Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2333/2023 03.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “yaranmış borc məbləğinin ödənilməsi və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi” hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 və Cavabdeh1 nümayəndəsi Vəkil iştirakları ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaranmış borc məbləğinin ödənilməsi və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3475/2022 saylı mülki işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçının Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 5992 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 142830,04 AZN, faiz borcu üzrə 17718,06 AZN olmaqla, cəmi 160548,1 AZN məbləğindəki borcun tutulması, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsində qeydiyyata alınmasına dair ümumilikdə ödənilmiş 136,98 AZN məbləğindəki dövlət rüsumu və xidmət haqqının Cavabdeh1 tutulması, 5992 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə Bank arasında bağlanan xx.xx.2019-cu il tarixli, 5679 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 60A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh1 banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, Cavabdeh1 məxsus ipoteka qoyulmuş Yasamal rayonu, İnşaatçılar prospekti, 60A ünvanında yerləşən qeyri-yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməsi, qeyriyaşayış sahəsindən çıxarılmaları və qeyri-yaşayış sahəsinin boşaldılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, məhkəməyə müraciət üçün ödənilmiş 450 AZN dövlət rüsumu və 0.68 AZN xidmət haqqının Cavabdeh1 tutulması barədə iddiası Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3475/2022 saylı mülki işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Cavabdeh1 142830,04 manat əsas, 17174,34 manat faiz, ümumilikdə 160004,38 manat məbləğində pul, habelə 450 manat ödənilmiş dövlət rüsumunun, 0,68 manat xidmət haqqının və bildirişin qeydə alınması üçün ödənilmiş 136,98 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tutmanın ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 60A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 268000 manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh1 iddiaçı "xxxx" ASC-yə olan kredit borcunun ödəniməsi, əldə olunacaq vəsaitin borcun məbləğindən artıq olduğu halda isə artıq qalan pul vəsaitinin müvafiq olaraq Cavabdeh1 qaytarılması, hərracdan əldə olunacaq vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 tutulması və qeyri-yaşayış sahəsinin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manatın Cavabdeh1 tutularaq Az.MEM, hesabına köçürülməsi qət edilmişdir.
2. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 317.1, 319.1, 319.6, 385.1, 442, 443.1. 448.1, 449.1, 739; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 39.1, 39.3.3, 59.3, 59.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər ilə birlikdə iddiaçıya ödəməlidir. Öhdəlik icra edilmədiyindən borcun tutulması iddiaçının qanuni tələbinə əsasən ipoteka müqaviləsinin şərtlərinə müvafiq qaydada ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 60A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməli, həmin əmlak açıq hərraca çıxarılaraq satılmalı, ilkin satış qiyməti 268000 manat məbləğində müəyyən edilməli, satışdan əldə olunan vəsaitdən iddiaçıya olan borc ödənilməli, tələbin ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar olaraq əmlak hərracda satıldıqdan sonra boşaldılmalıdır. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıq olduğu təqdirdə, artıq məbləğ Cavabdeh1 qaytarılmalıdır. Bundan əlavə, iş materiallarından göründüyü kimi ekspert rəyində Cavabdeh1 banka 19860,48 manat faiz borcu qeyd olunduğu halda, iddia ərizəsində 17174,34 manat faiz borcu tələb edilir. Belə olan halda iddia tələbindən kənara çıxmayaraq, Cavabdeh1 iddia ərizəsində göstərilən məbləğdə, yəni 17174,34 manat faiz borcu tutulmalıdır. Həmçinin iddiaçı ipoteka predmetinin mülkiyyətçisi olmadığı üçün iddia tələbi «Yasamal rayonu, İnşaatçılar prospekti, 60A ünvanında yerləşən qeyri-yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməsi, qeyri-yaşayış sahəsindən çıxarılmaları» hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir.
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 avqust 2019-cu il tarixli, 5992 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 112 ay, 16 gün müddətinə, illik 10%-lə, 146.000 manat məbləğində kredit verilmişdir; - "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 avqust 2019-cu il tarixli ipoteka müqaviləsindən məlum olur ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 60A ünvanında yerləşən qeyri-yaşayış sahəsi öhdəliklərin təminatı kimi "xxxx" ASC -yə ipoteka kimi təqdim edilmişdir. İpoteka predmeti 188850 manat məbləğində qiymətləndirilmişdir; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Çıxarışın surətindən məlum olur ki, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 60A ünvanında yerləşən qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 202 nömrəli reyestr kitabının 18977 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır; - "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından məlum olur ki, Cavabdeh1 banka 142830,04 manat əsas, 17174,34 manat faiz, cəmi 160004,38 manat məbləğində borcu vardır; - "xxxx" MMCnin xx.xx.2022-ci il tarixli, 0071 saylı qiymətləndirmə hesabatından məlum olur ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 60A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin likvid dəyəri 268000 manat təşkil edir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6385 saylı, 19 sentyabr 2022-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən xx.xx.2022-ci il tarixə Cavabdeh1 "xxxx" ASCyə olan borcu 160548,07 manat məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu üzrə 142830,04 manat, faiz borcu üzrə 17718,03 manat; xx.xx.2022-ci il tarixə Cavabdeh1 "xxxx" ASC-yə olan borcu 162690,52 manat məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu üzrə 142830,04 manat, faiz borcu üzrə 19860,48 manat. Ekspert tədqiqatının dəyəri 150 manat təşkil etmişdir. (iş səh. 14, 21, 36, 113, 136, 143-145). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nəsim Rayon Məhkəməsinin 2(006)- 3475/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3; “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 6; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 98.1, 102.1, 102.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı qiymətləndirmə hesabatına və kredit borcunun müəyyən edilməsi ilə bağlı isə ekspert rəyinə istinad edilmişdir. Lakin hər iki sübutun mötəbərliyi şübhə doğurmaqla yanaşı, yekun nəticəyə gəlmək üçün yetərli olmadığını hesab edirlər. Əsas borca görə ekspert rəyində hesablanmış məbləğ ilə iddia ərizəsində tələb edilən məbləğ tamamilə üst-üstə düşür. Halbuki kredit üzrə ödənişləri nəzərə aldıqda, bu məbləğ ekspert rəyində və iddia tələbində göstərilən məbləğdən az olmalı idi. Lakin ekspert iş materialları üzrə düzgün hesablama aparmamış və məhkəmə də həmin rəyə istinad edib yekun nəticəyə gəlmişdir. Bununla da məhkəmə prosessual hüquq pozuntusuna yol vermişdir. Digər tərəfdən məhkəmə tələbin ipoteka predmetinə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılmasını qət etsə də, əmlakın ilkin satış qiyməti düzgün müəyyən edilməmişdir. Bu da özlüyündə qanunvericiliyin tələblərinə ziddir. İş üzrə ipoteka predmetinin ilkin satış qiyməti müəyyən olunsa da, lakin həmin qiymət real vəziyyəti əks etdirmir. Çünki əmlakın dəyəri hesabatda qeyd olunandan artıqdır. Bu halın təsdiq edilməsi üçün məhkəməyə vəsatətlə müraciət olunsa da, həmin vəsatət təmin edilməmişdir. Məhkəmə bununla maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. “Kredit əməliyyatları üzrə faizlərin hesablanmasının dayandırılması haqqında” 30 avqust 2000-ci il tarixli Azərbaycan Respublikasının Mərkəzi Bankının Qaydalarına əsasən kredit təşkilatları kreditlərin qaytarılma müddətindən asılı olmayaraq faizlərin, yaxud əsas məbləğin ödənişi kredit müqaviləsi ilə nəzərdə tutulmuş vaxtdan 90 gün və daha çox gecikdirilərsə, kreditlərə “faizləri hesablanmayan” kreditlər statusu verərək, faizlərin hesablanmasını dayandırırlar. Bununla da həmin qətnamə ilə iddia mahiyyəti üzrə düzgün həll olunmamış, kredit borcuna olan əlavə faiz düzgün hesablanmamışdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, hal-hazırda ipoteka predmetinin icarədə olduğunu, əldə edilən icarə haqqının Cavabdeh1 "xxxx" ASC-dəki hesabına daxil olduğunu, ordan da kredit üzrə borcunun ödənildiyini, ekspert tərəfindən rəy verilərkən ödənişlərin nəzərə alınmadığını, ipoteka predmetinin qiyməti ilə bağlı ekspert rəyinin həqiqəti əks etdirmədiyini qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi iş materiallarında olan maliyyə arayışından hansı tarixlərdə ödəniş edilmədiyinin müəyyən edildiyini, gecikmələrin pandemiya dövründə yarandığını, ekspert rəyi və birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı olduqlarını qeyd edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
7. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən digər Cavabdeh2 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına əsasən: 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi; 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur; 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur; 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır; 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır; 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır; 445.9. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır; 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər; 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda; 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 385.1, 425.1, 427.3, 439-449, 467, 560, 739, 741, 743, 744; Mülki Prosessual Məcəllənin 58, 76.1, 77.1, 80- 82, 106.2, 119, 217.4, 372, 385- 390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar.
11. Mübahisə edilən hissədə apellyasiya şikayətin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərini sübuta yetirən və ya ona dəlalət edən sübutlar, habelə hər hansı əlavə ekspertizanın təyin edilməsi üçün əsaslar müəyyən edilmir. Şikayətin dəlilləri cavabdehin vəzifələrinə rəğmən öhdəliklərdən yayınmaya yönəlik hüquqdan sui-istifadəyə şərait yaradan hal və buna cəhd kimi qiymətləndirilməlidir.
12. Diqqətə çatdırılmalıdır ki, işə baxılan zaman və ya ondan sonrakı dövrdə borclunun borcu üzrə ödənişlərin edilməsi məhkəmə qətnaməsinin icrası zamanı nəzərə alınmalıdır.
13. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid olmalıdır.
14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3475/2022 saylı mülki işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.