçı Şirkətinin adına qeydiyyata alınmış, həmçinin həmin evin 1ci mərtəbəsindəki 14,2 m2 qeyri-yaşayış sahəsi 19.11.2002-ci il tarixdə Cavabdeh mülkiyyətinə keçirilmişdir. Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsində yerləşən 14/33 saylı evin 8 saylı mənzilinin texniki pasportuna əsasən mənzil, sahəsi 10,8 kv.m olan mətbəxdən, 4 yaşayış otağından (2 saylı - sahəsi 16,8 kv.m, 5 saylı - sahəsi 15,5 kv.m, 8 saylı - sahəsi 15,8 kv.m, 11 saylı - sahəsi 13,0 kv.m), 2 mətbəxdən (1 saylı - sahəsi 10,8 kv.m, 3 saylı sahəsi 4,6 kv.m), 4 saylı - sahəsi 3,2 kv.m olan ayaqyolu, 6 saylı - sahəsi 4,1 kv.m olan giriş, 7 saylı - sahəsi 7,4 kv.m daxili dəhliz, 9 saylı - sahəsi 4,0 kv.m olan giriş-mətbəx və 10 saylı - sahəsi 2,2 kv.m olan sanitar qovşaqdan ibarətdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsində yerləşən 14/33 saylı evin hazırda Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsində əvvəllər 12 saylı mağaza fəaliyyət göstərmiş, “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğunun həmin mağazanın müdirinə ünvanladığı 29.05.1998-ci il tarixli məktubda mağazanın anbarının ümumi həyətə açılan qapısının qonşulara narahatlıq yaratdığından küçəyə açılmasının mümkün hesab edildiyi, habelə ünvanda yerləşən, baxımsız və antisanitariya vəziyyətindəki 4 kv.m-lik otağın mağazanın vəsaiti hesabına abadlaşdırılacağı təqdirdə onun həyətdə yaşayan sakinlərin razılığı ilə mağazaya verilməsinə etiraz olunmadığı bildirilmişdir. İş materiallarından aydın olur ki, Bakı şəhəri, A.Zeynallı küçəsi 14/33 saylı evin sakinləri tərəfindən “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğunun müdirinə 27.05.1998-ci il tarixdə ərizə ünvanlanmış, ərizədə ərizəçilər, 4 kv.m-ə yaxın istifadəsiz sahənin 12 saylı mağazanın həyətdə yerləşən anbarına qatılmasına etiraz etmədiklərini göstərmişlər. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, ekspert 5030 saylı 04 oktyabr 2019-cu il tarixli rəyində “...tərəflərə paylı mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi 14/33 saylı evin girişində sahəsi 6 kv.m olan sanitar qovşağının və aynabəndin altında yerləşən sahənin hal-hazırda Cavabdeh istifadəsində olduğunun müəyyən edildiyi, binanın arxiv cizgilərinə əsasən binanın 1-ci mərtəbəsində yerləşən mübahisəli tikilinin ümumi istifadədə olduğunun göstərildiyi, “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsi tərəfindən 12 saylı mağazanın müdirinə ünvanlanmış 124 saylı 29.05.1998-ci il tarixli məktubda sözügedən 4,0 kv.m tikilinin mağazaya verilməsinə etiraz edilmədiyinin bildirildiyini, binanın arxiv cizgilərərinin məlumatları ilə baxış zamanı binanın faktiki vəziyyətdə texniki parametrləri müqayisə edilərkən, tədqiqat olunan qeyri-yaşayış sahəsi ilə 8 saylı mənzilin arasındakı arakəsmənin sökülüb götürüldüyünün, mənzilin küçə tərəfə baxan pəncərəsinin yerində giriş-çıxış qapısı quraşdırıldığının, həmçinin 8 saylı mənzilin (faktiki vəziyyətdə qeyri-yaşayış sahəsinin) əsas divarında faktiki sanitar qovşağı kimi istifadə olunan sahəyə qapı boşluğunun açıldığının, binanın ümumi istifadə olunan həyətyanı sahəsində Cavabdeh məxsus qeyri-yaşayış sahəsinin mətbəx tikilisinin divarının qarşısında soyuducu qurğu qoyulduğunun müəyyən edildiyi” göstərilmişdir. Apellyasiya baxışı zamanı keçirilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının rəyində isə aşağıdakılar göstərilmişdir: “Tədqiq olunan binanın 1-ci mərtəbəsində həyətə giriş hissədə ümumi istifadə olunan sahədə (sol tərəfdə, 2-ci mərtəbəyə giriş üçün pilləkən marşına bitişik sahədə) uzunluğu 2,6 metr, eni bir tərəfdən 1,65 metr, digər tərəfdən 1,4 metr, ümumi sahəsi 4,0 m2 təşkil edən və sanitar qovşağı kimi istifadə olunan tikili inşa edildiyi, ...binanın arxiv cizgilərinə (layihə sənədinə) əsasən aparılmış tədqiqat nəticəsində ümumi istifadə olunan sahədə inşa edilmiş tikilinin hazırda Cavabdeh istifadəsində olduğu, həmin tikilinin 8 saylı mənzil və qeyri-yaşayış sahəsi üzrə V. Hüseynovanın adına tərtib olunmuş texniki pasportlarda əks edilmədiyi, lakin texniki pasportun vərəqinə əlavə edilmiş cizgidə göstərildiyi, ...qeyri-yaşayış sahəsi ilə 8 saylı mənzilin arasındakı arakəsmənin sökülüb götürüldüyü, mənzilin küçə tərəfə baxan pəncərəsinin yerində giriş-çıxış qapısı quraşdırıldığı, həmçinin 8 saylı mənzilin (faktiki vəziyyətdə qeyri-yaşayış sahəsinin) əsas divarında faktiki sanitar qovşağı kimi istifadə olunan sahəyə qapı boşluğu açıldığı müəyyən olunmuşdur” Apellyasiya baxışı zamanı keçirilmiş yerli baxış zamanı da müəyyən edilmişdir ki, 8 saylı mənzilin İddiaçı Şirkətinin mülkiyyətindəki hissəsi evin ikinci mərtəbısində yerləşir; Cavabdeh isə mülkiyyətindəki qeyri-yaşayış sahəsi ilə mənzilin birinci mərtəbədə yerləşən özünə aid hissəsinin arasında olan arakəsməni götürərək sahələri birləşdirməklə həmin əmlakdan hazırda kafe kimi istifadə edir və mübahisəsi gedən 4,0 m2 sahəli sanitar qovşağı onun istifadəsindədir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, sahəsi 4,0 kv.m olan sanitar qovşağın əvvəllər evin digər paylı mülkiyyətçilərinin və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin razılığı ilə yararsız, baxımsız və istifadəsiz qalan sahə kimi Cavabdeh istifadəsinə verilmiş sahədə inşa edildiyi nəzərə alındığında, həmin sahənin onun tərəfindən qanunsuz olaraq istifadə edilməsi barədə İddiaçı şirkətinin dəlilləri əsaslı sayıla bilməz. Belə ki, İddiaçı şirkəti əmlaka sonradan sahib olmuş, əmlakın əvvəlki sahibləri isə könüllü surətdə həmin sahənin cavabdehin istifadəsinə verilməsi barədə iradələrini bəyan etmişlər. Apellyatorun, ümumi sahəsi 15,0 kv.m olan köməkçi sahənin alınıb ona təhvil verilməsi tələbi ilə bağlı kollegiya qeyd edir ki, belə bir sahənin Cavabdeh tərəfindən zəbt edildiyi ümumiyyətlə müəyyən edilməmişdir. Apellyasiya baxışı zamanı apellyatorun nümayəndəsi də bildirmişdir ki, “ümumi sahəsi 15,0 kv.m olan köməkçi sahənin alınıb ona təhvil verilməsi tələbi”, qeyri-yaşayış sahəsinin mətbəxt tikilisinin divarı qarşısında qoyulmuş soyuducu qurğunun həmin həyətyani sahədən çıxarılması ilə faktiki olaraq təmin olunmuşdur və buna görə də sözügedən tələb üzrə şikayəti mövcud deyildir. İddiaçı şirkətinin “qeyri-yaşayış sahəsində aparılmış konstruktiv dəyişikliklərin və əsas daşıyıcı divarların cavabdehin hesabına bərpa edilib əvvəlki vəziyyətə qaytarılması” tələbi isə ona görə əsassızdır ki, Cavabdeh tərəfindən öz mülkiyyətindəki qeyri-yaşayış sahəsində yalnız yüngül konstruksiyalı arakəsmənin götürüldüyü, bunun isə apellyatorun hər hansı mənafeyinə xələl gətirmədiyi müəyyənləşdirilmişdir. Mülki Məcəllənin 180-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə isə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Cavabdeh tərəfindən binanın 1-ci mərtəbəsində həyətə giriş hissədə ümumi istifadə olunan sahədə inşa edilmiş 4,0 m2 ölçülü sanitar qovşağının evin ikinci mərtəbəsindəki otaqların mülkiyyətçisi olan İddiaçı şirkətinə mülkiyyətindən istifadəyə maneə törətməsi, eləcə də binanın yükdaşıyıcı divarlarının söküldüyü və ümumi istifadə yerlərinin zəbt olunduğu faktı sübuta yetirilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, İddiaçı şirkətinin irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamamənin ləğvi üçün əsas yaratmır. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-548/2019 saylı iş üzrə 04 noyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 50 (əlli) manatı İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən, 50 (əlli) manatı Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-233/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-233/2021
09.12.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver