Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2332/2024 12.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 iştirakı ilə İddiaçı X2 Cavabdeh Hüseyn oğluna qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, e- 2(011)-6959/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı ilə cavabdeh xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuşlar. Tərəflərin nikahı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçının cavabdehə və Gülxar Ələkbərovaya (cavabdehin anasıdır) qarşı “müqavilənin etibarsız hesab edilməsi və s. tələbinə dair” Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılarkən işin faktiki halı kimi müəyyən edilmişdir ki, tərəflər birgə nikahda olduqları vaxt "xxxx" MTK ilə cavabdeh arasında xx.xx.2007-ci il tarixli mənzil tikintisi haqqında müqavilə bağlanmış, kooperativ ünvan 1 ünvanında inşa ediləcək yaşayış binasının 2-ci giriş, 7-ci mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 120.19 kv.m olan 183 saylı mənzili payçıya verməyi, payçı isə mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin pay dəyərinin cavabdeh tərəfindən tam ödənilməsi barədə kooperativ tərəfindən arayış verilmişdir. Sonradan (tərəflərin nikahları pozulduqdan sonra) cavabdeh mənzildən və həmin cəmiyyətdə olan payından imtina etməsi və müqavilənin ləğv edilməsinə dair sazişin bağlanılması barədə xx.xx.2022-ci il tarixdə notarial qaydada ərizə vermişdir. Həmin tarixdə mənzillə bağlı cavabdehin anası X6 ilə kooperativ arasında kooperativ mənzil tikintisi haqqında müqavilə bağlanmış, mənzilin dəyərinin tam ödənilməsi barədə yenidən sonuncuya arayış verilmişdir (mənzilin 183 sonradan 202 nömrə ilə əvəz edilmişdir). Bununla yanaşı iş materiallarından görünür ki, mənzilə dair ilkin mülkiyyət hüququ Gülxar Ələkbərovanın (cavabdehin anası) adına qeydiyyatdan keçməklə, bu barədə ona (qeydiyyat nömrəsi: **********) xx.xx.2022-ci il tarixdə çıxarış verilmiş, xx.xx.2022-ci il tarixdə isə Gülxar Ələkbərova ilə X10 arasında mənzilin alqı-satqı müqaviləsi bağlanmış və sonuncunun mənzilə dair mülkiyyət hüququ xx.xx.2022-ci tarixdə dövlət qeydiyyatına alınmaqla (qeydiyyat nömrəsi: **********), bu barədə çıxarış verilmişdir. Həmin müqavilə ilə mənzilin satış qiyməti 163668 manat müəyyən edilmişdir. Daha sonra iddiaçının cavabdehə və Gülxar Ələkbərovaya qarşı ("xxxx" MTK müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzilə "xxxx" MTK ilə Gülxar Ələkbərova arasında xx.xx.2022-ci il tarixli, 202 saylı müqavilənin etibarsız hesab edilməsi, ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, mənzildə azyaşlı uşaqlarının da mənafeləri nəzərə alınmaqla, 2/3 hissədə payının müəyyən edilməsi və istifadə hüququnun tanınması ilə onun azyaşlı uşaqları ilə birlikdə mənzilə köçürülmələri barədə iddası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-1768/2022 saylı qətnaməsi ilə qismən təmin edilmiş, "xxxx" MTK ilə Gülxar Ələkbərova arasında xx.xx.2022-ci il tarixli, 202 saylı müqavilə etibarsız hesab edilmiş və mənzilin dəyəri olan 163668 manat pulun 1/2 hissəsinin dəyərinin, yəni 81834 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qismən təmin edimiş birinci instansiya məhkəməsinin qətnaməsi mənzilin dəyəri olan 163668 manat pulun 1/2 hissəsinin dəyərinin, yəni 81834 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi hissəsində ləğv edilmiş, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı X4 Cavabdeh Hüseyn oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurduğu maddi zərərin əvəzi olaraq 81384 manat pulun və ödədiyi 336 manat dövlət rüsumunun, cəmi 82170 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinə əlavə təqdim edərək, iddiaçının ödədiyi mediasiya xərcinin əvəzi olaraq 55 manatın, e-16(011)-946/2023 saylı iş üzrə müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi olaraq 34 manatın, 16(011)-1052/2023 saylı iş üzrə müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi olaraq 34 manatın, cəmi 123 manat məhkəmə xərcinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə birgə nikahda olarkən, "xxxx" MTK ilə cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən kooperativ mənzilini cavabdehə verməyi, cavabdeh isə mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən mənzilin pay dəyəri cavabdeh tərəfindən tam ödənilmişdir. İddiaçı ilə cavabdeh xx.xx.2006-cı il tarixdə birgə nikaha daxil olmuşlar, sonradan münasibətləri pozulduğundan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-3089/2021 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Bundan sonra cavabdeh mənzilin birgə nikah dövründə əldə olunduğunu pərdələmiş və bununla da mənzil üzərində iddiaçının hüququnun tanınmasına maneçilik törətmişdir. "xxxx" MTK-ya cavabdeh tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəyə əsasən cavabdeh "xxxx" MTK-da xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən payına münasib verilmiş qeyd olunan mənzildən və həmin cəmiyyətdə olan payından imtina etdiyini, əvəzinə həmin paya münasib digər şəxslə müqavilə bağlanmasına, tam ödəniş barədə maliyyə arayışı verilməsinə və gələcəkdə göstərilən mənzilin həmin şəxs tərəfindən özəlləşdirilərək satılmasına etiraz etmədiyini bildirmiş, həmin mənzilə dair bağlanmış müqavilənin ləğv edilməsinə dair sazişin bağlanılmasını xahiş etmişdir. Qeyd olunan mənzillə bağlı cavabdehin anası X6 ilə "xxxx" MTK arasında bağlanmış kooperativ mənzil tikintisi haqqında 06 aprel 2022-ci il tarixli, 202 saylı müqavilə əsasında kooperativ sözügedən mənzili payçıya verməyi, payçı isə mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri tam şəkildə ödənildikdən sonra qeyd olunan mənzillə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən G.C.Ələkbərovaya çıxarış verilmişdir. Daha sonra qeyd olunan mənzil 12 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi ilə X6 tərəfindən 163668 manat qiymətinə X1 və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən mənzil tam payda X7 xüsusi mülkiyyəti kimi xx.xx.2022-ci ildə qeydiyyata alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(007)-1768/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlə birgə nikah dövründə əldə edilmiş mənzilə dair, "xxxx" MTK ilə X6 arasında rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli, 202 saylı müqavilənin etibarsız hesab edilməsi, mənzilin dəyəri olan 163668 manat pulun 1/2 hissəsinin, yəni 81834 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq, iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-1555/2023 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-1768/2022 saylı qətnaməsi mübahisələndirilən mənzilin dəyəri olan 163668 manat pulun 1/2 hissəsi, yəni 81834 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq, iddiaçıya ödənilməsi ilə bağlı hissədə ləğv edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 24 iyul 2023-cü il tarixli məktubundan görünür ki, həmin qətnamə qanuni qüvvəyə minmişdir. Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsindən aydın olur ki, Nizami Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(007)-1768/2022 saylı qətnaməsi prosessual səbəbdən qismən ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(103) 1555/2023 saylı qətnaməsinin əsaslandırıcı hissəsinin 80-ci bəndində müəyyən edilmişdir ki, mənzil iddiaçı ilə cavabdehin birgə nikahı dövründə əldə edilmiş əmlakdır və cavabdeh onu mümkün bölgüdən yayındırmaq məqsədilə iddiaçının razılığı olmadan özgəninkiləşdirmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, e-2(011)- 6959/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, 81.834 manat məbləğində pul vəsaitinin, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 336 manat məbləğində, mediasiya xərcinin əvəzi olaraq 55 manat məbləğində, müvəqqəti təminat tədbiri barədə ərizələrin verilməsinə görə ödənilmiş cəmi 68 manat olmaqla, ümumilikdə 82.293 manat məbləğində pul vəsaitinin Cavabdeh Hüseyn oğlundan tutularaq X3 ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, ər-arvadın əmlakının rejiminin iki qaydası nəzərdə tutulmuşdur: qanuni rejim (ər-arvadın birgə əmlakına dair qanunla müəyyən edilmiş qaydalar tətbiq edilir) və müqavilə rejimi (ərarvadın birgə əmlakına dair tərəflərin özlərinin nikah müqaviləsində müəyyənləşdirdikləri qaydalar tətbiq edilir). Qanuni rejimi o zaman qüvvədə olur ki, ər-arvad arasında nikah müqaviləsi mövcud olmur. Tərəflər arasında nikah müqaviləsi olmamışdır. Bu halda hazırkı mübahisəyə birinci, yəni ər-arvadın əmlakının qanuni rejimi tətbiq ediləcəkdir. Həm Mülki Məcəllənin 225.1, həm də Ailə Məcəlləsinin 32.2-ci maddələrində əmlakın ərarvadın ümumi birgə əmlakı hesab olunması üçün üç şərt müəyyən etmişdir: 1) tərəflərin birgə nikahda olmaları; 2) əmlakın nikah müddətində əldə olunması və 3) əmlakın ər-arvadın birgə qazancları hesabına əldə olunması. Qeyd edilən şərtlərdən birinin mövcud olmaması əmlakın birgə mülkiyyət hesab olunması hüquqi əsasını aradan qaldırmış olur. İddiaçı ilə cavabdehin xx.xx.2006-cı il tarixdən birgə nikaha daxil olmaları işin mübahisəsiz halıdır (birinci hüquqi əsas). İkinci və üçüncü hüquqi əsasın, yəni mənzilin iddiaçı ilə cavabdehin birgə nikahda olduqları müddətdə və onların birgə qazancları hesabına əldə edilməsi də iş materialları əsasında müəyyən olunur. Belə ki, "xxxx" MTK ilə cavabdeh arasında xx.xx.2007-ci il tarixli mənzil tikintisi haqqında müqavilə bağlanmış, Kooperativ ünvan 1 ünvanında inşa ediləcək yaşayış binasının 2-ci giriş, 7-ci mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 120.19 kv.m olan 183 saylı mənzili payçıya (cavabdehə) verməyi, payçı isə mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Digər bir tərəfdən, mənzilin tərəflərin birgə nikahda olduqları dövrdə, həm də iddiaçı ilə cavabdehin birgə qazancı hesabına əldə edilməsi və buna görə də tərəflərin ümumi birgə əmlakı hesab olunması artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə də müəyyən olunmuşdur. Belə ki, Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)-1768/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, “işdə olan sübutlarla təsdiq olunur ki, mənzil tərəflərin birgə nikahı dövründə əldə edilmişdir” Həmçinin, mənzilin tərəflərin birgə nikaha daxil olduqları xx.xx.2006-cı il tarixdən sonra, yəni xx.xx.2007-ci il tarixdə əldə edildiyindən, birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsinin işin mübahisəsiz halı olması sözügedən qətnamədə qeyd olunmuşdur. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-1555/2023 saylı qətnaməsinə əsasən qismən təmin edilərək, qətnamə qismən ləğv edilsə də, apellyasiya məhkəməsi mənzilin tərəflərin birgə nikah dövründə əldə edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qətnamənin 71-ci bəndində mənzilin işdə olan sübutlar əsasında tərəflərin birgə nikah dövründə əldə etmələrini qeyd etmişdir. Beləliklə, mənzilin tərəflərin birgə (birgə nikah dövründə və birgə qazan hesabına əldə edilməsi) əmlak olması həm iş materialları əsasında, həm də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında öz təsdiqini tapdığından məhkəmə hesab etmişdir ki, iş üzrə ikinci və üçüncü hüquqi əsas da mövcuddur. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı izahatında mənzilin tərəflərin birgə nikaha daxil olmazdan əvvəl cavabdeh tərəfindən əldə edildiyini bildirərək, məhkəməyə cavabdehlə "xxxx" MTK arasında xx.xx.2005-ci il tarixdə bağlanmış mənzil tikintisi haqqında müqavilənin surətini təqdim etsə də, sözegedən müqavilənin əsli 3 ay ərzində davam edən məhkəmə prosesi gedişində, nə də əvvəlki məhkəmə prosesləri gedişində məhkəmələrə təqdim olunmamışdır (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-1555/2023 saylı qətnaməsinin 73-cü bəndi). Mənzilin cavabdeh tərəfindən özgəninkiləşdirilməsi ilə bağlı isə məhkəmə bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli qətnaməsində cavabdehlə anası Gülxar Ələkbərova arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi ilə bağlı hüquqi nəticəyə gələrkən həmin müqavilənin görünüş yaratmaq məqsədi ilə bağlanıldığı, cavabdehin mənzili bölgüdən yayındırmaq məqsədilə özgəninkiləşdirdiyini qeyd etmişdir. Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)- 1768/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsində mənzil özgəninkiləşdirildiyindən mənzil üzərində tərəflərin payları müəyyən edilməmiş, lakin mənzilin satış qiyməti olan 163 668 manat məbləğində pul vəsaitinin 1/2 hissəsi olan 81 834 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq yalnız məhkəmənin tələbdən kənara çıxaraq qətnamə qəbul etməsi aspektindən çıxış edərək Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsini ləğv etmişdir. Bununla belə, Apellyasiya Məhkəməsi qətnamənin 85-ci bəndində iddiaçıya iddianın əsasını (zərərdən irəli gələn tələb) və predmetini (pul tələbi) dəyişməklə cavabdehə qarşı tələb irəli sürmək hüququnu da izah etmişdir. Məhkəmə mənzilin satış qiymətinin məbləği ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəfindən mənzilin satış qiyməti mübahisələndirilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki mənzilin satış qiyməti olan 163 668 manat məbləğində pul vəsaitinin 1/2 hissəsində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iddia tələbinin məhkəməyə ödənilmiş dövlət rüsumunun, mediasiya təşkilatına ödənilmiş dövlət rüsumu və müvəqqəti təminat tədbiri ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun iddiaçıdan alınması hissəsində də əsaslı olduğundan təmin edilməlidir. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması, müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edilməsi, eləcə də, mediasiya təşkilatına müraciət etməsi ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1; Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 31.1, 31.2, 32.1, 32.2.1, 32.2.2, 37.1; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilərək işin yenidən araşdırılaraq üçüncü şəxs cəlb edilməklə iş üzrə yeni sübutlar əsasında iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi araşdırarkən cavabdehin nümayəndəsinin iş materiallarına əlavə etdiyi 20 dekabr 2005ci il tarixli mənzil tikintisi haqqında müqavilə üzrə mübahisə predmeti olmuş mənzilin məhz 20 dekabr 2005-ci il tarixdə alınaraq maliyyə arayışının olmasına diqqət yetirməmiş və hüquqi qiymət verməmişdir. Halbuki, həmin maliyyə arayışı iş üzrə iddia tələbinin taleyini kökündən həll edirdi. Qeyd edilməlidir ki, mübahisəli mənzil birgə nigah dövründə əldə edilməmişdir və məhkəmənin istinad etdiyi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1555/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilmişdir. Belə ki, iddiaçı ilə cavabdehin xx.xx.2006-cı il tarixdən birgə nikaha daxil olmaları və nigahlarının xx.xx.2021-ci ildə məhkəmə qətnaməsi ilə pozulması və birgə yaşayışlarına 2021-ci ilin əvvəllərindən artıq son qoyulması işin mübahisəsiz halıdır. Mənzilin iddiaçı ilə cavabdehin birgə nikahda olduqları müddətdə və onların birgə qazancları hesabına əldə edilməsi də iş materialları əsasında müəyyən olunmur. Məhkəmənin istinad etdiyi qanuni qüvvəyə minmiş kimi qəbul etdiyi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1555/2023 saylı xx.xx.2023-cü il tarixli məhkəmə qətnaməsi ilə isə müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzil tərəflərin birgə nigah dövründə əldə edilmiş əmlakdır və cavabdeh iddiaçının razılığı olmadan həmin əmlak özgəninkiləşdirilmişdir. Lakin həmin qərarla məhz Cavabdeh həmin mənzili 163668 manata satması və nikah dövründən nikahın pozulması dövrünə kimi, yəni hətta iddiaçının dediyi kimi xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi olan dövrdə həmin mənzilin dəyərinin nə qədər olması və mənzilin hansı məbləğə alınması ilə bağlı preyudisial əhəmiyyətə malik olan məhkəmə qərarı yoxdur və bu hal qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilməmişdir. Hətta Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1555/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə mübahisəli mənzilin nigah dövründə əldə edilmə dəyəri müəyyən edilməmiş qalmışdır. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1555/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsini mübahisələndirməmiş və deməli, həmin qətnamənin bir sıra müddəlarını (işin faktiki halları üzrə müəyyən edilmiş) qəbul etmişdir. Belə ki, mübahisələndirilən qətnamənin istinad etdiyi 2(103)-1555/2023 saylı xx.xx.2023-cü il tarixli qətnamədə aşağıdakı hallar öz əksini tapmışdır: Bakı Apellyasiya Məhkəməsi 163668 manatın 1/2 hissəsi olan 81834 manatın Cavabdeh Hüseyn oğlundan iddiaçının xeyrinə tutulması qənaəti ilə razılaşmamışdır.” Bənd 88. Vərəqə 15. “Məhkəmə cavabdeh tərəfin əmlakın dəyərini mübahisələndirmək, özünü müdafiə hüququnu qurmaq imkanından məhrum etmişdir” Mübahisələndirilən qətnamə üzrə mübahisəli əmlakın iddiaçının subyektiv hüququnun aid olduğu hissədə dəyəri müəyyən edilməmişdir. Mübahisələndirilən qətnamə üzrə preyudisial əhəmiyyətə malik olan məhkəmə qərarı kimi məhkəmənin istinad etdiyi məlum qərarda cavabdeh hüquqazidd əməli kimi yalnız mübahisələndirilən mənzili anasının adına əvəzsiz qaydada keçirməsi və bununla bağlı iddiaçının razılığını almaması olmuşdur və həmin qərarda iddiaçıya iddia tələbinin predmetini və əsasını dəyişmək tövsiyə olunmuşdur. Lakin hazırki işdə məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən mənzilin satış qiyməti mübahisələndirilməmişdir. Halbuki cavabdeh ümumiyyətlə həmin mənzili satmamasını, eləcə də nikah dövründə əldə edilməməsi mübahisələndirilmişdir. Məhkəmə mübahisə predmeti olan mənzil üzrə nikahdan öncə cavabdehdən mənzilin tam dəyərini qəbul etmiş və maliyyə arayışı vermiş, eləcə də nikahdan öncə cavabdehlə müqavilə bağlamış "xxxx" MTK-nı iş üzrə üçüncü şəxs qismində cəlb etməmişdir. Halbuki, iş üzrə maddi ziyan tələbinin təmin edilməsi zamanı cavabdehdən tələb edilən pul məbləği məhz üçüncü şəxsin iştirakı ilə məhkəmə çəkişmə prinsipinə uyğun olaraq müəyyən edilməli idi. Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1555/2023 saylı xx.xx.2023 cü il tarixli qətnaməsinə istinadən mübahisəli mənzilin nikah dövründə əldə edilmə dəyərini müəyyən etmək üçün ödəniş qəbzlərini "xxxx" MTK dan tələb etməmiş və mənzilin alış dəyərini müəyyən etməmişdir. Məhkəmə istinad etdiyi qətnamə ilə mənzilin nikah dövründə əldə edilmə dəyərini müəyyən etməməklə yanaşı mənzilin məhz xx.xx.2007ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi olan dövrdə (tərəflərin birgə yaşadıqları dövrdə) likvid və bazar dəyərini müəyyən etmək üçün məhkəmə tikinti-texniki ekspetizası təyin etməli olduğu halda etməmişdir. Halbuki, cavabdehin həmin mənzili vicdanlı alıcıya satmaması və məhz 163668 manat gəlir əldə etməməsi