Məhkəmə qərarları › İş №2(103)-2334/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2334/2022

03.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2334/2022 03.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı Sudeyif oğlunun və cavabdehlər "xxxx" MMC-nin və Cavabdeh2 nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Sudeyif oğlunun cavabdehlər Cavabdeh1-yə və Cavabdeh2 qarşı “müqavilə öhdəliklərinə və girova xitam verilməsi, qızıl zinət əşyaların geri qaytarılması” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-681/2021 saylı işi üzrə 04 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehlər "xxxx" MMC və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Sudeyif oğlunun 09 dekabr 2015-ci il tarixli, 13 fevral 2016-cı il tarixli, 29 mart 2016-cı il tarixli, 11 aprel 2016-cı il tarixli müqavilə öhdəliklərinə və həmin müqaviləyə əsasən girov öhdəliklərinə xitam verilməsi, ona məxsus 583 əyyarlı 203 qram çəkisi olan sep və 750 əyyarlı çəkisi 135 qram olan qol saatının cavabdehlərdən alınaraq, ona verilməsi barədə iddiası Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-681/2021 saylı işi üzrə 04 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3, 217.4; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 385.1,442, 443.1, 445.2, 445.2.1, 448.1, 448.2, 550, 556.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı Sudeyif oğlu kredit verilməsi üçün "Lombard Karat” MMC-yə müraciət etmiş və İddiaçı Sudeyif oğluna 09 dekabr 2015-ci il tarixdə özünə məxsus 583 əyyarlı 203 qram çəkisi olan sep və 750 əyyarlı çəkisi 135 qram olan qol saatı girov qoyularaq kredit verilmişdir. Daha sonra İddiaçı Sudeyif oğlu ilə "Lombard Karat” MMC arasında 13 fevral 2016-cı il tarixli və 29 mart 2016-cı il tarixli kredit müqavilələri bağlanmışdır. Hər bir kredit müqaviləsi üzrə ödəniş edildikdən sonra İddiaçı Sudeyif oğlunun "Lombard Karat” MMC-yə heç bir kredit borcu olmasa da cavabdeh "Lombard Karat” MMC tərəfindən İddiaçı Sudeyif oğluna məxsus qızıl-zinət əşyaları geri qaytarılmamışdır. Həmin kredit müqavilələri üzrə 3 illik iddia müddətləri keçmişdir. Belə olan halda İddiaçı Sudeyif oğlu məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur və 09 dekabr 2015-ci il tarixli, 13 fevral2016-cı il tarixli, 29 mart 2016-cı il tarixli, 11 aprel 2016-cı il tarixli müqavilə öhdəliklərinə və həmin müqavilələrə əsasən girov öhdəliklərinə xitam verilməli, İddiaçı Sudeyif oğluna məxsus 583 əyyarlı 203 qram çəkisi olan sep və 750 əyyarlı çəkisi 135 qram olan qol saatı cavabdehlər "Lombard Karat” MMC-dən və Cavabdeh2 alınaraq, İddiaçı Sudeyif oğluna geri qaytarılmalıdır. Mülki Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər

2. İşin icraatı zamanı müəyyən edilmişdir ki: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11670/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qətnaməsi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli 2(008)-1002/2019 saylı qətnaməsi ilə təmin edilən "Karat L” MMC-nin direktoru Cavabdeh2 və "Karat L” MMC-dən İddiaçı Sudeyif oğluna məxsus 583 əyyarlı 203 qram çəkidə sep, 750 əyyarlı 85-10 qram çəkidə qol saatının İddiaçı Sudeyif oğluna geri qaytarılması hissədə iddianın təmin edilməməsi qət edilmişdir; - "Lombard Karat” MMC ilə İddiaçı Sudeyif oğlu arasında bağlanmış 09 dekabr 2015-ci il tarixli müqaviləsi ilə, İddiaçı Sudeyif oğluna illik 5 % ödənilməklə 12 ay müddətinə 4765 USD məbləğində kredit verilmişdir; - İddiaçı Sudeyif oğlu ilə "Lombard Karat” MMC arasında 13 fevral 2016-cı il tarixli və 29 mart 2016-cı il tarixli kredit müqavilələri bağlanmışdır. Hər bir kredit müqaviləsi üzrə ödəniş edildikdən sonra İddiaçı Sudeyif oğlunun "Lombard Karat” MMC-yə heç bir kredit borcu olmasa da cavabdeh "Lombard Karat” MMC tərəfindən İddiaçı Sudeyif oğluna məxsus qızıl-zinət əşyaları geri qaytarılmamışdır (iş.səh. 7,49, 55 ).

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 3.Cavabdeh apellyasiya şikayəti verərək, Birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Mülki Məcəllənin 373.2, 550, 556.1; Mülki Prossesual Məcəllənin 9.2, 54, 82.3, 152.2 – ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı cavabdeh ”Karat - L” MMCi lə bir neçə kredit müqaviləsi bağlayaraq borc götürmüş və bu borcların təminatı kimi girov qoymuşdur. İddiaçı ilə digər Cavabdeh2 arasında heç bir müqavilə münasibəti olmadığı halda, onu da cavabdeh kimi göstərmişdir. Halbuki, Cavabdeh2 sadəcə MMC-nin təsisçisi və direktorudur. Müqavilələr isə MMC ilə İddiaçı arasında bağlanmışdır. Buna görə də, Cavabdeh2 cavabdeh ola bilməzdi. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11670/2019 saylı, 13 noyabr 2019 - cu il tarixli qətnaməsilə müəyyən edilmişdir ki, İddiaçı ”Karat - L” MMC qarşısında kredit öhdəliyi qalmaqdadır. Həmin qətnamə Ali Məhkəmənin 2(102)- 2258/2020 saylı işi üzrə 08 iyun 2020-ci il tarixli qərarı ilə də qüvvədə saxlanmışdır. İddiaçı öhdəliyini icra etmədiyinə görə, girov əmlak qanunla müəyyən edilmiş qaydada satılmış və gəlir borca yönəldilmişdir, lakin borc tam bağlanmamış və qalmaqdadır. Digər tərəfdən, iddiaçının iddiasının bir hissəsi məhz daha əvvəl qaldırılmış və təmin edilməmiş iddia tələbləri ilə eynidir ki, belə halda iddiaya təkrar baxıla bilinməzdi. Həmçinin, ”Karat - L” MMC-nin işçisi Ayaz Hacıəliyevin cinayət əməli nəticəsində İddiaçı bütün öhdəliklərini tam müəyyən etmək mümkün olmamışdır. Ayaz Hacıəliyevin barəsində cinayət işi yekunlaşmadığına görə, İddiaçı bütün öhdəliklərini tam müəyyən etmək mümkün olmamış və buna görə də, hələ də İddiaçı qarşı borcun tələbi haqqında məhkəmədə iddia qaldırıla bilinməmişdir. İddia müddətinin ötməsi öhdəliyə xitam vermir. İddia müddətinin ötməsi kreditor iddia qaldırdığı halda borclunun (cavabdehin) yazılı ərizəsi əsasında tətbiq edilir. Məhkəmə səhv olaraq iddia müddətinin ötməsi əsasında öhdəliyə xitam vermişdir. Halbuki, həmin maddə ilə müəyyən edilmiş müddət keçməmişdir. Məhkəmə qeyd etmişdir ki, öhdəliyin icrası tərəflərin cavabdeh olmadığı haldan irəli gələrək mümkün olmadıqda öhdəliyə xitam verilir. Məhkəmə mövcud mübahisədə öhdəliyin icrasını mümkün etməyən halın nədən ibarət olduğunu qeyd etməmişdir. Çünki belə bir hal yoxdur və bu maddə bu mübahisəyə tətbiq edilə bilinməz. Mülki Prossesual Məcəllənin 82.3 - cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin qətnamədən sonra İddiaçı borcunu ödəmədiyinə və buna dair sübut təqdim etmədiyinə baxmayaraq, məhkəmə əsassız yerə hesab etmişdir ki, o öz öhdəliyini icra edib. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

4. "Lombard Karat” MMC ilə İddiaçı Sudeyif oğlu arasında bağlanmış 09 dekabr 2015-ci il tarixli müqavilə, 13 fevral 2016-cı il tarixli və xx.xx.2016-cı il tarixli müqavilələr İddiaçı Sudeyif oğlu və X7 tərəfindən imzalanmışdır. (182,190,196 )

5. xx.xx.2016, xx.xx.2016-ci il tarixli kredit və girov müqavilələrində girov saxlayan və girov qoyan qrafalarında İddiaçı Sudeyif oğlu və X7 adları qeyd edilsə də müqavilələr imzalanmamışdır. (səh.175,186 )

6. xx.xx.2020-ci il tarixli aktda Karat L MMc-nin direktoru Cavabdeh2, MMC-nin əməliyyatçısı X5 və zərgər X4 tərəfindən tərtib edilən, lakin yalnız Cavabdeh2 tərəfindən imza edilmiş və aktda qeyd edilmişdir ki, qeyd olunan qızıl zinət əşyaları zərgər X1, satışdan 12815 manat vəsait əldə olunmuş, vəsait kassaya mədaxil edilərək, İddiaçı Sudeyif oğlunun borcundan silinmişdir (səh.118)

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2258/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə, İddiaçı Sudeyif oğlunun kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 11670/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır (səh.156) 8.Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X6, tələbkar İddiaçı Sudeyif oğlu, borcu Cavabdeh2, hal şahidi X12 tərəfindən imzalanan xx.xx.2018-ci il tarixli akta əsasən. 1 ədəd sepin qramı 202 qram, qol saatının isə 135 qram olması qeyd edilmişdir. (səh.233) 9.Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə kompleks məhkəmə-mühasibatlıq və əmtəəşünaslıq ekspertizası təyin edilmiş və xx.xx.2022-ci il tarixli Məhkəmə Eskpertiza Mərkəzinin rəyində qeyd edilmişdir ki, məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatının nəticəsi üzrə: iş üzrə tədqiqatın aparılması üçün zəruri sənədlər tam təqdim edilmədiyindən hazırki tədqiqatla İddiaçı Sudeyif oğlunun cavabdeh "xxxx" MMC-yə mübahisələndirilən kredit müqavilələri üzrə nə qədər ödəniş etdiyini müəyyən etmək mümkün olmadı. Qeyd edilir ki, vəsatətə cavab olaraq tədqiqata təqdim edilmiş Arayışa əsasən İddiaçı Sudeyif oğlunun 09 dekabr 2015-ci il tarixli, 13 fevral 2016-cı il tarixli, 29 mart 2016-cı il tarixli və 11 aprel 2016-cı il tarixli kredit müqavilələri üzrə borcunun olmadığı, həmçinin borc üzrə silinmiş məbləğin bir hissəsinin İddiaçı Sudeyif oğlunun təqdim etdiyi girovun satışından əldə edilmiş vəsait hesabına olduğu müəyyən edildi. Satışın aparılması ilə bağlı xx.xx.2020-ci il tarixli akt iş materiallarının 118-ci səhifəsində öz əksini tapmışdır. Bundan başqa qeyd edilir ki, vəsatətə cavab olaraq "xxxx" MMC tərəfindən tədqiqata təqdim edilmiş Arayışda 30 aprel 2016-cı il tarixli, 18 iyun 2016-cı il tarixli və 06 oktyabr 2016-cı il tarixli kredit müqavilələri üzrə 23105,00 ABŞ dolları əsas borc, 63716,00 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 86821,00 ABŞ dolları məbləğində borcunun olduğu göstərilmişdir. Həmin arayışda qeyd olunan məlumatların düzgünlüyünə məhkəmə tərəfindən qiymət verilməlidir. 10.Məhkəmə-əmtəəsünaslıq ekspertizasının tədqiqatının nəticəsi üzrə: Ekspertiza təyini haqqında qərarda və is materiallarına göstərilən 1 ədəd 583 əyyarlı 203 qram çəkisi olan sepin 2020-ci ilin avqust ayına olan (is materiallarında 118 səhifəsində olan satış aktında göstərilən tarixə) orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 12180,00 manat müəyyən edilir. Bundan başqa qeyd edilir ki, ekspert vəsatətində iş materiallarında göstərilən qol saatının markası (modeli), təmiz qızıl çəkisi barədə məlumatların təqdim edilməsi xahiş edilmiş, vəsatətə cavab olaraq bir qism əlavə sənədlər Mərkəzə daxil olsa da, qol saatının markası (modeli) və təmiz qızıl çəkisi barədə məlumatlar təqdim edilməmişdir.Belə olduğu halda ekspert qarşısında qoyulmuş sualda soruşulan 3 qram şəkidə 583 əyarlı qızıldan haırlanmış 1 ədəd kişi saatının qiymətini müəyyən etmək mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 145 manat müəyyən edilmişdir.

11. Cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 nümayəndəsi Vəkil tərəflər arasında 7 müqavilə olduğunu, bu müqavilələrdən ilk 4 müqavilə barəsində qanuni qüvvəyə minmiş məhkəmə aktının olduğunu, digər 3 müqavilənin isə mübahisəli olduğunu, iddiaçının bağlanılmış ilk 4 müqavilə üzrə 12000 ABŞ dolları əsas borcunun olduğunu, 2020-ci ilin avqust ayında qızılların satılıb borcun ödənildiyini, satış aktının məhkəməyə təqdim edildiyini, iddiaçı tərəfindən iki ödənişlə bağlı qəbz olduğunu və həmin qəbzlərin də məhkəməyə təqdim edildiyini, girov predmetinin verilən borcdan az olmasının mümkün olduğunu, qızıllar satılan zaman üzərində həbs olmadığını, bir kredit bağlanılmamış digər kredit məbləğinin verildiyini, qızıl saatın qızılının çəkisinin 30 qram olduğunu, saatın qramınnın belə az olmasının tərkibindəki tam qızıl materialın nə qədər olması ilə bağlı olduğunu, hal-hazırda baxılan iddiadan əvvəl eyni iddia ilə bağlı məhkəmə işi olduğunu, bu zaman qızıllar üzərində həbs olduğunu, lakin həmin qətnamənin hər 3 instansiya üzrə baxıldığını qanuni qüvvəsini aldığını, bundan sonra qızılların satıldığını bildirmişdir.

12. İddiaçı Sudeyif oğlu apellyasiya şikayətini qəbul etməyərək, "xxxx" MMC-dən 3900 ABŞ dolları, 2750 ABŞ dolları və sonda 4100 ABŞ dolları məbləğində kreditlər əldə etdiyini, bir kredit borcunu bağladıqdan sonra digər krediti əldə etdiyini, sonuncu kredit borcunu da ödədiyini, qızıl sepin 203 qram, saatın isə 135 qram olduğunu, əslində qızılları Karat - L” MMC-nin işçisi Ayaz Hacıəliyevə kömək məqsədi ilə verdiyini, belə ki Ayaz Hacıəliyevin maddi əksikliyinin olduğunu, gələcəkdə yenidən pul götürmək niyyəti olduğundan qızılları götürdükdən sonra yenidən lombardda qoyduğunu, qızılların qramı barədə icraçının da iştirakı ilə akt tərtib edildiyini və bu qramların orada da əks olunduğunu bildirmişdir.

Apellyasiya baxışının hədləri:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan (və qanunla müəyyən edilmiş hallarda) əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda, habelə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 14.Mülki Məcəllənin 302-ci maddəsinə əsasən, əşyaların lombardda girov qoyulması:şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər.Əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir.Saxlanca qoyulan əşyalar lombarda verilir.Lombard girov götürdüyü əşyanı onun girova qəbul olunduğu anda eyni növlü və keyfiyyətli əşyanın bazar qiymətinə uyğun müəyyənləşdirilən qiymətinin tam məbləğində girov qoyanın xeyrinə sığorta etdirməlidir.Lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur.Lombard girov qoyulmuş əşyanın itirilməsi və zədələnməsi üçün məsuliyyət daşıyır.Əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir.Lombardlar tərəfindən fiziki şəxslərin onlara mənsub əşyanın girovu müqabilində kreditləşdirilməsi qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Əşyanın lombardda girovu haqqında müqavilənin girov qoyanın hüquqlarını bu Məcəllənin ona verdiyi hüquqlara nisbətən məhdudlaşdıran şərtləri əhəmiyyətsizdir. 15.Mülki Məcəllənin 458-ci maddəsinə əsasən, öhdəliyin hər iki tərəfin təqsiri üzündən pozulmasının nəticələri:əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Bu Məcəllənin 458.1-ci maddəsinin qaydaları bu Məcəlləyə və ya müqaviləyə görə borclunun öz təqsirindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığı hallarda da müvafiq surətdə tətbiq edilir. 16.Mülki Məcəllənin 556-ci maddəsinə əsasən:icra mümkün olmadığına görə öhdəliyin xitamı:icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz.Borclunun öhdəliyi yerinə yetirməsi kreditorun təqsirli hərəkətləri nəticəsində mümkün olmadıqda, kreditor öhdəlik üzrə özünün icra etdiklərini qaytarmağı tələb edə bilməz. 17.Qeyd edilməlidir ki, iddiaçı ilə müxtəlif dövrlərdə müqavilə münasibətlərin olması və ona məxsus girov əmlakın cavabdeh olan MMC-də olması işin mübahisə edilməyən halı olsa da borcun müəyyən edilməsi və bununla da iddiaçının öhdəliklərinin olması sübuta yetirilməmişdir. Məhkəmə aktları ilə öhdəliklərin mövcudluğu qeyd edilsə də, tərəflərin münasibətləri bu aktlardan sonra davam etmiş və bunun bariz sübutu Cavabdeh2 tərəfindən şəxsən akt formasında tərtib edilmiş lakin yalnız özü tərəfindən imzalanmış qızılların satımasını bəyan edən xx.xx.2020-ci il tarixli sənəddir. Qeyd edilməlidir ki, bu sənədin təyinatından kənar şirkətin müdirinin şəxsən imzalanması, iddiaçıya münasibətdə, həm də, vəzifəli şəxs olaraq onun da bu “sənəd” üzrə mülki məsuliyyətin daşıyıcısı olmasına dəlalət edir. Beləliklə, borcun mövcudluğu, onun cavabdehlər tərəfindən tələb edilməsi, habelə cavabdehlər tərəfindən girov qızılın satılması və satışı barədə iddiaçıya məlumat verilməsi sübuta yetirilmir. Belə ki, sübut etmə yükünə uyğun olaraq cavabdehlərin müvafiq ekspertizaların keçirilməsi üçün mühasibat üzrə zəruri sənədlərin təqdim edilməməsi bu hallara şübhələrdən kənar birmənalı qiymət verilməsini istisna edir. Qeyd edilənlər tərəflərin müqavilə münasibətlərinin əhəmiyyətsizliyini, və etibar əsasında sui-istifadə üzərində qurulan rəftarın (hərəkətlərin) mövcudluğunu şərtləndirir. Tərəflərin kredit-girov münasibətləri üzrə ciddi sənədləşmənin mövcud olmaması cavabdehlərin mülki məsuliyyətlərinə aid olduğundan, onlar tərəfindən də iddiaçının borclu olması və qızılların satılması, habelə satışdan əldə edilən pulun borcun silinməsinə yönəlməsi sübuta yetirilmədiyindən iddianın rədd edilməsi üçün əsaslar təsdiq edilmir. Əksinə, təqdim edilmiş aktlarla isə qızılların mövcudluğu təsdiq edilir. Məhkəmənin müddətlə bağlı mövqeyi əsaslı olmasa da, icra mümkünsüzlüyü ilə bağlı öhdəliyin xitamı əsasları təkzib edilmir. 18.Mülki Məcəllənin maddələri diqqətə çatdırılmalıdır: 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; 560.3.5. bir və ya daha çox kommersiya hüquqi şəxslərinin bazarda və ya istehsal sektorunda özünün əlverişli vəziyyətindən sui-istifadə etməsi, əgər bu, mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə, məsələn: 560.3.5.1. alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə; 560.3.5.4. müqavilənin bağlanmasının elə bir müəyyən şərtlə bağlılığı ki, həmin şərtə görə müqavilə üzrə tərəfdaşlar nə obyektiv surətdə, nə də ticarət adətlərinə görə müqavilənin predmeti ilə əlaqədar olmayan əlavə xidmətləri yerinə yetirməli olurlar; 560.3.6. kommersiya hüquqi şəxslərinin razılaşmaları, öz aralarında razılaşdırdıqları hərəkət metodları, əgər bunlar mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə və rəqabətin qarşısının alınması, məhdudlaşdırılması və ya təhrif edilməsi məqsədi daşıyarsa və ya buna kömək edərsə, o cümlədən: 560.3.6.1. qiymətlərin və ya əqdlərin digər şərtlərinin birbaşa və ya dolayısı ilə təyin edilməsi Hüquqdan sui-istifadədir.

19. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 385-390, 442, 445, 448, 560, 739- 745; Mülki Prosesual Məcəllənin 14.2, 48-49, 72, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385, 386, 388, 389 və 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə gəldiyi nəticəyə müvafiq qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti əsassız olduğundan və tələb olmadığından dövlət rüsumu üzrə məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməli, ekspertiza xərci cavabdehlərdən tutulmalıdır.

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdehlər "xxxx" MMC və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-681/2021 saylı işi üzrə 04 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 145 (yüz qırx beş manat) manat məbləğində pul vəsaiti cavabdehlər "xxxx" MMC və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar