Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2340/2024 23.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ("xxxx" Sığorta Şirkəti ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: “istehsalat qəzası, maddi və mənəvi zərər”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh QSC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3263/2023 saylı, 15 noyabr 2023cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı 10 dekabr 2020-ci il tarixdən Cavabdeh QSC-nin mebel fabrikində qaynaqçı işləmiş, aylıq əmək haqqı 900 manat olmuşdur.
2. 28 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd edilmişdir ki, İddiaçı 14 fevral 2022-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesi 8F ünvanında yerləşən Cavabdeh QSC-nin dəmir sexində yerdən 6 metr hündürlükdə qaldırıcı qurğu olan kranın səbətinin üstündə işləyərək “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı Qaydaları”nın 2.12.2, 2.15.5-ci bəndlərinin və “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 4.10.3, 4.10.5, 4.10.7, 4.11.1, 4.11.2, 4.11.4-cü bəndlərinin tələblərinin pozulması səbəbilə kranın səbətini saxlayan trosun qırılması nəticəsində səbətdən yerə yıxılaraq sağlamlığa az-ağır zərərvurmaya aid xəsarət almışdır. Əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının rəyindən görünür ki, istehsalat sexində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları X4 və X3 tərəfindən pozulmuşdur.
3. İddiaçı ailəlidir, üç yetkinlik yaşına çatmamış uşaqları var.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək əmək haqqı kimi 13500 manat, kredit borcları kimi 8080,81 manat, müalicə xərcləri kimi 18000 manat, mənəvi zərərin əvəzi kimi 60000 manat, ümumilikdə 99580,81 manatın cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.
5. Tələbdə göstərilir ki, iddiaçı 10 dekabr 2020-ci il tarixdən cavabdehə məxsus mebel fabrikində qaynaqçı işləmiş, aylıq əmək haqqı 900 manat olmuşdur. 14 fevral 2022ci il tarixdə iş vaxtında əmək funksiyalarını yerinə yetirərkən 6-7 metr yüksəklikdən yerə yıxılmış, nəticədə sağlamlığında az-ağır zərərvurmaya aid xəsarət yaranmışdır. Məhkəmətibbi ekspertizasının 28 oktyabr 2022-ci il tarixli, 2121 saylı rəyi ilə iddiaçının sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərərvurmaya aid bədən xəsarəti aldığı öz təsdiqini tapmışdır. Zərərin dərəcəsinə görə cinayət işi başlanması rədd edilmişdir. Həmin qərarla cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında araşdırma aparılması qərara alınmışdır. İddiaçı yüksəklikdən yıxılarkən dəmir parçası onun arxa hissəsinə xəsarət yetirmiş, anal dəliyində problem yaranmışdır. O, hazırda normal qaydada təbii ehtiyaclarını ödəyə bilmir, pampersdən istifadə məcburiyyətindədir, ümumiyyətlə otura bilmir. Şiddətli ağrılara ağrıkəsicilər sayəsində dözür. Artıq 1 il 3 aydır ki, bu çətin şəraitdə yaşayır və 1 manat belə qazana bilmir. Halbuki, o, xəsarət alan günədək daim əmək fəaliyyəti ilə məşğul olmuş, özünün və ailəsinin maddi ehtiyaclarını özü qarşılamışdır. İş vaxtından əlavə daim qaynaqçı kimi əlavə işlərlə məşğul olmuş, gəlir əldə etmişdir. Yəni, aylıq qazancı təkcə əmək haqqı hesabına formalaşmamışdır. Lakin hazırda işləyə bilməməsi nəticəsində arvadı, üç yetkinlik yaşına çatmayan uşaqdan ibarət ailəsi maddi cəhətdən acınacaqlı vəziyyətdədir. Xəsarət almazdan əvvəlki dövrdə iddiaçı aylıq gəlirinə arxayın olub "xxxx" ASC-dən, "xxxx" KB ASC-dən və "xxxx" MMC-dən kredit götürmüş, aylıq təxminən 500 manat kredit ödəmişdir. Lakin məlum hadisədən sonra qazanc əldə edə bilmədiyindən, həmin ödənişləri də edə bilməmiş, nəticədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(004)-1109/2023 saylı qətnaməsinə əsasən, ondan 7366,88 manat borcun və 93,67 manat dövlət rüsumunun tutularaq "xxxx" KB ASC-yə ödənilməsi qərara alınmış, "xxxx" MMC ona qarşı 1122 manat borcun, 31,22 manat dövlət rüsumunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, 26 aprel 2023-cü il tarixə "xxxx" ASC-yə 1968,55 manat borcu yaranmışdır. Yəni, iddiaçının hazırda kredit müqavilələrinə əsasən ümumilikdə 10682,32 manat borcu vardır. Bundan başqa, iddiaçı aldığı xəsarət nəticəsində artıq 1 il 3 aydır ki, mütəmadi olaraq müalicə olunur. Bugünədək mütəmadi olaraq istifadə etdiyi dərman preparatlarına təxminən 3000 manat məbləğində pul vəsaiti xərcləmiş, hazırda da mütəmadi olaraq həkim müayinəsindədir. Bundan sonrakı müalicə xərclərini qarşılamaq üçün ona təxminən 15000 manat məbləğində pul lazımdır. Həkimlər ona artıq ömürlük bu problemlə yaşayacağını bildirmişlər. Yəni, aldığı xəsarət əmək fəaliyyətini ömürlük məhdudlaşdırmışdır. Bundan başqa, səhhətində problem yarandıqdan sonra cavabdeh tərəfindən iddiaçıya ümumiyyətlə əmək haqqı ödənilməmişdir. Yəni, ona bugünədək cavabdeh tərəfindən 13500 manat əmək haqqı ödənilməlidir. Hətta hazırda da cavabdeh tərəfindən onunla olan əmək müqaviləsinə xitam verilməmişdir. Hazırda onun əmək fəaliyyəti ilə məşğul ola bilmədiyini, gələcəkdə də əmək fəaliyyəti ilə məşğul ola bilməyəcəyini nəzərə alsa, ona külli miqdarda maddi və mənəvi ziyan dəymişdir. Yaşadığı ağrı hissləri, maddi ehtiyaclarını qarşılaya bilmədiyi üçün yaşadığı stress, övladlarının istəklərini təmin edə bilməyəcəyinin yaratdığı acınacaqlı hiss təsəvvür edilməyəcək dərəcədə ağırdır. Buna görə də, cavabdehdən mənəvi ziyanın əvəzi olaraq 60000 manat tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3263/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə üzrə qənaətində göstərib ki, iddiaçının xx.xx.2022-ci il tarixdə istehsalat qəzası nəticəsində sağlamlığının pozulması işin mübahisələndirilməyən halıdır. Bununla yanaşı iş üzrə o da müəyyən edilir ki, "xxxx" Sığorta Şirkəti ASC ilə Cavabdeh QSC arasında xx.xx.2020-ci il tarixdə **********32 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi bağlanmış və həmin müqaviləyə xx.xx.2021-ci il tarixdə **********32/91 saylı əlavə imzalanmışdır. Göründüyü kimi istehsalat qəzası baş verən zaman sığorta müqaviləsi qüvvədə olmuş, lakin iddiaçı sığorta ödənişi ilə bağlı zəruri sənədləri sığorta şirkətinə təqdim etməmişdir(işdə olan "xxxx" Sığorta Şirkəti ASC tərəfindən məhkəməyə ünvanlandırılmış məktubu). Belə olan halda, istehsalat qəzası baş verən zaman sığorta müqaviləsi sığorta təminatından yararlanmaq hüququndan iddiaçının istifadə etmədən cavabdehə qarşı hazırkı tələblə çıxış etməsi əsassızdır. Sübutetmə yükü baxımından tələb olunan xərclərin məhz cavabdehdən tutulmalı olduğu, bir sözlə, tələbin hüquqi və faktiki əsaslarını sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. Çünki Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə cavabdehin dəlilləri ilə razılaşaraq qeyd edib ki, iddiaçı tərəfindən zəruri olan sənədləri təqdim etmədiyindən itirilmiş peşə əmək qabiliyyətinin faizini və bundan asılı olaraq tutulmalı orta aylıq əmək haqqının müəyyən faizi miqdarını müəyyən etmək mümkün deyil. İddiaçı mənəvi zərərin əvəzi qismində 60000 manat məbləğində pul tələb etsə də, mənəvi zərərin nədə ifadə olunmasına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Buna görə də, iddia bu hissədə də rədd edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı (nümayəndəsi və vəkili Vəkil) iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində qətnamənin ləğv, iddia tələbinin isə təmin edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.
9. Cavabdeh QSC-nin nümayəndəsi və vəkili Nümayəndə elektron kabinet vasitəsilə təqdim etdiyi apellyasiya şikayətinə yazılı etirazda şikayətin təmin edilməməsini xahiş edib etirazını bununla əsaslandırmışdır ki, iddia tələbi 3 hissədən ibarət olmaqla: 1) 13500 manat əmək haqqı, 2) 8080,81 manat kredit borcu və 3) 18000 manat müalicə xərcləri olmaqla 39580.81 manat 4) qalıq məbləğ isə mənəvi ziyan tələbi olaraq 60.000 manat cəmi 99580,81 manat pul tələb etmişdir. Əmək haqqı hissədə Mülki Məcəllənin 1191.1-ci maddəsi tətbiq edilməklə müəyyənləşdirilməli, iddiaçı isə professional əmək qabiliyyətinin itirmə dərəcəsini müəyyən etdirməmişdir. Eləcə də, Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli, 3 nömrəli qərarı əsas götürülməklə Qaydalara əsasən hesablanmalıdır. Həmin Qaydalarla tələb edilən sənədləri iddiaçı şirkətə təqdim etməmişdir. Ümumiyyətlə, iddiaçıya özünün də etiraf etdiyi kimi 3000 manat, 2274,39 manat müavinət məbləği olaraq ödənilmişdir. İddiaçı məhkəməyə bildirsə də ki, guya 2024-cü ildə şirkət olaraq ona məbləğlər ödənilməmişdir, bu məlumat yanlışdır. (iddiaçı 4544,38 və 3000 ödənilməsini məhkəmə zalında etiraf edib)
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
10. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda iddiaçının apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və şikayətinin təmin olunmasını xahiş etdilər.
11. Məhkəmə iclasında Cavabdeh QSC-nin nümayəndəsi və vəkili Nümayəndə iddiaçının apellyasiya şikayətinə isə etiraz edərək qətnamənin qanuni və əsaslı olduğunu bildirdi və məhkəmədən təmin olunmamasını xahiş etdi.
12. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Sığorta Şirkəti ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
13. Azərbaycan Respublikası Əmək Məcəlləsi:
Maddə 195 “c” bəndi. İşəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə işəgötürən maddi məsuliyyət daşıyır. Maddə 239.1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Maddə 239.2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Maddə 239.3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Maddə 239.4. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. Maddə 239.5. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2.Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
15. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
16. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X2 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X2 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 7-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Qərarda eyni zamanda göstərilmişdir ki, “Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
17. «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutalan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa görə işəgötürənin təqsirinin tam və ya qismən olmasından asılı olmayaraq, həmin Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan şərtlər olduğu halda işəgötürənin işçi qarşısında məsuliyyəti tam xarakter daşıyır.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 89.1. Yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
19. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin qismən ləğv və iddianın qismən təmin edilməsi üçün əsasdır.
20. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
22. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
23. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
24. Əvvəla iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə mənəvi zərərin tam rədd edildiyi hissədə düzgün olmamışdır.
25. Belə ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayıla bilər, uzlaşmırsa, əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə mənəvi zərərin (4000 manat məbləğində) cavabdehdən alınması ilə bağlı iddianın faktiki halları maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığı üçün bu hissədə iddia haqlı sayılırdı. Lakin birinci instansiya məhkəməsi Mülki Məcəllənin, eləcə də Mülki Prosessual Məcəllənin tələblərini mübahisələndirilən hissədə pozmuş, bu hissədə düzgün nəticəyə gəlməmişdir.
26. Apellyasiya şikayətinin dəlillərinin yoxlanılması və iş üzrə həqiqətin müəyyən edilməsi məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2340/2024 saylı, 13 may 2024-cü il tarixli qərardadı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X6 Xidməti tərəfindən mütəxəssis rəyinin verilməsi qərara alınmış və həmin qərardadın icra edilməsi ilə bağlı X6 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş 3-17-5/2-56520/2024 saylı, 22 avqust 2024-cü il tarixli rəydə qeyd edilmişdir ki, sənədlər əldə edildikdən sonra sığorta şirkətinə müraciət edildikdə ödənişin ödəniiməsi, ödənilməsindən imtina edilməsi, yaxud əlavə sənədlərin tələb edilməsi barədə qərar sığorta şirkəti tərəfindən qəbul edilir. Qərarın əsaslılığının, qanuniliyinin müəyyənləşdirilməsi və bu hissədə nəzarət Azərbaycan Respublikası Mərkəzi Bankının səlahiyyətindədir (istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Qanun, 21.1-ci maddə). Sığorta məsələlərinə dair hissədə Xidmətin səlahiyyəti icbari sığortanın təmin edilməsinə münasibətdədir. Tərəflər arasında sığorta müqaviləsi mövcud olduğundan və hazırda mübahisə predmeti olmadığından Xidmət tərəfindən bu hissədə rəy verilməsi tələb edilməmişdir.Belə ki, "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanunun 3.1-ci maddəsinə əsasən, X5 "xxxx" QSC və "xxxx" ASC arasında bağlanılmış icbari sığorta müqaviləsinə əsasən sığorta olunmuşdur.
27. Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, ... işəgötürənin və işçinin bir-birinə ziyan vurması məsələsi həll edildikdə ziyanın həqiqi olması müəyyən edilməlidir. Əmək Məcəlləsinin 239cu maddəsinə münasibətdə həqiqi (real) zərər işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması və yaxud onun həlak olmasında ifadə olunur. Əmək müqaviləsi üzrə tərəflərin qanunazidd hərəkət və ya hərəkətsizliyi əmək qanunvericiliyində nəzərdə tutulan qaydaların pozulmasında, vəzifələrin yerinə yetirilməməsində və yaxud lazımınca yerinə yetirilməməsində özünü göstərir. Əmək Məcəlləsinin 215-ci maddəsində işəgötürənin əməyin mühafizəsi sahəsində konkret vəzifələri müəyyən edilmişdir. Həmin vəzifələrin yerinə yetirilməməsi (lazımınca yerinə yetirilməməsi) Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa əsasən işəgötürənin maddi məsuliyyət daşımasına səbəb ola bilər. İşəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyətinin şərti kimi səbəbli əlaqənin məzmunu ondan ibarətdir ki, ziyan işəgötürənin və işçinin qanuna zidd olan əməli nəticəsində baş vermiş olur. Bu zaman səbəbli əlaqə bilavasitə və yaxud vasitəli ola bilər. Bilavasitə əlaqə olmadığı hallarda tərəflərin məsuliyyəti istisna edilmir. Məhkəmə yanakı sübutların məcmusundan istifadə etməklə məsuliyyəti müəyyən edə bilər. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsindən həmçinin görünür ki, qanunverici məsuliyyətin yaranması şərtləri sırasında təqsiri bilavasitə göstərməmişdir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyət yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyət yaranması üçün vacib hesab edir. Bu, Əmək Məcəlləsinin 191.2-ci maddəsinin “b” və “c” bəndlərindən, 192-ci maddəsinin 2-ci hissəsindən, eləcə də 194-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir. Əməyin mühafizəsi qaydalarının pozulmasına görə maddi məsuliyyətə gəldikdə isə qanunverici bu prinsipi nəzərə alaraq, Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununu müəyyən etmişdir. Belə ki, həmin maddənin birinci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Göründüyü kimi, əməyin mühafizəsi qaydalarının pozulmasında yalnız təqsiri sübuta yetirilən işəgötürən məsuliyyətə cəlb oluna bilər. Qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Həmin prinsipə əsasən işəgötürən öz təqsirsizliyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılır.
28. Göründüyü kimi, iddiaçının 14 fevral 2022-ci ildə istehsalatda baş vermiş bədbəxt hadisədə az ağır xəsarət alması işin mübahisəsiz halıdır. Bunu cavabdeh tərəf də mübahisələndirmir. 29.Belə ki, işdən görünür ki, iddiaçının xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı aparılmış və Komissiya bədbəxt hadisənin baş verməsində nəzarətsizliyin və hadisənin istehsalat xarakterli olmasını müəyyən etmişdir. Hadisə ilə əlaqədar İz aktı tərtib edilmiş və həmin aktda əmək qanunvericiliyinin pozuntusuna yol vermiş şəxslərin iddiaçı, nəzarətçi X7, Cəmiyyətin texniki təhlükəsizlik üzrə mütəxəssisi X1, baş usta X4 olduğu göstərilmişdir.
30. Bununla yanaşı, iddiaçının şikayəti əsasında Binəqədi rayon prokurorluğunda araşdırma aparılmış və 28 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd edilmişdir ki, İddiaçı 14 fevral 2022-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesi 8F ünvanında yerləşən Cavabdeh QSC-nin dəmir sexində yerdən 6 metr hündürlükdə qaldırıcı qurğu olan kranın səbətinin üstündə işləyərək “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı Qaydaları”nın 2.12.2, 2.15.5-ci bəndlərinin və “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 4.10.3, 4.10.5, 4.10.7, 4.11.1, 4.11.2, 4.11.4-cü bəndlərinin tələblərinin pozulması səbəbilə kranın səbətini saxlayan trosun qırılması nəticəsində səbətdən yerə yıxılaraq sağlamlığa az-ağır zərərvurmaya aid xəsarət almışdır. Əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının rəyindən görünür ki, istehsalat sexində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları X4 və X3 tərəfindən pozulmuşdur.
31. Göründüyü kimi, baş vermiş hadisə ilə əlaqədar yaradılmış komissiya tərəfindən hadisənin təhqiqatı aparılarkən cavabdehin üç işçisinin, cinayət təqibi zamanı aparılan araşdırma zamanı isə iki işçisinin istehsalat sexində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl etməmələri və həm də bunun nəticəsində iddiaçının az ağır dərəcəli istehsalat xəsarəti alması öz təsdiqini tapmışdır.
32. Bu cür vəziyyətdə cavabdehin hərəkətləri yaxud hərəkətsizliyi ilə baş vermiş hadisə arasında səbəbli əlaqə bilavasitə olmasa da, vasitəli olmuşdur. Başqa sözlə bilavasitə əlaqənin olmaması cavabdehin məsuliyyətini istisna etmir. Çünki cavabdehin istehsalat sexində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl etməli olan işçilərinin təqsiri təsdiq olunduğundan cavabdehin hazırki iddia üzrə məsuliyyətini istisna etmir.
33. Buna baxmayaraq, iddiaçı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ona əmək haqqı kimi 13500 manat, kredit borcları kimi 8080,81 manat, müalicə xərcləri kimi 18000 manat cavabdehdən tutularaq ona ödənilməsini tələb etsə də məhkəmə tərkibi bu hissələrdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, üstəlik Əmək Məcəlləsinin 239-cu maddəsinin 5-ci hissəsinin tələbinə əsasən həmin maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmadığından, iddiaçının da cavabdeh tərəfindən icbari sığorta olunması təsdiq olunduğundan apellyasiya şikayəti həmin hissələrdə əsaslı deyildir. Ona görə də birinci instansiya məhkəməsinin bu hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
34. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə, iddiaçının fiziki və mənəvi sarsıntı keçirməsi təkzib olunmazdır. Ən azından ona görə ki, onun sağlamlığına az ağır zərər dəymişdir.
35. İddiaçı cavabdehdən vurulmuş mənəvi zərərə görə 60000 (altmış min) manat tələb edir. Əlbətdə ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi birmənalı olduğundan qeyd olunan məbləğ bəlkə də ona vurulmuş mənəvi zərəri aradan qaldırmaq üçün də kifayət etməz. Çünki maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni, iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Əksinə keçirdiyi mənəvi sarsıntı və iztirabların maddi formada dəyərinin müəyyən etməyin qeyri-mümkün olduğunu iddiaçı özü də təsdiq edir. Mənəvi zərərin məbləği ilə bağlı nə mövcud məhkəmə təcrübəsində, nədəki Ali Məhkəmənin adıçəkilən qərarında konkret olaraq dəqiq məbləğ müəyyən edilməmiş və bunun müəyyən edilməsi də mümkün deyildir.
36. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi mənəvi zərərin miqdarını müəyyən edərkən mənəvi zərərin baş verməsinə səbəb olmuş halları, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyətini, işin sair diqqətəlayiq hallarını nəzərə alaraq, iddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 4000(dörd min) manat tutulmasını ağlabatan və ədalətli hesab edir. Çünki apellyasiya instansiya məhkəməsi bu məbləğin tutulmasını işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir.
37. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3263/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qətnaməsi qismən, yəni mənəvi zərərin təmin edilmədiyi hissədə ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilərək Cavabdeh QSC-dən mənəvi zərərin əvəzi kimi 4000 (dörd min) manat tutularaq İddiaçı ödənilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3263/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qətnaməsi qismən, yəni mənəvi zərərin təmin edilmədiyi hissədə ləğv edilsin və həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh QSC-dən mənəvi zərərin əvəzi kimi 4000 (dörd min) manat tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, İddiaçı tərəfindən ona rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, Cavabdeh QSC tərəfindən isə kassasiya şikayəti verilə bilməz.