işin mübahisəsiz halıdır. Cavabdehin anasının əldə etdiyi gəlirə görə cavabdeh iddiaçıya 1/2 hissədə ziyan tələbi ödəməli deyildir və əgər mənzilin birgə nikah dövründə yəni iddiaçının iddia etdiyi kimi xx.xx.2007-ci il tarixdə alınması halı qəbul edilirdisə həmin mənzilin təmirli-təmirsiz alınması və məhz həmin dövrdə nə qədər olması məhkəmə tərəfindən müəyyən edilməli olduğu halda edilməmişdir. Məhkəmə hansı səbəbə 163668 manatın 1/2 hissəsi olan 81834 manatın Cavabdeh Hüseyn oğlu tərəfindən iddiaçıya ödənilməli olmasını sübuta yetirə bilməmişdir. Məhkəmə preyudisial əhəmiyyətə malik olan məhkəmə qətnaməsi kimi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1555/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə istinad etsə də, həmin qətnamə ilə mənzilin məhz cavabdeh tərəfindən satılması və məhz cavabdehin 163668 manat əldə etməsi barədə hüquqi fakt müəyyən edilməməsinə baxmayaraq, məhkəmə bu halları təsdiq edən sübut əldə etmədən həmin halları sübut hesab edərək qətnaməsini əsaslandırmağa çalışmışdır. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2332/2024 saylı, 02 aprel 2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-1555/2023 saylı qətnaməsindən cavabdehin nümayəndəsi-vəkili tərəfindən verilmiş kassasiya şikayəti üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək hazırki mülki iş üzrə icraat dayandırılmışdır. Mülki işin dayandırılmasına əsas olmuş iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 21 may 2024-cü il tarixli, 2(102)-1908/2024 saylı qərarı qəbul edilmiş, öz qanuni qüvvəsini almış və mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Belə olan halda qətnamə tam yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 225.1. Ərlə arvadın birgə nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsi: 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından məlum olur ki, iddiaçı ilə cavabdeh xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuş, nikahları Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Bununla yanaşı müəyyən edilmişdir ki, "xxxx" MTK ilə cavabdeh arasında xx.xx.2007-ci il tarixli mənzil tikintisi haqqında müqavilə bağlanmış, kooperativ ünvan 1 ünvanında inşa ediləcək yaşayış binasının 2-ci giriş, 7-ci mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 120.19 kv.m olan 183 saylı mənzili payçıya verməyi, payçı isə mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin pay dəyərinin cavabdeh tərəfindən tam ödənilməsi barədə kooperativ tərəfindən arayış verilmişdir. Hazırda cavabdeh tərəf apellyasiya şikayətində mübahisəli mənzilin birgə nigah dövründə əldə edilməməsinə, həmçinin birinci instansiya məhkəməsinin 20 dekabr 2005-ci il tarixli mənzil tikintisi haqqında müqavilə üzrə mübahisə predmeti olmasına və mənzilin məhz 20 dekabr 2005-ci il tarixdə alınaraq maliyyə arayışının olmasına diqqət yetirməməklə, hüquqi qiymət verməməsi kimi dəlilləri irəli sürmüşdür. Məhkəmə kolllegiyası cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Digər tərəfdən, Ailə Məcəlləsinin 34-cü maddəsinin məzmununa görə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Qanunvericiliyə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların birgə nikahı zamanı, ümumi gəlirləri hesabına əldə edilən əmlak aid edilir. İş materiallarından göründüyü kimi mübahisəli mənzilə dair "xxxx" MTK ilə cavabdeh arasında müqavilə tərəflərin birgə nikah dövründə, yəni xx.xx.2007-ci il tarixdə bağlanmışdır. Cavabdeh isə həmin mənzilə dair müqavilənin tərəflərin birgə nikahlarından öncə - 20 dekabr 2005-ci il tarixdə bağlanmasını qeyd etsə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq iş materiallarına əlavə edilmiş surəti olan müqaviləyə sübut kimi qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 89-cu maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. İşdə iştirak edən şəxslər tərəfindən məhkəməyə təqdim olunmuş yazılı sübutların surətləri onlarda olmayan digər işdə iştirak edən şəxslərə göndərilir (verilir). Göründüyü kimi 20 dekabr 2005-ci il tarixli müqavilənin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilmədiyindən, mübahisəli mənzil dair "xxxx" MTK ilə cavabdeh arasında müqavilənin həqiqətən də həmin tarixdə bağlanması müəyyən edilməmişdir. Mübahisəli mənzilə dair "xxxx" MTK ilə cavabdeh arasında müqavilə tərəflərin birgə nikah dövründə, yəni xx.xx.2007-ci il tarixdə bağlanması iş materiallarında olan apellyasiya instansiyası məhkəməsinin Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2023cü il tarixli, 2(103)-1555/2023 saylı qətnaməsinin əsaslandırıcı hissəsinin 73-ci bəndində müəyyən edilmişdir. Bundan başqa iş materiallarında olan Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)-1768/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, “İşdə olan sübutlarla təsdiq olunur ki, mənzil tərəflərin birgə nikahı dövründə əldə edilmişdir”. Həmçinin, mənzilin tərəflərin birgə nikaha daxil olduqları xx.xx.2006-cı il tarixdən sonra, yəni xx.xx.2007-ci il tarixdə əldə edildiyindən, birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsinin işin mübahisəsiz halı olması sözügedən qətnamədə qeyd olunmuşdur. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-1555/2023 saylı qətnaməsinə əsasən qismən təmin edilərək, qətnamə qismən ləğv edilsə də, apellyasiya məhkəməsi mənzilin tərəflərin birgə nikah dövründə əldə edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qətnamənin 71-ci bəndində mənzilin işdə olan sübutlar əsasında tərəflərin birgə nikah dövründə əldə etmələrini qeyd etmişdir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-1555/2023 saylı qətnaməsi qüvvədə qalıb. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin müzakirə edilən dəlilləri əsassız olmuş və birinci instansiya məhkəməsinin - mənzilin tərəflərin birgə (birgə nikah dövründə və birgə qazancları hesabına əldə edilməsi) əmlak olması həm iş materialları əsasında, həm də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında öz təsdiqini tapması barədə gəldiyi nəticə düzgün olmuşdur. Bununla yanaşı qeyd olunan iş üzrə mübahisəsiz qaydada müəyyən edilmişdir ki, cavabdehlə anası Gülxar Ələkbərova arasında olan müqavilə görünüş yaratmaq məqsədi ilə bağlanılmışdır. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh mənzili bölgüdən yayındırmaq məqsədilə özgəninkiləşdirmişdir. Eyni hal Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(103)- 1555/2023 saylı qətnaməsinin əsaslandırıcı hissəsinin 80-ci bəndində də qeyd edilmişdir. Cavabdeh tərəf apellyasiya şikayətində mənzilin dəyərini mübahisələndirsə də, məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzilin satış qiymətinin 163 668 manat qəbul etməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, mənzilə dair ilkin mülkiyyət hüququ Gülxar Ələkbərovanın (cavabdehin anası) adına qeydiyyatdan keçməklə, bu barədə ona (qeydiyyat nömrəsi: **********) xx.xx.2022-ci il tarixdə çıxarış verilmiş, xx.xx.2022-ci il tarixdə isə Gülxar Ələkbərova ilə X10 arasında mənzilin alqı-satqı müqaviləsi bağlanmış və sonuncunun mənzilə dair mülkiyyət hüququ xx.xx.2022-ci tarixdə dövlət qeydiyyatına alınmaqla (qeydiyyat nömrəsi: **********), bu barədə çıxarış verilmişdir. Həmin müqavilə ilə mənzilin satış qyməti 163668 manat müəyyən edilmişdir. Daha sonra iş materiallarından görünür ki, iddiaçının cavabdehə və Gülxar Ələkbərovaya qarşı (Kooperativ müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Mənzilə Kooperativlə Gülxar Ələkbərova arasında xx.xx.2022-ci il tarixli, 202 saylı müqavilənin etibarsız hesab edilməsi, ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, mənzildə azyaşlı uşaqlarının da mənafeləri nəzərə alınmaqla, 2/3 hissədə payının müəyyən edilməsi və istifadə hüququnun tanınması ilə onun azyaşlı uşaqları ilə birlikdə mənzilə köçürülmələri barədə iddası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə qismən təmin edilmiş, kooperativlə Gülxar Ələkbərova arasında xx.xx.2022-ci il tarixli, 202 saylı müqavilə etibarsız hesab edilmiş və mənzilin dəyəri olan 163668 manat pulun 1/2 hissəsinin dəyərinin, yəni 81834 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qismən təmin edimiş birinci insatnsiya məhkəməsəinin qətnaməsi mənzilin dəyəri olan 163668 manat pulun 1/2 hissəsinin dəyərinin, yəni 81834 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi hissədində ləğv edilmiş, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, mübahisəli mənzilin dəyəri tərəflər arasında bağlanmış müqaviləyə əsasən 163668 manat müəyyən edilmişdir ki, cavabdeh tərəf mənzilin dəyərinin həmin məbləğə uyğun olmaması barədə mötəbər sübutlar təqdim təqdim etməmişdir. Bundan başqa Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)-1768/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsində mənzil özgəninkiləşdirildiyindən mənzil üzərində tərəflərin payları müəyyən edilməmiş, lakin mənzilin satış qiyməti olan 163 668 manat məbləğində pul vəsaitinin 1/2 hissəsi olan 81 834 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 12 aprel 2023-cü il tarixli qətnaməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq yalnız məhkəmənin tələbdən kənara çıxaraq qətnamə qəbul etməsi aspektindən çıxış edərək Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsini ləğv etsə də, Bakı Apellyasiya Məhkəməsi qətnamənin 85-ci bəndində iddiaçıya iddianın əsasını (zərərdən irəli gələn tələb) və predmetini (pul tələbi) dəyişməklə cavabdehə qarşı tələb irəli sürmək hüququnu da izah etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin qanuna zidd hərəkətləri nəticəsində birgə nikah dövründə əldə edilmiş əmlak özgəninkiləşdirilmişdir. Göründüyü kimi, tərəflər arasında olmuş əvvəlki məhkəmə mübahisəsi zamanı mənzilin satış qiyməti olan 163 668 manat məbləğində pul vəsaitinin 1/2 hissəsi olan 81 834 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2023-cü il tarixli qətnaməsi ilə məhkəmənin tələbdən kənara çıxması kimi qiymətləndirilmiş və qətnamə həmin hissədə ləğv edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilin tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlak olduğundan və qanuni qüvvəsini almış qətnaməyə əsasən həmin mənzilə dair cavabdehlə Gülxar Ələkbərova arasında olan müqavilənin görünüş yaratmaq məqsədi ilə bağlanması müəyyən edilməklə etibarsız hesab edildiyindən, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur və birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilləri isə yuxarıda qeyd olunanlara əsasən əsassız olmuşdur. Məhkəmə kollegiyası həmçinin iş üzrə maddi ziyan tələbinin təmin edilməsi zamanı cavabdehdən tələb edilən pul məbləği məhz üçüncü şəxsin iştirakı ilə məhkəmə çəkişmə prinsipinə uyğun olaraq müəyyən edilməli olduğu halda cavabdehlə müqavilə bağlamış "xxxx" MTK-nı iş üzrə üçüncü şəxs qismində cəlb edilməməsinə dair apellyasiya şikayətinin dəlilinə qiymət verərək hesab edir ki, iddiaçı vurulmuş maddi ziyanı konkret olaraq cavabdehdən tələb etdiyindən hazırki iş həmin mənzillə bağlı cavabdehlə müqavilə bağlamış MTK-nın heç bir formada mənafeyinə toxunmur. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, e-2(011)- 6959/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər Elnur Həsənov Məmməd Məmmədov